Архив | Август 2018

  ŞARL BODLER. VAMPIR

бодлер

Le Vampire

Bıçaq tiyəsi tək girdin elə bil

Şikayətlə dolu ürəyimə sən,

Şeytan sürüsü tək çapıq və qəfil,
Görkəmin divanə, cəlb eləyən həm.

 

Gəldin çevirəsən qıpıq zəkamı,
Sən öz yatağına, sən öz mülkünə.

— Sənə bağlanmışam, şərəfsiz qadın,

 Dustaq zəncirinə bağlanan kimi.           

 

Şüşəyə vurulan içki düşgünü,

Oyuna aludə qumarbaz kimi.

Cəmdəyi cücülər sevər necə ki
  —Qəzəbə, lənətə gələsən görüm!

 

Dil açıb yalvardım iti qılınca,
Dedim əsarətə son qoya bilər,

Məkrli zəhərə ağız açaraq,

İstədim qorxudan çıxam birtəhər.

 

Əfsus ki, zəhər də, iti qılınc da,
Mənə nifrət ilə belə dedilər:

 “Səndə ləyaqət yox azad olmağa,
Qarğılı, lənətli əsirliyindən,

 

Divanə! Biz onun əsarətindən,
Əgər çalışaraq çıxarsaq səni,

Qızğın öpüşlərin yəqin dirildər,
Yenə meyidini qaniçəninin!”

 

Fransızcadan tərcümə

14-15.08. 2018

Samara

ŞARL BODLER. QURBAN

бодлер

Une Martyre

                  Naməlum bir ustanın rəsmi

Qızıl naxış toxunmuş parçalar, flakonlar,

Mebel duyğu doğuran,

Mərmər şeylər, şəkillər və xoş ətirli donlar,
Nəfis qırçınlarıyla döşəməyə sallanan.

 

Dəmirçixana kimi isti otaqda hava,
Təhlükəli, ölümcül.

Son dəfə nəfəs alıb şüşə məzarlarında,

Burda çiçəklər ölür.

 

Burda başsız  meyitdən qırmızı və isti qan

Axır iti çay kimi,

Balıncın üzü içir qızıl qanı doymadan,
Necə su içər zəmi.

 

Gölgədən yaranaraq bizi heyrətə salan,
Ağımtıl görüntü tək.

Keçə kimi sıxılmış bozumtul-qara saçlar,
Qana bulaşmış bəzək

 

Qaymaqçiçəyi kimi fikirsiz baş dincəlir.

Gecə masası üstdə.
Bərəli gözlərindən toran qalxır elə bil,
Baxış tutqun və süstdür.

 

Lüt bədənsə yataqda nə utanır, çəkinir,

Təbiətin verdiyi

Sirli əzəməti və fatal gözəllikləri,
Açıb göstərir indi.

Gülrəng, qızıl qaytanlı corabı ayağında,

Suvenir kimi qalır;

Alovlu gizli göz tək almaz işıq yağdırır,

Onun corabbağları,

 

Bu təkliyin xüsusi cəhəti və möhtəşəm
Portretdəki xumar,
Həm işvəli gözləri onun, uzanışı həm,

Şər bir eşqdən danışar,

 

İnfernal öpüş dolu qəribə təntənələr

Cinayətkar kef-damaq,
Pərdə qırışlarından boylanan bəd mələklər,
Baxırdı həzz alaraq.

 

Fəqət nəzər salırsan nəfis arıqlığına

Bu tin-tin çiyinlərin
Bir az dik baldırlara, qəzəbindən qıvrılan
İlan kimi belinə,
O hələ necə gəncdir! –Qəlb üzülüb, qüssənin

Duyğular əsiridir

Onlardımı açılan tamarzı sürüsünə,
Cilovsuz həvəslərin?

 

Sağkən, necə də sevsən, doyura bilmədiyin,
İntiqamçı  insanın,

Doyurdumu lütfkar və süst bədənin indi,
Bitməz ehtirasını?

 

Danış, nətəmiz meyit! Qapdımı titrək əllə

Sənin qalın saçını,
Qorxulu baş, basdımı soyuq ağzına, söylə,
Ali əlvidasını?

 

Bu heyvərə dünyadan, rəzil kütlədən uzaq,
Uzaq məhkəmələrdən,
Yat, qəribə yaranış, yat dincini alaraq,

Sehrli məqbərəndə.

