Архив | 26.10.2018

TOP

26.10. 18.jpg

Nə aclıq var idi, nə müharibə,
Adamlar pis-yaxşı dolanırdılar.

Olmasa da ciddi sevgi-məhəbbət,
Uşaqlar bir ucdan yaranırdılar.

 

 

Pambığa gedərdi qız uşaqları,
Oğlanlar qoyuna, mala baxardı.

Hərdən məktəbə də baş vurardılar,

İçində tək-tükü dərs oxuyardı.

 

 

Onlar oyuna da həvəsliydilər,

Var oğlan oyunu, var qız oyunu.

Qaçıb oynamağa tələsirdilər,

Farağatlayaraq malı-qoyunu.

 

 

Oğlan oyununa gərək top ola,

Oyunda nə ləzzət, topu qovmasan?

Topsa qəhət idi kənddə o vaxtlar,

Atalar dəliydi gedib top alsın?

 

 

Top oynayan uşaq xarab olardı,

Soyuyub gedərdi qoyun-qaradan.

Həyətin çəpəri, şumu qalardı,
Top dəyib uşağı zəlil qoyardı.

 

 

Bir xəmir ürəkli çıxırdı hərdən,

(Onun, deyirdilər, başında iş var),

Oğluna ucuz top alıb verərdi,
Uşaqlar meydana qaçışardılar…

 

 

Yarı ayaqyalın, yarı çəkməli,
Nahar ötüşmüşdü, şam da yubandı.

Uşaqlar yerin bu süni peykini,

Dolandırırdılar başına kəndin…

 

Ömrü çox olmurdu bəxtəvərliyin,

Həyatda sevinc var, həyatda dərd var.

Həmin gün, ya sabah, ya da biri gün,
Bu top oyununa son qoyardılar.

 

 

Gələrdi bir ağlı başında ata,

Girərdi meydana, topu qapardı.

Bıçaq çıxarardı cibindən iti,

Topu kağız kimi cırıb atardı…

 

 

İkiyə bölünən, havası çıxan,
Top qalardı yerdə ölü quş kimi.

Uşaq damarında quruyardı qan,
Büküb bıçağını gedirdi kişi…

 

 

Orda həyətlərin barı da yoxdu.

Hamı yaz əkinçi, dilənçi qışda.

İnəklər qısırdı, qoyunlar qotur,
Uşaq da, böyük də ha çalışsa da.

 

 

Hamı ciddi idi, hamı da kinli,

Hamı gəzdirməsə cib bıçağı da.

Kənd, havası çıxmış yekə top kimi,
Sərilib qalmışdı Kür qırağında.

 

25-26. 10. 2018

Samara