Архив | Ноябрь 2018

SƏMƏD VURĞUN UŞAQLAR ÜÇÜN DƏ «BASMƏMMƏDİ» YAZIB…

Səməd_Vurğun

Ruslarda “şuler” sözü var, yəni kartbasan. Səməd Vurğunun şeirlərini oxuyanda bu söz yada düşür. Ancaq “kartbasan” şair üçün tərif olardı, çünki kartbasanlarda fövqəladə məharət olur, gözübağlıca kimi. Ancaq Səməd Vurğunun yazı üslubu elə primitivdir ki, burda “basməmədi” sözü daha yerində olardı. İstər şeir, istər poema, istər dram yazsın, Səməd Vurğun “basməmmədi” eləyib, çünki bilib ki, bir rus reperinin dediyi kimi, “xalq yeyəcək”.

Səməd Vurğun «basməmmədi»ni böyüklər üçün yazanda eləsiydi, dərd yarıydı. Uşaqlar üçün də bu insan utanmadan “basməmmədi”  yazıb.
 Götürək “Bahar şərqisi” şeirini.
Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldi.

Baharın gəlməsi ilə “ellərin ayılması”nın nə əlaqəsi? “Ellər” ancaq yazda ayılır? Qışda qış yuxusuna gedir?

“Qar, çovqun gözdən itdi”.

Qar doğrudan da gözlə görünən şeydir, yəni formal cəhətdən qarın “gözdən itməyi”ni qəbul etmək olar. Ancaq çovğun necə gözdən itə bilər? Məgər çovqun gözlə görünür? Onun forması, rəngi var?

“Açdı çiçəkli güllər”.

“Çiçəkli gül” necə olur? Bəs “çiçəksiz gül”? Çiçək elə gül deyil?

Yerdəki əlvan otlar,

Cücərib boy atdılar”.

“Əlvan ot” – bu, necə otdur?  Belə çıxır ki, qışda yerdə əlvan otlar varmış (“yerdəki əlvan otlar”). Əgər bu əlvan otlar yerdə vardısa, yaz gələndə onların cücərməyi necə olur?

Aləmə naz satdılar”.

Səməd Vurğunda bulud, qaya, Kür çayı, Araz çayı “çiçəkli gül”, “əlvan otlar” – hamısı naz satır. İndi sinifdə uşaq müəllimə deyə ki, «naz satmaq» nədir? Necə satılır? Neçəyə?

“Artdı suların səsi,

Sevindirdi hər kəsi”.

Hansı suların səsi? Yağış sularının? Daşqın sularının? Doğrudan da hamını sevindirir?

Yazıq uşaqlar…Yazıq Azərbaycan uşaqları…

7.11. 2018

Samara

POL VERLEN MƏN. SƏNİ PALTARLI SEVMİRƏM

verlain-19

Je ne t’aime pas en toilette
Xoşuma gəlmirsən geyinən zaman,
Bezirəm, elə ki, duvaqlanırsan.
Görünmür gözlərin, mənim göylərim,

Nifrətim var bütün bu “tyurnur”lara,

Onlar parodiya, karikatura,
Sənin əzəmətli gözəlliyinə.

 

Nə geysən, baxaram, qanım qaralar,

Paltarın gizlədər, gözümdən alar,

Səndəki ən yaxşı cazibələri:

Sinəni, mənə ən əziz olanı,
Çiyinlərini, və hoqqalarını

Şümal ayaqların, yumru dizlərin.

 

Yaxşıca geyinmiş qadından həzər!

Sən mənə köynəkdə əzizsən, gözəl,

 — Məzəli maneə, lütfkar duvaq,

Messada mehraba çəkilən örpək,

Səhər də, axşam da, bil, yeniləcək,
Qalada yllənən bu incə bayraq.

 

Fransızcadan tərcümə

04-05. 11. 2018

Samara

Запись опубликована 06.11.2018, в Verlen.

