Архив | Август 2018

ŞARL BODLER.  ÇUBUQ

бодлер

La Pipe

Ahıl bir ədibim çubuğuyam mən;
Gözdən keçirərsə yaxşı kim məni

Görər həbəş kimi, kafr kimiyəm,
Bilər ki, sahibim ayrı cür çəkən.

 

Mən bir daxma kimi tüstüləyirəm,

Haçan başdan aşır qüssəsi, dərdi.

Elə bil mətbəxdə hazırlıq gedir —
İndicə əkinçi tarladan dönər.

 

Bükürəm qəlbini, yırğalayıram,
Pərişan dalğalı və mavi torla
Ucalır ağzımdan o sonra odla,

 

Odlaram elə bir qüvvəli balzam,

Könlünü həm alar, sağaldar həm də,

Təmizlər üzülmüş ruhunu qəmdən.

Fransızcadan tərcümə

27.07. 2018

Samara

ŞARL BODLER. İŞÇİ SKELET

бодлер

Le Squelette laboureur

I

Çay qırağındakı mağazalarda
Çoxlu anatomik rəfə düzülən,
Saralan, büzülən. meyitə dönən,

Qədim mumiya tək yatır kitablar.

 

Qüssəli olsa da hekayə hərçənd,

Qravürlərdəki xüsusi sərtlik,
Qoca sənətkara xas olan bilik,
Gözəllik yaradır burda müəyyən.
Görürük və bu da daha dolaşıq,

Eləyir dəhşətlə dolu sirləri.

Qara fəhlə kimi torpağı eşir
Skelet, Dərisi çıxan qarışıq.

 

II

 

Həqir, dilibağlı, yaslı kəndçilər,

Bax, bu torpaqdan ki, siz qazırsınız,

Bütün səyləriylə onurğanızın,

Bütün əzabla ki, qolunuz çəkər,

 

Aldığınız məhsul nə qəribədir,
Katorqalıları qəbirlərindən

Çıxardınız, deyin, hansı fermerin,
Gedər ambarına bu məhsul indi?

 

Bəlkə istəyiniz budur (taledən

Ən qorxulu, həm də ən aydın nişan)

Göstərəsiniz ki, o vəd olunan,
Yuxu da məzarda dərin deyildir;

 

Və bizə Heçliyin var xəyanəti;

Hər şey, Ölüm bizi aldadır hətta.

Və bundan belə də, yenə, əbədi,

Məcbur olacağıq biz yəqin, heyhat

 

Bizə naməlum bir diyarda yenə,
Daşlı və üzüpis yeri qazarıq,

Və tiyəsi ağır belə dirənər

Çılpaq və qan verən ayaqlarımız?

 

Franslzcadan tərcümə

25-26.07. 2018

Samara

ŞARL BODLER. RUHİ DAN

бодлер

  L’Aube spirituelle

Ağlı, qırmızılı dan oyadıb pozğunları,
Qatılır içlərini gəmirən İdeala,

Sirli intiqamçının birdən iddiasıyla,

Mürgülü vəhşilərdə mələk sanki oyanır.

 

Əzab çəkən, xəyala dalan düşgün insana,

Ruhani Səmaların yetilməz maviliyi

Girdab cazibəsiylə açılır, gəl-gəl deyir.

Təmiz və nurlu Varlıq, əziz İlahə, yanar,

 

Üstündə boş keflərdən qalan viranlıqların.

Daha təmiz, daha al, daha qəşəng xatirən.

Böyümüş gözlərimdə o pərvazlanar hər dəm.

 

Gün işığı qaraldır alovunu şamlarıın;

Beləcə, nur saçan qəlb, həmişə də müzəffər,
Sənin kabusun ölməz, qalib günəşə bənzər.

Fransızcadan tərcümə

27.07. 2018

Samara

ŞARL BODLER. ROMANTİK GÜNƏŞİN QÜRUBU

бодлер

Le Coucher du Soleil Romantique

Necə gözəldir günəş  təzə oyanan zaman,
Bizi salamlamağı partlayışa bənzəyir!

— Bəxtəvərdir arzudan daha cəlallı, gözəl,

Qürubunu eşq ilə seyr edib alqışlayan!

