SERGEY YESENİN. ANAMA MƏKTUB

ЕСЕНИН

Письмо матери

Qarım, mehribanım, hələ sağmısan?

Mən də sağam. Səni salamlayıram.

Qoy sənin komana süzülüb axsın,

Təsvirə gəlməyən işıq hər axşam.

 

 

Yazırlar, həyəcan içini yeyir,
Məndən ötrü yaman fikir çəkirsən.

Köhnədəb və əfəl donunu geyir,
Çıxıb dayanırsan yol üstündə sən.

 

 

Mavi zülmətində sənə axşamın,

Görünən həmişə eyni şey olar:

Kimsə meyxanada dava zamanı,

Deşər ürəyimi fin bıçağıyla.

 

 

Boşla, mehribanım, narahatlığı!

Bir qarabasmadır gördüyün, inan.

Lap elə əyyaş da deyiləm axı,

Mən səni görməmiş gedəm dünyadan.

 

 

Elə həminki tək qılıqlıyam mən

İndi bircə şeyin arzusundayam,
Qurtuub tezliklə vəhşi qüssədən,

Yastı komamıza bizim qayıdam.

 

 

Qayıdıb gələrəm bağda ağappaq
Ağaclar qol açar yaz həvəsiylə.
Səkkiz il əvvəl tək oyatma ancaq,
Məni, sökülməmiş dan yeri hələ.

 

 

Arzulanıb gedən nə var, oyatma,
Çin olmayanlara toxunma hədər.

Mənim bu həyatda düşüb baxtıma,
Erkən üzüntülər, erkən itkilər.

 

 

Mənə ibadət də öyrətmə. Bəsdir!

Keçmişə bir daha qayıtmaram mən.

Tək sənsən ruhuma nur salan indi,

Mənə kömək sənsən, sevinc də sənsən.

 

 

Daha həyəcanla nə özünü üz,

Nə də ki, qəm elə, içini yeyib.

Çıxıb yol üstündə dayanma tez-tez,
Köhnədəb və əfəl donunu geyib.

1924
 ruscadan tərcümə

03-04. 06. 2019

Samara

 

 

Письмо матери

Ты жива еще,  моя старушка?
Жив и я. Привет тебе, привет!
Пусть струится над твоей избушкой
Тот вечерний несказанный свет. Читать далее

Реклама

KREMATORİ

Tək adamın sonu

Tək insan, əgər xəstəlik ya qəza sarsıtmayıbsa, özgə yardımı olmadan keçinə bilər. Tək adamın ən ciddi problemi, əgər bütün ömrü boyu yatağa düşməyibsə də, öləndə, daha dəqiq deyilsə, ölən kimi yaranır. Yəni tək adam çox şey ya hər şey edə bilər, bir şeydən başqa: tək adam öz-özünü dəfn edə bilməz…

Mən tək adamam və haçansa məni cansız, daha nəinki başqalarına, heç özümə də lazım olmayan bədənimin kimin üçünsə başaağrısı yaradacağını düşünəndə pərt oluram. Əlbəttə, mən vətənə aparılıb basdırılmaq, qəbrimin göz titəsinə çevrilməyini istəmirəm. Elə burda… Yerli qəbiristanlıqların müsəlmanlar basdırılan hissəsinin ucqarında, hasar dibində… Nişansız…Belə qəbir Rusiyanın iqlim şəraitində bir neçə aya da itə bilər…

Son vaxtlar krematori haqqında çox fikirləşirdim. Bir burum tüstü, bir ovuc kül…Külü bir yer tapıb sovursunlar… Və heç kim də sənin günahkar bədəninin torpaqda çürüdüyünü düşünməsin… Elə bil bu dünyaya gəlməmisən…

Ancaq indi İnternetdə baxıb görürtəm ki, Samarada krematori yoxdur! Yandırılacaq meyitləri Moskvaya aparırlar! Buna da bir ətək pul lazımdır… Yəni başa düşdüm ki, krematori mənlik deyil. Çünki Samarada krematorinin tikilməyi də planlaşdırılmır…

Ancaq yaxşı olardı…Bir ovuc kül…Sonra da verələr yelə…

Düzü, mən az qala əlli il ərzində bütün yazdıqlarımı da yandırmaq istərdim. Yazdıqlarımın çoxunun əlyazması da yoxdur. Kompütürdə, İnternetdə. Kompüteri şifrələmək, İnternetdə olanları silmək, kiminsə bəlkə yığıb saxladıqlarından istifadəyə isə vəsiyyət yazıb qadağa qoymaq. Sağkən bir qara qəpik qiymət verilməyən işlərin birdən «irsə», «mərhumun irsinə» çevriləcəyi perspektivi məni açmır… Mən haqqımda “mərhum belə yazıb, mərhum belə tərcümə edib” yazacaq həmvətənimi gözümün qabağına gətirirəm və qadın ya kişiliyindən asılı olmayaraq gözünün içinə tüpürürəm. Çünki bu həmvətən üçün vacib ədəbiyyat, sənət deyil, bu adam üçün vacib mənim ölməyimdir. Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında saxtakarlıqdan, əqidəsizlikdən,  qarınotaranlıqdan, peşə səviyyəsizliyindən başqa, nekrofillik, ölüsevərlik də var, ki, bu da qarğa-quzğunun leşə sevgisi kimidir.

Mən həmvətənlərimin mənim ölümə sevgisini sağkən rədd edirəm və məndən “mərhum filankəs” kimi yazacaq hər kəsin gözünün içinə tüpürürəm…

Kim bilir, mənim indi permanent maliyyə böhranında olan samaralı  tanışlarımın vəziyyəti birdən yaxşılşar və mənim ölümü Moskvaya yandırmağa apararlar. Bir Samara müəssisəsi reklamında Moskvaya yaxşı səyahət vəd edir: 14 yerlik rahat maşın və s. Ye, iç, danış, gül… Hər mövzuda. Kəlməbaşı da mənə müraciət lazım olmayacaq: “Ağsaqqal  bizi bağışlasın…”

05. 06. 2019

Samara