Архив | 16.12.2012

«YƏQİN İNDİ BAĞDA OTURMUSAN SƏN…»

anam Raziyyə üçün

Yəqin indi bağda oturmusan sən –

Orda havaları yaxşı deyirlər.

Yəqin ağacına söykənib çənən –

Yenə itməyibsə ağacın əgər.

Nə vaxtdan ot basıb, tikan bürüyüb,

İndi göz qıyaraq baxdığın yolu.

Oğul-uşaq keçib, nəvə yüyürüb,

Bu yolla. Həyətsə adamla dolu.

Gözlərin önünə şəkillər gələr,

Canlanar hər biri, danışmaz ancaq.

Sinəndən hönkürtü qopmasa əgər,

Həyətin sükutu pozulmayacaq…

Keçər quş qatarı qıyıltılarla,

Qəlbə qayğı salar, fikri azdırar.

Köçürlər görəsən? Ya qayıdırlar?

Görəsən payızdır? Bəlkə də yazdır…

Pələd əfəlləyib, cəftəsi paslı,

Nə bir açanı var, nə bağlayanı.

Həyətə girən yox, çıxanlarınsa,

Getdiyi mənzildən yox qayıdanı…

15-17 aprel 2011  Samara

YAŞARIQ ÖLKƏDƏN XƏBƏRSİZ TƏK…

Mandelshtam_-_gulag

Osip MANDELŞTAM

                                           Мы живем, под собою не чуя страны

Yaşarıq ölkədən xəbərsiz tək,

Səsimiz aşmaz on addım da ha biz nitq deyək.

Harda söhbət açılarsa, yarıda,

Salınar tezcə Kreml dağlısı o yerdə yada.

Ətli barmaqları qurd tək yağlı,

Hər sözü pudluq daş – düz və ağır.

Tarakan gözləri hırıltılıdır,

Həmişə quncları parıltılıdır.

Sürü tək dövrəsində boşdamarlı rəhbərlər,

Yarıadamların o, xidmətiylə bəhrələnər.

Miyoldayan, fit çalan, sızlayanlar var,

Tək o guppuldadar, vurar, aşırar.

Verir o, nal kimi, fərman dalınca fərmanı,

Gözü kiminsə nallanır, kimin qaşı, kimin alnı.

Hər ölüm hökmünü o, hökmən hoqqa tək çıxarır,

Osetin mənşəli, meydan yaxalı.

noyabr 1933

Ruscadan tərcümə

04.01. 2020, Samara

Ağlatmaq nədir, mələdəcəyik!

 

Amerikalılar nə yaradırlarsa, bizim başımıza bəla yaradırlar. Elə götürək İnterneti.

Bu yaxınlarda oxudum ki, Azərbaycanın xanımlar xanımına Polşa ordeni veriblər. Dilim dinc durmadı, uşaqların anasına dedim ki, sən də adını arvad qoymusan, ancaq indiyəcən orden nədir, heç medal da almamısan. Arvad da qayıdıb dedi ki, sən də prezident kimi kişi olsaydın, bütün Azərbaycan xalqının məhəbbətini qazanaqdın, daha indiki kimi hər gedəndə polislərlə, sərhədçilərlə boğuşa-boğuşa gəlməzdin. Düzü, istədim kötəkləyəm, ancaq yadıma düşdü ki, orucluqdur düşər-düşməzi olar. Lənət şeytana deyib küçəyə çıxdım ki, gəzib hirsimi soyudam.

