Архив | Ноябрь 2026

RUS NƏ DİNİNİZİ, NƏ ADLARINIZI DƏYİŞİB, ONA İŞĞALÇI DEYİRSİNİZ, DİNİNİZİ, DİLİNİZİ, ADLARINZI, ZEHNİYYƏTİNİZİ DƏYİŞƏN ƏRƏBƏ NİYƏ İŞĞALÇI DEMİRSİNİZ?

Facebook-da “Naxçıvanlılar” səhifəsində bir atlının şəkli qoyulub. Şəklin 1892-ci ildə çəkildiyini yazan Babək Rəcəbli davam edir: “Məşhur süvari döyüşçü Əşrəf ağa Kəngərli.Çox qiymətli, əvəzi olmayan fotodur.1892 -ci ildə Naxçıvanda çəkilib.Çünki bu fotoda döyüş atının başında kapor var.Kapor atın başına bağlanan qırmızı rəngli qanovuzdur,atlas parçadır, üzəri toxunub. Kaporlar incə zövqlə toxunur. Kəngərli hərb tarixi olduqca qədimdir”. (Cənab Rəcəbli necə yazıbsa, elə də saxlayıram – savad problemi var…)

“Kapor” sözü məni maraqlandırdı, İnternetdə axtardım. Cavab: “Tarixi: İlk dəfə XIX əsrin əvvəllərində Avropada qadın modasında peyda olmuşdur. O dövrdə kaporlar sərt kənarları olan və lentlə çənə altından bağlanan qadın şlyapaları idi.

Müasir geyimdə: Bu gün kapor tamamilə yenidən dəbə qayıdıb. Müasir kaporlar əsasən trikotajdan, yundan və ya kaşmirdən toxunur. Kapüşona bənzəyir, lakin boyun hissəsi bir az daha uzun və dar olur ki, soyuqdan tam qorusun. Həm idman, həm də klassik üslubla rahat uyğunlaşır.”

Göründüyü ki, kaporun nə atla, nə atın başı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanlının uydura bildiyini şeytan özü uydura bilməz – bunlar hardan, necə qadın geyimini atın başına bağlayıblar?

İndi şərhlərə baxaq:

Dilşad Kəngərli

Ulu. Babamız. Atamın. Babası. Əşrəf. Ağa. Allah. Atam. Tapdıq. Kəngərli. babamız. Əmirsuvar. Bəyə. Ulu. Babamız. Əşrəf. Ağaya. rəhmət. eləsin

Hikmet İbrahimoglu

Savaşlarda qan töküb qalib olsaqda masalarda uduzduq. Güc birliyimiz oldu əfsuslar olsun ki, fikir söz birliyimiz olmadı. Çöldən və içdən bizi bölüb parçaladılar. Bais olanların Rəbbim min bəlasını versin.

Atilla İsmayıl

Kangar Kengerliler pecheneg qipchag soyludular ve biz Qazaglilarnan yani Qarapapaglarnan eyni soydandilar.Yashasin Turk milletinin sherefli ogullari

Namiq Aliyev

Azərbaycan xalqının tarixində əhəmiyyətli dərəcədə xidmət göstərmiş ŞƏCƏRƏSİNİN öyrənilməsi və tədq

 

Fizzə Məmmədova

Duruşundan, əzmindən, vüqarından böyüklük yağan KİŞİ, Allah qəni qəni rəhmət eləsin.

Və belə cəfəng şərhlərin sayı 58-dir. İndi görək 1892-ci ildə  Əşrəf ağa Gəngərli hansı ordunun süvari dəstəsində xidmət edə bilərdi? Əlbəttə, Rusiya ordusunda! Başqa harda?

Tarixi biliklərim çox zəif olduğundan Süni İntellektə müraciət edirəm. Süni İntellktin verdiyi çox ətraflı məəlumatın kiçik, ancaq çox vacib hissəsi budur:

“Kəngərli Süvariləri (Kəngərli Atlı Dəstəsi)

1828-ci ildə, Naxçıvan xanlığı ləğv edildikdən dərhal sonra Rus-Türkiyə müharibəsi (1828–1829) zamanı Kəngərli süvariləri adlı qeyri-nizami (irrequlyar) hərbi birləşmə yaradıldı.

