
That thou art blamed shall not be thy defect…
Böhtana hədəfdir gözəl həmişə,
Sənin günahın yox qınanmağında,
Şübhə gözəlliyə naxış tək düşər,
Süzər ağ səmada qara qarğa da,
Yaxşısan, belə qal, qarayaxmalar
Sənin dəyərini artrar daha,
Gözəl qönçələrə qurd mehr salar,
Sənsə gözəllikdə özün ilk bahar.
Gənclik fitnəsindən qaça bilmisən,
Ya bata bilməyib, olmayıb ya da.
Sənin şərəfinə nə tərif desəm,
Həsəd çəkənlərin çətin ki, susa.
Kölgə düşməsəydi adına əgər,
Əsirin olardı bütün ürəklər.
İngiliscədən tərcümə
26.02.2018
Samara