Архив | Ноябрь 2018

POL VERLEN.  XİLASKARA SONETLƏR. V

verlain-19

Il faut m’aimer…  Je suis ces Fous que tu nommais…

 

Sev məni… Adım elə sən deyən Dəlilərdir,
Mən yeni bir Adəməm, yox daha köhnə insan,

Sənin Roman, Parisin, Sodomun və Spartan,

Miskin süfrə önündə oturan bir fəqirdir.

 

 

Mənim sevgim bir oddur, külə döndərər, yaxıb,
Ehtirasla qovrulan bədəni və sovurar

Ətir tək. Mənim eşqim güclü daşqına oxşar,
Yuyar özüm əkdiyim bütün bəd toxumları.

 

 

Harda ki, mən ölmüşəm, haçansa ucalar Xaç,

Bir gün mərhəmətimin sehrli gücüylə sən,

Müti, həqir və miskin, hüzuruma gələrsən.

 

 

Sev.  Sıyrıl çıx gecədən, baxımsız və yazıq kəs,
Bütün əbədilikdə fikrim və surətimdir,
Sənin sevə bildiyin və tək mənəm əbədi.

 

Fransızcadan tərcümə

11-13.11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: QARABAĞ XANLIĞI YA QARABAĞ ÇOBANLIĞI?

samed-stalin.jpeg

Doğrudan da Vaqifin oğlunun toyu “Vaqif” komediyasında ən gülməli səhnələrdəndir. Saraya çiynində quzu ilə girən çoban Eldar (əslində, Vaqifin dostuydusa, çoban gərək toya qoyunla yox, arvadıyla gələydi…) xana salam vermir. Sonra Qarabağ xanını it adlandırır:

Ancaq olmasaydı kasıb kəndlilər,
Bunca qudurtmazdı sizi simü zər…

Fikir verirsiniz çobanın dilinə? “Qızıl-gümüş” demir, “simü zər” deyir… Məlum deyil ki, quzu bütün səhnə boyu onun çiynindədir, ya düşüb gəzir xan sarayını…

Məsələ burasındadır ki, o illərdə də, ondan sonra da, sovet dağılanacan, Azərbaycan məktəblərinin çoxunda dəhlizlərdə, xüsusi guşələrdə rusların tarixi şəxsiyyətlərinin, sərkərdələrinin şəkilləri asılardı. Məsələn, şücaətləri şübhəli olan Aleksandr Nevskinin, Dmitri Donskoyun. Səməd Vurğun çoban Eldarı önə çıxarıb İbrahim xanı poxa döndərir. Bütün mümkün qüsurlarına və hətta törətdikləri qəddarlıqlara baxmayaraq, xanlar dövlətçiliyimizin əsaslarını yaradıblar, “xanlıq” xan sözündəndir, dövlətləri çobanlar yaratsıydılar, xanlıq yox, “çobanlıq” adlanardı…

Və qəribədir ki, bilinmir çoban Eldar xandan nə istəyir, onun konkret iddiası nədir. Səməd Vurğunun öz iddiası məlumdur: xalq qəhrəmanını qaniçən monarxa qarşı qoyub monumental səhnə yaratmaq. Ancaq dağ siçan doğur. Qarşıdurma sünidir və inandırıcı deyil – çobanla xanın nə qarşıdurması?

«Bu xan bir ilanmış, saray – yuvası,

Zəhrimar qoxuyur onun havası».

Bunu Vaqif deyir və məlum deyil ki, xan ona nə pislik edib. Üstəlik and içir ki, “iş ki belə düşdü, meydanda varam!”

Kənd mirzəliyindən, müəllimlikdən vəzirliyə qaldırılmış adamın xandan nə gileyi olmalıdır? Və arxası, kökü olmayan bir şair Qarabağ xanıyla necə ayaq-ayağa verə bilər? Bütün bunlar, əlbəttə, Səməd Vurğunun primitiv və heç bir tarixi əsası olmayan fantaziyalarıdır, ancaq gülməli (bəlkə də ağlamalı) odur ki, səksən ildən bəri millət bu fantaziyaları ikimədəlilər kimi çeynəməkdə davam edir…

Və sonra Əli bəy xəbər gətirir ki, “ata, həbs etdilər yazıq Eldarı…”

Çoban Eldar Qarabağ xanının nəyinə lazımdır?