Zövcən dünya dolaşar, ölməz ruhun sənin də,
Onu yatanda izlər.

Saxlar sədaqətini sənə o indən belə,
Və ölən günə qədər.

 

Fransızcadan tərcümə

07-08.08. 2018

Samara

Ş. BODLER. «XOŞÜRƏK QULLUQÇU QIZ, SİZDƏ QİBTƏ DOĞURAN…»

бодлер

La servante au grand coeur dont vous étiez jalouse

 

Xoşürək qulluqçu qız, sizdə qibtə doğuran,
Yatır ot altındaca həqiranə hər zaman.

Gərək bir az gül-çiçək yığıb ona aparaq,
Zavallı ölülərin böyük qüssələri var,

Qocaman ağacların qayçısı Oktyabr,

Elə ki mərmər daşı nəfəsiylə dalayır,

İsti yorğan-döşəkdə yatan yaşayanları

Onlar nankor sayarlar; özlərini qaranlıq

Yuxular basır bu baxt; nə yataq yoldaşı var,

Tapılmır heç kim də ki,  əylənib danışalar.

Qurdlar deşib dağıdan qoca skeletləri,

Qış qarının soyuğu iliyəcən titrədir.

Bütöv bir əsr keçir dostları ya ailə

Dəyişincə məzara gətirilən gülləri.

Elə ki axşam ocaq oxuyar, fısıldayar,
Görürəm ki, o gəlib oturub kresloda.

Mavi, soyuq dekabr gecələrində əgər,

Görsəm ki, otağımın bir küncündə gizlənər,

Qalxıb gəlib əbədi yatağından, qayğılı,

Ana qayğısı görsün indi boy atan oğlu.

Görüb boş bəbəyindən göz yaşı sel tək axır,

Mən bu dindar qəlbliyə nə cavab verim axı?
fransızcadan tərcümə

03-04. 08. 2018

Samara

ŞARL BODLER. PARİS YUXUSU

бодлер

                               Rêve parisien

                     Konstanten Qisə

I

Hələ indiyəcən ölərilərdən,
Belə müdhiş peyzaj görən olmayıb.

Bu səhər yenə də əsiriyəm mən,
Həmin mənzərənin, uzaq, dumanlı.
Yuxu qələbəlik möcüzələrdən!
Bəlkə şıltaqlıqdan, bəlkə inaddan,
Bütün bu dəyişən bitkiləri mən,
Çıxardım biryolluq tamaşalardan,

 

Və öz dühasıyla vüqarlı kimi,

Mənim öz tablomda ləzzət aldığım,
Metalın, suların ya da mərmərin,
Qəlbi məst eləyən monotonluğu.

 

Babildir pillələr, tağ sıraları,
Bu saray cəlallı, uca və əngin.

Xam ya da cilallı qızıla axır,

Suyu hovuzların, şəlalələrin.

 

Şəlalələr burda ağır, möhtəşəm,

Büllurdan yaranan pərdələr sayaq.

Həm işıqlıdırlar, parıltılı həm,

Metal divarlardan düşən, sallanan.

 

Burda ağac yoxdur, kolonnadalar,

Mürgülü gölləri alıb dövrəyə

Onlara baxaraq nəhəng nayadlar,
Elə qadınlar tək özünü öyər.

 

Mavi su axını baş alıb gedir,

Sıxılıb yaşıl və al sahillərə.

Milyon lyölərlə yolu qət edir,
Çatır kainatın bitdiyi yerə:

 

Daşlar vardı orda eşidilməmiş,
Vardı möcüzəli dalğalar orda.

Nəhəng buzlaqların sinəsi gümüş,
Nəyin əksi düşsə, onda parıldar.

 

Orda Qanqlar səma ucalığından,

Dinib-daışmadan, qayğısız, soyuq,

Xəzinə axıdır urnalarından,

Almazdan yaranan girdaba doğru.

 

 

Nağıl aləminin memarıyam mən,

Mənim iradəmlə, istəsəm əgər,

İpə-sapa yatan sakit okean

Divarları inci tuneldən keçər;

 

Hər şey, qara rəngin özü də hətta,
Cilalı və parlaq görünmədəydi.

Büllurlaşmış işıq şüalarında.

Maye cəlalını əbədilədi.

 

Üstəlik ulduz yox, nə də ki yanar,

Bir şölə səmanın lap ucqarında,

Bu möcüzələri işıqlandıra,
Onları xüsusi bir od parıldar!

