Архив | Ноябрь 2018

POL VERLEN. YAZIQ GƏNC ÇOBANA

verlain-19

A poor young shepherd

 

Qorxuram mən öpüşdən
Arıdan qorxan kimi.

İtirdim dincliyimi,

Gecə əzabıyla mən.
Qorxuram mən öpüşdən.

 

Fəqət sevirəm Kəti,

İşvəli gözləriylə.

O necə də incədir,
Ağuş cizgiləriylə,

Necə sevirəm Kəti!

 

Valentin günü gəlir!

Deməliyəm mən, ancaq,

Sabah deyə bilmərəm…

Nə qorxulu gəlir, ah,
Valentin günü mənə!

 

 

Bəxtəvərlik əbədi,
O mənə vəd eləyib,
Ancaq nə qəribərir,
Məşuquna çevrilib,
Yanmaq həndəvərində.

 

 

Qorxuram mən öpüşdən
Arıdan qorxan kimi.

İtirdim dincliyimi,

Gecə əzabıyla mən.
Qorxuram mən öpüşdən.

 

Fransızcadan tərcümə

18.11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: QACAR QAPINI ALIB, VAQİFİN OĞLU QIRQOVUL OVUNDA…

samed-stalin

Məlum olur ki, Vidadi də burdadır. Toya gələndən köçünü salıb oturub. Bir sürü havayıyeyən yığılıb, gəlin bənövşə yığır, oğul ovda, yazıq xanı istismarçı sayırlar…

Əil bəy oxuya-oxuya (!) ovdan qayIdır, bir neçə qırqovul vurub. Səməd Vurğunun “müsbət” qəhrəmanlarının içində bir ağıllı-başlı adam yoxdur…

Əli bəy Gülnara tapşırır ki, qayınanası üçün qırqovul-plov bişirsin…

Əminə də Əli bəyə corab toxuyub gətirib.

“Oğul, deyirlər ki, qış bərk gələcək…”

Kim deyir? Hava bürosu? Başqa qışlar Qarabağa yavaş gəlirmiş?

Əli bəy:

“Gəl, ana! O evdə rahatlan bir az”.

Hansı evdə?

Vaqif oğlundan soruşur:

“Çöldə nə var-nə yox?”
Əli bəy cavab verrir:
“Gördüm Eldarı,
Topıayıb başına qəhrəmanları.
Dağlarla yurd salıb Koroğlu kimi”.

Ata çölü soruşur, oğul deyir dağlarda. Səməd Vurğun oxucuya vedrə bağlayıb… Bu çoban Eldar axı harda yurd salıb və nə yeyib-içir,  əgər kəndlilərin çuvalında “bir arpa belə» yoxsa?

Vaqif:
“Yazığı  saldılar çölün düzünə…”

Allahu əkbər! Yenə çöl?

Sonra Vaqifin dilindən iyirmi misralıq cəfəngiyat: dağ, dərə, gül, bülbül, elat, çoban tütəyi… Vaqif doğrudan da belə yazsaydı, Azərbaycan ədəbiyyatında o adda şair olmazdı… Qondarma şairi ancaq sovet vaxtı partiya-NKVD kabinetlərində qayırıb-düzəldirdilər. Səməd Vurğun kimi…

Vaqif “dərin” düşüncələrini belə qurtarır:

“Oğlum, düşündükcə, duyduqca dərin –

Qollarda səslənən bu zəncirlərin,
Günəşli, gündüzlü bir sabahı var…”

Zəncirin gələcəyi olar? Kimin qollarında zəncirlər səslənir? Vidadi, Vaqif sarayda, Vaqifin oğlu ovda, Vaqifin gəlini, qızları başına yığıb bəövşə dərir, qaçaqlar da çölləri, meşələri, dağları, dərələri doldurublar…

Vidadi də kefindən qalmır:

“Gəlin seyrə çıxaq dağları bir az…”

Sonra səhnəyə Xuraman çıxır:

“Gecə fikir, gündüz fikir,
Nə yurd salır, nə ev tikir…”

Bu, əlbəttə, Sabirin şeirindəki ziyalı arvadının şikayətinə oxşayır: “Sübh olunca gecələr darğa kimi…” Ancaq Sabir ziyalısı kasıb bir müəllim ola bilərdi.  Vaqif isə xanın vəziridir, sarayda yaşayır,  onun arvadının bu sözləri gülməli deyilmi? Və bunu Səməd Vurğun öz oxucularını və tamaşaçılarını heyvan sayıb yazmayıbmı?

