İldə qurban bir olar, Qurbanınıq gündə biz…!

Sizi bilmirəm, ancaq mən Azərbaycanda yaşamadığıma görə, Azərbaycan vətəndaşı olmadığıma görə çox fikir eləyirəm. Hərdən fikir elə güc gəlir ki, az qalır infarkt vura məni. Burda bir Məşdi var, o da ürəkdən… Yox, yaxşısı budur ki, Məşdidən yazmayım, çünki Məşdinin beşaçılanı var. Bir dəfə tuşladı mənə ki, Mirzə, gərək səni vuram, çünki vətəni sevmirsən. Həzrət Abbasa and içdim ki, vətəni Leyli-Məcnun kimi sevirəm və Məşdinin ürəyi yumşaldı…

Hə, elə ki, bayramlarda möhtərəm cənab prezident Azərbaycan xalqına müraciət edir, məni ağlamaq tutur. Deyirəm ki, ay namərd, Azərbaycanda yaşasaydın, prezidentimizin ağzından tökülən gözəl-gözəl sözlər, xeyir-dualar sənə də aid olardı. Qurban bayramında möhtərəm zat-aliləri Əliyev Azərbaycan müsəlmanlarını elə təbrik eləyib ki, camaat cavabında sevincdən və ruh qalxımaından ağlayıb. Deyilənlərə görə, cuşa gəlib böyürüşənlər, mələşənlər də olub. Deyiblər ki, ya prezident, biz nəinki həmişə sənə səs verməyə, hətta sənə qurban kəsilməyə də hazırıq, hərçənd qurbanlığa ləyaqətimiz yoxdur…

Məlumat var ki, Azərbaycanda prezident üçün sürü-sürü qoyun kəsilib və DAY.Baz saytınıın yazdığına görə, qoyunlar prezident üçün kəsilməyə oynaya-oynaya, şıllaq ata-ata gedirmişlər…

Azərbaycandakı azərbaycanlılar qurban kəsməkdə olsunlar, sizə deyim Ulyanovsk azərbaycanlılarından. Bildiyiniz kimi, millətimizin toxumundan Leninin və Kerenskinin vətəninə də düşüb və çox yaxşı bar verib. Orda yetişən azərbaycanlılar qeyrətləriylə ad çıxarıblar. Günlərin bir günü yığışıb müşavirə keçiriblər. Ortalığa bir sual qoyulub: İki vacib işdən hansını görək? Gedib Qarabağı azad edək ya milli öndərimizə heykəl qoyaq. Yekdilliklə qərar çıxarıblar ki, heykəl qoymaq vacibdir. Torpaq qaçmır, həmişə azaf eləmək olar, çürüyən deyil, buxarlanıb uçan deyil, erməni qurumsaqlar da bu torpağı yeyib gözlərinə təpmirlər ki. Heykəl məsələsində isə yubanmaq olmaz. Bir də gördün bütün yaxşı heykəltəraşlar öldü getdi, sonra bu heykəli kimə qayıtdıracağıq?

Bəli, Ulyanovskda bir varlı, vətənpərvər və əliaçıq soydaşımızın puluyla öndərimizə yaxşı bir heykəl qoyulur. Ancaq bir şeyi nəzərə almırlar ki, möhtərəm prezidentimizə hər şeyi bəyəndirmək olmur, çünki o qədər heykəl qoydurub ki, tükü tükdən seçir, yəni heykəlin kurpiklərinəcən sayır. Alah şeytana lənət eləsin, Ulyanovskdakı heykəl də zat-alilərinin xoşuna gəlmir. Day.Baz yazır ki, möhtərəm prezident o heykəl qoyanı çağırtdırıb ona öz əiylə yaxşı bir şapalaq da vurub. Qaz.TV bunu təkzib edir, deyir şapalaq olmayıb, qapaz olub…Nə isə, möhtərəm prezident sökdürür o heykəli, beş milyon dollara kefiniz istəyn bir abidə düzəltdirir, aparır qoyur Ulyanovska…

Azərbaycan prezidentinin Ulyanovskaya gəlişi ayrı mövzudur, buna mənim qələmim çatmaz, burda Dante lazımdır, Şekspir lazımdır, Zəlimxan Yaqub lazımdır… Qısasını deyim. Möhtərəm zat-aliləri İlham Əliyev Ulyanovska yaxnlaşan kimi nəinki insanlar, hətta torpaq da, daş da həyəcana gəlib, Volqanın dalğaları buludlara qalxıb, balıqlar özləri sudan çıxıb sarılıblar balıqçıların boynuna… Hamı öpüşür, ağlaşır…Ən maraqlı orasıdır ki, şəhər cəbbəxanalırdakı bütün silahlar sevincdən, həyəcandan coşub başlayıblar partlamağa. Bir partapart, bir gurultu qopur ki, indiyəcən heç bir müharibədə olmayıb… Bir xeyli adam da qırılır…

İndi fikirləşirəm ki, bizim padşahsevərlərimiz də öndərimizə heykəl qoyalar və möhtərəm prezident gələ onun açılışına. Samarada silah Ulyanovskdakından qat-qat çoxdur. İndi görün burda nə kef olar! Bombaların partlamağı bir yana, görün nə qədər ürək partlar! Samarada elə padşahsevərlər var ki, prezidenti görən kimi sevincdən ürəkləri türk pomidoru kimi partlayıb dağılar…

Hə, yaxşı kef çəkərdik… Ancaq bilmək olmur heykəl qoyulacaq ya yox. O imza yığan bozbaşçını da burunlayırlar. Samara azərbaycanlıları bir məzhəbə qulluq eləmirlər. Nə Qarabağı azad eləmək fikirəri var, nə də heykəl qoyurlar…

 

Mirzə ƏLİL

Оставьте комментарий