POL VERLEN. BÜLBÜL

verlain-19

Le rossignol
Necə ki, çığıraraq, quşlar uçar qatarla,
Üstümdə qanad çalır bütün xatırələrim.
Saralmış yarpaqları arasında qəlbimin,
Çırpınar qızılağac, əyri gövdəsi yəqin,
Görünür Peşmanlığın bənövşəyi-bulanıq,
Sularında ki, yavaş, fikirli-qəmgin axır.
Sonra qayğılı bir səs ucalır titrəyərək,

Yatırdır onu tezcə çiskinlə əsən külək.

Külək də yavaş-yavaş elə öləziyir ki,

Heç nə eşidilməyir bircə an keçən kimi.

Bircə səs dinir ancaq, sahibi də olmayan,
Təkcə bu sevimli səs – ah, necə qəlb dağlayan!
İlk məhəbbətim olmuş quşun səsidir dinən,

İlk görüşdəki kimi gözəl oxuyur yenə.

Əzəmətli qəm dolu işığında bir ayın,

Təntənəylə ucalıb həndəvərə yayılır,

Ağımtıl, melanxolik və ağır yay gecəsi,
Toran və sükut dolu indi onun sinəsi;

Küləyin hənirindən mavilik qırışlanır,
Təkcə ağac titrəyir, quşun da gözü yaşlı.

 

Fransızcadan tərcümə

02-03. 11. 2018

Samara

POL VERLEN. QADINLARIN GÖZƏLLİYİ

verlain-19

Beauté des femmes

Qadınlarda gözəllik, zəiflik və ağ əllər,
Şər də törədə bilir, xeiyir mənbəyidir həm,

Və daha gözlərində vəhşi qalmamış heç nə,
Tək “Bəsdir” deyə bilir, kişi üzlüsə əgər.

 

Və yuxulu anadır, həmişə xışıldayan,

Yalan da danışanda, bu səs! Elə bil səhər,
Harayıdır ya da ki, axşam duası dinər,

Hönkürtüdür, şalının ölər qırışığında

 

Adamlarda aman yox! Həyat eybəcər, acı!

Öpüşlərdən, hərbdən uzaqlarda an azı,

Zirvəsində dağların azacıq nəsə yaşar.

 

Nəsə ürəyi kimi körpənin, incə həm də,

Şərəf, hörmət! Doğrudan, elə ki, əcəl haqlar,

Nə gedəcək bizimlə, nə qalacaq və bizdən?

 

Fransızcadan tərcümə

01-02.11. 2018

Samara

MÜŞFİQİN KƏLLƏSİ

03.jpg

“Yerə qabığından mərkəzinəcən,
Qan hopub” – deyibdir  böyük klassik.

Yerin harasını azca didəsən,
Torpağın altından çıxacaq sümük.

+

Ayaq sümükləri, qol sümükləri,

Qalaq-qalaq yatar kəllələr, ya tək.

Dişləri ağarır, ya da diş yeri,

Halımız dəyişir birini görcək.

+

“Paltarın altında elə hər insan,

Skeletdir” deyib başqa klassik.

İnsan sümüyünü gördüyümüz an,

Çoxumuz yolunu azır tələsik.

+

Xurma kölgəsində, çay qırağında,
Hurilər içində yer arzularkən,

Birdən qabağına kəllə çıxanda,

Sarsıdır dişini ağardan çənə…

+

Gediblər, durmadan gedir nəsillər,

Milyarddan birinin qalmır adı da.

Çürüyüb torpağa dönənə qədər,
Sümüyün elə bil öz həyatı var.

+

Dünən qan tökülən torpağı indi,
Çiçəklər bürüyür gözəl ətirli,

Bəlkə sümüklərin sayəsindədir,
Unudular dünya cinayətləri.

+

Öldürülənlərin tək bir əsrdə,

Toplanıb yığılsa kəlləsi əgər,
Ucalıqda Babil qülləsini də,
Ötər, ya ən hündür ehrama dönər.