 

Üstündə bu səyyar möcüzələrin,

Pərvazlanıb uçar (ağır xəbərdir!

Heç nə qulaq üçün deyildir, hər şey,

Göz üçün!) Sükutu əbədiyyətin.

II

Od dolu gözlərim açılan kimi,

Dəhşət gördüm miskin hücrələrimdə,
Duydum qayğıların rəzil tiyəsi,
Mənim ürəyimi deşir yenə də.

 
Matəm ahəngiylə saat bu zaman,
Vurdu kobudluqla düz günortanı.

Axıb tökülürdü səmadan toran,
Bürüyürdü qəmli və lal dünyanı.

 

Fransızcadan tərcümə

04-05. 08.  2018

Samara

ŞARL BODLER. ÖLÜM RƏQSİ

бодлер

      Danse macabre

À Ernest Christophe

Öz nəcib duruşuyla şübhəsiz qürurlanır,

Əlində böyük buket, əlcəkləri, yaylığı,

Ekstravaqant baxışlı arıq bir işvəkarın.

Onda sadəliyi var, həm də ki, saymazlığı.

 

Görən olubmu balda belə arıq gərdəni?

Tamaşalı paltarı şahanə genliyiylə,
İncə ayaqlarına dalğalanaraq enir,
Qotazlı başmaqları çiçək kimi bəzəkli.

 

Körpücük sümükləri üstdə oynayan pətək

Qayalara sürtüşən ehtiraslı su kimi,

Yersiz atmacalardan qoruya bilə gərək,
Yaslı lətafəti ki, göstərməyə çəkinir.

 

Dərin gözləri boşluq və torandan yaranıb,
Məharətlə çiçəklə bəzədilmiş kəlləsi,
Zəif onurğaları üstündə yırğalanır,

Dəlilikdən yaranan heçliyin təntənəsi.

 

Skelet adlandırar elələri var səni
Bədənlə xumarlılar, anlamaz onlar nədir,

Möcüzə nəfisliyi bəşər çərçivəsinin.

Böyük skelət, səni incə zövqüm bəyənir!

 

Bu həyat bayramını möhtəşəm qrimasla,
Pazmaqmı niyyətiniz? Ya bəlkə oyandırır,

Hələ canlı gövdəni qabaqkı ehtiraslar,

Səni kef şabaşına, sadəlövh, yollandırır?

 

Skripka nəğməsiylə, alovuyla şamların,
İstəyirsən qovasan sənə gülən kaşmarı?

Varmı ümidin sənin nəşə çeşmələriylə,

Sönə ürəyindəki cəhənnəmin odları?

 

Qüsur və səfehliyin tükənməyən mənbəyi!
Keçmiş iztirabların soyumayan qazanı!

Əyri sümüklərinin barmaqlığı içiylə.
Gəzdiyini görürəm gözüdoymaz gürzənin.

 

Doğrusu, qorxuram ki, sənin işvəkarlığın,
Səylərinə bərabər çətin mükafatlana,

Kim bu ölərilərdən istehzanı anlayır?

Dəhşət cazibəsiylə güclülər xumarlanar!

Qara fikirlə dolu gözlərinin girdabı,
Başı gicəlləndirir;  tədbirli rəqqas da ki,

Baxa bilməyir nəsə ürəyi bulanmadan,

Əbədi təbəssümə otuz iki dişdəki.

 

Fəqət varmı sıxmayan əlini skeletin,
Varmı qidalanmayann məzar mətahı ilə?

Geyimin nə önəmi? bəzəyin ya da ətrin?

Kİm ikrah göstərirsə, özünü gözəl bilər.

 

Burunsuz bayadera, heyrətamiz fahişə,
Rəqqaslara söylə ki, davranmırlar abırla:

“Əzizlər, baxmayaraq bu ənliyə, kirşana,
Müşklü skeletlər, sizdə ölüm iyi var!

 

Hamar üzlü dendilər, saralmış Antinoylar,

Ağsaqqal lovelaslar, bəzədilmiş meyitlər,

Matəm ruhlu bu rəqsdə hərəkət universal,
Sizi tanımadığınız yerlərə indi çəkər!

 

Soyuq Senadan odlu Qanqın qırağınacan,

Qaçır öləri kütlə və bayılır görmədən,

İsrafilin şeypuru tavanın yırtığından,

Dəhşətlə guruldayır qara sanki lülədir.