 

Yadıdmdadır! Görmüşəm çiçək, çeşmə və şırım,
Baxışından ürək tək titrəyib duruxurlar…

 — Qaçaq üfüqə doğru, yeyin gəlin, gec olar,

Bəlkə tuta bilərik qıyğacı bir şüanı.

 

Əbəs izlərəm ancaq uzaqlaşan Tanrını

Qara, fəlakət dolu, nəmiş və qızdırmalı,

Alır hakimiyyəti Qaçılmaz Gecə artıq,

 

Bir məzarlıq qoxusu basıb toranlıqları,
Bataqlıq qırağında titrəyir ayaqlarım,

Duyaraq ilbizləri, rəzil qurbağaları.

 

Fransızcadan tərcümə

21.07. 2018

Samara

ŞARL BODLER. YEDDİ QOCA

    бодлер

               Les Sept vieillards

                        Viktor Hüqoya

Xülyalarla doludur şəhər, qaynayır şəhər,

Ruhlar dolaşır günün günorta vaxtı burda.

Hər yerdə şirə kimi baş alıb sirlər gedər,
Əzəmətli azmanın xırdaca arxlarında.

 

Görkəmindən qəm yağan küçədə səhər çağı,

Dumandan binaların boyu daha da artır,

Onlar sahilləridir elə bil daşan çayın,

Bu görüntü aktyor qəlbini xatırladır.

 

Tutub bütün fəzanı sarı və çirkin duman
Gedirəm, qəhrəman tək səbrimi cilovlayıb.

Yorulmuş ürəyimlə danışaraq durmadan,

Furqon təkərlərindən titrəyir şəhəryanı.

 

Saralmış cındırları yağış vaxtı göylərin

Rəngini xatırladan qoca çıxdı qəfildən,

Qarşıma; yanmasaydı gözlərində əgər kin,
O, yağış yağdırardı görkəmiylə nəzirdən,

 

Sanki öd kisəsində onun bəbəklərini,

İsladıblar, qırovu baxışları itilər.

Uzunsallaq saqqalı qılınc kimi bərkiyib,
Beləcə İudadadn o, canlı bir o xatirə.

 

Yox, beli əyilməyib, sınıb, onurğasısa,

Onun ayaqlarıyla kamil bucaq yaradır.

Bu şəkli tamamlayır əlindəki əsası,
Başdan ayağa miskin, yöndəmsiz addımıyla,

 

Üçayaqlı cuhuddur, dördayaqlı əlil ya.

Qar ola, palçıq ola, gedir, gedir, büdrəyir.

Elə bil ki, ölülər qalır ayağı altda,
Kainata yağıdır, o, etinasız deyil.

 

Bu da onun oxşarı: cındır. Saqqal, göz, əsa,
Eynidirlər və eyni cəhənnəmdən çıxıblar,

Bu yüz yaşlı əkizlər, qoşa barok kabusu,

Naməlum bir mənzilə üz tutub gedir onlar.

 

Şərəfsiz suiqəsdə elə bil mən hədəfdim,

Hansısa qarabəxtlik ya məni sınayırdı.

Bir neçə dəqiqənin içində yeddi dəfə,
Bu mühdiş qoca artır, mən təzədən sayırdım.

 

Kim gülüb məzələnir məndəki bu təlaşla,

Kimə qəribə gəlir əgər narahatlığım,
Bilsin, yeddi monstr nə qədər əfəl ola,

Gözlərində yanırdı əbədiyyət işığı.

 

Görsəm əgər ölərdim səkkizincini də mən,

Mərhəmətsiz Sosia, istehzalı və fatal,
Rəzil Feniks, həm ata öz-özünə, oğul həm!

 — Bu infernal kortejə fəqət çevirdim arxa.

 

Gözləri qoşa görən kefli tək üzülərək,

Dönüb qorxu üçündə qapımı bağlayıram.

Azarlı və qüssəli, əsirəm qızmalı tək,
Elə bil ki, bu sirdən, absurddan yaralıyam.

