Архив | Август 2018

ŞARL BODLER. DÜŞÜNCƏ

бодлер

         Recueillement

Ah, Qəmim, ağıllı ol, sakitliyi poz nə də,

Arzuladığın Axşam deyildimi? Düşür, bax.
Dolaşıq bir atmosfer şəhəri bürümədə,
Kimlərsə sakitləşir, kimlərsə qorxur ancaq.

 

Qamçısı altda Həzzin, amansız bu cəlladın,
Haçan ki, ölərilər rəzil toplularıyla,
Vicdan ağrısı yığar bir kölə bayramında,
Sən əlini ver mənə, Qəmim, gedək burayla.

 

Qalsın onlar. Bax necə əyilir ölü illər,
Səmanın balkonundan, vaxtı ötmüş geyimli,
Baş qaıdırır Təəssüf sudan, gülümsəyərək.

 
Can üstündədir günəş, uyuyar o indicə,

Şərqə doğru kəfəni elə bil sürüyərək,

Eşit, mənim əzizim, yol gedir şirin Gecə.

 

Fransızcadan tərcümə

21.07. 2018

Samara

26-LARLA ÜZBƏÜZ. KAMİL VƏLİYEVİN TOYU

Toy və toyun müzakirəsi öz-özlüyündə ədəbiyyat mövzusu deyil, və, Kamil Vəliyev dilçi olsa da, dilçilik mövzusu da deyil. Mən Kamil Vəliyevi cəmi bir dəfə görmüşəm. Bir dəfə bizim qrupun morfologiyadan seminar gəlməmişdi, onun əvəzinə Kamil Vəliyevi göndərmişdilər. Geyiminə və ədabazlığına görə pijon təsiri yaradan və özünü əzilib-büzülməyindən özünü Azərbaycan gözəli saydığı bilinən dosent Kamil  Vəliyev sinifdə (sessiya 225 nömrəli məktəbdə keçirilirdi) iki ya üç dəqiqə oldu. İçəri girən kimi soruşdu: Kimi deyər “tema” nədir, “rema” nədir? Heç kim dinmədi. “Heş nə bilmirsiz!” – Kamil Vəliyev hökmünü oxudu və sinifdən çıxıb getdi kefinin dalınca…

Səhv etmirəmsə, Kamil Vəliyev də 80-ci illərin sonlarında milli hərəkatın tribunlarından olub. Tribunada kimlər olmayıb: Leninə poema yazanlar, komsomol mükafatı almaq üçün dəridən-qabıqdan çıxıb alanlar ya almayanlar, Azərbaycan sovet mətbuatının avanqard işçiləri, Sabir Rüstəmxanlı kimi yüksək rütbəli mətbuat və nəşriyyat məmurları… 20 yanvarda bunların birinin burnu qanamayıb. Qanaya da bilməzdi, çünki isti mənzillərində müqəddəs ata və ər borclarını yerinə yetirirdilər…

Kamil Vəliyevin toyundan ən çox danışılan kimin nə qədər pul atdığı idi. Bəlkə gərək mən eşitdikcə xəlvətdə siyahı tutaydım. Maraqlı sənəd olardı… Ancaq bu da ədəbiyyat mövzusu deyil. Bu, mənəviyyat məsələsidir. Azərbaycan ədəbiyattında mənəvi məsələ axırıncı dəfə haçan mövzu olub? Mənəviyyat mühüm dərəcədə həqiqət axtarışıdır – öz içində və cəmiyyətdə. Həqiqətin cinayət maddəsi olduğu ölkədə hansı dəli bu axtarışa baş qoşar?…