 

Hər iqlimdə, günəşdə heyransan Ölümə sən,

Gülməli Bəşəriyyət, bütün hoqqalarınla.

O da tez-tez sənin tək qatranla ətirlənər,

Özündəki rişxəndi dəliliyinə calar.

Fransızcadan tərcümə

02-04.08. 2018

Samara

ŞARL BODLER. QUMAR

бодлер
   Le Jeu

Bozarmış kürsülərdə qocalmış kurtizanlar,
Qaşa qara çəkilib, gözsə qəmzəli, fatal.

Nazllanırlar, yuxa tək nazik qulaqlarından,
Metallı və incili sırğaları sallanar;

 

Göy mahud ətrafında dodağıyox çöhrələr,
Dodaqların rəngi yox, çənələrinsə dişi,

Cəhənnəm qızmasıyla sanki titrəyən əllər,

Ya titrəyən sinəni, ya da boş cibi eşir;

 

Kirli tavanın altda bır sira çıraq yanır,

İri yağ lampaları yayır işıqlarını,

Qanlı tər axıtmağa bura təşrif  buyuran

Tutqun alınlarına tanınmış şairlərin;

 

Belə bir qara tablo gecə yuxumda mənim
Canlanır aydıngörən gözümün qabağında,

Toran, soyuq yuvanın özüm dirsəklənirəm,
Küncündə, və sakitəm, bir az həsədli hətta.

 

 

Həsədliyəm bunların sönməz ehtirasına,
Yaslı şənliyinə də qoca fahişələrin,

Utanmadan yanımda alıb-satır hamısı,

Biri köhnə şərəfi, gözəlliyini biri.

 

Və qorxuram həsəddən o zavallı insana,
Girdab qırağına ki, başılovlu yüyürər.

Və qan vurar beyninə, üstün bilər sonda da,
Ölümü o, qüssəyə, cəhənnəmi heçliyə!

Fransızcadan tərcümə

01. 08. 2018

Samara

ŞARL BODLER.  QARICIQLAR

бодлер

  Les Petites Vieilles

    Viktor Hüqoya

I

Hər şeyin, qorxununda da, məzəyə çevrildiyi
Döngəsində, tinində qocaman paytaxtların,

Seyr edirəm mən fatal ovqatıma baş əyib,

Tənha və əfəlləmiş, füsunkar varlıqları.

 

Bir vaxt qadın olublar bu qədim eybəcərlər,
Eponinlər. Laislər, əyilənlər, sınanlar,
Və qozbellər. Sevin siz onları! Ruhları var
Hələ. Nazik parçalı cırıq, deşik tumanlar,

 

İçində sürünürlər, küləklə döyülərək.

Titrəyirlər küyündən ötən omnibusların.

Yanlarına sıxılan əvəzsiz bir relikt tək,

Xırda çanta bəzənib çiçəklə, rebusla ya.

 

 

Yorğa yerişləriylə kukladırlar elə bil,

Yaralanmış vəhşi tək ayaq atırlar ya da.

Rəqs edirlər arzusuz, dartır aman bilməyən,
İblis zınqrov kimi onları! Olsalar da,

 

Necə əfəl, gözləri burğu kimi sancılar,
İşıldayar necə su gecə gölməçələrdə.

Onlarda qızçığazın ilahi gözləri var

Təəccüblənər, gülər parlaq nə görsə birdən.

 

Uşaqlarınkı kimi eləcə balacadır,

Çox qarının tabutu, fikir vermisinizmi?
Müdrik Ölüm bu bənzər tabutlarda yaradır,

Qəribə və maraqlı  zövqün yəqin rəmzini,

 

 

İzdihamla qaynayan Parisi dolaşarkən,

Əfəlləmiş bu fantom haçan çıxır qarşıma,
Mənə elə gəlir bu zərif varlıq yenidən,

Sakitcə bir beşiyə girməyə hazırlaşır;

 

Hərçənd sındırıram baş həndəsə üzərində,
Bu əyri-üyrülərə baxdıqca düşünürəm,
Müxtəlif formalarda yeşiklər düzəldələr,
Dülgərlər ki, yerləşə bu eybəcər bədənlər.

 
— Bu gözlər çeşmələrdir göz yaşından yaranma,

Ya metalın soyuyub işardığı kürələr.

Acı Tale döşündən süd əmmiş hər insanı

Sirli cazibəsiylə yenə onlar cəlb elər.