“Hey düşünür ağır-ağır…”.

Xuraman hardan bilir ki, Vaqif ağır-ağır düşünür, ya iti-iti? Bəs düşünməsin?

Ümumiyyətlə, Xuramanla bağlı səhnələr nəinki bədii cəhətdən hər bir tənqiddən aşağıdır, onlar həmçinin Səməd Vurğunun bir insan kimi primitivliyindən və bayağılığından, yəni məmişiliyindən xəbər verir.

Aradüzəldən qarı deyir:

“Kimin vardır belə yarı,

Çənəndəcə xalın da var…?»

“Çənəndəcə…” Bunu yazan insan necə zövqsüz olmalı idi!

“Bal kimidir didaqların…”

Qarı hardan bilir Xuramanın dodaqları bal kimidir? Onunla öpüşüb? Rəngini desəyədi, yenə dərd yarı idi…

“Gözü düşüb xanın sana…”

Yəqin Səməd Vurğunun vaxtında arvadları Mircəfər və onun nökərləri üçün belə düzəldirlərmiş… Beriya haqqında belə xatirələr var… Ancaq Qarabağ xanı? Vəzirinin arvadını?

“Gecə xanın gir qoynuna,
Qollarını sal boynuna…”

Azərbaycan oxucusu və tamaşaçısı səksən ildir ki, bu rüsvayçı cəfəngiyata əl çalır…

(ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

POL VERLEN. XİLASKARA SONETLƏR. VII, 2

verlain-19

Puis, va! Garde une foi modeste en ce mystère

 

Onda get! Qoru sadə inamı sən məhəbbət

Sirrinə, onunla mən ağlınam, bədəninəm,

Qayıdarsan evimə tez-tez ancaq yenidən,

Sönər Şərabla təşnən, ondadır həm də qüdrət.

 

 

Dadarsan Çörəyimdən, həyat —  xəyanət onsuz,

Atama dua edər, Anamdan da dilərsən,
Deyərsən ki, razısan torpaq qürbətində sən,
Olasan öz yununu dinməz verən bir quzu.

 

 

Kətan köynək geyinmiş məsum bir uşaq kimi,
Unudasan özünə sevgini və kimliyi.

Və, nəhayət, bir azca mənə bənzəyəsən sən.

 

 

İuda və Pyotr,  İrod, Pilat günləri,
Mən də beləcə idim, elə sənin kimi mən,

İnciməyə, ölməyə əlində canilərin.

fransızcadan tərcümə

13-17.11. 18

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: BU PYESƏ BAXAN HƏR TAMAŞAÇIYA GƏRƏK BİR QAB KÜL VERİLƏ…

samed-stalin

“Min ildir baş əydik yalnız Qurana,

Baxdı gözlərimiz kor kimi ona…”
Bunu da guya Vaqif deyir. Bunun heç yarısını da deməyən yazıq Rafiq Tağlnı əvvəl hökumət dama saldı, sonra hökumətin havadarlıq elədiyi quldurlar bıçaqlayıb öldürdülər. Səməd Vurğunun Vaqifin adına yazdığı küfrü isə xalq artistləri səksən ildir səhnədən yayıb alqış qazanırlar, ad-san qazanırlar…

Bizim millətin ağlı yerindədir?

“Bizə yasaq oldu başqa kitablar…”
Bunu da Vaaqif deyir.

Vikipediyada Vaqifə həsr olunmuş məqalədə deyilir ki, guya Vaqif astronomiya və tətbiqi riyaziyyat eləmlərini dərindən(!?) bilirmiş. Əgər başqa kiitablar yasaq idisə, Vaqif özü tətbiqi riyaziyyatı hardan öyrənmişdi?