Bu toyda ədəbiyyata az-çox dəxli olan orda Ramiz Rövşənlə Vaqif Cəbrayılzadənin iştirakıdır. Məlum olurdu ki, məclisdə ciddi gərginlik varmış, çünki Əkrəm Əylislinin bol-bol çap eləməyə başladığı və qəfil şöhrətdən, həm də aldığı quduz pullardan havalanmış Vaqif Cəbrayılzadə gizlətmədən, hətta aqressiv şəkildə, o cümlədən şizofreniya tutmalarını silah edərək ölkənin birinci şairi, yəni məliküşşüara adına iddia edirdi. Danışılanlara görə, Ramiz Rövşən bu həmlələrə dözməyib məliküşşüəranın məhz Vaqif Cəbrayılzadə olduğunu etiraf etmişdi, yəni sağlıq deyəndə onun bir şeirini oxumuşdu. Yenə deyilənlərə görə, Ramiz Rövşən şeiri ancaq yarıyacan deyə bilmişdi, yarıdan o yanası yadından çıxmışdı, bu da bir az onun etirafının səmimiliyini şübhə altına alır. Hər halda etiraf olmuşdu, bəlkə də bunu özünü Vaqifin şərindən qurtarmaq üçün eləmişdi, çünki Cəbrayılzadə sözün birbaşa, fiziki mənasında gedənin-gələnin üstünə atılırdı. Şahidiyəm… Ancaq hamının yox. Mərhum Vidadi Məmmədov Vaqifn yazıçı Elçinlə necə həqiranə, hətta yaltaqlıqla danışdığını görmüşdü. Mərhum Vidadi Məmmədov hər şeyi görürdü…

Mən Vidadi Məmmədovun ölməyini yaxın illərdə bildim. Yadımdan çıxıb kimdən. Həmişə yadıma düşürdü ki, onun arvadı, deyilənlərə görə, erməniydi, fikirləşirdim ki, qanlı illərdə yazığın başına görəsən nə gəlib. Dedilər yox, öldürməyiblər, qəzada ölüb, maşın altında qalıb… Çox darıxdım. Sağ olsaydı, indi də mənim yazımı plana salırdı… Mən də, ağsaqqal kişi, səbirlə gözləyərdim…

Yuxarıda yazmışdım ki, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri Vidadi Məmmədovun ali təhsili yox idi və onun tənqidi yazılarını görən olmamışdı. “Ulduz”un şeir şöbəsinə təzə müdir təyin olunmuş Vqif Cəbrayılzadə qiyabi inşaaat institutunu bitirmişdi, mənə bir dəfə kəndə yazdığı məkdubda xeyli orfoqraik səhv var idi. Bəlkə də bu səhvləri lotuluqdan, pijonluqdan eləmişdi, bilmirəm. Rusca başa düşsə də, çətinliklə danışırdı, mən onunla iki dəfə Moskvada görüşmüşəm…

(ardı var)

 

ŞARL BODLER. CANLI MƏŞƏL

бодлер

 Le Flambeau vivant

Önümdə gedir onlar, çox müdrik bir Mələyin

Elmiylə maqnitləşən işıq dolu bu Gözlər,
Almaz qığılcımları  gözlərimə çiləyib,
Gedən bu iki qardaş məni də qardaş bilər.

 

Hər tələdən qurtarar, hər ağır günahdan həm,

Aparar onlar məni Gözəlliyin yoluyla.

Varlığımla onlara sözsüz itaətdəyəm,
Onlar mənim xadimim, mən onların quluyam.

 

Gözəl Gözlər, sizdəki işıqda sirr var nəsə,
Günorta çağı yanan şamlar kimi; alışar
Günəş, ilahi odu fəqət söndürə bilməz.

 

Şamlar Ölüm vəsf edir, sizdəsə Oyanma var,
Sizə nəğmə oxudur ruhumun oyanmağı,
Çəkinməz heç günəşdən ulduzların işığı.

 

Fransızcadan tərcümə

19.07. 2018

Samara

XATİRƏLƏR: İYİRMİALTILARLA ÜZBƏÜZ

Səhv etmirəmsə, 1978-ci  ildə Azərbaycan Yazıçılar İttifaqı özünün yaratdığı “Gənc tənqidçilər birliyi”nə üzvlüyə müsabiqə elan etdi. Yazıçı Elçinin tövsiyəsi ilə mən də yazılarımı müsabiqəyə göndərdim, bir müddət sonra xəbər gəldi ki, mən Birliyə qəbul olunmuşam, məşğələlər haqqında əlavə məlumat veriləcək.

Sonra Birliyin adını tutan olmadı, bircə məşğələsi də keçirilmədi. Ancaq İttifaqın katibi Elçin mənə yazdı ki, “Ulduz” jurnalında işləyən Vidadi Məmmədovla görüşüm, o mənə məqalə sifariş verəcək.