İndi təsəvvür edin ki, bir çoban, deyək ki, Şamaxı çobanı (təəssüf ki, daha Qarabağ çobanı yoxdur…) çiynində quzu gəlib girir prezident sarayına, özü də İlham Əliyevə salam vermir…

Mən özüm təsəvvür elədim, az qaldım gülməkdən öləm…

Sonra səhnəyə Xuraman gəlir. Gələn kimi 20-25 misralıq cəfəngiyatı deklamasiya edir. Əvvəl Vaqifdən qabaqkı ərini yadına salır. Sonra deyir ki, başını yeyib verdilər Vaqifə. Vaqifsə “qoltuqlarda gəzib dolanır, Çox vaxt da su kimi rəngi bulanır, elə dərd tökülür qaş-qabağından…”

Bir sözlə, at getsin. Hə? Yox, burda ayrı misra gəlir:

«Ancaq çox razıyam qanacağından…»

Qaş-qabağından daim dərd tökülən kişidə nə qanacaq?

Bu hadisələrin baş verdiyi vaxt Vaqifin yaşı səksənə yaxın olmalıydı. Səməd Vurğun onu gənc və gözəl dul Xuramana evləndirir ki, İbrahim xanın oğraşlığını göstərə bilsin. Çünki xan binamus olmalıdır və vəzirinin arvadına tamah salmalıdır.

Xandan yaxşı nə gözləyəsən?

Səməd Vurğun 1937-ci ildə hünər eləyib Bağırovun arvadbazlığından yazaydı. Bizim “vətənpərpərvər” və “qeyrətli” şairlərimiz dəridən-qabıqdan və hətta şalvarından çıxıb Mircəfərə təriflər yazırdılar…

   POL VERLEN. XİLASKARA SONETLƏR. IV

verlain-19

Seigneur, c’est trop! Vraiment je n’ose. Aimer qui? Vous?

Kimi sevmək? Sizimi? Yox, Cənab, bacarmaram.

Əsirəm, bacarmaram… Bu sevgi mənlik deyil,

Ləyaqətim də çatmaz. Siz təzə bir Qızılgül,
Sevgi küləkləriylə nəfəs alan, canlanan.

 

Müqəddəslər ürəyi! Siz oldunuz havadar,
İsrailə. Məsum və yarıyacan açılı,
Bir çiçəyin başında pərvaz eləyən arı,

Necə sevim mən Sizi? Sizin düşüncəniz var?

 

Ata, Oğul, Ruh? Mənsə təkəbbürlü və qorxaq,
Günahlıyam şərədir meylim həmişə ancaq.

CanImdakı duyğular, görmə, eşitmə, təmas,

 

Dad, qoxu, elə mənim bütün varlığım, əfsus! —

Vicdan ağrım, ümidim ekstazla göynəyər
Bir nəvaziş görən tək, mən Adəmə dönərəm.

 

Fransızcadan tərcümə

10-11. 11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: ÇOBAN ELDARDAN ÇOBAN HƏSƏNƏ QƏDƏR

Səməd_Vurğun

TOY

İbrahim xan xanəndələrə əmr edir:

“Tez olun yaxşı bir segah oxuyun!”

İndi özünüz deyin, hansı heyvərə xanəndəyə “tez olun” deyər? Bəlkə də çayçıya deyərlər, kababçıya deyərlər. Ancaq xanəndəyə yox.

“Yaxşı bir segah” – segahın nə yaxşısı? Şübhə yoxdur ki, musiqidən kənar adamların çoxu kimi muğama segah deyirmiş. “Bir çahargah oxu, segahıyla…”

İbharahim xan Vaqifə:

“Vəzir, xeyir işiniz xeyli mübarək”.

Hansı azərbaycanlı belə danışır: “xeyli mübarək”? “Çox mübarək” deyirlər. Müəllif heca sayını düzəlmək üçün yöndəmsiz sözü soxur misraya.

Sonra Təlxək gəlir. Əlbəttə, Səməd Vurğun şekspirlik iddiasındadır, ancaq onun təlxəyi filosof deyil, ayıb olmasın, oğraşın biridir.

Dir qumardan, bir atdan,
Bir də gözəl arvaddan,
Ehtiyatlı dolanmaq…

Yəqin Səməd Vurğun özü gözəl qadınlar barədə bu fikirdə olub…

Sonra Vaqif gəlininə müraciət edir. Qadının azadlığı barədə bolşevik ritorikası belə bitir:

Camalın dünyadır, qucağın cənnət…

Qayınata bunu gəlininə deyər? Qayınata köpəkoğlunun gəlinin qucağı ilə nə işi var…

Nəhayət, əsərin qəhrəmanı çoban Eldar gəlir. (Bu çoban sonra, 1970-ci illərdə SSRİ Ali Sovetinin deputatı olacaq, doktorluq dissertasiyı müdafiə edəcək…)

Remarka deyir ki, Eldar çiynində bir quzu içəri girir. Bundan əvvəlki remarka deyirdi ki, toy Şuşa qalasında, xan sarayındadır. Təsəvvür edirsiniz, çoban gəlir girir saraya… Girsin, yaxşı, buna inandıq. Bəs çiynindəki quzu? Sarayda keçirilən toyda, vəzir oğlunun toyunda quzu çartmırdı? Qarabağ xanının sarayı nə gündəydi ki, ora çoban quzuyla girəydi? Bu, komediya deyilmi?

