ŞARL BODLER.  QARICIQLAR

бодлер

  Les Petites Vieilles

    Viktor Hüqoya

I

Hər şeyin, qorxununda da, məzəyə çevrildiyi
Döngəsində, tinində qocaman paytaxtların,

Seyr edirəm mən fatal ovqatıma baş əyib,

Tənha və əfəlləmiş, füsunkar varlıqları.

 

Bir vaxt qadın olublar bu qədim eybəcərlər,
Eponinlər. Laislər, əyilənlər, sınanlar,
Və qozbellər. Sevin siz onları! Ruhları var
Hələ. Nazik parçalı cırıq, deşik tumanlar,

 

İçində sürünürlər, küləklə döyülərək.

Titrəyirlər küyündən ötən omnibusların.

Yanlarına sıxılan əvəzsiz bir relikt tək,

Xırda çanta bəzənib çiçəklə, rebusla ya.

 

 

Yorğa yerişləriylə kukladırlar elə bil,

Yaralanmış vəhşi tək ayaq atırlar ya da.

Rəqs edirlər arzusuz, dartır aman bilməyən,
İblis zınqrov kimi onları! Olsalar da,

 

Necə əfəl, gözləri burğu kimi sancılar,
İşıldayar necə su gecə gölməçələrdə.

Onlarda qızçığazın ilahi gözləri var

Təəccüblənər, gülər parlaq nə görsə birdən.

 

Uşaqlarınkı kimi eləcə balacadır,

Çox qarının tabutu, fikir vermisinizmi?
Müdrik Ölüm bu bənzər tabutlarda yaradır,

Qəribə və maraqlı  zövqün yəqin rəmzini,

 

 

İzdihamla qaynayan Parisi dolaşarkən,

Əfəlləmiş bu fantom haçan çıxır qarşıma,
Mənə elə gəlir bu zərif varlıq yenidən,

Sakitcə bir beşiyə girməyə hazırlaşır;

 

Hərçənd sındırıram baş həndəsə üzərində,
Bu əyri-üyrülərə baxdıqca düşünürəm,
Müxtəlif formalarda yeşiklər düzəldələr,
Dülgərlər ki, yerləşə bu eybəcər bədənlər.

 
— Bu gözlər çeşmələrdir göz yaşından yaranma,

Ya metalın soyuyub işardığı kürələr.

Acı Tale döşündən süd əmmiş hər insanı

Sirli cazibəsiylə yenə onlar cəlb elər.

 

II

Mərhum Frakastinin düşüb eşqinə Vestal;
Talia kahinəsi! Əfsus itib adı da,
Ölmüş suflyoruyla; ötüb sovuşan cəlal
Bir vaxt çiçəklərinə Tivoli sığınardı

 

Xumaram hamısından! Bunların eləsi var
Ancaq aralarında, kədəri də edər bal.

Onlara qanad verən Sədaqəti çağırar,

“Ey qadir hippöqrif, bizi göylərə apar!

 

Birini öz vətəni fəlakətə uğradıb,
Ərinin ucbatından birinin günü qara.

Birini Madonnaya döndərib öz övladı,
Hər birinin göz yaşı axarsa, çay yaranar.

III

Çox dalınca düşmüşəm, ah, bu qarıcıqların,

Aralarında biri, al-qızıl yaraları

Göy üzünə səpərək günəşin gedən çağı,
Skamya qırağında oturdu fikri dalğın,

 

Bağlarda vaxtaşırı bəlkə də əsgrlərin

Çaldığı musiqini dinləmək istəyirdi,

Belə qızıl axşamlar duyğular təzələnir

Oyanır şəhərlidə qəhrəmanlıq istəyi.

 

Bilir oturuşunu, qaməti hələ ki dik,
İçir təşnəli kimi qıvraq hərbi havanı.

Açılır hərdən gözü qoca qartal gözü tək,

Mərmər alnı dəfnədən çələng üçün yaranıb.

IV

Beləcə gedirsiniz, şikayətsiz, dözümlü,
Canlı şəhərlərdəki xaosları adlayıb.

Ürəyi qan analar, müqəddəslər, gəzənlər,
Haçansa çoxlarının dilindəydi adları.

 

Bir vaxt nazənindiniz, cəlallıydınız ya da
Tanımır heç kim indi! İçkili bir heyvərə,
Yanınızdan keçəndə sizə ayıb söz atar,
Sirtıq, kirli bir uşaq dalınızca yüyürər.

 

Yaşamaqdan utanan, qırışıqlı kölgələr,

Bel əyilib, qorxaraq divardan tutarsınız.

Sizi salamlayan yox, taleyi qəribələr,
Bəşər tör-töküntüsü, əbədiyyətə hazır.

 

Məhəbbətlə baxıram mənsə uzaqdan sizə,
Zilləmişəm gözümü ürkək addımınıza,

Sizdən xəlvət duyuram bilmədiyim bir həzzi,

Ah, möcüzə! Elə bil mən sizin atanızam!

 

Sizdə təzə həvəslər görürəm ki, oyanır,

Sizin itirdiyiniz günləri yaşayıram.

Ürəyimdə nəşəsi sizdəki günahların!

Ləyaqətlərinizdən qəlbimə işıq damar!

 

Xarabalıq! Ailəm! Mənə doğma zəkalar,

Hər axşam mənin sizə təntənəli əlvidam!

Sinənizdə Tanrının qorxulu caynağı var,
Səksənyaşlı Həvvalar, yeriniz sabah harda?

 

Fransızcadan tərcümə

29-31.07. 2018

Samara

 

 

Реклама