Mən qiyabi oxuyurdum, hərdənbir Bakıya gəlirdim, gələn dəfə şəhərdə olanda “Ulduz” a gəlib Vidadi Məmmədovu tapdım.

Jurnalda tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləyən V. Məmmədovun oturduğu otaq birinci mərtəbədəydi, pəncərəsi 26-lar bağına açılırdı. Təxminən 20 kv m-lik otaqda iki köhnə, üstü örtüksüz stol var idi ki, onlar rayon çayxanalarının mebelinə oxşayırdılar. Stolların üstündə heç nə, hətta kağız-qələm də yox idi, mən ora gəlib-gedən vaxtlar nə vidadi Məmmədovun, nə şeir şöbəsinin təzə mdiri Vaqif Cəbrayılzadənin oturub nə isə yazdıqlarını bir dəfə görməmişdim. Stolların yeşikləri vardı, çəkilirdi, sonra bağlanmaq istəmirdi. Bir dəfə Vidadi Məmmədov elə ayaq üstə (onun oturduğunu da görməmişdim)  yeşiyi çəkib ordan bir qalın əlyazma bağlaması çıxarıdı və avazla oxumaöa başladı: “İyirminci əsrin böyük şairi Səməd Vurğun…” Və dayanııb başladı deyinməyə: “İyirminci əsrin! Bəs indi hansı əsrdir? Mən mən olmaram bunu çap eləsəm!”  — deyib əlyazmanı təzədən yeşiyə soxdu və geri basdı. Yeşik isə geri çəkilmək istəmirdi, pərçim olub qalmışdı yarıda, ancaq Vidadi Məmmədov bütün hidətini və gücünü yığıb elə yumruq vurdu ki, yeşik şaqqıltı ilə girdi yuvasına…

Deməliyəm ki, Vidadi Məmmədov alçaq boylu olsa da, əzələli qolları vardı, yeriyəndə də Azərbaycan güləşçiləri kimi çiyinlərini qövs şəklinə salırdı. Yəqin boy məsələsiylə qayğılandığından dikdaban çəkmə geyirdi…

O ki qaldı əlyazmaya, bu, mərhum İmamverdi Əbilovun idi. Məqalənin çap olunduğuna şübhəm yoxdur. Səməd Vurğun haqqında məqalə Yusif Səmədoğlunun redaktor olduğu jurnalda necə getməyə bilər? Vidadi Məmmədov elə mənim yanmda kişilənirdi…

Vidadi Məmmədov tənqidçi-zad deyildi, niyə o, tənqid və ədəbiyyatçılıq şöbəsinin müdiri olmuşdu, bu mənim üçün əvvəlcə qaranlıq idi. Ancaq az sonra daha bir neçə “görkəmli” yazanla tanış oldum və məlumatım sürətlə artdı. Ədəbiyyatçılar mühitində ikinci adamla tanış olan kimi birinci haqqında istədiyin məlumatı alırsan, ücüncü ilə tanışlıqdan sonra məlumatların həndəsi proqressiya ilə artır, hamı bir-birindən danışır. Özü də təmənnasız, gözləmirlər ki, sən də nəsə danışasan. Mən heç kim haqqında heç nə bilmirdim…

Vidadi Məmmədov haqqında az vaxtda öyrəndiklərim: 1. Elçin müəllimin qohumudur. 2. Ali təhsili yoxdur. 2. Arvadı ermənidir, iki uşaqğı var…

Deyirdilər ki, haçansa bir neçə hekayə yazıb. Haçan yazmışdı, nə yazmışdı, bilən yox idi. Ancaq “Ulduz” jurnalında iki müsahibəsini mən özüm görmüşdüm. Biri Niyazi ilə, biri də Müslüm Maqomayev ilə. Müslim Maqomayev ilə müsahibə sonradan ruscaya çevrilib ümumittifaq “Yunost” jurnalında da çap edilmişdi ki, bununla Vidadi Məmmədov fövqəladə fəxr ediridi. Şübhəm yoxdur ki, Moskva nəşri yazıçı Elçinin xidməti idi…

İlk görüşümüzdən Vidadi Məmmədov mənə çox mehribanlıq göstərdi, məndən hansı mövzuda yazmaq istədiyimi soruşdu, bilmirəm hansı mövzunu seçdik, mən də məqaləni yazıb gətirdim. Vidadi Məmmədov məni əmin elədi ki, yaxın nömrələrdə yazım gedəcək…

