Архив | 06.10.2018

TEOFİL QOTYE. DÜNYA XARABDIR

gautier_big-min

     Le monde est méchant

Dünya, mənim körpəm, xarabdır yaman,

Deyir kinayəli təbəssümüylə.

Bu o deməkdir ki, sinəndə çarpan,

Heç də ürək deyil, saatdır elə.

 

— Ancaq sənin sinən həyəcanlanıb,
Qabarır və enir, dənizə bənzər.

Gənc dərin altında coşub qaynayan,
Şirədir kükrədən sənin nəbzini.

 

Dünya, mənim körpəm, yaman xarabdır:

Deyir ki, ölüdür sənin gözlərin.

Saat kimi yayla və eyni vaxtda,
Elə bil orbitdə onlar hərlənir.

 

 

Kirpiklr üstündə göz yaşın fəqət,
Titrəyir və əsir pərdə elə bil.

Elə bil incidir səhər şehindən,

Adi su damlası ona tay deyil.

 

 

Dünya, mənim körpəm, xarabdır yaman:

Yəni ruhun yoxdur bununla deyir.

Hərçənd şeirlərə qulaq asırsan,
Onlar sənin üçün sanskritdir.

 

— Fəqət sənin bu al dodaqlarında,
Çiçəkdir, açılan, yenə yumulan.

Sənin təbəssümün müdrik arıdır,
Qəşəng cizgilərdə görünər hər an.

 

 

Sən məni sevirsən, budur məsələ,
Ancaq nifrətin var bu insanlara.

Körpəm, məni atsan, hamısı söylər:

 — Necə ürəyi var, necə ağlı var!

 

Fransızcadan tərcümə

05-06. 10. 2018

Samara

SƏMƏD VURĞUN: “İKİ DÜŞMƏNİM VAR DÜNAYDA, İNAN, BİRİNCİ FAŞİSTDİR, İKİNCİ SİÇAN…”

Səməd_Vurğun.jpg

Azərbaycan məktəbləri haqqında mənfi söhbətlər həmişə mənə toxunur, xüsusən ona görə ki, belə söhbətləri ölkəyə baha başa gələn və milli təhlükəsizliyə potensiyal ziyanı olan rus dilli paralel təhsil sisteminin tərəfdarları aparırlar. Azərbaycanda Azərbaycan məktəbləri yaxşı və hətta ən yaxşı olmalıdır!

Ancaq belədirmi?

Mən Azərbaycan məktəbindən qırx ilə yaxındır ki, ayrılmışam. Tədris proqramlarından xəbərim yoxdur. Həm də mən uzağı ədəbiyyat dərsləri barədə fikir deyə bilərəm. Bu barədə bildiyim odur ki, orta məktəb proqramlarında sovet vaxtıyla müqayisədə az şey dəyişib. Məsələn, Səməd Vurğun yenə birinci şairdir və onun şeirləri ən yüksək poeziya standartlarıdır.

Bu, fəlakətdir.

Fizikadan, kimyadan geri qalmış uşağı, əgər o, təbiətən küt deylsə, bir neçə aya intensiv məşğələrlə qaldırmaq olar. Oncaq bəd zövq, vulqar zövq aşılanmış, ruhuna antiestetika yeridilmiş uşağı onillərlə safa çıxarmaq olmur. Səməd Vurğunun, Süleyman Rüstəmin ya Məmməd Arazın misraları ətinə-qanına uşaqlıqdan yerimiş adama ciddi poeziyanı, böyük poeziyanı, həqiqi poeziyanı tanıtmaq çətin olur ya heç mümkün olmur. Bəlkə buna görə Azərbaycanda dil mədəniyyəti, poetik mətəniyyət belə acınacaqlı haldadır.

Mən Səməd Vurğunun “Ceyran” şeirindən ayrıca yazmışam. İndi “Sünbülüm” şeiri haqqında bir neçə kəlmə demək istəyirəm.

Bu şeirdən fraqment aşağı siniflərin dərsliklərinə salınardı. Mən müəllim işləyən vaxtlar da vardı, indi bilmirəm. Mənim yadımda ilk iki misra qalmışdı. Şeiri İnternetdə bütöv tapıb oxudum, dəhşətə gəldim. (Əslində S. Vurğunun hansı şeir və poemasını diqqətlə oxuyursan, dəhşətə gətirir).