İbrahim xan da əvvəlki kimi çoban Eldarın əlində qalıb girinc. İlyas adlı bir lotu deyir ki, gedib girəcək Eldarın dəstəsinə (Eldar indi dəstəbaşıdır), onu yuxuya verib başına bir güllə çaxacaq…

Bir dəli yığıncağı var, bir də debil yığıncağı. Qarabağ xanlığının rəhbərliyi, Vaqifdən başqa, debildir…

Səməd Vurğun yaxşı bilməliydi ki, İbrahim xəlil xan ailəsi ilə birgə rus generalı tərəfindən qətlə yetirilib. Yəni şəhid olub. Ən azı bu fakt gərək onu xanın surətinə azacıq  da olsa hörmətlə yanaşmağa məcbur edəydi. Anncaq Səməd Vurğun kimi əqidəsiz insandan xalq tarixini yaradanlara, bu tarix üçün can qoyanlara hörmət gözləməyə dəyərmi. Səməd Vurğun üçün rusların, Stalinin qiyməti və Stalin mükafatı hər şeydən vacib idi…

Qayıdaq İlyasa. Killer İlyasa. Xan ona “on para kənd” vəd edir.

On para kənd nədir? Qarabağ nə boyda yer idi ki, xan hər lotiya, hər killerə on para kənd paylayaydı?

Bu yandan yenə şeyx özünü soxur səhnəyə, xana məsləhət görür ki, Vaqifə arxadan zərbə vurmaq üçün xan onun arvadını…

Yəni o söz…

Qacarın hücumu ərəfəsində İbrahim xanın yaşı 60-dan çox olub. Vaqifsə təxminən 80 yaşında…

Vallah, Səməd Vurğun çox utanmaz insan olub, sağlığına deyirəm…

Təlxək:

«Yekaqarın, yekəbaş,
Ara düzəldən oğraş…»

Məsələ burasındadır ki, bu hoqqaların heç biri tarixdə olmayıb, bu pozğunluğu Səməd Vurğun uydurub. İndi kim oğraş olur?

Gülnarın monoloqu aşağı sinif şagirdi səviyyəsində qafiyəbazlıq nümunnəsidir, oxuduqca tüpürmək istəyirsən.

«Ah, bizim dik qayalar,

Havaları sərindir,
Dərələri dərindir…»

Qayanın nə diki, nə yastısı? Qaya elə qayadır…

Qayanın havası olar? Özü də “havaları…”

“Qayaların dərələri” – bu nədir?

“Əsmə, dayan, ey külək,
Ova çıxmış Əli bəy…”

Qacarın qoşunu qapını kəsib, kəndlilərin çuvalında “bir arpa belə yox”, meşələr, dağlar qaçaqlarla dolu, Vaqin də təzə bəy oğlu ovda kef çəkir.

Bəh-bəh!

“Tüfəngini yel əysə,
Ayağına daş dəysə,
Ürəyimə ox batar…”

Hansı köpəkolu təsdiq edər ki, tüfəngi yel əyə bilər? Bu necə tüfəngdir ya bu necə yeldir?

Sonra Əminə gəlir:

— Ana!

— Qurbanam sana!

Əlbəttə, “sana”! Oyunun olsun, ay qafiyəbazlar şahı!

Sonrası lap fışdırıqdır.

Əminə.

«Əli bəy necədir, damağı çağdır?»

Gülnar:

«Nə var, lap yaxşıdır, şir kimi sağdır…»

Necə yəni “şir kimi sağdır”? Başqa heyvanlar ölüdürlər? Şir kimi güclüdür desəydi, yənə dərd yarıydı…

Dalı:

«İndi ova gedib, bu saat gələr…»

Gülnarın qolunda saat vardı? O vaxt saatla danışırdılar?

Sonra:

«Əli bəy quş kimi yemləyir məni…

Gözündə parlayır qaynaq bulaqlar,

Ürək duyduğunu xatirə saxlar…»

Sonuncu misradan bir şey başa düşdünüz? Təzə gəlin anasıyla ərindən belə danışır?

Ancaq sürpriz daldadır. Oxucu gözləyir ki, Gülnar deyəcək, ayıb olmasın, uşağa qalıb. Yox, məsələ ayrıdır.

«Ana! Şair olmaq istəyirəm mən…»

Ana da deyir. ehtiyatlı ol, “göz dəyər sana…!”

Bu komediyaya baxan hər tamaşaçıya gərək bir qab kül verilə, hər pərdədən sonra bir ovuc sovura başına…

POL VERLEN. XİLASKARA SONETLƏR. VII, 1

verlain-19

1

Certes, si tu le veux mériter, mon fils, oui…

Bəli, oğlum, şübhəsiz, layiq olmaq istəsən,

İçində yuva salan şübhə var ki, nə qədər,

Zanbaqda arı necə  gizlənməyə tələsər

Açıq qolları üstə uçub gəlsin Kilsəmin.

