L’obélisque de Luxor
Tənha dayanmışam keşiyində mən,
Dağılıb-tökülmüş nəhəng sarayın.
Əbədi tənhalıq məni bürüyən,
İndi sonsuzluğa üzü sarıyam.
Uzaq hüduduna nəzər çatmayan,
Üfüqdə, bir kol da bitməyən və lal
Səhra matəm rəngli günəşin altda,
Sarı kəfənini ətrafa yayar.
Bu çılpaq torpağın yuxarısından,
Asılan səma da mavi səhradır.
Bir bulud keçməyib ordan heç zaman,
Şəffaf təmizliyi dəhşət oyadır.
Nilin sularında sanki yox həyat,
Qaynar qurğuşundan pərdə bağlayıb,
Elə ki, sahildən cumur begemot,
Çayın qırışlanan səthi parlayır.
Acgöz timsahlarsa düşüb qalıblar,
Adaların odlu qumları üstdə.
Bişirir onları qalın qabıqlar,
Nalə də çəkirlər bəzən istidən.
Durub qaraleylək nazik ayaqlı,
Sinəsinə əyri dimdiyi girib.
Hansı lövhədəsə sanki dualı
Tot əlyazmasının açır şifrini.
Kaftarlar gülüşər,çaqqallar ular,
Havada hərlənib çevrələr cızan,
Ac quzğun elə bil sızlayıb ağlar,
Ağ səmada qara vergülə bənzər.
Ancaq tənhalıqdan gələn səsləri.
Batırır sfinkslər əsnəmələrlə.
Belə keçiriblər çox əsrləri,
Bir duruşsa üzər, yuxuya səslər.
Sən bəyaz qumların parıltısından,
Və həmişə odlu günəşdən doğan
Şərqin şölələnən qəmi! Dünyada,
Varmı başqa qüssə sənə tay olan?
Aman istəməyə məcbur edən sən!
Bütün məzələrdən doyan krallar,
Yenilib düşərlər sarayda birdən,
Ağırlığın elə məni də yıxar.
Quru gözlərindən səmanın heç vaxt,
Külək yaş çıxarmaz bircə damla da.
Zaman da dincini sanki alaraq,
Söykənib dayanıb lal saraylara.
Burda təsadüflər heç nə dəyişməz,
Qayğılanmaz üzü əbədiyyətin,
Dəyişir bu dünya bütün, Misirsə,
Dəyişməzlik üstdə dayıb mətin.
Elə ki dirənir boğaza qüssə,
Dost kimi yığılan mənim yanımda,
Müasirləridir təkcə Ramzesin,
Qədim fəllahlar və mumiyalardır.
Görürəm əyilib nəhəng bir sütun,
Silib simasını ötən əsrlər.
Ağ yelkən qaldirıb çapıq şütüyür,
Kolazlar aşağı-yuxarı Nillə.
Ah, necə istərdim, qardaşım kimi,
Parisdə olaydım elə bu anda.
Gəzib əylənəydik birgə ikimiz,
Doymadan şəhərin tamaşasından.
Orda qabağına abidələrin,
Gəlib toplaşırlar canlı adamlar.
Qəlbən sevinirlər açanda birdən,
İeratik yazı sirrini onlar.
Sərin fəvvarələr durub yan-yana,
Səpilir onlardan al-əlvan duman,
Qədim qranitin isti tozuna;
Qranit allanır, cavanlanır da.
Senanın gül rəngli damarlarından,
O da mənim kimi doğulub elə.
Mən ancaq bir yerdə durub qalıram,
O həmişə yaşar, mənsə ölüyəm.
Fransızcadan tərcümə
14-16. 10. 2018
Samara
[i] Luksor obeliski (obélisque de Louxor) — Luksor obeliski Parisin mərkəzidə, Barışıq meydanındadır, 2-ci Ramselin dövründə yaradılıb və əvvəlcə Misirdə Luksor məbədinin girəcəyində yerləşib. 1830-cu illərin əvvəlində kral Məhəmməd Əli onu Fransaya bağışlayıb.
Понравилось это:
Нравится Загрузка...