Komandanlıq: Dəstəyə məşhur polkovnik (sonradan general-mayor) Ehsan Xan Naxçıvanski (Kəngərli) rəhbərlik edirdi. Döyüş meydanında isə süvarilərə onun qohumu Fərəculla bəy Kəngərli başçılıq edirdi.

Geyim və Silahlar: Süvarilərin tünd göy rəngli dik yaxalıqlı xüsusi formaları, uclu papaqları və üzərində yaşıl rəngli parça səkkizguşəli ulduz nişanları var idi. Silah olaraq tüfəng, tapança və xəncərdən istifadə edirdilər.

Müqəddəs Bayraq: Göstərdikləri rəşadətə görə imperator I Nikolay tərəfindən Kəngərli süvarilərinə üzərində dövlət gerbi və imperatorun venzeli olan yaşıl rəngli fəxri bayraq bağışlanmışdı.”

Yəni gəngərlilər rus ordusunun tərkibində dönə-dönə indi qardaş dediyimiz türklərlə vuruşublar. Özü də könüllü  olaraq orduya qoşulublar, çünki Rusiya imperiyası Cənubi Qafqazın və Orta Asiyanın müsəlmanlarını hərbi xidmətdən azad edərək onu vergi ilə əvəz etmişdi…

Yəni atın belindəki bu kişi rus ordusunun könüllüsüdür. Təkrar edirəm ki, Rus çarları müsəlman əhalini hərbi mükəlləfiyyətdən azad etmişdi.

Gəngərlilərin törəmələri ulu babaları ilə fəxr edirlər.

Rus ordusunda general rütbəsi almış azərbaycanlılarla bütün millət fəxr edir.

Sual: onda niyə Rusiyanı işğalçı adlandırırsınız?

Rusiya sizin dininizi dəyişməyib, adlarınızı dəyişməyib, sizi hərbi xidmətə cəlb etməyib, ancaq siz onu işğalçı adlandırırsınız. Rusiya hardan işğalçı oldu?

Ərəblər sizin dininizi dəyişib, adlarınızı dəyişib, dilinizi, həyat tərzinizi, bütün zehniyyətinizi dəyişib, ancaq soz onları işğalçı adlandırmırsınız, əksinə onlara məhəbbətiniz o qədərdir ki, min üç yüz il əvvəl öz aralarındakı davalarda ölənlərinə ilin qırx ya əlli gününü yas tutursunuz?

Sizin ağlınız yerindədir?

 

 08. 11. 2026, Samara

«DEYİNGƏN QOCALIQLA YOLA GETMƏZ CAVANLIQ…»

(bu şeir ilk dəfə 1593-cü ildə çap edilib, müəllifinin Şekspir olduğu indiyəcən şübhə doğurur)

Deyingən qocalıqla yola getməz cavanlıq,

Cavanlıq məzə və həzz, qayğıdır qocalıqsa.

Cavanlıq işıqlı yay, qocalıq – qış, qaranlıq.

Cavanlıq yaz səhəri, qocalıq – qış havası.

 

 

Cavanlıq – hərəkətdə, qocalıq nəfəs dərər,

Cavanlıq çevik və cəld, qocalıqsa şikəstdir.

Cavanlıq qaynar, zirək, qocalıq soyuq, əfəl

Cavanlıq sərbəst, azad, qocalıq – qıpıq, həqir.

 

Qocalıq, nə rəzilsən! Cavanlıq, nə gözəlsən!

Ah, mənim məhəbbətim, mənim sevgim cavandır!

Bax, qocalıq, sevimli çobanı səslərəm mən:

Ləngidin, görürəm, sən, yanıma gəl, amandır.

 

ingiliscədən tərcümə

07. 11. 26, Samara

 +++++++++++++++++++++++++++++++++++

Crabbed age and youth cannot live together:

Youth is full of [pleasance]1, age is full of care;

Youth like summer morn, age like winter weather;

Youth like summer brave, age like winter bare.

 

 

Youth is full of sport, age’s breath is short;

Youth is nimble, age is lame;

Youth is hot and bold, age is weak and cold;

Youth is wild, and age is tame.

 

Age, I do abhor thee; youth, I do adore thee;

O, my love, my love is young!

Age, I do defy thee: O, sweet shepherd, hie thee,

For methinks thou stay’st too long.