+

Qulağıma yaxın gəl, axıt qorxu bilmədən,
Və cürətlə, içini varsa  incidən hər nə,

Bir sözü ötürmədən, təkəbbürsüz de mənə,

Göstər peşmanlığını həm də elədiyindən.

+

Sonra otur süfrəmə, sadəcə, çəkinmədən,

Ən ləziz yeməkləri daddıraram sənə mən.

Mələk özü olacaq  şahidi bu şərəfin.

+
Dəyişməz bir üzümün şərabını içərsən,

Dadı, gücü, qüdrəti, xeyirxahlığı onun,

Cücərdəcək qanında ölməzlik toxumunu

fransızcadan tərcümə

13-16.11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: VAQİF MARKSDAN YÜZ İL QABAQ MARKSİST OLUB…

samed-stalin

Dağların döşündə yollar çəkilsin,
Yollar qırağında güllər əkilsin…

Bu, vicdan azdlığıdır?

Yox, bu komediyanın hər səhnəsi, hər monoloqu, hər replikası təəccübləndirir. Təəccüb edirsən ki, oxumuş, maariflənmiş Azərbaycan milləti niyə səksən ildir bu cəfəngiyatı alqışlayır?

 

(Burda həm də Səməd Vurğun Qarabağ “dağlarının döşü” ilə Kürdəmir çöllərini dəyişik salır, dağların döşü elə gül-çiçək bitən yerdir, yəni gül-çiçəyi hardansa gətirib ora əkmək lazım deyil…)

Vaqif “vicdan azadlığı” barədə yöndəmsiz mühazirəsini bitirən kimi şeyxdən tələb edir ki, əmmaməsini çıxarsın.

“Çıxar əmmaməni, sən keçəl qazsan!”

Burda, əlbəttə, Qoqolun təsiri görünür. İvan Nikiforoviç İvan İvanoviçi “qusak” (erkək qaz) adlandırmışdı. Erkək qaz, bəli, erkək qazdır. Ancaq qazın nə keçəli? Düzdür, qazın yolunan vaxtı olur, ancaq başını yolmurlar…

Sonra Vaqif marksizmə keçir:

“Tiryək satanısan bəşəriyyətin!”

“Din xalqın tiryəkidir”, bunu Marks deyib, belə çıxır ki, Molla Pənah Vaqif Marks dünyaya gəlməmişdən yüz il qabaq marksist olub…

İbrahim xan isə guya xalqın savadsız, yəni kor olmağını istəyir:

Kor olsun onlar,

Xal ayılan zaman haqqını anlar”.

Xalqın kor olmağını istəyən xan şairi saraya vəzir gətirərdimi? Elə İbrahim xanın vaxtında Vaqif Şuşada məktəb açmamışdımı?

(Və yenə də pyesin adi qrammatik qaydalara əməl edilmədən savadsız dillə yazıldığını demək lazəmdır: mübtəla xəbərlə uzlaşmır, üçüncü şəxs əvəzliyinin cəmo “onlar” “xalq”ın yerində işlənə bilməz…)

Və xan, Səməd Vurğuna görə, o qədər küt və ölüvaydır ki, vəzirin rus imperatriçəsi il danışıqlarından xəbəri yoxdur…

Burda rus monarxiyasına nə qədər rəiyyət pərəstişi var! Ancaq müəllif, yəni Səməd Vurğun, öz xalqının tarixinin hər az-çox samballı səhifəsinə işəyir…

Vaqif:

Din ayrı, dil ayrı olsa da onlar (yəni ruslar)

Yenə beşiyidir mədəniyyətin.

Yenə savadsızlıq: “onlar”, yəni xalq mədəniyyətin beşiyi ola bilməz, mədəniyyətin beşiyi ölkədir. Bir də ruslar hansı mədəniyyətin beşiyidir? Qərb mədəniyyətinin? Qərb mədəniyyətinin beşiyi Yunanıstan, Roma deyilmi?

Burda şeyx “vətən xaini” sözünü işlədir və, əlbəttə, bu, anaxronizmdir.”Vətən xaini” Stalin dövrünün damğasıdır və bu damğanı, yüksək ehtimalla demək olar ki, Səmdə Vurğun millətimizin qeyrətli adamlarına vurub və onları güdaza verib…

Və sonra İbrahim xanla Vaqin arasındakı deyişmə iki “debil” (başqa söz tapmaq mümkün deyil) arasındakı söyüşməni xatırladır. Vaqif sayıqlamağına davam edir:

Günəş qaranlıqda yaşaya bilməz!

