Архив | Сентябрь 2018

ŞARL BODLER. AMİNA BOSKETTİ[i]NİN BRÜSSELDƏ DE LA MONNE TEATRINDA DEBÜTÜNƏ

бодлер

Sur les débuts d’Amina Boschetti Au Théâtre de la Monnaie à Bruxelles

 

Amina pərvazlanır, hərlənir, gülümsəyir;

Qall[ii] deyir: Bunlar mənə hamısı ağ yalandır,

Pöhrəlik nimflərindən söhbət əgər gedirsə,
Montagne-aux-Herbes-potagères-dədir məim tanıdıqlarım.

 

Şümal ayaqlarından gülən göünə qədər,
Ruh, dəli-divanəlik yayılır  Aminadan;

Qall deyir: “Uzaq olun, aldadıcı nəşələr!

Belə xoş hoqqalar yox mənin öz arvadımda”.

 

Duruşları müzəffər qadın, çalışırsınız,

Öyrədəsiz bayquşa nəğməni, filə valsı,

Leyləyəsə gülməyi, xəbəriniz yox ancaq,

 

Bütün bu zülmünüzə Qall deyəcəkdir: “Haro[iii]!”

Baxusun öz əlindən burqonu tez qaparaq,

Monstr deyinəcək: “Gətirin mənə faro[iv]!”

 

Fransızcadan tərcümə

30-31.08. 2018

Samara

[i] Amina Bosketti – görkəmli Milan balerinası

[ii] Orijinalda: Welche; almanları, xüsusən İsveçrə almanlarınin fransızlara və italyanlara verdikləri təhqiramiz ad

[iii] Haro – qışqırarq kiməsə acıq tökmək üçün işlədilən ifadə

[iv] Faro – şəkər və quzu əti qatılmış Belçika pivəsi

ŞARL BODLER.  HƏDDƏN ARTIQ ŞƏN OLANA

бодлер

À Celle qui est trop gaie

Başın, görünüşün, hərəkətlərin,
Gözəldir gözəl bir mənzərə qədər

Üzündə-gözündə təbəssüm gəzər,
Necə təmiz göydə yel əsər sərin.

 

Sənin əllərindən, çiyinlərindən,

Ətrafa bir işıq kimi yayılan,
Sağlamlıq qaytarar sənin yanından
Ötən qüssəlini həyata birdən.

 

Sarsıdar görəni, baş gicəllənər.

Sənin geyimində o rənglər ki var.
Şair xəyalında səhnə yaranar,

Başlayar bir coşqun rəqsə çiçəklər.

Bütün bu divanə biçimli paltar,
Rəmzidir ruhunda rəngarəngliyin.

Məni dəli edir divanəliyin,

Sənə sevgim qədər nifrətim də var.

 

Haçansa sevimli bağ içində tək,

Gəzib sürüyərkən əfəlliyimi

Birdən hiss elədim günəş elə bil,

Dağıdır sinəmi, mənə gülən tək.

 

Bütün bu yaz çağı, bu göy çöl-çəmən,
Elə ürəyimi aşağıladı,

Qisasını zərif çiçəkdən aldım,
Təbiətdə olan təkəbbürün mən.

Beləcə bir gecə istəyirəm mən,

İşrət saatının vurduğu zaman,

Bədən xəzinənə xəlvət atım can,
Qorxaq tək üstünə sürünüb gələm.

 

Füsunkar dərinə çəkəm qamçını,

Sıxam, bağışlanmış döşünü əzəm.

Titrəyən böyrünü sarsıda zərbəm,

Orda gen və dərin bir yara açam,

 

Baş gicələndirir ah, bu şirinlik!

İndi daha gözəl, daha da parlaq,
Dəyişmiş və təzə dodaqlarınla,

Bacım, zəhərimə əlavə də tök!