Yay sessiyası bir ay çəkirdi. Vidadi Məmmədov deyirdi ki, boş vaxtın olan kimi gəl, söhbət edək. Mən də gəlirdim və ikilikdə 26-lar bağında gəzirdik. Bəzən deyirdi: “Sabah hökmən gəl. 6-cı nömrə plıanlaşdırılacaq”. Mən başa düşmürdüm ki, mən küçədə gəzə-gəzə jurnalın təzə nömrəsinin planlaşdırımasına necə təsir edə bilərəm. Ancaq bunu öz-özümə fikirləşirdim, Vidadi Məmmədova demirdim, Bir müddət keçirdi, deyirdi ki, sabah hökmən gəl, 7-ci nömrə planlaşdırılacaq, sənin də yazın salınacaq…

Beləcə təxminən il yarım. Mən Moskvaya gedənə qədər. Məqalə çap olunmadı. Mən bir dəfə də yazı barəsində soruşmadım. Mənə mehribanlığına hörmətlə onu çaşqın sala biləcək sual vermək istəmirdim. Həm də məni hamıya göstərib deyirdi: “Çox istedadlı oğlandır, Salyanın ən istedadlı adamıdır…”

Bəlkə də Vidadi Məmmədov mənim məqaləmi çap etmək istərdi, həm də məni Elçin tövsiyə etmişdi, ancaq Elçin özünə görə bir kişi və bir kişinin, yəni İlyas Əfəndiyevin oğlu idisə, Yusif Səmədoğlu da başqa bir kişinin oğlu idi, şübhə olmasın deyə, “kişi”nin adınıı təxəllüs götürmüşdü və “kişi” kimi bığ buraxmışdı…

Düzdür, eyni zamanda güman edirəm ki, Vidadi Məmmədov məqaləmi heç jurnala təqdim eləməyib. İmamverdi Əbilovun məqaləsini təqdim edib, mənimkini yox…

Vidadi Məmmmədovla və onun ətrafında olan adamlarla ilk tanışlıq vaxtı cavan yazıb-pozanların əsas mövzusu Kamil Vəliyevin toyu idi. Toy yaxınlarda olmuşdu və mən bir neçə dəfə “Qızılgül” çayxanasında bu toyun müzakirəsini eşitmişəm…

(davamı var)

 

   ŞARL BODLER. BERTANIN GÖZLƏRİ

бодлер

Les Yeux de Berthe

Nadir gözlərə də var bəlkə nifrəti olan,
Gözlərindən körpəmin mənimsə sızıb gedir,

Gecə kimi şirin şey, deyə bilmərəm nədir!

Gözəl gözlər, axıdın üstümə nəfis toran!

 

Heyranlıqla sevirəm, gözlər, sizdəki sirri,

ovsunlu mağaraya sizin bənzəriniz var

Letargik kölkələrin sıx sırası dalında,

Naməlum xəzinənin sayrışır inciləri.
Mənim körpəmin gözü qara, böyük və dərin,
Sənin tək, dibsiz Gecə, sənin kimi işıqlı.
Sevgi fikirləridir bu od, inam qarışıq,

Qızarır ehtitrasla ya da ki, bakiranə.

Fransızcadan tərcümə

20.07. 2018

Samara

MÖVLUD SÜLEYMANLI: «SƏN DOSTOYEVSKİSƏN?»

               (MƏTNİN DAVAMI)

Bir qədər keçəndən sonra özüm Bakıya gəldim və redaksiyaya gedib nəsr şöbəsinə girdim. Mövlud yerindəydi. Əlbəttə, Azərbaycan sovet dövlətinə məxsus jurnalın ixtiyarı gündən qapqara yanmış kolxoz suçusuna oxşayan belə adamda ola bilərdi… Nədənsə mənə elə gəlirdi ki, o corabını həftə ilə dəyişmir…

Məni görəndə yazımı tapdı və stolun üstünə atıb dedi ki, zəifdir. Dedim ki, nəyi. Közövə oxşayan barmağını yazının başlanğıcına basıb dedi ki, «burda “strategiya» sözü var, strategiya Azərbaycan sözü deyil, nəsr sözü deyil”.

