
Döşəmədə çökük, tavanda çatlaq,
Şüşədən açıqdır rəngi pərdənin.
Kağızsız divardan tökülür suvaq –
Yaxşı ki, azalıb gəlib-gedənin.
Kranlar axıdır, boru paslanıb,
Qaz sızır deyəsən pilətədən də.
Qorxursan – mənzili su basa bilər,
Yanğın ehtimalı qorxudur həm də.
Köhnə soyuducunun narahat səsi,
Qorxursan biryolluq kəsilə, çıxa
Mühərrik sıradan. Toyuq tikəsi
İylənə, azca yağ əriyib axa.
Səsi də, rəngi də televizorun,
Səni baxdığından çox düşündürər.
Qorxursan qarala ekranı, pulun
Nə təzəyə çatar, nə də təmirə.
Təlaşlı, qayğılı gözlər anbaan,
Zamanın özü tək qədim saatda.
Yorğun əqrəblərin dayanmağından,
Qorxursan. Gedirlər – dərd olur bu da…
22-23.10.08 Samara