 

Fransızcadan tərcümə

28.08. 2018

Samara

FRANCISCAE MEAE LAUDES[i]

бодлер

Franciscae meae laudes

 

Mən təzə nəğmələr deyərəm sənə,

Ey cavan maralım, rəqs eləyirsən,

Mənim ürəyimin təkliyində sən.
Tərtəzə çələnglə bəzənsin alnın.

Ey incə qadın,

Məim kimilərin günah yuyanı!

 

Sanki səxavətli Leta suyusan,

İçirəm mən sənin şirin busəni,
Ötürsən maqnitin cazibəsini.

Sən gəldin xilaskar bir ulduz kimi,

Ağır fəlakətə yaxınkən gəmi…

Götür mehrabına sən ürəyimi!

 

Ləyaqətlə dolu  hovuzsanmı sən
Ya əbədi gənclik fəvvarəsisən?

Hökm elə yenidən açılsın səsim!

 

O zaman ki günah qasırğaları,
Süpürdü yolları və çığırları,
İlahə, biz gördük sən xilaskarı

 

Natəmiz olanı oda qaladın,
Kobud nə vardısa, sən hamarladın,

Sağaldı, bərkidi xəstə olan da.

 

Ac bir yolçuyamsa, karvansarasan,
Qaranlıq gecəmə işıq salırsan.

Məni haqq yoluyla daim apar sən.

Ver mənə gücündən, bərkisin canım,
Suları mülayim, məlhəm hamamım,

Ətrafa xoş, şirin ətir yayanım!

Çanağım üstündə daim işıqlan,

Dualı, serafik suya salınan,
Mənə sədaqətlik kəməri olan!

 

Qiymətli daşlarla parıldayan cam,
Dadlı-duzlu  çörək və ləziz təam,
İlahi şərabım, ah, Fransiskam.

 

Şeir latınca orijinalından tərcümə edilib

29-30.08. 2018

Samara

[i] Mənim Fransiskamın tərifi (latınca)

KƏŞFLƏR, BİLİKLƏR GÜNBƏGÜN ARTIR…

KÜRÜN ÜSTÜ

Kəşflər, biliklər günbəgün artır,

Artır günbəgün də bilmədiklərim.

Başım, ha sındıram, anlamır artıq,

Ayağı biləni indikilərin.

 

Teleşəkillərin, telesəslərin,

Bilmirəm nə yolla yarandığını.

Mobil rabitənin prinsipləri,

Mənə, ha öyrənəm, qaranlıq qalır.

 

Adi hesab deyil indi rəqəmlər,

Bəs nədir? – Bu haqda yox təsəvvürüm.

İşi, idarəsi peyklərin də,

Mənə aydın olmaz, həsr edəm ömrü.

 

Aydan, ulduzlardan məlumatım az,

Ordan o yananı hələ demirəm.

Təhsilim yarımçıq, düşüncəm dayaz,

Yaşla əlaqəli geriləmələr…

 

Dünən bildiklərim çıxır yadımdan,

Yadımda qalanlar gümandır ancaq.

Bilmirəm hardayam, kiməm, hayandan,

Kimçinəm, neyçinəm və haçanacan.

 

Görəndə elmli indikiləri,

Düzü, utanıram nadanlığımdan.

Bircə təsəlli var: ən ümdə sirri,

Heç zaman, heç kimə demir yaradan…

                                                              21-25avqust 2009, Ərəbqardbəyli

ŞARL BODLER. ÜZÜN VƏDİ

бодлер

Les Promesses d’un visage

 

Sevirəm, ağuş gözəl, qıyıq qaşlarını mən,
Onlardır elə bil ki, yayan toranlıqları,

Çox qaradır gözlərin bəlkə, məndə onların,

Oyatdığı fikirlər yaslı deyildir hərçənd.

 

Bu zil qara gözlərin gözəl uyuşur sənin,
Qara da saçlarınla, parlaq, hamar yalınla.