Əslinə baxanda günəş elə qaranlıqda yaşayır, əgər onun işi qaranlığı işıqlandırmaqdırsa.

Belə misralara çəpik çalan soydaşım, kül sənin başına!

Sonra İlyas (nə İlyas, hansı İlyas) gəlib Eldardan xəbər gətirir:

O qədər artıb ki, yenə qaçaqlar,

Tutmayır meşələr, dərələr, dağlar…

Səməd Vurğunda harda dağ varsa, dərə də var hökmən (“işıqlanır hər dağ-dərə”).

Meşələr, dağlar, dərələr tutmur! Görün bunal neçə mindirlər! Əkmirlər, biçmirlər, bunları kim yedirir-içirir? Və əgər Qarabağda bu qədər qaçaq-qoçaq vardısa, niyə Qacaq qoşununun qabağında durmadılar?

Və qaçaqlığın nəyi yaxşıdır? Hələ Həsən bəy Zərdabi qaçaqların kənd camaatına nə qədər əziyyət verdiyindən yazırdı, çünki işləməyən, dağda-daşda gizlənən qaçaqlar sadə kəndliləri çox vaxt qarət edirdilər. Demək lazımdır ki, Səməd Vurğunun vaxtında sovet hökuməti bir az işsiz qalan adamı tüfeylilik maddəsi ilə dama salırdı…

KÜR ƏHVALATI

KÜR 7

                  lələmin xatirəsinə

Köhnə evimizin bağdı qabağı,

Çəpərdən o yana kənd yolu vardı.

Qayalı sahildi yolun qırağı.
Kürün yatağıydı qayanın altı.

 

Bizimdi üzümlü, narlı bağıyla,

Yastı-yapalaq ev yulğun çəpərli.

Yol camaatındı, kolxozun ya da,
Kür də özbaşına axırdı elə.

 

Bezikib elə bil öz yatağından,

Onu dəyişirdi, yeyib qayanı.
Yola da girişdi bir qırağından,

Çəpəri apardı, bir az dayanıb.

 

Sonra bağa girdi, üzümü, narı,
Kökündən qoparıb aldı qoynuna.

Yazın gələn vaxtı hampazor, harın,
Daşıb az qalırdı çıxa eyvana.

 

İldə üzü bir yol gülməyən lələm,
Təzə ev tikirdi aralı Kürdən.

Bir vaxt bolşeviklər lüt elədilər,
İndi su yeridi üstünə birdən.

 

Söyməzdi soveti, bolşevikləri,
Deyəsən yanmırdı itirdiyinə.

İndi də üstünə görüb Kür gəlir,
Yaş yox, axıdırdı alın tərini.

 

Ona tale idi sovet də, Kür də,
Taleyə həmişə baş əyən idi.

Nə acığı vardı, bizə tökürdü,

Tale qarğışıydıq, tale deyildik.

 

15.11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: VAQİF HƏR AĞZINI AÇANDA ELƏ BİL Kİ, QIZDIRMALI ADAM SAYIQLAYIR…

samed-stalin

Ümumiyyətlə, Vaqifin replikaları və monoloqları sayıqlamaya oxşayır, onlar primitiv olduqları qədər dolaşıqdırlar da.

Elimiz qoçaqdır, zülmdən əl çək…

Bunu İbrahim xana deyir. Məlum deyil ki, İbrahim xan bu “qoçaq elə” nə zülm edir və əgər bu el qoçaqdırsa, xan ona niyə zülm edə bilir.

Dalı:

Hələ tapılmayıb həyata əvəz (!!!).

“Həyata əvəz” – bu nə olmalıdır və bunu kim axtarırmış?

“Həyatın qədrini düşünün barı”.

“Həyatın qədrni” necə düşünmək olar? Bəlkə “qədrini bilmək”? Yəni İbrahim xan həyatın qədrini bilmir?