 

II

Mərhum Frakastinin düşüb eşqinə Vestal;
Talia kahinəsi! Əfsus itib adı da,
Ölmüş suflyoruyla; ötüb sovuşan cəlal
Bir vaxt çiçəklərinə Tivoli sığınardı

 

Xumaram hamısından! Bunların eləsi var
Ancaq aralarında, kədəri də edər bal.

Onlara qanad verən Sədaqəti çağırar,

“Ey qadir hippöqrif, bizi göylərə apar!

 

Birini öz vətəni fəlakətə uğradıb,
Ərinin ucbatından birinin günü qara.

Birini Madonnaya döndərib öz övladı,
Hər birinin göz yaşı axarsa, çay yaranar.

III

Çox dalınca düşmüşəm, ah, bu qarıcıqların,

Aralarında biri, al-qızıl yaraları

Göy üzünə səpərək günəşin gedən çağı,
Skamya qırağında oturdu fikri dalğın,

 

Bağlarda vaxtaşırı bəlkə də əsgrlərin

Çaldığı musiqini dinləmək istəyirdi,

Belə qızıl axşamlar duyğular təzələnir

Oyanır şəhərlidə qəhrəmanlıq istəyi.

 

Bilir oturuşunu, qaməti hələ ki dik,
İçir təşnəli kimi qıvraq hərbi havanı.

Açılır hərdən gözü qoca qartal gözü tək,

Mərmər alnı dəfnədən çələng üçün yaranıb.

IV

Beləcə gedirsiniz, şikayətsiz, dözümlü,
Canlı şəhərlərdəki xaosları adlayıb.

Ürəyi qan analar, müqəddəslər, gəzənlər,
Haçansa çoxlarının dilindəydi adları.

 

Bir vaxt nazənindiniz, cəlallıydınız ya da
Tanımır heç kim indi! İçkili bir heyvərə,
Yanınızdan keçəndə sizə ayıb söz atar,
Sirtıq, kirli bir uşaq dalınızca yüyürər.

 

Yaşamaqdan utanan, qırışıqlı kölgələr,

Bel əyilib, qorxaraq divardan tutarsınız.

Sizi salamlayan yox, taleyi qəribələr,
Bəşər tör-töküntüsü, əbədiyyətə hazır.

 

Məhəbbətlə baxıram mənsə uzaqdan sizə,
Zilləmişəm gözümü ürkək addımınıza,

Sizdən xəlvət duyuram bilmədiyim bir həzzi,

Ah, möcüzə! Elə bil mən sizin atanızam!

 

Sizdə təzə həvəslər görürəm ki, oyanır,

Sizin itirdiyiniz günləri yaşayıram.

Ürəyimdə nəşəsi sizdəki günahların!

Ləyaqətlərinizdən qəlbimə işıq damar!

 

Xarabalıq! Ailəm! Mənə doğma zəkalar,

Hər axşam mənin sizə təntənəli əlvidam!

Sinənizdə Tanrının qorxulu caynağı var,
Səksənyaşlı Həvvalar, yeriniz sabah harda?

 

Fransızcadan tərcümə

29-31.07. 2018

Samara

 

 

VƏTƏN YUXUSU

İndi ölkəsən daha,
Sərhədin, gömrünyun var,

Bayraq meydanlarında,

Bayrağını yel vurar.

 

Sərhədini mən indi,
Gərək turist tək keçəm,

Hələ lotu bir gidi,

Özmüə  yoldaş seçəm.

 

Deyə harda nə indi,

Və harda nə neçəyə.

Göstərə nə kimindi,
Varı-yoxu da söyə.

 

Açıla qalar ağzım,
Tozun-torpağın girər.

Qaşınar qumdan  gözüm,
Bayrağınsa yellənər.

 

Soydaşlar dəstə-dəstə,
Ötüşərlər yanımdan.

Görərlər nə turistəm,
Nə də yerli adamam.

 

Sonra basırıq düşər,
Qeybə çəkilər gidim,
Məni qorxudar şəhər,
Bilmərəm hara gedim…

 

Aralanmışq, Vətən,

Əlim çıxıb əlindən.