“Ellər həsrətidir bu əmri verən…”

Hansı əmri? Şeir yazmaq əmrini? Niyə ellərin özü yox, “ellərin həsrəti”?

“Xırman üstündəki ana səsidir…”

Xırman üstündə kişilər olurdu ya arvadlar?

“Deyrirlər dünyada qocadır yaşın…”

Yəni Səməd Vurğuna hansı dili qurumuşsa deyib ki, “dünyada sünbülün yaşı qocadır…”

Hə?

Yaş qoca olmur, yaş çox ya az olur.. Həm də sünbül…

“Qüvvətdən quruldu torpağın, daşın…”

Sünbülün torpağı necə qurulur? Yaxşı, deyək ki, torpağı quruldu, daşı bəs necə?

“Deyirlər səndədir həyat, hərəkət…”

Bunu da deyiblər… Yəni deyiblər çörək bərəkətdir…

“Mən bunu qəlbimlə çoxdan anladım…”

Yəni yeyəndə, çörək qarnına gedəndə anlamayıb, qəlbində anlayıb… Yəni çörəyi burnuna yeyən adamlar var, onu Səməd Vurğun kimi qəlbinə yeyən incə adamlar…

“Qarşıdan al geyib gələndə bahar,

Bilirəm qəlbində nə işvələr var!”

Bəh-bəh! Sünbülün qəlbində işvələr… Zalım oğlu elə bil anaşadan yazır…

“Sən ilk bəzəyisən bizim Vətənin,

Əski kitablarda adın var sənin”.

İndiki Azərbaycan şairi yazardı ki, qədim türk kitablarında sünbülün adı var… Yaxşı ki, yazmayıb “Leninin kitablarında adın var sənin…”

Görəsən hansı “əski kitabları” nəzərdə tutub?

Birdən Vurğunun ilhamı elə coşur ki, aqressiyaya çevrilir və şair affekt vəziyyətində təbiətə qarşı hücuma keçir:

“Eşit sözlərimi cansız təbiət!”

Rəhmətliyin oğlu, cansız təbiət olar?

Səməd Vurğunu tutmaq olmur,

“Vicdansız, duyğusuz, qansiz təbiət!”

Və proletar şairi və yazıçısı Maksim Qorkinin “Düşmən təslim olmasa, onu məhv edərlər” şüarını rəhbər tutub təbiəti hədələyir:

“Yenə quduz kimi çıxma yolundan,
Vulkanlar çəkilir insan oğlundan!

Dağlar qarşısında salama gəlir…”

Allahu əkbər!

Sonra yenə minora düşür.

“Bürkü gətirməsin sənə buludlar

Üstünə qonmasın quşlarla  qurdlar”.

Bulud bürkü gətirir ya yağış?

Bayaqdan deyirdi ki, dağlar insanı salama gəlir, indi təbiətə hərbə-zorba gələn bu insan “quşlarla qurdların” əlində aciz qalır?

“Tarixə bir daha gözünü gəzdir,

Bəşərin ilk dərdi çörək dərdidir”.

Tarixə göz gəzdirəndə görürsən ki, bəşər əvvəllər çörək yeməyib, ət yeyib, çörək sonra olub, ondan sonra da Azərbaycana şor gəlib…

Dalı lap həngamədir. Çörək olmasaydı:

“Qardaşlar qanını, dostlar qanını.

Düşmən qaldırardı öz bakalında”.

Öz bakalında…

Ancaq şeirin son beytini oxuyanda istəyirsən başını vurasan qapının tininə:

“İki düşmənim var dünyada, inan –

 Birinci faşistdir, ikinci siçan!”…

Bəla burasındadır ki, bu hətərən-pətərən şeiri psixiatriya xəstəxanasının müştərisi və ya aşağı sinif şagirdi yazmayıb. Şeir 1936-cı ildə yazılıb, yəni Səməd Vurğun bu şeiri yazanda otuz yaşı vardı, Lenin ordeniylə təltif olunmuşdu, deputat idi, canlı klassik sayılırdı…

İnidi də sayılır…

Bu isə bəla deyil, böyük bəladır…

06.10. 2018

Samara