Bu yerdə şeyx Vaqifin sayıqlamasını kəsir, Vaqif onun da cavabını verir:

Yaxşısı budur ki, yaltaqlanma sən,
Ağıl ummayıram boş kötüklərdən…

“Boş kötük…” Bizdə “kötük” “küt adam mənasında təhqirli söz kimi işlənmir. Səməd Vurğun rus söyüşünü (“çurban”) tərcümə edir. Ancaq “kötüyün” (çurban) boşu-dolusu olmur, kötük elə kötükdür, “boş” sifəti misranı doldurmaq üçündür…

Xanın hüzurunda vəzirin şeyxi bazar ifadələriylə təhqir eləməyi mümkündürmü? Bu, Vaqifə (əsil Vaqifə, komediya qəhrəmanına yox) yaraşardımı?

İbrahim xan Vaqifdən məsləhət istəyir. Qacar bu gün-sabah Qarabağda olacaq.

Vaqif cavab verir:

«Eldə can qoymadı ağır vergilər…»

A kişi, nə vergi, nə marksizm-leninizm, Qacarın qoşunu gəlir!

«Siz bu qanunlarla qalsanız əgər,

Doğma balanız da yad olacaqdır,
Külünüz göylərə sovrulacaqdır!»

Bu misraların təhlilə ehtiyacı varmı? Müasirlərinin təsdiq etdiyinə görə doğrudan da müdrik dövlət xadimi olmuş Vaqif dövlətin başçısı ilə belə qarğış və lənətlərlə danışardımı?

İbrahim xan (əlbəttə, əsil İbrahim xan yox, komediya qəhrəmanı İbrahim xan) Vaqifi mövzuya qaytarmağa çalışır, deyir ki, yaxşı, vergini azaldıram (mənim şübhəm yoxdur ki, on səkkizinci əsrdə Qarabağ xanlığında vergilərdən Səməd Vurğunun anlayışı olmayıb və özünə əziyyət verib bir səhifə də olsun tarixi sənəd oxumayıb), sonra nə olsun. Vaqif deyir ki, gərək “elin” (qoçaq elin!) vicdan azadlığı da ola (1937-ci ildə ki kimi… Səməd Vurğun özü vicdandan azad olub…)

“Açılsın hər yanda məktəb, mədrəsə…”

Bu, vicdan azadlığı deyil, bolşeviklər də hər yanda məktəb açmışdılar, ancaq insan vicdan azadlığından mərhum idi…

Dağların döşündə yollar çəkilsin,
Yollar qırağında güllər əkilsin…

Bu, vicdan azdlığıdır?

Yox, bu komediyanın hər səhnəsi, hər monoloqu, hər replikası təəccübləndirir. Təəccüb edirsən ki, oxumuş, maariflənmiş Azərbaycan milləti niyə səksən ildir bu cəfəngiyatı alqışlayır?

POL VERLEN XİLASKARA SONETLƏR.VI

Seigneur, j’ai peur … Mon âme en moi tressaille toute…

Cənab, qorxuram.. Tamam canımda ruhum əsir.

Anlayıram borcluyam sizi sevməyə, amma,
Neyləyim axı, Tanrım, özümlə bacarmıram,
Qorxudur məni xeyrin, ləyaqətin dəyəri.

 

 

Bəli, necə? Sarsılır göyün qübbəsi, budur,
Son mənzil axtarırdı mənim ürəyim orda.

Elə bil ki, üstümə uçub gəlir səma da,

Deyirəm: “Məni sizə aparan hansı yoldur?”

 

 

Uzadın əlinizi mənə, qaldırım yenə,

Bu azarlı ruhumu, üzülmüş bu bədəni.

Səmavi ağuş ancaq şərəfini görmədən,

 

 

Mümkündürmü bu? Bir gün Sizin sinəniz dönə,

Bizim öz sinəmizə, yer tapıla mənə də,

Həvarinin baş qoyub yuxuladığı yerdə?