Yadıma Dostoyevski düşdü.  Dedim Dostoyevski “antropofagiya” sözünü çox işlədir, “antropofagiya” da rus sözü və nəsr sözü deyil…

“Sən Dostoyevskisən?” – Mövlud sözümü kəsdi…

Mənim şübhəm yox idi ki, o, əlli bir səhifəlik yazının bir səhifəsini də oxumayıb, elə girişdə “strategiya” sözünü görüb, bilib ki, məni rədd eləməyə ayrı bəhanə axtarmaq, baş ağrıtmaq lazım deyil…

Mən o vaxtacan Azərbaycandan bir dəfə çıxmışdım, Leninqrada, məktəb yoldaşımın yanına getmişdim. Əsgərlik də görməmişdim. Bilmirdim ki, ölkədən necə çıxıb getmək olar. Mən kölə təbiətli adamam, həyatımı, zülm içində yaşasam da, dəyişmək üçün nəinki addım atmaq, hətta yerində tərpənmək də mənim üçün çətindir. Ancaq Mövludla, qoyun iti kimi redaksiyaya bağlanmış bu vəhşi ilə üzləşəndən sonra Azərbaycanda qalmaq mənə türmə müddətinin uzanması kimi gəlirdi. Bax, sən ədəbiyyatçısan. Peşəkar ədəbiyyatçı. Təhsilin var, səriştən var. Ədəbiyyatçı gərək çap oluna. Azərbaycanda bir yarım ədəbi jurnal var. Bir – “Azərbaycan”, yarım  — Ulduz”.  “Azərbaycan”ın qapısına qoyun iti bağlanıb, “Ulduz” isə… “Ulduz” ayrı söhbətdir.. Hara gedəsən?

Və o vaxt Azərbaycandan getmək fikri başıma düşdü ki, bu da mənim üçün kosmos arzusu kimi bir şey idi. Sonra bu məsələ öz-özünə həll olundu…

Bir dəfə, o yazıdan xeyli qabaq, yazıçılar ittifaqının qabağında təsadüfən Mövludun söhbətini eşitmişdim. Çömbəlib oturmuşdu Xaqani 25-də küçə qapısının ağzında, bir neçə də yazan yanında. Bir az suçuya oxşayır, bir az da Xudayar bəyə. Deyirdi ki, “Azərbaycanfilm”də bir ssenari yazdım, kino-zad çəkilmədi, elə də qaldı, ancaq altı min verdilər. O pula bir maşın aldım…

Yeri gəlmişkən, qonşu qapıda, ”Ulduz”da təzə-qəzə şöbə müdiri işləyən Vaqif Cəbrayılzadə həmin vaxtlar hər gələnə kəllə atır, hamıdan tələb edirdi ki, onun Azərbaycanın birinci şairi olduğunu səsləri çatınca bəyan edib qılıncının altından keçsinlər. Əlbəttə, Vaqinfin əlində qılınc yox idi, ancaq gözlərində açıq şizofreniya əlamətləri vardı…

Bu adamlara sovet xəzinəsindən ayda bir ətəklik maaş verirdilər ki, istedadlı müəllifləri tapıb jurnalları keyfiyyətli yazılarla təmin etsinlər. Ancaq bunlara istedadlı adam qaranlıq vaxt  bir dalanda rast gəlsəydi, tutub boğardılar…

Onlar gündüz-günorta çağı da boğurdular…

Onlar on yeddi yaşlarında Bakıya gəlmiş, yarıac-yarıtox yataqxanalar gəzmiş kənd uşaqlarıydılar. Əlləri vəzifəyə, heç bir zəhmət tələb eləməyən sovet maaşına, müftə qonorarlara çatan kimi qudurmuşdular…

Mövludla görüşümün bir xeyri oldu. Sonralar, Rusiyada fəhlələik illərində, günüm qara olanda, bu oğ…-ın sifətini yadıma salırdım, o dəqiqə işlədiyim alət sexi də, metro da, kərpic zavodu da mənim üçün sanatoriyaya dönürdü…

Mövludu tez-tez xatırlamıram, heç xatırlamazdım da. Ancaq görürəm ki, Azərbaycanda, təəssüf ki, heç nə dəyişməyib, bəlkə daha pisləşib. O vaxt hələ Əylislinin abırlı vaxtıydı və Əli Kərimin ölümündən heç on beş il də keçməmişdi…

X.X.

