Evdə qal. Çək daha küçədən ayaq,
Bağla içəridən qapını möhkəm.
Sonra açarı da nəfəslikdən at,
Çıxa bilməyəsən, dağıla aləm.
Uzan çarpayıda, divanda dincəl,
Göz dikib tavana saatlarla bax.
Yat da, mürgülə də, arada dirçəl,
Ye yığdıqlarını, yoxsa da iştah.
Elə ki, doyunca yedin və yatdın,
Qarışdır başını xatirələrlə.
Gözünün önündən keçsin həyatın,
İtməsin, batmasın bircə an belə.
Gördüyün işləri saf-çürük elə,
Görmədiklərini fikirdən keçir.
Vicdan sınağında bəlkə itkilər,
Verərək haçansa çəkildin geri.
Yada sal kimlərə nəyi, haçan sən,
Demək istəyirdin, demirdin ancaq.
Yada sal itirib başını bəzən,
Nələri kimlərə demisən nahaq.
Ulduz həsrətiylə, ay həsrətiylə,
Kövrəl, fürsət ikən, yaş töküb hönkür.
Baxmırdın gözünün ucuyla belə,
Necə günəş batır ya dan sökülür.
Tanrı qəzəbiylə qovulan Adəm! —
Dünya nə cənnətmiş, indi bilərsən.
Açarı axtarma, zavallı adam,
Əgər bacarırsan, divarı yar sən…
25-26. 03. 2020, Samara