Qara gözlərin mənə deyir xumarlanaraq:
Gözəl Pəri məşuqu, varsa əgər istəyin,

 

Gedəsən ürəyində bizim oyatdığımız

Ümidin və sevimli nəşələrin dalınca,

Bilərsən ki, göbəkdən sağrılarımızacan,
Gözə görünən nə var, həqiqətdir hamısı.

 

Taparsan iki iri, gözəl döşün başında,
Böyük, rəngi bürüncə bənzəyən medalları,

Buddapərəst dərisi kimi sarı-qaralı,

Hamar və məxmər kimi qarnın aşağasında
Bir zəngin topa tük ki, bacısıdır, doğrudan

 

 

Başdan boyun aşağı tökülən gur tellərin,

Yumşaq və qıvrılandır, onlar elə bil eyni,
Ulduzsuz bir gecəylə, həm dumanlı, həm qara.

Fransızcadan tərcümə

29.08. 2018

Samara

ŞARL BODLER. BƏZƏKLƏR

бодлер

          Les Bijoux

Çılpaq idi əzizim, yaxşı bilib könlümü,

Üstündə saxlamışdı bəzəklərini  ancaq.

Bu zəngin daş-qaşla o, müzəffər görünürdü,

Xoş günündə sevinən Məğrib kənizi sayaq.

 

Şölələnən bu metal və incilər dünyası,
Oynaq və şən səslərin rəqsini başlayırkən,
Ekstaz sarır məni, qaynayır ehtirasım,

İşıq və səs qarışan hər şeyi sevirəm mən.

 

Verir ixtiyarıma özünü, uzanaraq,
Divan ucalığından razıca gülümsəyir,

Tükənməz eşqimlə ki, uca qayalıqlara

Dərin, xoş dəniz necə qalxar, elə yüksəlir.

 

Əhil pələng tək mənə gözlərini zilləyib,

Tez-tüz duruş dəyişir, xumar və məst havalı,

Onda səmimiyyətin və şəhvətin birliyi,
Metamorfozlarında  ayrı cazibə alır.

 

Əlləri, ayaqları, qarnı və baldırları,
Yağ kimi cilalanıb, qu kimi dalğalanır,
Keçəndə aydıngörən gözüylə qabağımdan;
Onun qarnı, döşləri, bu üzüm salxımları,

 

Oyatmağa qəlbimi dincə daldığı zaman,

Gəlir, daha füsunkar xəta Mələklərindən,

Onu zorla qopara büllur bir qayalıqdan,

Tənha və həyəcansız qərar tutduğu yerdən.

 

 

Dedim yeni rəsmdə görürəm ki, birləşib,

Antiopun budları büstü ilə  oğlanın.

Gövdəsi onun necə çanağıyla uyuşur,
Əsmər dərisi üstdə ənliyi gözəl yanır!

 
— Zaman keçdi, nəhayət, keçindi çırağım da,
İndi ocaqdı yalnız otağa işıq salan.

Hər dəfə ucalanda onun içindən bir ah,
Kəhrəba dəri altdan qızarırdı qızıl qan.

 

Fransızcadan tərcümə

26-27.08. 2018

Samara

ŞARL BODLER. HİMN

бодлер

       Hymne

Səninlə nurlanır ürəyim mənim,

Gözəl, sevimli yarım,

Ölməzlik salamı, ölümsüz sənəm,
Sənə yollaram!
O mənim ömrümə hopur, yaxılır,

O, duz dolu havadır.

Doymaz və tamarzı ruhuma axır,

Əbədiyyətin dadı.

 

Əziz bir guşənin ətrini yayan
Saşeyə bənzər.

Ya gecə xəlvətcə sanki buxurdan,
Özü tüstülər.

Necə təsvir edim, dəyişməz eşqim,
Oxşasın həqiqətə?

Əbədi sancılıb toxumu müşkün

Ürəyimin dibində!

 

Səninlə nurlanır ürəyim mənim,

Gözəl, sevimli yarım,

Ölməzlik salamı, ölümsüz sənəm,
Sənə yollaram!

Fransızcadan tərcümə

27.08. 2018

Samara