İLHAM ƏLİYEV XALQLA İLLƏRDƏN BƏRİ OYNADIĞI «İSLAM OYUNU»NU, DEYƏSƏN, UDUZUR…

Azərbaycanlıların necə and içdiklərini, daha doğrusu, necə and içdiyimizi yaxşı bilirik. İstər Allaha, istər Qurana, istər Ətağanın cəddinə, istər qərib əzizilərin canına and içilsin – bu andların səmimi içildiyinə, and içənin içdiyi anda sadiq qalacağına ancaq sadəlövh insan inanar. Gəlin “Danabaş kəndinin əhvalatları”ndan karvansarada Kərbalayı Cəfərlə Xudayar katda arasındakı səhnələri xatırlayaq.  Xudayar Məmmədhəsən əminin eşşəyini minib gəlib şəhərə, Məmmədhəsən əminin xırda oğlu gəlib eşşəyinin dalınca, özünü sürtür yerə ki, verin eşşəyimi aparım. Kərbəlayı Cəfər deyir ki, “axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə…. Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyә? Görək mənnən qəsd-qərəzin var?» Xudayar deyir ki, Məmmədhəsən əmi eşşəyi özü veribdi. Kərbəlayı Cəfər inanmayanda Xudayar katda and içir: «Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulaq da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?»

Qurana içdiyi anddan beş-on dəqiqə keçməmiş Xudayar özgə eşşəyini girov qoyacaq.

«Kərbəlayı Сəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər neсә olmuş olsa, tapıb mənim işimi düzəldəsən.»

Kərbəlayı Сəfər əlüstü cavab verdi:

«Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?»

Xudayar təklif edir ki, eşşəyi girov qoysun. Beş dəqiqə əvvəl peyğəmbərə and içib pulunun olmadığını deyən  “kərbəlayı Сəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına.”

O vaxtdan biz azərbaycanlılar dəyişmişikmi? Yox! Sözünə sadiq adam, reputasiyalı adam niyə and içməlidir?

Yeri gəlmişkən, karvansara epizodunda biz azərbaycanlıların müsəlmanlığını, yəni bizdə dini əxlaqın və ya ümumiyyətlə əxlaqın yalnız deklarasiya, ritorika olduğunu sübut edən başqa detallar da var. Kərbalayı Cəfərin oğlu çölməkdə yemək gətirib deyir:

«Dadaş bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Сəfər qeyznən cavab verdi:

«Ay ananın dədəsinin gorunu ….» Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

İndi bilmirəm,  bir vaxt, yəni bir -iki nəsil əvvələcən, öz arvadlarının ata-anasını, bacı-qardaşlarını seksuallaşdırılmış söyüşlərlə söymək azərbaycanlı kişilərin əksəriyyəti üçün norma olub. “Ölülərin gorunu” xüsusi həzzlə söyürdülər. “Ananın ağzını…” bu da şiə söyülərinin hiti sayıla bilərdi… Andlarını yalandan içən müsəlmanlarımız söyüşlərində tam səmimi idilər və hər an bunu sübut etmək üçün hərəkətə keçə bilərdilər: qadının saçını əlinə dolayıb sürümək, yerə yıxıb qol-qabırğasını sındırmaq… “Danabaş kəndinin əhvalatları”nda belə səhnə də var…

Mən azərbaycanlılarda anda qeyri-ciddi münasibəti ona görə xatırladıram ki, prezidentin Qurana içdiyi andı xalqın əksəriyyətinin ciddi qəbul etmədiyini çatdırım. Yəni xalq bilir ki, o, Qurana necə and içir və içdiyi andı necə pozursa, prezident də eynilə o cür and içir və onun içdiyi anda əməl edəcəyini ancaq sarsaq adamlar gözləyə bilərlər..

Yəni İlham Əliyev Azərbaycan xalqı ilə sonu görünməyən İslam oyununa girişmişdi. Bu, idman oyunundan çox qumar oyununa bənzəyirdi. Ancaq uşaqların yalançı qumarına – əsl pul əvəzinə yalançı pul, konfet kağızı ya ayrı vecsiz şey. Hər şey yalançıdır – kartlar da, oynanılan pullar da…

Və prezidentin hər dörd ya beş ildən bir Qurana and içməyi “Groundhog Day” adlı məşhur Amerika filminə də bənzəyirdi ( azərbaycanca adını bilmirəm – “Marmot günü”? “Dağsiçanı günü”?) Xalq beş ya altı ildən bir ayılır, ya da bir gözünü açır, artıq bir neçə dəfə görmüş olduğu şeyi təkrar görür…