 

Sükan dalına keçmək istəyirsə də ağlım,
Səylərini çıxarır heçə coşan qasırğa.
Rəqs edir dayanmadan ruhum, bu qoca qayıq,

Əcayıb və hüdudsuz dənizdə dor ağacsız.

 

Fransızcadan tərcümə

24-25. 07. 2018

Samara

ŞARL BODLER.  ÇARƏSİZ

бодлер

L’Irréparable

Vicdan ağrılarını susdura bilərikmi? —
Yaşayır və vurnuxur içərimizdə onlar.

Yeyirlər bizi, qurdlar ölünü yeyən kimi,
Göbələklər palıdı necə ki, yeyib yıxar

Ovunmaz Ağrıları susdura bilərikmi?

 

Hansında içkilərin, şərabda, balzamda ya,

Belə qarı düşməni biz batıra bilərik,

Kurtizan kimi qurman, dağıdıcı, ev yıxan,
Qarışqa kimi işlək?

Hansında içkilərin? Şərabda? Balzamda ya?

 

Söylə, gözəl cadugər, de, əgər bilirsən, ah!

Qüssə  dolu ruha ki, nallı ayaqlarıyla

Atın vurulub qalan yaralıların altda,

Can verənə bənzəyər ağır sınaqlarıyla

Söylə, gözəl cadugər, de, əgər bilirsən, ah!

 
Bu ölənə ki, gəlir canavar qoxusuna,
Quzğun güdür haçandan,

Bu yaralı əsgərə! əgər ümidi yoxsa,
Yata öz məzarında, qoyula öz xaçı da,

Bu bəbbəxtə ki, gəlir canavar qoxusuna.

 

Kim qara, çirkin göyü işıqlandıra bilər

Zülməti cırıb çıxar?

O, qətrandan qatıdır, nə axşam var, nə səhər,
Nə ulduzlar közərər, nə ildırımlar çaxar,

Kim qara, çirkin göyü işıqlandıra bilər?

 

Karvansara divarı önündə yanan Ümid,
Sönüb getdi həyatdan.

Nə ay yanır, nə çıraq, tap ki, hardadır indi,

Əyri həyat yolunda əzablara qatlanan.

İblis karvansarada işığı keçiribdir.

 

Lənətlənmişi, söylə, sevirsənmi cadügər,

Əlacslzları, gözəl, söylə, tanıyırmısan?

Zəhərli oxlarıyla sinəmizi incidən

Vicdan əzablarını özüb duymusan haçan?

Lənətlənmişi, söylə, sevirsənmi cadügər,

 

Lənətə gəlmiş dişi Çarəsizin gəmirir,
Qəlbimizi, bu muskin və cılız abidəni.
Həmlə edir tez-tez o, ağ qarışqalar kimi,
Tikilinin dibindən.

Lənətə gəlmiş dişi Çarəsizin gəmirir.

 

Bayağı səhnələrin dibində çox görmüşəm,

Orkestrin səsindən canlananda teatr,
Pəri müdhiş səmada möcüzəli bir şəfəq,

Öz əliylə yandırar.

Bayağı  səhnələrin dibində çox görmüşəm.

 

Çox nəhəng bir Şeytanı tulladığını göydən

Qaz, işıq və qızıldan yaranma bir varlığın,

Mənim isə ekstaz bilməyən ürəyimdə.
Elə bil teatr var, qanadı qaz işığı,

Varlığı gözləyirlər, gəlməsə də, yenə də.

 

Fransızcadan tərcümə

24.07. 2018

Samara

ŞARL BODLER HEAUTONTIMOROUMENOS[i]

бодлер

L’Héautontimorouménos

À J.G.F.

Mən səni vuraram qəzəblənmədən,
Qəssab tək, qəlbimdə nə nifrət, nə kin,
Musanın qayanı vurduğu kimi,

Elə vuraram ki, bəbəklərindən,
İşgəncə suları axıb tökülər,
Onlar suvaracaq mənim Səhramı.

Köpər ümidimdən ehtiraslarım,

Girər göz yaşından yaranan gölə,

 

Sulara baş vuran gəmilər kimi,

Və göz yaşlarından məst ürıyimdə
Əziz nalələrin dinər hələ də,

Döyüş təbilləri çalınan kimi.