Əslinə baxanda arvad düz deyir. Hər vətənə gedəndə sərhədçilərlə, polislərlə boğuşuram. Bu yay deyirdim ki, daha hörmətlə gedib-gələrəm, çünki möhtərəm zat aliləri cənab prezident Əliyev xaricdə yaşayanların Azərbaycanda qeydiyyatsız qalma müddətini bir aya qaldırıb. Gedən gündən dad eləyirdim ki, mənim biletimi elə asınlar ki, bir ay tamam olmamış çıxıb gedim, yoxsa prezident fikirləşr ki, mən onu saymıram. Ancaq qohum-qatdaş nə qədər çalışdısa, istədiyim vaxta bilet olmadı, bir gün gecikdim. Qatar təzə yola düşmüşdü ki, polislər doluşdular vaqona. Bir azdan mənim qolumdan tutdular və çəkə-çəkə apardılar vaqon bələdçilərinin otağına. İçəridə oturmuş polis tapançasını sığallaya-sığallaya dedi ki, Mirzə, bəs sənin cərimən böyükdür, çünki sən bu ağsaqqal vaxtında prezesent-zad saymırsan, Azərbaycan dövlətinin qanununa tüpürürsən. Dedim ki, a kişi, mən prezidenti lap yaxşı sayıram, Azərbaycan qanununa da canım qurban, mən axı neyləmişəm. Dedi ki, a kişi, sən daha neyləyəcəksən, türkün məsəli, sən bizim anamızı…  yəni a Mirzə, sən bizim anamızı ağlatmısan, bir gün artıq qalmısan. Dedim ay bala, bilet olmadı, yoxsa neçə gündür getmişdim. Özü də bir gün nədir ki? Odur ey, ermənilər on beş ildən çoxdur qeydiyyatsız-zadsız oturublar cənnət kimi torpaqlarımızda, onlara güldən ağır söz deyən yoxdur. Elə gözünüz məni gördü? Polis dedi Mirzə, qurban olasan Rusiya pasportuna, yoxsa səni aparıb atardım türməyə, ordan bir də meyidin çıxardı, yeri get, a kişi, yava-yava danışıb möhtərəm prezidentimizin xarici siyasətini ləkələmə…

Vallah, mən bilmirəm mənim sözümdə yava nə var. Özünüz fikirləşin, məni öz yurdumda bir aydan artıq qalmağa qoymurlar. Yurd da ki, Salyandır, yayda nəfəs çəkə bilmirsən, çəkəndə də ağcaqanad ağzına girir. Ancaq bu erməni qırışmaıllar on beş ildən çoxdur oturublar Şuşa kimi, Kəlbəcər kimi cənnət guşələrdə, yaylaqlarda, gülüstanlarda, bir kişi onlara gedib demir ki, qurumsaqlar, yığışdırın şələ-şülənizi burdan…

Vallah, dərd böyükdür, deməyə bir adam yoxdur. Polisə deyirsən, türməylə qorxudur, arvada düeyirsən, cavabında elə söz eşidirsən ki, az qalırsan yerə girəsən.

Bu yaxınlarda bir soydaşımız mənə deyir ki, Mirzə, ürəyini sıxma, Samara azərbaycanlıları arasında hazırlıq gedir torpaqlarımızı almağa. Dedim a kişi, bu məlumat səndə hardandır və bu hazırlıq necə gedir? Dedi bəs xəbərin yoxdur ki, hər beş gündə bir azərbaycanlı o biri azərbaycanlını ya bıçaqlayır ya yandırır? Mirzə, bu elə-belə deyil. Bu, döyüş hazırlığıdır. Burda adam vurmaq öyrənə-öyrənə bir də gördün getdilər Azərbaycanda cəbhə bölgəsinə. Bilirsən orda neyləyəcəklər? Ermənilərin anasını ağladacaqlar. Başın haqqı, Mirzə, ağlatmaq yox ey, mələdəcəklər. ..

Fikirləşib gördüm ki, ağlabatandır. Millət elə səbəbsiz, yəni ana söyüşündən ötrü, beş-on min puldan ötrü bir-birini qırmaz ki. Yəqin fikirləri Qarabağı almaqdır. Vallah, bəlkə də biz o günü görməyəcəyik, ancaq Qarabağ gec-tez alınacaq. Deyəsən hazırlıq çox yerdə gedir. Vasif Talıbov bütün Naxçıvanı pioner dəstəsi kimi düzüb sıraya, fitə bənddir ki, qısqırtsın ermənilərin üstünə. Allahşükür müəllim də… əstəğfürullah.. Allahşükür Paşazadə cənabları da müsəlmanlarla sıx işləyir. Hay vuran kimi cəmi Azəərbaycan müsəlmanları Məkkəyə, Kərbəlaya, Məşhədə yox, cəbhə bölgəsinə gedəcəklər. İşləməyini ondan bilırəm ki, ona dalbadal hökumət ordenləri verilir. Yaxın günlərdə hacılar hacısına bir özbək ordeni də veriblər. A qardaş, bu elə-belə deyil, özbək ordeni çölə tökülməyib ki, hər yetənə versinlər.

