Ərəstun və Məmmədhüseyn
qardaşlarına
Uçmuşdu kosmosa Qaqarin artıq,
Uçmuşdu Titov da Tereşkova da.
Bizsə qonşulara gedib baxırdıq,
O vaxtlar hələ də televizora.
Ucalırdı qazma borularından
Yığılma antenna evin yanında.
Bacadan çıxaraq burulub gedən,
Tüstü aşağıda itirdi ondan.
Televizor özü ağ-qara, xırda,
Üstündə örtüyü zərif, bahalı.
Kiçik bir otağa yığılardılar,
Arvadlı-kişili kənd adamları.
Novruzda sevimli “Arşın mal alan”,
Konsertlər, teatr tamaşaları…
Bayram süfrəsini yarımçıq qoyan,
Ekran qabağına qaçan da vardı…
“Neftçi” oynayanda kişilərindi
Televizor — hamı azarkeş, dəli.
Otaq da elə bil irilənirdi,
Hamıya çatırdı, nə qədər gələ.
Başlara qoşaraq mən də başımı,
Qonşuya gedərdim hər gün az qala.
Başqaydı ekranda geyim, danışıq,
Alar, ovsunlardı qəlbi uzaqlar…
Bəkə qonşu evdə balaca ekran,
Dünyaya açılan pəncərı idi.
Qapı açıq idi kim gələ, haçan –
Budur düşündürən məni indi də…
10. 03. 2019
Samara