01-02.08. 2018, Samara, RF

P.S. Əlavə etməliyəm ki, elə o arada ,.Əylislinin işə qarışması ilə «YevgeniyaDmitriyevna» adlı hekkayəm jurnalda çap olundu. («Azərbaycan». 1981, 3  ya da 5). Mövlud yazının üçdən birindən çoxunu kəsib atmışdı. Buna baxmayaraq Azərbaycan EA-nın nəşr etdiyi «Ədəbi proses 81-82! məcmuəsində hekayə xatırlanıb. (s.17)

22.08. 2023, Samara

P.S.S. Rasim Balayev bu günlərdə dedi ki, «Nəsimi» filminə görə cəmi 1500 sovet manatı alıb. Görəsən aktyor Mövludun çəkilmətyən ssenariyə 6 000 alığını bilirmi?

X.X.

22. 08. 2023, Samara

   ŞARL BODLER. AXŞAMÇAĞI NƏĞMƏSİ

бодлер

Chanson d’Après-midi

Qıyılı qaşlarınla

Bu görkəmin qəribə

Bənzəmirsən mələyə,

Gözlərində cadu var.

 

Azad quş, heyranınam,
Dəli ehtirasımsan.

Sənəminə bağlanan,

Kahin kimiyəm, inan.

 

Yabanı saçlarında,
Səhra və meşə ətri.

Başın duruşu sirli,
Dönüşü tapmacadır.

 

Xoş ətir yayır dərin,
Buxur şirinliyi var

Axşam kimi füsunkar,
İsti və əsmər pəri.

 

Çatmaz ən tünd şərablar

Səninlə xumarlığa

Səndə ölü qaldıran,
Məzə məharəti var.

 

Sənin baldırların məst,
Dalından və döşündən.

Xumar uzanışından,
Balıncı alır həvəs,

 

 

Bəzən də soyutmağa

Sirli hiddətini sən,

Səxavətlə verirsən,
Öpüşləri, mazağı.

 

Sətin başmaqlı, ipək,
Ayağının altına,
Dühamı da atıram,
Sevincim, taleyim tək.

 

Qəlbimə şəfa verən,
Sən mənə rəng, işıqsan,

İsti partlayışısan,
Qara Sibirimdə sən.

Fransızcadan tərcümə

18-19.07. 2018

Samara

26-LARLA ÜZBƏÜZ. MÖVLUD SÜLEYMANLI: «Tİ MENA UTOMLAYEŞ…»

1980-ci ilin avqustunda “Təzə ev tikilirdi” adlı povesti bitirib özümü ciddi nasir saydım və yazını Salyan poçtundan “Azərbaycan” jurnalına “s uvedomleniyem” göndərdim. Bir neçə gündən sonra poçtdan kağız gəldi ki, əmanətim jurnala çatdırılıb. Ancaq nə qədər gözlədimsə, jurnalın özündən bir xəbər olmadı. Bilmirəm hansı ayda Bakıya gəlib redaksiyaya getdim. Nəsr şöbəsinə girib yazımı soruşdum. Şöbə müdiri Mövlud Süleymanlı dedi ki, mən adlı adamdan heç bir yazı alınmayıb. Redaktor Əkrəm Əylislinin yanına girib dedim ki, yazım jurnalda alınıb, poçtun sənədi var. Əylisli Mövlud Süleymanlı çağırdı, o yenə dedi ki, mən adlı adamdan yazı gəlməyib və bunu deyəndə Əylisliyə məzəmmətlə baxırdı, yəni ki, a kişi, sən mənə inanırsan, ya bu salyanlıya və ya sən buna niyə baş qoşursan, qov getsin… Əylisli məndən ikinci nüsxənin olub-olmadığını soruşdu, dedim var. Dedi göndər ikinci nüsxəni…

Göndərdim. Bir müddətdən sonra zəng vurdum. Mözlud Süleymanlı dedi oxumayıb, gələn həftə zəng vur. Vurdum. Dedi gələn həftə. Beləcə bir neçə dəfə. Sonra dedi ki, yazımı bəyənmir. Dedim nəyini. Dedi “necə nəyini, bəyənmirəm”. Yenə təkid elədim ki, konkret iradını desin. Mövlud Süleymanlı dedi: “Ti mena utamlayeş!”

