Архив | 22.12.2012

Unutduq bu küsü haçan başlanıb…

Unutduq bu küsü haçan başlanıb,

Unutduq bu kinin neçə yaşı var.

Nəsil nəcibliyi, kök qədimliyi,

Bu tarix yanında bəlkə heç nədir

Bizi zəfər kimi qürrələndirir,

Azarlı duyğu ki, enib ürəyin

Dərinliklərinə orda şərab tək,

Qıcqırır, tündləşir. Nə qədər içək,

Doymuruq. Bu nemət tükənir nə də…

                            12-14.07.08, Samara

 

ÖLƏNƏ VƏTƏN YAXŞI

                                 

Atalar deyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən də elə həmişə bunun arzusunda olmuşam. Ancaq ölməmişdən qabaq insan adətən bir az xəstə olur. Mən də bu yaxınlarda, canınızdan iraq, yaman azarlamışdım. Dedim yəqin ölümüm çatıb. Bilet alıb mindim qatara ki, tez gedib vətəndə ölüm. Qatar yerindən tərpənənəndə ürəyimə qorxu düşdü ki, deyəsən elə vaqonda öləcəyəm. Gecə elə soyuq olurdu ki, elə bil sərnişinlərin hamısı cəhənnəmə getməliydi və onlar cəhənnəm istisinə hazırlanırdılar. Rusiya sərhədində dağıstanlılar elə sıxma-boğmaya saldılar ki, huşumu itirdim, bir də Azərbaycan sərhədçisinin qışqırığına ayıldım.Gözümü açıb üzlərini görən kimi yenə halım pisləşdi.  Bildim ki, əllərində ölsəm, meyidimi erməni kəşfiyyatçısı adıyla verəcəklər təhvil. Ölmədim. Gedib çıxdım Salyana. Bir neçə gün gəzib dolanandan sonra gördüm nəsə ölümüm gəlmir, ancaq elə xəstəyəm. Dedim gedim buranın xəstəxanasına. Eşitmişdim ki, bəzəyib-düzəldiblər, prezident özü oranı iki dəfə açıb. Bir dəfə açıb, mərasim, salyanlıların xoş üzü elə xoşuna gəlib ki, iki ildən sonra yenə gedib açıb. Hə, gedib çıxdım xəstəxanaya. Həkimlər oturan yekə bir otağa girib dedim ki, əslində Salyana ölməyə gəlmişdim. Dedilər a kişi, elə gəldiyin yolla bir az geri qayıt, çünki sən elə qəbiristanlığın yanından keçib bura gəlmisən. Dedim ki, a bala, ölümüm nədənsə gəlib çatmaq bilmir, istəyirəm bir az müalicə götürəm. Dedilər ay kişi, sənin yaşında burda heç kim müalicə götürmür. Sən yaşda adamlar heç yaşamırlar da.  Gələndən bir yan-yörənə baxmamısan? Dedim ki, vallah, elə mənimki də beş-on günlükdür, özümün də səbrim kəsilib. Hələlik mənə yüngül bir müalicə yazın. Dedilər yaxşı, indi ki gəlmisən, de görək nəyin var. Dedim ki, bağışlayın, polissiz gəlmişəm. Otaqdakı adamların hamısı birdən qışqırdılar ki, a kişi, sən ağsaqqal vaxtında bura polis gətirmək istəyirdin? Utanmırsan? Bəs bilmirsən Salyan xəstəxanasına polis gətirən əskər qabağında gedər? Dedim ki, mən o polisdən demirəm, mən deyən başqa polisdir, kağızdır, pul əvəzidir. Dedilər o pul əvəzini apar ver rusa, erməniyə, bizim gül kimi manatımız var, prezidentimiz ona necə sərəncam veribsə, farağat durub, bir qəpik aşağı düşmür.  Dedim heç olmasa mənim qızmamı ölçün, yaman istilənirəm. Dedilər a kişi, ölümqabağı elə belə olur, adam əvvəl istilənir, sonra soyuq tər gəlir. Bizim xəstəxanada termometr yoxdur.  Azərbaycanda qızma ölçmək dəbdən düşüb. Prezidentimiz göstəriş verib ki, hamının temperaturu 36,6 olsun. Çünki artıq ya əskik olanda adamlar zaylayırlar, ağılları çaşır, küçəyə çıxır, müxalifələtə qoşulurlar.  A kişi, istəyirsən ki, sənə doaqnoz qoyulsun, pulunu çıxar göstər.  Biz diaqnozu pula görə qoyuruq. Hər adamın puluna uyğun xəstəliyi də var, müalicəsi də. Kimin pulu yoxdursa, onun nə xəstəliyi var, nə müalicəsi.

Əvvəl fikirləşdim ki, cibimdəki yol pulunu verib özümə bir az müalicə etdirəm. Sonra fikrimdən daşındım. Ölsəm, yaxşı, birtəhər basdırarlar burda. Arzum yerinə yetər. Ancaq birdən ölmədim? Onda necə qayıdacağam? “Sağ olun” deyib otaqdan çıxmaq istəyəndə kəsdilər qabağımı ki, beş-altı manaq çıxar at stolun üstünə, başağrısı dərmanı alacağıq. Dedim mənə başağrısı lazım deyil, başım ağrımır. Dedilər başağrısını özümüz üçün alırıq, çünki sən çox danışıb başımızı ağrıtmısan. Tez ol, kişi, yoxsa polis çağırarıq. Özü də sən deyən kağız polisdən yox, əsl polis, bığıburma, boynuyoğun. Sənə bir dənə vursa, düz gedib elə qəbiristanlığa düşərsən.

Başağrısı pulunu verib ordan çıxdım. Maşına minib gəldim Bakıya, ordan da qatarla bura. Vətəndə ölmək, əlbəttə, yaxşıdır, ancaq çətindir. Yaxşısı budur ki, elə adamın hazır ölüsü ora gedə…

 

Mirzə ƏLİL

03.03.09 Samara

 

 

Robert FROST. GECƏNİ MƏNDƏN SORUŞUN (ACQUAİNTED WITH THE NIGHT)

Yox məndən gecəni yaxşı tanıyan,

Çıxanda yağırdı. (Qayıdan baş həm).

İndi son işıq da arxada yanır.

 

Bu şəhər cığırı qəm doğurur, qəm,

Keşikçi rastlaşdı – saya salmadım,
Suala tutardı yoxsa, bilirəm.

 

Dayandım. Ətrafsa sükuta daldı.

Birdən uzaqlardan, özgə dalandan,

Gəldi kəsik haray, məni haqladı.

 

Yox, bu nə “qayıt”dı, nə də “əlvida”,

Göylərin gözyetər yerində bu an,

Zaman nurlanırdı ay saatında.

 

Göstərilən vaxtsa nə düz, nə yalan,

Yox məndən gecəni yaxşı tanıyan.