İlham Əliyev arxayın idi ki, xalqla oynadığı İslam oyununu udub, udur və həmişə udacaq. Xalq da  saxta kartlarla,yalançı pullarla, konfet kağızı bu qumarı prezident istəyən qədər oynayıb ona uduzmağa hazır idi. Ancaq məlum olur ki, xalqın içində ciddi adamlar var imiş və onlar gözə çarpmadan bu başaldatdı İslam oyununa qoşulublar, tədricən yalançı kartları əsl kartlar əvəz edib, yalançı pullar bir kənara qoyulub, ortaya həqiqi pullar atılıb, böyük pullar… Oyunun bu cür radikal dəyişə biləcəyini gözləməyən prezident başlayıb onu dramatik şəkildə uduzmağa…

Bir məzəli video var. Köhnədir. İlham Əliyev hansısa jurnalistə onun qumarbaz olduğu və həmiş uduzduğu barədə düşmənlərinin yaydığı məlumatların yalan olduğunu deyir və sözünə qüvvət kimi ritorik sual verir: “Mən qumar oynamışamsa, yəni həmişə uduzmuşam? Heç udan vaxtım olmayıb?”

Mən İlham Əliyevin qumar oynayıb-oynamadığını bilmirəm, hamının cavanlıq günahları var, indi İlham Əliyevin necə rəhbər olmağının onun bir vaxt qumar oynayıb-oynamamasl ilə heç bir əlaqəsi yoxdur. Ancaq islamçılarla, müsəlmanlarla münasibətini İlham Əliyev oyun kimi, məhz qumar oyunu kimi qurmuşdu – onun fikrincə, başaldatdı oyun kimi. O özünü elə göstərurdi ki, ölkənin birinci dindarı odur, xalq da özünü elə göstərirdi ki, ona inanır. Çünki xalqın böyük əksəriyyətinin də, bəlkə də xoşbəxtlikdən, dərin inamı yoxdur. Yəqin ki, xoşbəxtlikdən. Ağlı başında olan adam cəhənnəmdə yandırılacağına inanar?

Ancaq ölkədə ciddi azlıq var. Yəni ciddi kişilərdən ibarət azlıq var. Onlar başaldatdı oyunlara yalnız o məqsədlə girirlər ki, oyunun qaydalarını öz istədikləri kimi dəyişsinlər, yəni onu ciddiyə çevirsinlər. Ciddidə bu azlıq güclüdür. Təbliğatda da, təşviqatda da, şantajda da, manipulyasiyada da. Arxasında da güclü maliyyəyə malik islamçı dairələr durub. Onlar zarafat sevmirlər. Onların zarafatı da, sarkazmı da, ironiyası da qorxu yaradır və hətt tük ürpədir. İranda 20-30 avtomobil kranından asılmış ölülər – elə bil ki, balıq qurudulur… Bu, “əhli-beyt” mücahidlərinin estetikasıdır…

 

 04. 11. 2026, Samara

PREZİDENT HƏR DƏFƏ QURANA AND İÇƏNDƏ AZƏRBAYCANDA İSLAM OYUNLARININ STARTINI VERİR…

əvvəli burda: https://xeyrulla.com/2026/11/02/islam-oyunlari-muselmanlar-oynayirlar-ya-muselmanlari-oynadirlar/

1700-cü ildə patriarx Adrian ölür, 1-ci Pyotr yeni patriarx seçməyi qadağan edir. Bunun əvəzinə o, mitropolit Stefan Yavorskini patriarx taxtının hamisi təyin edir.

1721-ci ildə Ruhani kollegiyanın yaradılması haqqında fərman imzalayır. Fevral ayında kollegiya Müqəddəs Sinoda çevrilir.

Kilsə üzərində nəzarət üçün çar Sinoda ober-prokuror təyin edir ki, onu “padşahın gözü” adlandırırdılar.

Sinod üzvləri çara sədaqət andı içirdilər.

