Архив | 06.03.2018

UİLYAM ŞEKSPİR. 75-Cİ SONET

Sonnet_75_1609.jpg

                        So are you to my thoughts as food to life…

Həyat nemətisən fikirlərimə,

Sən bahar yağışı, mənsə torpağam.

Səninlə sülh üçün çəkişirəm mən,

Sərvətiylə girinc simic sayağı.

 

Gah baxıb həzz alır sərvətinə, gah,
Qorxur oğru gəlib girər indicə.

Mən də gah istərəm  ikimiz olaq,

Gah da bütün dünya görsün incimi.

 

Vaxt olur səninlə doyur gözlərim,

Bəzən də möhtacam bir baxışına.

Özgə bir həzzim yox, nə də gözlərəm,

Bəsimdir nə versən ya bağışlasan.

    

                          Gah acam, həvəsim yoxdu gah yeyəm,   
                          Gah süfrəm doludur, gah dilənçiyəm.    

İngiliscədən tərcümə

03.03.2018

Samara

AZƏRBAYCAN DEYİLƏNDƏ AYAĞA DUR… TƏKQIÇLI…

ARAZ MƏMMƏD

Mənə elə gəlir ki, Azərbaycanda Azərbaycan haqqında şeir yazmağı qadağan eləmək lazımdır. Əvvəl yazılanlardan  bir-ikisini saxlamaq olar. Məsələn, Cəfər Cabbarlının “Ölkəm” şeirini. Çünki Azərbaycanda yaşayıb Azərbaycana tərifli şeirlər yazan adamın şairliyi də, vətənpərvərliyi də şübhəlidir.

Azərbaycan şairi həmişə zarıyır ki, “ay vətən, ölsəm, torpağın olum”. Özü də öz kəndinin torpağına çevrilmək istəmir, Fəxri Xiyabanı istəyir…

Məmməd Araz qayada mamır olmaq istəyirdi. O da yəqin Fəxri Xiyabandadır. Yəqin kürəkəni Aqil Abbası da onun yanına qoyacaqlar. Üzrlü səbəbi var. Vətənini ermənilər alıblar, özü oturub məclisdə, vətən fikrini çəkməkdən başı soğan bitirib…

Qayıdaq Məmməd Araza. Onun “Azərbaycan” şeirinə.

Bu şeirdə Azərbaycan – həm qayada bitən çiçəkdir (əslində mamır olmalıdır, çünki Məmməd Araz özü qayada mamır olmaq istəyirdi), həm çiçəklər arasında qayadır…

Bu bənzətmələrdə Azərbaycan haqqında nəsə var? Bu, tamada çıxışıdır ya şeir?

“Oğulları Kür gəzdirər biləklərində…”

Kürü biləkdə necə gəzdirmək olar? Biləyin Kür gəzdirməyi onun hansı keyfiyyətini açır?

“Oğulların göz atəşi gözəl əridir…”

Bəlkə bişirir? O nə gözəldir ki, oğlanın baxmağıyla “əriyir”? Oğlan nə qədər və hansı bucaq altından baxmalıdır ki, qız ərisin? Birdən qardaşı çıxdı tindən? Özü də Kür biləkli…

«İllər olub – kürələrdə dəmir olmuşuq…»

Haçan? Pambıq, tütün, üzüm olmuşuq – bunu bilirik. Haçan dəmir olmuşuq?

“Sərhədlərdə dayanmışıq küləkdən ayıq”.

Haçan? Hansı sərhədlərdə? Bu şeir yazılan vaxtlar azərbaycanlılar Çin sərhəddində sovet sərhədini qoruyurdular. Azərbaycanın sərhədfi yox idi. Əslində Azərbaycan da müstəqil dövlət kimi yox idi…

“Od gölündə, buz çölündə gəmi olmuşuq”…

“Buz çölündə gəmi…”

“Biz Bakının ilk səadət caqrçılarıyıq”…

Biz – kim? Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi? Axı bu şeir yazılanda səadət carçısı bu orqan idi. Birinci katib də Heydər Əliyev.

