Amerikalılar nə yaradırlarsa, bizim başımıza bəla yaradırlar. Elə götürək İnterneti.
Bu yaxınlarda oxudum ki, Azərbaycanın xanımlar xanımına Polşa ordeni veriblər. Dilim dinc durmadı, uşaqların anasına dedim ki, sən də adını arvad qoymusan, ancaq indiyəcən orden nədir, heç medal da almamısan. Arvad da qayıdıb dedi ki, sən də prezident kimi kişi olsaydın, bütün Azərbaycan xalqının məhəbbətini qazanaqdın, daha indiki kimi hər gedəndə polislərlə, sərhədçilərlə boğuşa-boğuşa gəlməzdin. Düzü, istədim kötəkləyəm, ancaq yadıma düşdü ki, orucluqdur düşər-düşməzi olar. Lənət şeytana deyib küçəyə çıxdım ki, gəzib hirsimi soyudam.
Əslinə baxanda arvad düz deyir. Hər vətənə gedəndə sərhədçilərlə, polislərlə boğuşuram. Bu yay deyirdim ki, daha hörmətlə gedib-gələrəm, çünki möhtərəm zat aliləri cənab prezident Əliyev xaricdə yaşayanların Azərbaycanda qeydiyyatsız qalma müddətini bir aya qaldırıb. Gedən gündən dad eləyirdim ki, mənim biletimi elə asınlar ki, bir ay tamam olmamış çıxıb gedim, yoxsa prezident fikirləşr ki, mən onu saymıram. Ancaq qohum-qatdaş nə qədər çalışdısa, istədiyim vaxta bilet olmadı, bir gün gecikdim. Qatar təzə yola düşmüşdü ki, polislər doluşdular vaqona. Bir azdan mənim qolumdan tutdular və çəkə-çəkə apardılar vaqon bələdçilərinin otağına. İçəridə oturmuş polis tapançasını sığallaya-sığallaya dedi ki, Mirzə, bəs sənin cərimən böyükdür, çünki sən bu ağsaqqal vaxtında prezesent-zad saymırsan, Azərbaycan dövlətinin qanununa tüpürürsən. Dedim ki, a kişi, mən prezidenti lap yaxşı sayıram, Azərbaycan qanununa da canım qurban, mən axı neyləmişəm. Dedi ki, a kişi, sən daha neyləyəcəksən, türkün məsəli, sən bizim anamızı… yəni a Mirzə, sən bizim anamızı ağlatmısan, bir gün artıq qalmısan. Dedim ay bala, bilet olmadı, yoxsa neçə gündür getmişdim. Özü də bir gün nədir ki? Odur ey, ermənilər on beş ildən çoxdur qeydiyyatsız-zadsız oturublar cənnət kimi torpaqlarımızda, onlara güldən ağır söz deyən yoxdur. Elə gözünüz məni gördü? Polis dedi Mirzə, qurban olasan Rusiya pasportuna, yoxsa səni aparıb atardım türməyə, ordan bir də meyidin çıxardı, yeri get, a kişi, yava-yava danışıb möhtərəm prezidentimizin xarici siyasətini ləkələmə…
Vallah, mən bilmirəm mənim sözümdə yava nə var. Özünüz fikirləşin, məni öz yurdumda bir aydan artıq qalmağa qoymurlar. Yurd da ki, Salyandır, yayda nəfəs çəkə bilmirsən, çəkəndə də ağcaqanad ağzına girir. Ancaq bu erməni qırışmaıllar on beş ildən çoxdur oturublar Şuşa kimi, Kəlbəcər kimi cənnət guşələrdə, yaylaqlarda, gülüstanlarda, bir kişi onlara gedib demir ki, qurumsaqlar, yığışdırın şələ-şülənizi burdan…
Vallah, dərd böyükdür, deməyə bir adam yoxdur. Polisə deyirsən, türməylə qorxudur, arvada düeyirsən, cavabında elə söz eşidirsən ki, az qalırsan yerə girəsən.
Bu yaxınlarda bir soydaşımız mənə deyir ki, Mirzə, ürəyini sıxma, Samara azərbaycanlıları arasında hazırlıq gedir torpaqlarımızı almağa. Dedim a kişi, bu məlumat səndə hardandır və bu hazırlıq necə gedir? Dedi bəs xəbərin yoxdur ki, hər beş gündə bir azərbaycanlı o biri azərbaycanlını ya bıçaqlayır ya yandırır? Mirzə, bu elə-belə deyil. Bu, döyüş hazırlığıdır. Burda adam vurmaq öyrənə-öyrənə bir də gördün getdilər Azərbaycanda cəbhə bölgəsinə. Bilirsən orda neyləyəcəklər? Ermənilərin anasını ağladacaqlar. Başın haqqı, Mirzə, ağlatmaq yox ey, mələdəcəklər. ..
Fikirləşib gördüm ki, ağlabatandır. Millət elə səbəbsiz, yəni ana söyüşündən ötrü, beş-on min puldan ötrü bir-birini qırmaz ki. Yəqin fikirləri Qarabağı almaqdır. Vallah, bəlkə də biz o günü görməyəcəyik, ancaq Qarabağ gec-tez alınacaq. Deyəsən hazırlıq çox yerdə gedir. Vasif Talıbov bütün Naxçıvanı pioner dəstəsi kimi düzüb sıraya, fitə bənddir ki, qısqırtsın ermənilərin üstünə. Allahşükür müəllim də… əstəğfürullah.. Allahşükür Paşazadə cənabları da müsəlmanlarla sıx işləyir. Hay vuran kimi cəmi Azəərbaycan müsəlmanları Məkkəyə, Kərbəlaya, Məşhədə yox, cəbhə bölgəsinə gedəcəklər. İşləməyini ondan bilırəm ki, ona dalbadal hökumət ordenləri verilir. Yaxın günlərdə hacılar hacısına bir özbək ordeni də veriblər. A qardaş, bu elə-belə deyil, özbək ordeni çölə tökülməyib ki, hər yetənə versinlər.
Vallah, geci-tezi mələdəcəyik qonşularımızı!
Mirzə ƏLİL
16 sent. 2009 Samara