Dərhal başa düşmədim. Ancaq bildim ki, bu dəfə Mözlud Süleymanlının həbəş dodaqlarının arasından çıxan rus sözləridir. Sonra başa düşdüm nə deyir…

Ах ты подлец! Ах ты подонок! Я его утомляю!

Ay sənin… Mən bunu yoruram…

Mən Salyan rabitə şöbəsindən boğazımdan kəsdiyim pulla zəng vururam, bu da oturub Bakının düz mərkəzində, pəncərəni açıb dənizə, yəqin iy verən ayaqlarını qoyub stolun üstünə, katibəyə ya makinaçıya söz ata-ata mənə soğan satan səviyyəsində bildiyi rus dilində deyir: “Tı mena utomlayeş!”

Nəzərə alın ki, bu dam-daş dövlətindir, bu adam da dövlət qulluğundadır, bir ətək maaş alır, hələ qonorarı demirəm, gördüyü iş də mənim kimi müəllifləri həbəş dodaqları ilə po-russki çox uzaqlara göndərməkdir.

Nəzərə alın ki, bu “Azərbaycan” jurnalını Mövlud Sülüymünlının nə özü, nə ata-babası yaradıb, Əkrəm Əylisli də yaratmayıb, ancaq bunlar özlərini dədə-babalarının mülkündəki kimi aparırdılar.

Əkrəm müəllim indi özünün redaktorluğunu tərifləməyi sevir, guya çox hünərlər göstərib. Ay rəhmətliyin oğlu, nə hünər, sənin redaktorluğundan hansı böyük ədəbiyyatçı çıxıb? Porfessor Vaqif Yusifli? Əkrəm Əylislinin kadrlarından olan bu insan indiyəcən toy sağlıqlarına oxşayan tərifli məqalələr yazır və onun üçün fərqi yoxdur, istər Şekspir dramı olsun, istər yeni noutbukun reklam mətni. Eyni sözlərlə eyni resenziyanı yazar…

Ay Əkrəm müəllim, ay rəhmətliyin oğlu, Mözvlud Süleymanılını çoban iti kimi nəsr şöbəsinin qapısına siz bağlamamışdınızmı? Onun “seçib” çap etdiyi “əsər”lərdən  hansı Azərbaycan nəsrini zənginləşdirib? O “əsər”lər necə seçilirdi?

Deməliyəm ki, ona qədər, 1979-cu ildə, “Azərbaycan” jurnalında bir resenziyam çap olunub, Sabir Əhmədovun “Yaşıl teatr” romanı haqqında. Ancaq yazını keyfiyətinə görə çap eləməyiblər, çünki kənardan gələn adamın, necə yazmağından asılı olmayaraq, çap olunmağı mümkün deyildi. Mənim də resenziyam yazıçı Eçinin proteksiyası ilə çap olunmuşdu… Əlbəttə, Əylisli şəxsən bəyəndiyi adamları gen-bol çap edirdi, ancaq siz jurnalın  onun redaktor olduğu illərdə çıxan çoxlu nömrələrdəki nəsrə, poeziyaya baxın, və bu sizdə Əylislinin iş üsulu, bədii zövqü barədə təsəvvür yaradar. Düzdür, Əkrəm Əylisli özü istedadlı yazıçılar doğa bilməzdi, yəni olan o idi.

Ancaq olan o idimi? Axı Mövlud po-russki rədd elədiyi təkcə mən deyiləm…

Bir qədər keçəndən sonra özüm Bakıya gəldim və redaksiyaya gedib nəsr şöbəsinə girdim…

(davamı var)

  ŞARL BODLER.  XEYİRDUA     

бодлер

            Bénédiction

Səmai qüvvələrin haçan ki fərmanıyla,

Qüssəli bu dünyada birdən şair doğulur,

Ürəyi qorxu dolu, dili küfrlü ana,

Yumruğunu əsdirir rəhim Tanrıya doğru:

 

“Ah! Bircə sürü gürzə çıxarsaydım əgər mən,
Yaxşıydı yemləməkdən rəzil bu masqaranı.

Lənət o gecəyə ki, ani həzzin xətrinə,
Günahımın haqqı tək bu əkildi qarnıma!