Yadınızdadırsa, bəndin əvvəlində sərhəddən danışılırdı, şair sərhəddə durmuşdu, Çitada ya Xabarovsk vilayətində. İndi Bakının səadət carçısıdır. Bəndin daxilindəki misralar arasında təxmini də əlaqə yoxdur. Ya da varsa, bu, cəfəngin cəfənglə təbii yaxınlığıdır…

“Min illərlə zülmətlərə yollar açıqdı…”

Hansı zülmətlərə? Zülmətə açıq yol –  bu necə olur? Yol açıqsa da, fikir qaranlıqdır…

“Dalğalandı Sabirlərin ümman dünyası….”

Sabirlər…Dahi cəm halda…. Məmməd Arazlar ola bilər və var da. Ancaq Sabirlər… “Sabirin ümman dünyası” – bu nədir? Deyək ki, özümüzü gücə salıb bir şey təsəvvür elədik. Bəs dalğalanmağını?

Sonra şair təntənəli şəkildə məlumat verir ki, “qoca şərqin duman dünyası dağılıb” və “Azərbaycan qatarı da yollara çıxıb…”.

Niyə çıxmasın, əgər “zülmətə gedən yollar açıqsa…”

“Azərbaycan deyiləndə ayağa dur ki…”

Mənə elə gəlir ki, şair burda sözünü tam deməyib. Yəni deməliydi ki, ayağa dur, özü də təkqıçlı. Bir yarım saat. Bəlkə də çox. Azərbaycan qatarı zülmət yollarından qayıdanacan…

Vay bizim uşaqlarımızın halına…

06.03.2018

Samara

ANAR HAQQINDA:  REPUTASİYALAR VƏ EPİTAFİYALAR

ANAR 1.jpg

1981-ci il dekabrın 19-da Ədəbiyyat institunun müəllimi Yuri Tomaşevski III kurs tələbələriylə seminar keçirdiyi kiçik auditoriyaya girib salamlaşır və əlindəki “Litaraturnaya qəzeti”ni” qeyzlə masanın üstünə atıb deyir: “Lap abır-həyanı itiriblər!” Literaturkanın birinci səhifəsində Brejnevin portreti və onun beşinci qızıl ulduzla təltif olunduğu barədə fərman var – bu gün Baş katibin yetmiş beş yaşı tamam olur. “Aleksandr İsayeviç burda olanda yenə bir az özlərini yığışdırırdılar, onun təkcə ölkədə olmağı xeyli adamı məcbur edirdi ki, özlərini ləyaqətlə aparsınlar…”- deyə Tomaşevski qəzeti qaldırıb yenə masanın üstünə atır. O öz-özüylə danışır, içərisində azərbaycanlılar da olan üçüncü kurs tələbələri, dərsə çox vaxt gəlməyən bir neçə nəfər moskvalı istisna olmaqla, siyasətdən kənardılar. Azərbaycanlılar, əslinə qalsa, elə ədəbiyyatdan da kənardılar – ancaq bu, ayrı söhbətdir… Tomaşevskinin kimi konkret qınadığını demək çətindi – Brejnevə ulduz verənləri? Yazıçı qəzeti olan Literaturkanı? Bütün yazıçıları? Aleksandr İsayeviçsə, əlbəttə, Soljenitsın idi – Brejnevçiliyin siyasi və estetik antipodu. Onun yanında, əlbəttə, özünü yığışdırarsan… Qonaq kimi gəldiyim seminarın onsuz da iflic olmuş işindən yayınıb bir vaxt Bakıda gördüyüm bir səhnəni xatırladım. 1980-ci ilin günəşli yanvar günlərinin birində o vaxt uğurlu sayılan bir xeyli yazıçı İttifaqın qabağında yığışıb qeybət qırır. Birdən hamı susub özünü yığışdırır və indiyəcən şəkillərdən və televizordan tanıdığım Anarın adamlara baxmadan, verilən salamları demək olar ki, cavabsız qoyaraq keçib getdiyini görürəm… Читать далее