Patriarxiya, demək olar ki, 200 ildən sonra, 1917-ci ilin fevralında ba verən burjua inqilabı nəticəsində, Müvəqqəti hökumətin kilsəni dövlətə tabelikdən azad etməsindən sonra bərpa olunur. Yeni patriarx seçilir. Ancaq 1917-ci ilini oktyabrnda (yeni tarixlə 7 noyabr) hakimiyyətə gələn bolşeviklər kilsəyə qarşı repressiyalara başlayırlar. 1925-ci ildə Tixonun ölümündən sonra yeni patriarx seçilmir və əslində rus pravoslav kilsəsi bilavasitə Stalinə tabe olur…

Rus pravoslav kilsəsinin tarixindəki bu dövrləri xatırlatmaq çox vaxcibdir, Azərbycanda İlham Əliyevin bütövlükdə dindarlara və dini qurumların rəhbərliyinə qarşı münasibəti çar Rusiyasının və sovet diktatorlarının münasibətini xatırladır. Fərq də var. Fərq ondadır ki, hətta Pyotrun, hətta Stalinin hakimiyyətləri dövründə  kilsə rəhbərləri, ürkək şəkildə də olsa, dövlətini kilsə barəsində yeritdiyi siyasəsə etiraz edirdilər. İlham Əliyevə qarşı Qafqaz müzəlmanları idarəsinin dəyişilməz rəhbərinin nəinki tənqid, hətta nəyəsə münasibət fərqliliyi göstərə biləcəyini hətta təsəvvür etmək mümkün deyil. İlham Əliyevin hər hansı sahəyə aid qərar və fərmanlarını çoxdan dindarların da, ateistlərin də nəzərində prinsipsipsiz, əqidəsiz və son dərəcə tamahkar, acgöz şəxsiyyət olan Allahşükür Paşazadə onlar xalqa elan olunmamışdan dəstəkləyir. Dini idarədə rəsmi vəzifə tutan qalan molla və axundlar da elə. Ona görə İlham Əliyev Qafqaz müsəlmanları idarəsində islahat keçirnəyi, onu rəsmən prezident adminstrasiyasına tabe etməyi lazım bilməyib. Yaxşı işləyən şeyi yaxşılaşdırmaq istəyən, adətən o yaxşı şeyi korlayır… İlham Əliyev özünü bütün azərbaycanlıların sevimli rəhbəri saydığından, təbii ki, müsəlmanların da sevimli rəhbəri saymalıydı. Və əslində İlham Əliyevin müsəlmanlarla münasibəti, bu münasibətin mediada nümayişinin təşkili göstərirdi ki, İlham Əliyev və onun adminstrasiyası üçün Qafqaz müsəlmanları idarəsinin əsl rəhbəri Allahşükür Paşazadə yox, elə İlham Əliyevdir. İlham Əliyev ailəsinin üzvləri ilə birlikdə yeni məscidlərin və ya rekonstruksiyadan sonra dindarların istifadəsinə verilənlərin açılışında iştirak edir, dini bayramlarda özü də, arvadı da sosial şəbəkələr vasitəilə müsəlmanların yanında olur, müxtəlif beynəlxalq İslam forumlarını paytaxtda qəbul edir, İslam dövlətlərinin yüksək rütbəli din xadimləri ilə görüşür. Yəni İlham Əliyev sistemli şəkildə adamların şüuruna yeritmək istəyir ki, ölkənin birinci müsəlmanı elə odur. Və ölkədə İslam ənənələrinin ən birinci qoruyucusu kimi kimin necə müsəlman olduğunu da o müəyyən edə bilər. Və müsəlman adı ilə dövlətə və, onun məntiqinə görə, İslama qarşı çıxanları sərt cəzalandırmağa da haqqı var.

Ancaq xüsusən 2012-ci ildəki “hicab qiyamı” yatırdılandan sonra İlham Əliyevin müsəlman əhali ilə münasibətini sözün əsl mənasında İslam oyunları adalandırmaq olar. Əslində İslam oyunu İlham Əliyevin hər dəfə prezident seçiləndə Qurana and içməsi ilə başlanır. Qurandan daha əvvəl yaranmış və Quranda dörd müqəddəs kitabdan biri sayılan İncildə İsa deyir: Mən isə deyirəm: heç bir halda and içməyin…Qoy təkcə sizin sözünüz olsun: hə, hə; yox, yox; bundan ayrı nə varsa, şeytandan gəlir.