Vallah, geci-tezi mələdəcəyik qonşularımızı!

                                                                            Mirzə ƏLİL

16 sent. 2009 Samara

 

 

 

 

TÜRK ƏFƏNDİLƏR, NİYƏ SİZİN PADŞAHINIZ YOXDUR?

      

 

Məndən tez-tez soruşurlar ki, Mirzə, bəs niyə görə bizi dünyada ən yaxşı millət sayırlar və bizim başqa millətlərdən üstünlüyümüz nədir? Mən də deyirəm ki, üstünlüklərimiz saysız-hesabdır, ən birincisi isə budur ki, bizim həmişə padşahımız olub. Mirzə Cəlilin ruhu şad olsun, onun ölməz hekayələrindən birinin qəhrəmanı Usta Zeynal erməni Muğdusi Akopdan soruşurdu: “ Xozeyin, niyə sizin padşahınız yoxdur?” Erməni də bilmirdi nə desin, qalırdı yana-yana. Düzdür, Akop varlıydı, Usta Zeynal lüt idi, amma kişi pulsuz, evsiz və hətta qeyrətsiz də yaşaya bilər, ancaq padşahsız yox. Çünki padşah olanda bütün xalqın qeyrətini çəkir, xalq da işiylə məşğul olur – kimi alverlə, kimi qumarla, kimi mərsiyəxanlıqla, kimi arvadbazlıqla və s. Ürəyi də həmişə buz kim, qeyrətdən də arxayındır, papaqdan da. Çox yaxşı ki, bunu xalqımızın cavanları da başa düşürlər. Və bu yaxınlarda Rusiyada yaşayan azərbaycanlı gənclər Moskva şəhərində yığışıb Leyla Əliyevanı özlərinə padşah tikdilər. İndi daha arxayın ola bilərik ki, burdakı cavanların da qeyrətini çəkən var.

Düzü, Moskvaya gedən cavanlara çox paxıllığım turdu. Özüm gedib şəxsən padşah seçkisində iştirak etmək istəyirdim ki, daha bundan sonra arvad-uşaq qeyrəti çəkməyim, vətən qeyrəti çəkməyim, tapşırım bu işin hamısını elə Leyla xanıma. Maşallah, qeyrət çəkməkdə bu xanım gəlinnin qabağına çıxan olmaz, babası peşəkar qeyrət çəkən olub, indi atası o boyda millətin qeyrətini çəkir. Özü də deyirdim heç bülleten olmaya, yekə bir qutu ola, hərə gətirib papağını ata ora… Ancaq məni o qurultaya qoymadılar, dedilər ki, Mirzə, yaşın düşmür, qocalmısan… Əslində mənim yaşım çoxdur, özüm qoca deyiləm, hərdən ürəyimdən elə şeylər keçir ki, heç on beş yaşında oğlanın ürəyindən keçməz… yəni ki, çilingağac oynamaq-zad…

Vallah, bu ermənilərin axırı nə olacaq, mən bilmirəm. Üstlərində padşahları yoxdur, böyük-kiçik bilmirlər, dünya ictimaiyyətinə tüpürürlər, Avropa təşkilatlarına qoz qoyurlar, qonşu-monşu qanmırlar. Qarabağı alıblar, indi Naxçıvanı istəyirlər, Qarsı istəyirlər. Vallah, padşahları olsaydı, təpinərdi, oturardılar yerlərində. Prezidentləri bir kağız imzalamaq istəyən kimi tökülürlər küçəyə ki, bəs səni işdən çıxararıq. Bizim padşahın qabağında xalqın heç cınqırı çıxa bilər? Bizim xalq qələt eləyib padşaha deyər ki, gedək Qarabağı alaq, Zəngilanı alaq? Bizim xalqda abır var, həya var, başa düşür ki, böyüyün üzünə ağ olan böyürə-böyürə qalar, yəni bizim xalqın gönü sən deyən qalın deyil, polis dəyənəyini, elektroşoku bizim xalq yaxşı başa düşür və ürəyində deyir ki, o Qubadlıdan, o Ağdamdan yüzü qurban olsun bizim padşaha və onun ailəsinə.