 

Xaric bir akkorda dönməmişəmmi

Məgər mən ilahi simfoniyada?

Səbəb gözüdoymaz İroniyadır —

Məni silkələyər, məni dişləyər,

 

Mənim səsimdədir o bəd çığırtı,
Çevrilib qara bir zəhərə qanım,

Mən özüm elə bil müdhiş aynayam,
Seyr edir özünü onda ifritə.

 

Mən özüm bıçağam, özüm vurulan,
Mən özüm əzabam, həm də sevincəm

Özüm işgəncəyəm, həm incidilən,

Özüm də cəlladam, özüm də qurban.

 

Özüm qaniçənəm öz ürəyimə,

 — Nəhənglərindənəm atılmışların,
Əbədi gülüşə məhkum olmuşam,

Daha halımsa yox gülümsəməyə.

 

Fransızcadan tərcümə

22.07. 2018

Samara

[i] Şeirin adı yunanca “öz-özünün cəlladı” mənasını verir, latın dramaturqu Terensin pyesinin adından götürülüb.

 DAYIOĞLU MAHİRİN XATİRƏSİNƏ

06 2.jpg

Çağırmazlar toya daha,

Daha çalıb-çağırmazsan.

Nə ana var, nə də ata —
Deyə-gülə keçər yasın.

 

Yaşın azdı, qırx beş idi,
Üzülmüşdü ürəyinsə.

Yarı ömrü atıb getdin,

Elə bil ki, oyun üstdən.

 

 

Hamı gedir, yox gələni,

Ordakını kim nə bilər.

Göz yaşı tək bəlkə sənin,

Nə günahın var, silinər.

 

06. 08. 2018

Samara

ŞARL BODLER. BURDAN ÇOX UZAQDA            

BaudelaireNadard-thumb

Bien loin d’ici

Bura dualanmış ərazi, mənzil,

Burda bəzəkli qız, gözəl və nazlı,

Ürəyi buz kimi, həmişə hazır,

 

İncə balınclarda başı dincəlir,
Bir əllə döşünü o  yelpicləyir,
Hovuz naləsini qəlbi dinləyir.

 

Bura otağıdır Doroteyanın,
Dinir uzaqlarda külək də, su da.

Yarı nəğmə deyir, yarı ağlayır,

Ərköyün bu uşaq bəlkə də yata.

 

Başdan ayağacan, qayğı və səylə

İncə dərisini cilalayıblar
Ətirli yağlarla, benzoy çəkiblər

 — Küncdə çiçəklərsə bayılıb qalar.

 

Fransızcadan tərcümə

20.07. 2018

Samara

26-LARLA ÜZBƏÜZ. VAQİF CƏBRAYILZADƏ

Vidadi Məmmədoun özündən yox, başqalarından eşitmişəm ki, Vaqif Cəbrayılzadənin sərgərdanlıqdan qirtarıb adam içinə çıxmağına və ən yaxşı ədəbiyyat vəzifələrindən birini tutmağında onun ciddi rolu olub. Təhsilsiz olsa da, Vidadi Məmmədovda ədəbi istedadları tanımaq məsələsində əsil ovçu instinktinin olduğunu deyirdilər. Vaqif Cəbrayılzadədə isə ədəbi istedad şübhəsiz ki, vardı. Səhv etmirəmsə, 1978-ci ildə onun “Ulduz” jurnalında çıxmış şeirlərindən mən özüm də çox təsirlənmişdim. Ancaq mənim yerimə yaradıcılıq və yaradıcı insan  məsələlərində daha bilikli, daha həssas, daha uzaqgörən adam Vaqif Cəbrayılzadədə tezliklə başlanacaq deqradasiyanı da görməliydi. Bəlkə artıq deqradasiya başlanmışdı. “Ulduz”dakı şeirlər yəqin ki, çoxdan, on il əvvəl  yazılmışdı. 1979-80-cı illərdə Əkrəm Əylisli Vaqif Cəbrayılzadənin şeirlərini «Azərbaycan» jurnalında  şələ-şələ çap eləyəndə məlum oldu ki, o, mahir xalturaçıdır, bunu özü də gözəl başa düşür, başqalarının hay-küy salmamağı üçün hay-küyü özü salır, hamıya həmlə edir, özü də aqressiv formada. Mən onun adamlarla təhqirli rəftarının özüm şahidi olmuşam və təhqir olunanların buna niyə dözdükləri məni çox təəccübləndirirdi. Çoxlarının onun xeyirxahı saydığı Vidadi Məmmədovu Vaqif  az qala qulağı eşidə-eşidə çox ayıb bir ləqəblə çağırırdı. Mənə məlum olmayan səbəblərdən uzun illərin heçkimliyindən, məhrumiyyətlərindən çıxan Vaqif despota çevrilmişdi və yəqin ki, öz yaşadığı alçalmaların intiqamını dişinə fənd insanlardan çıxırdı. Əlbəttə, yalnız dişinə fəndlərdən. Əkrəm Əylislinin adını o da hamı kimi riqqətlə çəkir, onu “ustad” adlandırırdı. Anar kimi, Elçin kimi yükək statusluların yanında o, əlbəttə, öz yerini bilirdi…

