Архив | 11.10.2018

    TEOFİL QOTYE. NEREİDLƏR

gautier_big-min

Les Néréides

Mənim otağımda bir akvarel var,
Özü qəribədir, müəllifinsə,
Adına qafiyə, ölçü tapılmır,
Yazıram: Teofil Kniativski.

 
Dənizin göy-yaşıl arxalığını,
Saçaqla bəzəyən  köpükdə birdən,

Üç pəri girdabdan çiçək tək çıxıb,
Buket yaradırlar könül bəyənən.

 

Suzanbaqları tək qıvrılır onlar,
Gümüş spiral tək, su ləpələnir.

Gah dərinə gedir, gah da boylanır,
Hərlədərək gözəl bədənlərini.

 

Hörülüb yığılmış ağuş işıqlı
Saçlara işvəkar pərilər taxıb

Dəniz şanaları, mahmızlalələr,
Çiçəklər, incilər sulardan çıxıb.

 

 

Mirvarilərini ilbiz çıxarıb,
Ağ sinələrinə düzüb onların.

Döşləri üstdəsə hələ də qalır,
İnci tək parlayan su damlaları.

 

 

Əliylə sinirli Titonların,

Onlar baldıracan qaldırılıblar.

Çimib mavilikdə indi yanırlar,

Saçlarının yaşıl qızılı altda.

 
Ağarır su altda aşağıları,

Qatı titrəyişlə donur elə bil.

Yarı qadındırlar, yarı da balıq.
Quyruq tamamlayır bədənlərini.

 

 

Kimdir axı baxan üzgəcə ancaq,

Axçalı bədənə kim fikir verər,

Dəniz öpüşüylə cilalanaraq,

Döşlər fil dişi tək parlasa əgər?

 

 

Bu vaxt üfüqdəsə qarışır aləm,
Gerçəyi nağıldan ayırmaq olmur.

Gəmi yaxınlaşır gözlənilmədən,
Görüb qayğılanır bu dəniz xoru.

 

 

Üçrəngli bayrağı külək yellədir,

Borusu öyüyür-püskürür buxar.

Təkərlər hay-küylə dalğanı dəlir,

Pərilər baş vurar suya qorxudan.

 

 

Onlar izləyərdi qorxu bilmədən,
Triremlərini Arxipelaqın.

Gözləyir delfinlər əyib belini,
Köməyə çağırarArion haçan.

 

Ancaq buxar-gəmi təkərləriylə,

Veneranı yenən Vulkan sayağı,

Gözəl çöhrəsini onların əzəzr,
Çılpaq əzaları əzib dağıdar.

 
Əlvida, əlvida, mifologiya!

Gəmi gəlib keçdi, uzaqda sanki,

Yüksələn dalğanın üstdə oynayır,

Bir dəniz donuzu mayallaq aşır.

Fransızcadan tərcümə

09-10. 10. 2018

Samara

SƏMƏD VURĞUNUN “TARLA NƏĞMƏSİ” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

İndi bilmirəm, bir vaxt dərsliklərə salınan, bəzi miseralarından şür kimi istifadə olunn “Tarla nəğməsi”  Səməd Vurğunun kiçik şeirlərindədir, əslində üç bənddir, birinci bənd sonda təkrar olunur.

“Üfüqlər qızarıb, güləndə səhər,

Bülbül öpə-öpə oyatsın gülü”.

Bu, Səməd Vurğunun hər üç şeirinin birində var: səhər açılan kimi bülbülə ehtiras güc gəlir. Yazıq gül…

A kişi, sözünün canını de!

“Çirməyib qolunu qızlar, gəlinlər,

Yığsın qucağına sarı sünbülü”.

Aha! Şair qız-gəlini taxıl biçininə çağırır. Aslan ürəkli qəhrəman kişilər cəbhədə, arvadlar ayaqyalın, başıaçıq çöldə. Qarınları da ac. Ancaq Səməd Vurğun üçün bu zülm bülbüllə gülün öpüşməsi kimi bir kefdir.

Yaxşı, bunun üstündən keçdik. Ancaq qızlar, gəlinlər qollarını niyə çirmələyirlər? Əllə taxıl  biçən qadın dəli deyil ki, qolunu çırmalayıb taxıla cırmaqlatdırsın!

“Muğan səhraları bir tamaşadır”.

Afrika səhralarını görən insanlar doğrudan da səhranın xüsusi gözəlliyindən heyranlıqla danışırlar. Ancaq Muğan hardan səhra oldu? Muğan çöl deyil?

“Buğda zəmiləri qoşa-qoşadır”.

Niyə qoşa-qoşadır? Bu, əkinçilik qanunudur, ya “tamaşa” sözünə qafiyə üçündür?

“Hər insan oğlunu çörək yaşadır”.

Bəs hər insan qızını? Bu, əlbəttə, ritorik sualdır, misranın nonsens olduğuna diqqəti çəkmək üçündür.

«Torpağa düşməsin havayı bir dən, —

Çörək bol olarsa, basılmaz Vətən!»

Bir dən belə!

Azərbaycanda on minlərlə adam, o cümlədən çoxlu uşaq, müharibə vaxtı aclıqdan ölüb. Yığılan taxıl cəbhəyə gedib. Kolxoz zəmisindən evinə üç-dörd sünbül gətirənlər cinayət məsuliyyətinə cəlb olunub ağır cəzalar alıblar.

1932-ci il avqustun 7-də qəbul olunmuş və xalq arasında “Üç sünbül qanunu” kimi tanınmış  “Dövlət müəssisələrinin və kolxozların əmlakınin qorunması” adlı qanunla 1932-1939-cu illərdə SSRİ-də 183 min insan məhkum olunmuşdur.

Azərbaycanlıların yaddaşında ən azı üç onillik “aclıq” kimi qalmışdır. Müharibədən əvvəl aclıq, müharibədə aclıq, müharibədən sonra aclıq…

İndiyəcən heç kim  — nə dövlət, nə vətəndaşların özləri — Azərbaycanda müharibə vaxtı aclıqdan ölənlərin martirolqunu yaratmamışlar…

Yəni 1941-ci ildə, ondan qabaq da, ondan sonra da, Azərbaycanda taxıl biçmək bülbülün gülü öpməyi kimi (bülbülün gülü öpdüyünü görən olub?) kef deyildi. Bu da faciə idi. Çünkü bu zəmiləri biçənlər özləri aclıq çəkirdilər, uşaqları acından ölürdülər…

Ancaq vətəndaşlarının ən ağır günlərində də ceyran ovundan qalmamış Səməd Vurğuna bunun nə dəxli vardı?

11.10. 2018