Getmisən, ya gedirsən,
Yapışmışam dilindən…

 

16. 08. 2018

Samara

      ŞARL BODLER. QU

бодлер

       Le Cygne

Viktor Hüqoya

I

Andromaxa, sizsiniz fikrimdə, bu xırda çay,

Yaslı bir aynadır ki, onu dulluq dərdiniz,

Sonsuz əzəmətiylə parladardı haçansa,

Göz yaşınızla artan bu yalançı Simois,

 

Cücərtdi torpağını yaddaşımın bir anda,

Yeni Karrusel boyu gəzib-dolaşdıqca mən.

Köhnə Paris yox daha (daha tez dəyişəndir,

Şəhər forması, əfsus, öləri bir ürəkdən).
İndi yadıma ancaq düşür sıra baraklar,

Və köhnə karnizlərin, sütunların qalağı.
Otlar, gölməçələrdə yaşıllanan bloklar,

Və cürbəcür zibil hər pəncərənin qabağı.

 

Buralarda haçansa bir heyvanxana vardı,
Yadımdadır, bir səhər, Əmək oyanan zaman,
Soyuq, aydın səmanın altda, qaldıranda,
Zibilçi, süpürgəçi sakit havada tufan,

Bir qu gördüm, qaçıbdır yəqin ki, qəfəsindən,
Pərdəli pəncələri səkini döyəcləyir.
Ağ lələyi sürünür torpağı üzərində.

Dimdik açıb qurumuş çay qırağına gəlir,

 

Sinirli çimizdirir tozda qanadlarını,
Doğma gölün qüssəsi ürəyində, ağlayır:
“Yağış, haçan yağarsan?Çaxarsanmı, ildırım?”

 Bu bədbəxti görürəm, qəribə, fatal nağıl,

 

Ovid adamı kimi, bəzən göylərə sarı.
Qəddar maviliyiylə bizə gülən göylərə.

Titrəyən boynu üstdə başını o qaldırır,
Elə bil ki, Tanrıya məzəmməti yönəlir!

II

Paris dəyişir! Ancaq mənim qüssəm həmindir!

Yeni-yeni saraylar, bloklar, taxtabəndlər,

Köhnə şəhər mənimçün alleqoriya indi,

Əziz xatirələrim qəlbi daş kimi əzər.

 

Luvrun özündəsə bir surətin əsiriyəm,

Dəli kimi çırpınan sonam düşür yadıma. 

Sürgün adamları tək güləməli, zəifdir həm,

Bir istəklə üzülür həmişə! Andromaxa,

 

Sizi də, rəzil heyvan, düşündüm; igid, adlı,

Əri atıb Pirrhusun ağuşuna atılan

Hektorun dulu, əfsus! Helenosun arvadı,

Boş məzarın yanında ekstazla qıvrılan!

 

Yada düşür üzülmüş. vərəmli zənci qız da,
Palçıqda ayaq döyür, yorğun gözü axtarır,
Sıx dumandan yaranan bir divarın dalında,

Möhtəşəm Afrikanın şirin kokoslarını.

 

Düşünürəm əbədi nəyisə itirəni,

Düşər yadıma kim ki, göz yaşına təşnədir,
Canavar əmən kimi, sorar, əmər Dərdini

Məzlum yetimlərin ki, gül kimi solub gedir.

 

Mənim köhnə Xatirəm şeypurunu gurladır.

Ruhumun çəkildiyi bir meşədə həmçinin,

Adada unudulmuş matroslar düşür yada,

Yenilmişlər, əsirlər!… ah, nə bilim daha kim…

Fransızcadan tərcümə

28-29.07. 2018

Samara

ŞARL BODLER. İKARIN ŞİKAYƏTLƏRİ

бодлер

Les Plaintes d’un Icare

Kim ki aşiqidir fahişələrin,
Hamısı bəxtəvər, razı və qıvraq,
O ki mənə qaldı, qollarım qırıq,
Çünki buludlarla qucaqlaşmışam.

+

Göy dərinliyində alışıb-yanan,
Bənzərsiz ulduzlar buna səbəb ki,
Saralmış gözümün görə bildiyi,
Təkcə xatirədir günəşdən qalan.

+
Tapmağa mən əbəs çalışırmışam,

Fəzanın sonunu, ortasını ya.

Hansısa alovlu gözlərin altda,
Duyuram qanadım əriyər, sınar;

+

Yanıb gözəlliyə sevgidən belə,
Əlim üzüləcək ali şərəfdən,
Burda məzarıma nəhayət dönən
Girdaba adımı mən verə biləm.

Fransızcadan tərcümə

28.07. 2018

Samara