İlham Əliyev Qurana and içib deyir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

İlham Əliyev, səhv etmirəmsə, artıq beş dəfə and içib. Azərbaycanda onun Konstitusiyaya əməl etdiyinə inanan var? Konstitusiyada konstitusiyalıq nə qalıb? Qalanlara da əməl olunurmu? Yox! Hanı xalqın parlamenti, Hanı məhkəməsi? Hanı mətbuat? Hanı jurnalistlər? (Sonuncu sualın cavabını hamı bilir: Türmədə!)

Əslində İlham Əliyev bilir ki, xalqın əksəriyyəti bu andiçmənin yalnız ritual olduğunu və onun üzərinə heç bir öhdəlik qoymayacağını yaxşı bilir. Ancaq yeddinci, doqquzuncu dəfə “seçiləndə” də Qurana and içəcək. Çünki ölkədə əhalinin səksən-doxsan faizi Qurana da, Allaha da Əliyev necə inanırsa, o da elə inanır. Əhali üçün ritual, mərasim çox vacibdir, gələn dəfə İlham Əliyev Qurana and içməsə, deyəcəklər prezident yəhudi dinini qəbul edib…

 

(ardı var)

3 noyabr, 2026, Samara

BU DA BİR QƏRİBƏ MÜHARİBƏDİR…

 

Yaxın neftayırm zavodu yanır
Ucalır möhtəşəm tüstü  sütunu,

Yayılır, qaraldır çayın üstünü,

Çayın suları da qara boyanır.

 

Gəzən çox bulvarda, hava istidir,
Qızıldır bu payız həqiqətən də.

Durub baxan da var, selfi çəkən də

Tarixdir bu yanğın, qara tüstü də.

 

Yanğın, yanğın” deyib bağırmır heç kəs,

Elə bil təbiət hadisəsidir,
Baş verir yerdə və göydə arabir,

Səbəbi, adətən, dəqiq bilinməz.

 

İki-üç sutkaya,, külək də əssə,
Şəhərin üstündən tüstü dağılar.
Bilinər yanğında ölən-itən var,

Bu, maraqlı deyil ancaq heç kəsə.

 

Bizdən uzaqlarda döyüşlər gedir,
Deirlər milyonu keçib itkilər,
Dinib-danışmasaq, əlli il çəkər,
Bu da bir qəribə müharibədir…

 

02-03. 11. 2026, Samara

İSLAM OYUNLARI? MÜSƏLMANLAR OYNAYIRLAR YA MÜSƏLMANLARI OYNADIRLAR?

2025-ci ildə Ər -Riyadda 6-cı – və hələlik sonuncu — İslam oyunları keçirilib. Əslində 2025-ci ildə beşinci turnir keçirilirdi, çünki 2009-cu ildə İranda keçirilməli olan İslam yarışları ləğv edilmişdi. Növbəti yarışların 2029-cu ildə keçirilməsi nəzərdə tutulub. İranla ABŞ-ın müttəfiqi olan müsəlman ölkələr arasında ciddi silahlı toqquşmaları, Yəməndəki, Liviyada, Somalidə, Suriyada, Livanda, İraqda baş verənləri nəzərə alsaq, yarışlardan yenə imtina ediləcəyəni gözləmək olar.

2017-ci ildə İslam yarışları Azərbaycanda keçirilib.

Xristian oyunları, buddist oyunları, yəhudi oyunları, krişnait oyunları…

Yox, hələlik təbiətdə belə yarışlar mövcud deyil. Dini bayraq altında idman yarışları keçirən təkcə müsəlmanlardır. Müsəlmanlar deyəndə ki, İslam dininin dominant olduğu ölkələrdəki avtoritar və diktator rejimləri belə yarışların keçirilməsində maraqlıdırlar. Və burda siyasi maraq, siyasi mənfəət məqsədi olmasaydı, əslində İslam oyunları yalnız gülüş doğura bilərdi. İslamda nə oyun? Olimpiya proqramına salınan idman növlərindən heç birini müsəlmanlar yaratmayıb. Oyunların proqramına salınan milli idman növləri, məsələn, zorxana və ya dəvə ötüşmələri, indi İslamın rəsmi dövlət dili olduğu ölkələrdə yaransa belə, onların İslama dəxli yoxdur, çünki İslamdan əsrlərlə, bəlkə minillilərlə əvvəl  mövcud olub.