Xan çobanın gəlişindən hiddətlənəndə Vaqif ona xasiyyətnamə verir. Deyir ki, vicdanı təmizdir və “dilindən düşməyir gözəl nağıllar”…

1970-ci illərin çobanı, kənd təsərrüfatı elmləri doktoru Həsən Kərimov nağıl-zad bilmirdi, deyəsən yazıb-oxumağı da, ancaq hər qoyundan dörd-beş bala alırdı…

“Sizin güldüyünz çoban torpağı…”

Qacar belə çoban torpağına gülübsə, yaxşı eləyib, kişini nə qınayasan…

Mən yuxarıda Səməd Vurğunun Azərbaycan dilini yaxşı bildiyinə şübhə bildirmişdim. Burda da baxın:

Xeyir, yanıldınız, ona dil verən,

Göziylə dünyada alovlar görən,

Kəndistan yeridir…

Başa düşdük ki, Eldara dil verən kənd yeridir (kəndistan – Səməd Vurğunun heca xatirinə qondardığı nelogizmdir). Bəs gözü ilə alovlar görən kimdir ya nədir? Eldar? Kəndistan?

POL VERLEN. XİLASKARA SONETLƏR. III

verlain-19

Il faut m’aimer ! Je suis l’universel Baiser…

 

Sev məni! İki dünya öpüşüyəm çünki mən,
Mənəm, bax, bu bəbəklər, mənəm bu danışdığın,
Dodaqlar, ah, azarlım, sənin içinə yanğın,

Salan qızma da mənəm! Gərək məni sevəsən!

 

 

Tərəddüdlər bilmədən mənim eşqim ucalır

Səninsə miskin eşqin ürkək, şübhə girinci.

Aparar səni, qartal quzu aparır necə,
Səmalardan su içən kəklikotlarınacan.

 

 

Aydın gecəm! Sənin də gözlərində ay yanar!

Ah, dumanda işıqdan, sudan yaranan yataq!

Bütün səmavi mehrab. bütün ilkin təmizlik,

 

 

Sev məni! Bu iki söz ali kəlmələrimdir,

Qadir Tanrınam sənin, ancaq istəyirəm ki,

Sən özün ürəyinlə məni sevə biləydin.

 

Fransızcadan tərcümə

09-10. 11. 2018

Samara

POL VERLEN. XİLASKARA SONETLƏR. II

verlain-19

J’ai répondu : « Seigneur, vous avez dit mon âme…

 

Dedim: “Tanrım, ruhuma dediklərin toxundu.

Mən sizi axtarıram, tapa bilmirəm amma,

Fəqət siz sevin! Görün enmişəm haralara.

Əbədidir sizdəki çünki sevginin odu.

 

 

Ruha məlhəm sizdədir, hamı sizə təşnədə,

Əfsus! Bir nəzər salın necə şübhələrdəyəm!

Ləyaqətim çatırmı düşə biləm səcdəyə,

Sürünməkdən qanverən dizim üstdə oturub?

 

Axtarıram mən sizi, büdrəsəm də nə qədər.
İstəyirəm kölgəniz örtə ayıblarımı.

Sizinsə kölgəgəniz yox, sizdən sevgi yayılır.

 

İlıq çeşməsiniz siz, lənətli könüllərə,
Acısınız siz ancaq, işığınız hamıya,
Öpüşlərlə kimin ki, gözləri qapanmayıb.

 

Fransızcadan tərcümə

08.11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI İLƏ BAĞLI QEYDLƏR

Mən Səməd Vurğunun “Vaqif” pyesini  az qala əlli il qabaq oxumuşdum. Və hamı kimi mən də bu pyesi dram bilirdim, indi oxuyuram, görürəm əməlli-başlı komediyadır.

Heç kim inkar edə bilmiz ki, Səməd Vurğun Azərbaycan dövlətçiliyi tarixində xidmətləri olmuş İbrahim xanı əsil oğraşa çevirmişdir. Onun yanında çox mühüm vəzifə tutmuş Vaqif xanı Vidadi ilə söhbətində “köpək” adlandırır.

“Mən orda olmasam qan çıxar dizə,
O bəzən hirslənib quduran zaman,
Mənəm zəncirini dartıb saxlayan…”.