Allah bizim prezidentin ömrünü də prezidentliyi qədər uzun eləsin, onun sayəsində beynəlxalq aləmdə dilimiz uzundur. İndi türk qardaşlarımız Ermənistanla sərhədi açmaq istəyirlər və biz də qızıl-qırmızı türklərə itin sözünü deyirik. Türkllər qayıdıb bizə bir kəlmə demirlər. Yəni deyə bilərdilər ki, ay əfəndilər, biz sərhədi açırıq deyəndə balaca bir qapı qoyuruq arvad-uşaq gəlib-gedib alverini eləsin. Ay azəri qardaşlar, əsl sərhədi açan siz deyilsinizmi? Qədim-qədim şəhərlərininzi ev-eşiyiniz qarışıq, qəbiristanlıqlarınız qarışıq ermənilərə verməmisinizmi? İndi ay əfəndilər, özünüz deyin, kim biqeyrətdir, siz ya biz?

Bəli bütün bunları türklər bizə deyə bilərrdilər və deməyə haqları vardı, ancaq demirlər, çünki padşahımızdan həya edirlər. Xalqa qalanda nə vardı ki türklər bizi sayalar da. Bizi türklər ancaq prezidentimizə görə sayırlar.

O ki qaldı Moskvadakı qurultaya, bu günlərdə eşitdim Samaradan ora gedən iki cavanımız səsvermədə əllllərini qaldırmayıb və buna çox məyus oldum. Heyf bizim tərbiyəmizdən, heyf bizim verdiyimiz çoxlu nəsihətlərdən, hamısı boşa çıxıb. Biz yaşlılar bu neçə ildə elə padşahımızı cavanlara sevdirməklə məşğul deyilikmi? Bilmirəm niyə hər yerin cavanları böyükləri eşidir, bizimkilər eşitmir!

İndi istəyirəm Leyla xanıma bir məktub yazam ki, cavanlar bir səhvdir eləyiblər, biz samaralılar sizin padşahlığınızı dəstəkləyirik, canımızı da, qeyrətimizi də sizə tapşırırıq.

Və gərək elə papağı da başımdan çıxarıb yollayam Moskvaya.

 

                                           Mirzə Əlil

 

 

 

 

 

 

CON DONN ŞƏKİL

                     CON DONN                    (1572-1631)

          

                       Here take my Picture

Budur, al şəklimi, hərçənd gedir, vidalaşıram,

Səninkisə könül evimdə, ürəyimdə yaşar.

Şəklim oxşar mənə kölgəm kimi, ölsəm — o zaman,

Dönərəm kölgəyə, öz kölgəmə oxşarlanaram.

Və qayıtsam da – qar-yağış döyülü. Qanlı qabar,

Qalar ovcumda qabardan, üzüm, sinəm qızmar

Günəş altında təzə rəng alar. Basar saqqal,

At oynadar hələ də sanki başqa fırtınalar.

Dönər bədən özü bir torba sınıq sür-sümüyə.

Dərimi çatladıb barıt və çatdırıb iliyə.

Əgər rəqiblərim səni məzəmmət etsələr ki, nədən,

Axı mənim kimi bir vəhşini sevirsən sən,

Mənim bu şəklim onda göstərərdi keçmişimi
Zədələr incidirmi, onlara de, başqa kimi?

Ziyanmı çəkdi namusum ya onun idrakı?

Azaldı sevgisi? Yox — eşqi, odu əvvəlki,

İçindəsə nə təmizlik, nə incəlik vardı –

Süddü eşqçin, sevilər südsə uşaqlıq vaxtı.

İndi yetkinliyə çatmış, yaşa dolmuş sevgi,

İçdiyi başqa içkidir, dəyişibdir zövqü.

ingiliscədən tərcümə

16.12. 2012, Samara

Газета ОЧАГ 2010-05

очаг5_цветной