İslam oyunları əslində İslamın ləyaqətli tərəflərini yox, daha çox neqativ tərəflərini qabardır. Yəni göstərir ki, sonuncu yüzilliklərdə əhalisi müsəlman olan ölkələrdə gerilik təkcə elm, maarif, mədəniyyət sahəsində olmayıb. Qərb ölkələrində, xüsusən ondoqquzuncu əsrin ikinci yarısından sonra, kapitalizmin inkişafı, insanlarda, xüsusən şəhər əhalisində əyləncəyə, istirahətə sərf oluna biləcək boş vaxtın yaranması, bu vaxtın məzmunlu, həm də kommersiya baxımından effektli keçirilməsi zəruriliyinə cavab olaraq işgüzar və təşəbbüskar  adamlar xalq arasında çoxdan mövcud olan oyunları sistemləşdirir, onlar üçün ciddi qaydalar və peşəkar idman üçün infrastruktur yaradırlar. 19-cu əsrin yetmişinci illərində tennis belə yaranır. 1873-cü ildə britaniyalı mayor Uolter Uinqfild ot üzərində yeni oyun olan laun-tennis üçün patent alır. 1866-cı il futbolun doğum ili sayılır – futbol da İngiltərədə doğulub…

Təsəvvür edin ki, Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya Xristian oyunları keçirmək qərarına gələlər. Əslində, bu oyunlar alternativ ümumdünya olimpiadası olardı…

İndi başqa bir şeyi təsəvvür edək. Deyək ki, xristian ölkələri onların yaratdıqları, onlarda təşəkkül tapmış oyunların başqa ölkələrdə keçirilməsini qadağan edirlər. Başqa ölkələrdə deyəndə ki, müsəlman ölkələrində. Yəni deyələr ki, müsəlmansınız, gedin öz müsəlman oyunlarınızı oynayın…

Müsəlmanlar neylərdilər?

Başlarına (öz başlarına) qapaz salardılar?

Sinələrinə zəncir vurardılar?

Və ya ildə bir dəfə İslam oyunları keçirib dəvə ötüşdürərdilər?

İndi məsələnin daha ciddi bir tərəfinə baxaq. Sabah qərb ölkələri Xristian oyunlarının keçirilməsi barədə qərar çıxarsalar, müsəlman ölkələrində yaranacaq müsibəti təsəvvür edirsiniz? Müsəlmanların naləsi göylərin yeddinci qatına qalxacaq ki,  xristianlar ayrıseçkilik edirlər, öz oyunlarını keçirirlər….

Mən çox istərdim ki, Xristian oyunları keçirilsin. Müsəlmanların reaksiyasına baxmaq çox maraqlı olar. Şübhə etmirəm ki, təbliğat maşını düşüəcək işə, fars deyəcək futbol İniltərədən qabaq İranda yaranıb, ərəblər deyəcəklər hədislərdə tennis də var, basketbol da… Azərbaycanlılar… Azərbaycanlılar deyəcəklər “voleybol” bizim sözümüzdür, əslində “vəliböl”dür, oyunu Vəli adlı birisi yaradıb, əvvəl ortada tor yox imiş, elə yerə nişan vururlarmış. Deyiblər, Vəli, meydançanı böl, o da qulaq asıb, bölüb, oyunun da adı qalıb “vəliböl”…

Sözün qısası, İslam oyunları məhz idman yarışları kimi absurddur, onun keçirilməsinin siyasi motivasiyası var. Ancaq nəticə bu oyunların təşəbbüsçüsü olan, onları keçirən avtoritar və diktator rejimlərinin məqsədinə tam uyğundurmu?

İdmana maraq göstərməyən adamlar azdır, ömründə heç vaxt nəinki idmanla məşğul olmayan, hətta sağlamlıq üçün zəruri olan minimum hərəkələr etməyən, axşamlar yanını divanqdan qaldırmayan adamlar belə idman yarışları ehtirasla müşahidə edir, oyunların gedişində çox emosional dəqiqələr, saatlar yaşayırlar. Stadionlara milyonlar və hətta milyardlar yığılırlar. Ona görə idman effektli təbliğat, təşviqat vasitəsi ola bilir. Sevimli konamdanın oyununda tribunada qəddar diktator tribunada görünəndə onun düşmənləri belə, prinsiplərinə rəğmən, içərilərində empatiya adlana biləcək bir duyğu keçirirlər…İdman yarışları diktatorlar üçün özlərini vətənpərvər, millətçi kimi göstərmək üçün çox yaxşı fürsətdir…

(ardı var)

02. 11. 2026, Samara