
Sən qar altdan tapılınca,
Anan Xatirənin saçı
O qardan da ağ oldu.
Əsgər idiz, yaraqlıydız,
Ancaq hələ uşağıydız,
Bu dağ özgə dağ oldu.
+
Nə güllədən, nə mərmidən,
Öldünüz siz. Uçdu birdən
Üstünüzə qar dağı.
On iki sərv ağacıydız
Qar altında. Hansı yazda
Qüdrət var oyatmağa?
+
On iki gənc sinəsində
Od alışdı, şölələndi,
Dağın buzu yanmadı.
Siz on iki nəfərdiniz –
Bəs hardaydı rəhbəriniz,
Bəs hardaydı tanrınız?
+
Siz ən adi gənc idiniz
Vətən adlı faciənin
İndi qəhrəmanısız.
Hərçənd cəbhə bölgəsiydi,
Siz güllədən ölmədiniz
Yox təltif fərmanınız.
+
Soyuq olur yurdun üzü
Bəzən. Qarda uyudunuz.
Bu-gün sabah yaz idi…
Ata-ana yaddaşına,
Bir də pulsuz baş daşına,
Adlarınız yazıldı…
11 aprel 2007 Samara
Уведомление: SƏİDİN, SAMİTİN XATİRƏSİNƏ | газета ОЧАГ (OCAQ) Самара