Mən “deqradasiya” sözünü işlətdim və bunu Vaqif Cəbtrayılzadəni gözdən salmaq üçün eləmədim. Bu, sözün onun yaradıcılığının gerçık xarakteristikasıdır, diaqnozdur.

Hər iki dünya üçün də
                                daha tez ayılar qadınlar,

hamını hər an sevgiyə,

gözəlliyə yönəldən Tanrını da onlar

çox anlar kişilərdən daha tez duyar, anlar,

elə ona görə də Tanrı

onu daha çox duyduqları anlarda

qat-qat, çin-çin gözəllik yaradar qadınlarda,

o Tanrı gözəlliyi anları

Bu, poeziyadırmı? Yox, poeziya deyil! Elə bil, Qoqolun dediyi kimi, incə alətlərdən deyil, yalnız balta ağzından çıxmış “misralar” hansı dildənsə sətri tərcüməni xatırladır, həm də elə bil ki, tərceməçi dili elə də yaxşı bilmir, özü də hər iki dili – orijinalın da dilini, öz dilin də… Və deqradasiyanı görmək üçün 1978-ci ildə çao olunan bir şeirə baxın, səhv etmirəmsə, “bu dünyada kimlər yeyim”lə başlanır. Orda ən azı səmimilik var. Bu parça və onun götürüldüyü şeirin hamısı başdan-ayağa yalandır, yəni qadın, Tanrı haqqında burda dediklərinə, əlbəttə, Vaqif bircə saniyəliyə də olsun inanmır. Və necə bərbad dildir! “Qat-qat, çın-çin gözəllik” – bu necə olur? Hansı qadınlarda? Qadınlar hamısı gözəl yaransaydı, gözəl qadın söhbəti ümumiyyətlə olmazdı…. Hamlet deyirdi ki, hər şey müqayisədə tanınır…

Əslində mən nahaq yerə baş ağrıdıram və öz başımı da ağrıdıram. Yüz milyonlarla insan inanır ki, doğrudan da Maleviçin “Kvadrat”ı şedevrdir və o qaralıqda bizim görmədiyimiz nəsə var. Onları “Qara kvadrat”ın yalnız və yalnız qara rəng çəkilmiş kvadrat kətan olduğuna inandırmağa dəyərmi? Axı bu, mümkün də deyil. “Qara kvadrat”çılar aqressiv sektadır, yaxşı olar ki, başını soxmayasan…

Eləcə də Vaqif Cəbrayılzadə (Bayatlı, pardon…). Qırx ildən çoxdur ki, fasiləsiz yerüzü, göyüzü öpülür, şair diz üstdə, əlləri ya Tanrıya uzanıb, yaxud şərab badəsinə…

Yeri gəlmişkən, bir dəfə mənimlə bir yerdə Vaqif Cəbrayılzadə  “şırab bədəsi” içib, dəli dərdinə düşüb “…Azərbaycanın …lap….”

Bu, Moskvada olub. Hər ikimizi restorana indi ləzgi rəhbəri olan Arif Kərimov aparmışdı…

(ardı var)