Məndən tez-tez soruşurlar ki, Mirzə, bəs niyə görə bizi dünyada ən yaxşı millət sayırlar və bizim başqa millətlərdən üstünlüyümüz nədir? Mən də deyirəm ki, üstünlüklərimiz saysız-hesabdır, ən birincisi isə budur ki, bizim həmişə padşahımız olub. Mirzə Cəlilin ruhu şad olsun, onun ölməz hekayələrindən birinin qəhrəmanı Usta Zeynal erməni Muğdusi Akopdan soruşurdu: “ Xozeyin, niyə sizin padşahınız yoxdur?” Erməni də bilmirdi nə desin, qalırdı yana-yana. Düzdür, Akop varlıydı, Usta Zeynal lüt idi, amma kişi pulsuz, evsiz və hətta qeyrətsiz də yaşaya bilər, ancaq padşahsız yox. Çünki padşah olanda bütün xalqın qeyrətini çəkir, xalq da işiylə məşğul olur – kimi alverlə, kimi qumarla, kimi mərsiyəxanlıqla, kimi arvadbazlıqla və s. Ürəyi də həmişə buz kim, qeyrətdən də arxayındır, papaqdan da. Çox yaxşı ki, bunu xalqımızın cavanları da başa düşürlər. Və bu yaxınlarda Rusiyada yaşayan azərbaycanlı gənclər Moskva şəhərində yığışıb Leyla Əliyevanı özlərinə padşah tikdilər. İndi daha arxayın ola bilərik ki, burdakı cavanların da qeyrətini çəkən var.
Düzü, Moskvaya gedən cavanlara çox paxıllığım turdu. Özüm gedib şəxsən padşah seçkisində iştirak etmək istəyirdim ki, daha bundan sonra arvad-uşaq qeyrəti çəkməyim, vətən qeyrəti çəkməyim, tapşırım bu işin hamısını elə Leyla xanıma. Maşallah, qeyrət çəkməkdə bu xanım gəlinnin qabağına çıxan olmaz, babası peşəkar qeyrət çəkən olub, indi atası o boyda millətin qeyrətini çəkir. Özü də deyirdim heç bülleten olmaya, yekə bir qutu ola, hərə gətirib papağını ata ora… Ancaq məni o qurultaya qoymadılar, dedilər ki, Mirzə, yaşın düşmür, qocalmısan… Əslində mənim yaşım çoxdur, özüm qoca deyiləm, hərdən ürəyimdən elə şeylər keçir ki, heç on beş yaşında oğlanın ürəyindən keçməz… yəni ki, çilingağac oynamaq-zad…
Vallah, bu ermənilərin axırı nə olacaq, mən bilmirəm. Üstlərində padşahları yoxdur, böyük-kiçik bilmirlər, dünya ictimaiyyətinə tüpürürlər, Avropa təşkilatlarına qoz qoyurlar, qonşu-monşu qanmırlar. Qarabağı alıblar, indi Naxçıvanı istəyirlər, Qarsı istəyirlər. Vallah, padşahları olsaydı, təpinərdi, oturardılar yerlərində. Prezidentləri bir kağız imzalamaq istəyən kimi tökülürlər küçəyə ki, bəs səni işdən çıxararıq. Bizim padşahın qabağında xalqın heç cınqırı çıxa bilər? Bizim xalq qələt eləyib padşaha deyər ki, gedək Qarabağı alaq, Zəngilanı alaq? Bizim xalqda abır var, həya var, başa düşür ki, böyüyün üzünə ağ olan böyürə-böyürə qalar, yəni bizim xalqın gönü sən deyən qalın deyil, polis dəyənəyini, elektroşoku bizim xalq yaxşı başa düşür və ürəyində deyir ki, o Qubadlıdan, o Ağdamdan yüzü qurban olsun bizim padşaha və onun ailəsinə.
Allah bizim prezidentin ömrünü də prezidentliyi qədər uzun eləsin, onun sayəsində beynəlxalq aləmdə dilimiz uzundur. İndi türk qardaşlarımız Ermənistanla sərhədi açmaq istəyirlər və biz də qızıl-qırmızı türklərə itin sözünü deyirik. Türkllər qayıdıb bizə bir kəlmə demirlər. Yəni deyə bilərdilər ki, ay əfəndilər, biz sərhədi açırıq deyəndə balaca bir qapı qoyuruq arvad-uşaq gəlib-gedib alverini eləsin. Ay azəri qardaşlar, əsl sərhədi açan siz deyilsinizmi? Qədim-qədim şəhərlərininzi ev-eşiyiniz qarışıq, qəbiristanlıqlarınız qarışıq ermənilərə verməmisinizmi? İndi ay əfəndilər, özünüz deyin, kim biqeyrətdir, siz ya biz?
Bəli bütün bunları türklər bizə deyə bilərrdilər və deməyə haqları vardı, ancaq demirlər, çünki padşahımızdan həya edirlər. Xalqa qalanda nə vardı ki türklər bizi sayalar da. Bizi türklər ancaq prezidentimizə görə sayırlar.
O ki qaldı Moskvadakı qurultaya, bu günlərdə eşitdim Samaradan ora gedən iki cavanımız səsvermədə əllllərini qaldırmayıb və buna çox məyus oldum. Heyf bizim tərbiyəmizdən, heyf bizim verdiyimiz çoxlu nəsihətlərdən, hamısı boşa çıxıb. Biz yaşlılar bu neçə ildə elə padşahımızı cavanlara sevdirməklə məşğul deyilikmi? Bilmirəm niyə hər yerin cavanları böyükləri eşidir, bizimkilər eşitmir!
İndi istəyirəm Leyla xanıma bir məktub yazam ki, cavanlar bir səhvdir eləyiblər, biz samaralılar sizin padşahlığınızı dəstəkləyirik, canımızı da, qeyrətimizi də sizə tapşırırıq.
Və gərək elə papağı da başımdan çıxarıb yollayam Moskvaya.
Mirzə Əlil