fransızcadan tərcümə

13.11. 2018

Samara

SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: ÖMRÜNDƏ XAN, KÜBAR GÖRMƏYƏN VURĞUNUN PYESİNDƏ XAN KOLXOZ SƏDRİNƏ OXŞAYIR…

samed-stalin

“Vaqif” komediyasının komediyalılığı ən əvvəl ondadır ki, uşaqlığında olsa-olsa kəndxudanı və uzaqdan-uzağa hansısa lüt bəylərdən birni görmüş adam xanlığı, xan sarayını, saray çəkişmələrini təsvir etməyə çalışır. 1937-ci ilə qədər Səməd Vurğun yalnız sovet rəhbərlərinin məişətini, davranışlarını görmüşdü və elə özü də ədəbiyyat sahəsinin yüksək rütbəli məmuru idi. Ancaq bu adamlar bütün firavan həyatlarına baxmayaraq əksəriyyətən gədə-güdə idilər. Və ona görə Səməd Vurğunun komediyasında Qarabağ xanı (!) raykom katibinə oxşayır. “Yaxşı, danışarıq!” – bunu komediyada İbrahim xan Vaqifə, yəni öz vəzirlərindən birinə deyir. Bu, xanla vəzirin danışığı deyil, kolxoz sədri ilə briqadirin davasıdır. Azərbaycan ədəbiyyatşünasları fəxrlə yazırlar ki, Səməd Vurğun bu komediyanı iki həftəyə yazıb. Buna sevinmək yox, ağlamaq lazımdır. Yəni kübarlığın, kübar həyatının, xan sarayının, saray həyatının nə olduğunu bilməyən müəllif gərək ən azı bir il kitabxanalarda gecə-gündüz ədəbiyyat oxuyaydı. Ancaq Səməd Vurğun, Jül Renarın dediyi kimi, beş dəqiqə fikirləşib iki saat yazanlardan olub. Qalan vaxtı isə ceyran ovlayıb ya da ayrı keflər çəkib. Ona görə onun “əsər”lərində hətta mübtəda ilə xəbər də çox vaxt uzlaşmır, ikinci misra birinciyə zidd olur.

Qayıdaq Xuramana. Qətiyyətlə demək olar ki, Səməd Vurğunun beş dəqiqə fikirləşib uydurduğu ailə həyatında canlı inandırıcı heç nə olmadığı kimi, Vaqifə də heç bir aidliyi ola bilməz. Xuraman da Vaqiflə eyni ilə raykom katiblərinin arvadı kimi danışır:

“Deyirlər,

Səni vəzifədən qovlayacaq xan…”

İfadənin özü, yəni “vəzifədən qovlanmaq” sovet-partiya bürokratliyasının yaratdığı dildir və bunun on səkkizinci əsrin xanlığı, ordakı intriqalar, subordinasiya problemlərinə dəxli yoxdur. Komediya partiya təlimatları əsasında yazılıb: qaniçən (həm də oğraş) xan və ona qarşı duran demokratik xalq şairi. Ancaq xanın qaniçənliyinin, məsələn, kütləvi edamlar ya ayrı belə şeylərin sübutu yoxdur. Və  uzun müddət xanın yanında yüksək mövqe tutmuş Vaqifin də demokratikliyinə sübut olmadığı kimi. On səkkizinci əsrdə nə demokrat? Yaxşı adam? Yaxşı adamın dostu hökmən çoban olmalıydı? Səməd Vurğunun səcdə elədiyi sovet rəhbərləri, məsələn, Bağırov, bağında çobanlarla dincəlirdi, arvadbazlığı çobanlarla eləyirdi?

Komediyanın hər misrasından sovet-bolşevik təfəkkürü, ifadə tərzi, sovet qəzetlərinin şablonları pırtlayıb çıxır.

“Onu başqa ruhda böyüdüb zaman”.

Bunu Vaqif Xuraman haqqında deyir, əslində bu, partiya iclaslarının, yoldaşlıq məhkəmələrinin dilidir, bədnam «Kommunist» qəzetinin dilidir…

Ümumilikdə isə komediyanın dili gülüşdən çox dəhşət doğurur.

İbrahim xan yuxusunu danışır:

Elə bir dəniz ki, büsbütün qandır,
Onun dörd tərəfi qara dumandır.

Dənizin düzbucaqlıdır ki, dörd tərəfi olsun? Yəni «hər tərəfi»? Dənizin hər tərəfini necə görmək olar? Təyyarədən? On səkkizinci əsrdə?

Bu dənizdə üzür qayıqlar,

Get-gedə sıxlaşır bu qayalıqlar…

Hansı qayalıqlar? Hər tərəf dumandısa, qayalıqlar hardan göründü?

Vaqif:

Çünki sözlərimdə doğruluq vardır,

Yalançı yaltaqlar və oğrulardır.

Başa düşdünüz? Birinci misra ilə ikinci misranın nə əlaqəsi? İkinci misranın mənası var?