Molla Pənah Vaqif (“hər oxuyan Molla Pənah olmaz!”) xidmət elədiyi dövlət başçısı haqqında belə danışardımı? Ümumiyyətlə, Vaqif bu tərzdə danışmaq səviyyəsinə enərdimi?

Bundan əvvəl Səməd Vurğun Cavad xana döşəyir. Guya Vidadini saraya, saray şairi olmağa dəvət etməyə Cavad xan tərəfindən göndərilən adamları Vidadi qovur.

Sual çıxır: Cavad xan Vidadini neynirdi? Vidadi Gəncədə ağsaqqal vaxtında nə yazacaqdı? Yenə “Durnalar” şeirini?

Yox, məsələ ayrıdır!

“Sizi vəzirliyə dəvət edir xan”.

Yəni nazirliyə.

Mədəniyyət naziri olmağa?

Vidadi qəbul etmir:

“Məndən nə şah olar, nə də xan olar”.

Necə yəni şah ya xan? Guya Cavad xan öz yerini Vidadiyə verəcəkdi? Yəni bu uyğunsuzluqlar, bu hoqqalar, əlbəttə, gülüş doğurmaq üçün yazılıb, ancaq millət nədənsə səksən ildir ki, bu cəfəngiyatı eşitdikcə “dərin fikirlərə qərq olur” (yazıq...). Читать далее

POL VERLEN XİLASKARA SONETLƏR. I

verlain-19

Mon Dieu m’a dit : Mon fils, il faut m’aimer

 

Tanrım söylədi: “Oğlum, gərək sevəsən məni,

Görürsən, böyrüm deşik, ürəyim qan ağlayır.

Madlenin göz yaşıyla yuyulan ayaqlarım,
Əllərim əzab çəkir günahlarından sənin

 

Çəkildiyim çarmıxı görürsən önündə sən,

Mismar, sirkə və süngər; onlar sənə deyir, bax,
Bədən hökm sürdüyü dünyada  mənim, ancaq

Bədənimi, qanımı, sözümü sevməlisən.

 

Mən özüm ölənəcən səni sevməmişəmmi,

Ey Atabir qardaşım, Ruhi bir övlad mənə,
Əzab çəkməmişəmmi yazılan kimi eynən?

 

Məni də sıxmamışmı gecələrinin qəmi,

Sənin ali qüssənə tökməmişəmmi mən yaş,

Məni gəzib axtaran ürəyi yaslı qardaş?”

 

Fransızcadan tərcümə

07/11. 2018

Samara

POL VERLEN.  NEVEMORE

verlain-19

       Nevermore

Xatirə, məndən axı nə istəyirsən? Keçdi
Yay, odur, qaratoyuq tutqun göylə əlləşir.

Və tuşlanır yeknəsəq şüaları günəşin,
Küləkdən guruldayan saralmış meşələrə.

 

İkimizdik, gedirdik, xəyala qapılaraq,
Küləkdən saçımız tək fikrimiz də dağınıq.

Soruşdu həyəcanla mənə birdən baxaraq:

“Yadındamı ömründə ən yaxşı, bəxtəvər çağ?”
Səsi xoş, cingiltili, mələksayağı ahəng,

Susuram, ehtiyatla yalnız gülümsəyərək.

Həqiranə öpürəm ancaq ağ əllərini.

 

Ah, ilk yaz çiçəkləri, nə xoş qoxuludular!

Şəsi zümzümə kimi həm incəydi, həm şirin,

İlk dəfə “hə” deyərkən sevimli dodaqları!

Fransızcadan tərcümə

6. 11. 2018

Samara

QEYD: Şeirn adı orijinalda nigiliscədir

POL VERLEN. GƏRƏK BAĞIŞLAMAĞI BU DÜNYADA BACARAQ…

verlain-19

Il faut, voyez-vous, nous pardonner les choses

Gərək bağışlamağı bu dünyada bacaraq,
Bunu eləmək bizə səadət qazandırar.

Bizə üz verərsə də nə qədər ağır anlar,

İki ağlar olarıq səninlə ən azından.

 

 

Biz iki bacı ruhuq, eləsə qovuşduraq,

Ürkək vədlərimizə uşaq şəmimiliyi

Qadın və kişiərdən yayınıb uzaqlaşaq,

Açıqlıqda unudaq zülmünü qəribliyin.

 

 

Gəl iki uşaq olaq, iki qızcığaz ya da,
Hər şeyə heyrətlənən, heç nədən heyranlanan,

Rəngləri bir az qaçar məsum vələslər altda,

Bilməz ozləri də ki, bağışlanıblar onlar.

 
fransızcadan tərcümə

05-06. 11. 2018

Samara