 

Məni seçmisən bütün qadınlar arasında

Yəqin qəmli ərimdən ikrahla üz döndərəm.

Sevgi məktubu deyil axı, demə asandır,
Yöndəmsiz bu monstru tullayam oda birdən.

 

Üstümə yönəltdiyin nifrətini yığaram,

Əndərərəm şərindən doğan bu nəticəyə.

Mən bu miskin ağacı yaxşı burub bağlaram,
Mənfur düymələrini aça bilməsin deyə”.

 

Beləcə köpüyünü silir, udur kininin,

Əbədi yazılarda anlamayaraq heç nə,

Özü tonqal qalayır dibində Cəhənnəmin,

Analar törətdiyi ağır cinayətlərə.

 

Fəqət gözəgörünməz Mələk himayəsiylə,

Atılmış uşaq elə günəşlə bəsləniridi.

İçdiyi nə vardısa və nə tapıb yesəydi,
Ambroziyalıydı, zəngindi cövhərlə də.

 

Buludlarla damışır, küləklərlə qonuşur,
Məst olur oxuyanda xaç yoluyla səfərdən.

Və onu bu dünyaya gələndən izləyən Ruh

Sevincindən ağlayır quş tək onu görüb şən.

 

Kimi sevmək istəyir, ona baxır təlaşla,
Onun yumşaqlığından cəsarətlənib ya da,
Macal gəzirlər onu incidib qışqırdalar,

Onda qəddarlıqları keçirələr sınaqdan.
Onun payına düşən şərabı və çörəyi,

Küllə qarışdırırlar, üstəlik tüpürürlər.

Riya ilə atırlar toxunsa əli nəyə,

Danlayır, addımları izinə düşsə əgər.

 

Camaatın içində qışqıracaq arvadı:

“O məni gözəl sayıb başıma döndüyündən,

Özümü sənəmlərə istəyirəm oxşadım
Və başdan ayağacan qızıla tutulum mən;

 

Buxur, mirra və nardla, özümü məst edərəm,

Başımı hərləndirər təzimlər və ət, şərab.

Mənə vurğun ürəkyə istəyərəm ki, biləm,

Hakiməm və ilahi ehtiram qazanmışam.

 

Məni bezdirəndəsə bu şərəfsiz məzhəkə
İncə, güclü əlimi mən üstünə qoyaram,
İti dırnaqlarımla, harpun qarmaqları tək,

Ürəyini tapmağa sinəsini yararam.

 

Xırda quşcuğaz kimi titrəyən və çırpınan,
Al-qırmızı ürəyi sinəsindən alaram.

Çağıraram yanıma gələr sevimli heyvan,
İkrahla bu ürəyi qabağına tullaram.

 

Gözlərinə cəlallı taxt görünən Göylərə,
Sakit Şairsə mömin əllərini uzadır

Nurlu ruhundan qopan şimşək kimi şölələr,
Onu qara kütlənin gözlərindən gizlədir.

 

Tanrım, şükr sənə ki, əzab verirsən bizə,
Günahdan təmizləyən o, ilahi şəfadır.

Cövhərlərin içində o ən saf və ən gözəl,
Güclüləri müqəddəs həzzlərə hazırladır!

 

Bilirəm ki, Şairə saxladığın yer də var

Bəxtəvər sırasında ali müqəddəslərin

Dəvətinlə oturar əbədi bayramında,
Taxtların, Dəyərlərin, Hökm verən kəslərin.

 

Bilirəm ki, qüssənin nəciblikdə yox tayı,

Nə torpaq, nə cəhənnəm onu məhv edə bilər.

Mənim şair başıma mistik tac toxumağa,

Zamanlar, kainatlar gərək vergi verələr.

 

Fəqət qədim Palmirin itirilən daş-qaşı,
Tanınmayan metallar, dənizdə mirvarilər

Tanrı, sənin əlinlə bütün yaradılanlar,
Olmayacaq bu nadir diademə bərabər.

 

Bu tacdan ancaq təmiz, saf bir işıq doğular,
Müqəddəs ocaqdakı şölələrdən od alıb.

Oləri gözlərisə necə parlaq olalar,

Onu baxanda tutqun, qəm doğuran aynadır.

 

Fransızcadan tərcümə

18.07. 2018

Samara