+

Dünən bircə gündə bir məzarlığı,
Buldozer ağzına verən qoçaqlar,

Müşfiqin başını bu gün axtarır —
Şair kəlləsinə indi tələb var…

+

Kəllənin nə dili, nə də ki, beyni,
Adını çağırsan, deməz ki, kimdir.

Haqsız, məhkəməsiz güllələlənı,
Şou səhnəsinə çəkirlər indi.

+

Bütün qurbanların əgər kəlləsi,

Yığılsa, ən nəhəng ehrama dönər.

Ordan bir sümük də əgər çəkilsə,
Bu məbəd uçulub dağılıa bilər.

+

Verib kəllələrlə baş-başa indi,
Müşfiqin başı da kəllədir adi.

Şeir nədir, deməz heç adını da,
Ağır cinayətə sübut-dəlildir…

03.11. 2018

Samara

  POL VERLEN. VİKTOR HÜQOYA

verlain-19

            À Victor Hugo

Nə qədər çox olsa da sizin mədh edəniniz,
Yoxdur şöhrətinizin mənim kimi vurğunu:

Adınız qələbə tək məst eləyir ruhumu,

Səmimi aşiqiyəm sizin sənətinizin.

 

Bu dünyanı Həqiqət mənə tanıtdırandan,

Tanrını və Kilsəni sevirəm, və həmişə,
İnanmışam önəmli bildiyiniz hər şeyə
Nifrət doğurur hərçənd şerinizdəki İlan.

 

 

Dəyişmişəm. Sizin tək. Mən bir ayrı cür amma.

Nə qədər kiçik olam, yenə də haqqım çatar,
Mənim bir təkamülə, yüksəlişə, yaxşıya.

 

 

Fəqət, ustad, mənim də sizə tərif borcum var,
Haçandan içimdədir; budur, açıq və dolğun,

Çünki ağır günümdə təsəllim siz oldunuz.

Fransızcadan tərcümə

01.11. 2018

Samara

POL VERLEN. POEZİYA SƏNƏTİ.

verlain-19

        Art poétique

Hər şeydən önəmli melodiyadır,
Hecaların sayı tək olsa yaxşı.

Havada yox olan, dumanlı həm də,
Nə bədəni ola, nə də çəkisi.
Düz deyil sözləri min ehtiyatla,
Ölçərək-biçərək seçmək elə də.

Sadə bir nəğmədən sevimli nə var?

Onda Dəqiqlik də Qeyri-dəqiqdir.

 

 

Bu, ala gözlərdir duvaq dalında,
Bu, ilğımdır yayın günorta çağı,

Bu, mavi səmada payız gələndə,
Büllur ulduzların nurlu qalağı.

 

 

Axı Nüanslardır istədiyimiz,
Rəngi neyləyirik, çalarlar gərək!

Nüansla qovuşur arzuya arzu,
Necə fleytaya qovuşur tütək.

 

 

Qatil Atmacanı yaxına qoyma,
Heyvərə Gülüş də, Ağıl da bəddir,

Bunlar Səmanın da gözübü qıyar,
Ağladar, sarımsaq bişir elə bil.

 

 

Yapış bəlağətdən, boynunu üz, at!

Qanın coşan vaxtı yaxşı elədin,
Qafiyələrinə ağıl artırıb,
Bax ancaq, çıxarlar birdən əlindən.

 

 

Kim deyər Qafiyə necə fəsaddır?

Dəli bir qara qul, kar uşaq  ya da,

Yonub kəsəriylə bəlkə yaratdı

Ucuz oyuncağı,  səsi də saxta?

 

 

Yenə və həmişə musiqi axtar!

Dönsün şeirlərin uçan bir şeyə.

Duyulsun bir qəlbdən qanadlanaraq,

Uçur başqa göyə, başqa sevgiyə.

 

 

Qoy şeirin çevrilsin xoş macəraya,
Qısılıb küləyin sərin bağrına.

Hopsun kəklikotu, nanə misraya,
Sadə ədəbiyyat yerdə qalanlar.

 

Fransızcadan tərcümə

31.10 2018

Samara