QAYITMA

Qapı həmin qapı, qıfılı özgə,

Hasar ucaldılıb bir neçə daş da.

İt hürmür, duyaraq iyini bəlkə

Köhnə zəncirindən, baxır təlaşla.

 

İndi yıxılardı ayaqlarına,

Bir vaxt bu xaltanı gəzdirən köpək.

Burnunu sürtərdi başmaqlarına,

Ulardı, yad torpaq iyini bilcək.

 

Əyilmək istəyir, əyilmir, gedir,

Zəncir cingiltisi, boğuq bir hürüş.

Baxır, addımını keçən ləngidir,

Tanımır. Gör haçan olub son görüş…

 

Qatar sıyrılaraq çıxır şəhərdən,

Sancılır zülmətə. Vaqonda yeri

Yandadır. Söykənib şüşəyə düşən

Əksinin çiyninə, yuxuya gedir…

16 may 2007, Samara

Оставьте комментарий