SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI İLƏ BAĞLI QEYDLƏR

Mən Səməd Vurğunun “Vaqif” pyesini  az qala əlli il qabaq oxumuşdum. Və hamı kimi mən də bu pyesi dram bilirdim, indi oxuyuram, görürəm əməlli-başlı komediyadır.

Heç kim inkar edə bilmiz ki, Səməd Vurğun Azərbaycan dövlətçiliyi tarixində xidmətləri olmuş İbrahim xanı əsil oğraşa çevirmişdir. Onun yanında çox mühüm vəzifə tutmuş Vaqif xanı Vidadi ilə söhbətində “köpək” adlandırır.

“Mən orda olmasam qan çıxar dizə,
O bəzən hirslənib quduran zaman,
Mənəm zəncirini dartıb saxlayan…”.

Molla Pənah Vaqif (“hər oxuyan Molla Pənah olmaz!”) xidmət elədiyi dövlət başçısı haqqında belə danışardımı? Ümumiyyətlə, Vaqif bu tərzdə danışmaq səviyyəsinə enərdimi?

Bundan əvvəl Səməd Vurğun Cavad xana döşəyir. Guya Vidadini saraya, saray şairi olmağa dəvət etməyə Cavad xan tərəfindən göndərilən adamları Vidadi qovur.

Sual çıxır: Cavad xan Vidadini neynirdi? Vidadi Gəncədə ağsaqqal vaxtında nə yazacaqdı? Yenə “Durnalar” şeirini?

Yox, məsələ ayrıdır!

“Sizi vəzirliyə dəvət edir xan”.

Yəni nazirliyə.

Mədəniyyət naziri olmağa?

Vidadi qəbul etmir:

“Məndən nə şah olar, nə də xan olar”.

Necə yəni şah ya xan? Guya Cavad xan öz yerini Vidadiyə verəcəkdi? Yəni bu uyğunsuzluqlar, bu hoqqalar, əlbəttə, gülüş doğurmaq üçün yazılıb, ancaq millət nədənsə səksən ildir ki, bu cəfəngiyatı eşitdikcə “dərin fikirlərə qərq olur” (yazıq...).

Məlum olur ki, Cavad xanın sarayında qan su yerinə axır:

“Tükəzban, o saray qan ocağıdır…”

Cavad xanın Vidadiyə elçilər göndərməyi çox yöndəmsiz bir qondarmadır, bu epizodu pyesə salmada Səməd Vurğunun məqsədi Cavad xanın xatirəsini təhqir etmək, bununla da Stalinin rəğbətini qazanmaq olub. Cavad xanın adı Azərbaycanda Rusiya işğalına qarşı müqavimətin simvoludur. Yeri gəlmişkən, Gəncə qalası süqut edəndən sonra onu gürcü dəstələri qarət ediblər, müasirin yazdığına görə, bütün kişi əhalisi qırılıb, qadınlar əsir götürülüb. Ümumiyyətlə, Gəncənin mühasirəsi və hücum zamanı şəhərdə qırılanların sayı Xocalı qurbanlarının sayından qat-qat çoxdur. Səməd Vurğun bunu da, general Tstsiyanovun kim olduğunu da yaxşı bilirdi, ancaq öz millətinin şərəfini Stalinin və onun nökərlərinin ayağı altına atıb tapdalatdırdığı birinci və sonuncu dəfə deyildi…Şaumyan başda olmaqla 26-ları babası sayan adamdan nə gözləmək olar?

Ancaq ən böyük bəla odur ki, səksən il ərzində Azərbaycan milləti səhnədən Cavad xanın, İbrahim xanın təhqirini alqışlayır, bu təhqirlərin müəllifinə səcdə edir…

SƏMƏD VURĞUNUN KOMEDİYASINDA VAQİF BOLŞEVİKDİR

Demək lazımdır ki, Vaqiflə Vidadi arasında mükalimədə fəlsəfi polemika iddiası olsa da, çayxanalarımızda və yas yerlərimizdə gedən bəsit və hətta cəfəng söhbətlər səviyyəsindədir:

“Ömür vəfasızdır, bizi tərk edir,

Hər ağ gün, qara gün ömürdən gedir”.

“Edir, gedir…” Birinci misrada ömür özü gedir, ikinci misrada ömür getmir, ömürdən günlər gedir… Həmin hamam, həmin basməmmədi…

Səməd Vurğunun qəhrəmanlar, istər çoban Eldar olsun, istər Molla Pənah, hökmən bolşeviklərə oxşamalıdırlar.  Vaqif tam bolşevik deyil, ancaq bolşevikliyə yaxındır, bəzi şeylərdə bolşevik mübarizəsinin önündə gedən ekstremistləri xatırladır. Vaqif – Allahsızdır!

      Vidadi

«Yoxsa ağ olursan böyük Allaha?

Vaqif

Bilirsən, Vidadi, sözün doğrusu,
Olmaq istəmirəm vicdan oğrusu…

(Bir şey başa düşdünüz? Doğrusu, oğrusu… Necə yəni “vicdan oğrusu”?)

         Vaqif

Qoy nisyə dalınca şeyxlər yüyürsün,
O nisyə cənnəti qoy onlar görsün

Boş sözdür «dünyanı heçdən yaradan»,
Bütün cənnətləri quracaq insan…

 Bu, əlbəttə, komediyadır. Pyes 1937-ci ildə yazılıb. Qanlı 37-ci ildə. İnsanın necə cənnət qura bildiyi Səməd Vurğun yaxşı görürdü. Düzdür, Səməd Vurğun özü cənnətdə yaşayırdı. Maşınlar, ov, kurortlar, xarici səfərlər, bahalı mehmanxanalar…

          Vaqif

Çoxdur Qarabağda gözəl sənəmlər,

Baxdıqca kül olur dərdlər, ələmlər.

Məndən çox uzaqdır hər bəla, hər qəm,

Yalnız gözəllərdir Məkkəm, Mədinəm.

Dərdlər kül olur? Ələmlər də? Ay, vay… Bu, şeir dilidir? Vaqifdə, bütün fikirləşən adamlarda olduğu kimi, vaxtaşırı şübhələr oyana bilərdi, Ancaq Allahı danmaq… Belədə ruslar deyirlər ki, özünə görə mühakimə edirsən. Səməd Vurğun özü əqidəsiz olduğundan, ən yaxşı adamlarımıza da bu “nəcib” xassəni yaraşdırmaqdan çəkinməyib…

=====================================================

Kəndlilərin Vaqiflə görüşü sovet incəsənətində aparıcı süjetlərdən birini – kəndlilərin Leninlə görüşünü xatırladır.

Əhməd kişi

“Yenə əllərimiz qabar-qabardır…”

Kəndlinin əlləri manikürlü olmalıdır?  1937-ci ildə, bu komediya yazılanda, Azərbaycan kənlilərinin əlləri nə gündəydi? Başları da briqadirlərin, təhkimçilərin qapazının, qırmancının altında… Hələ Sibirə, Qazaxıstana qolçomaq adı ilə sürgün olunanlar bir yana…

Nə xurcun dibində bir arpa vardır,

Nə də təknəmizdə quru bir çörək…

Doğrudanmı? Bəs bu Əhməd kişi nə yeyib dolanır? (Vaqif özü vəzirlikdən qabaqkı güzəranından şikayətlənib, ancaq o, ətin, pendirin olmadığından gileylənir). Arpa?

Ancaq yadımızdan çıxarmayaq ki, bu, komediyadır. Bu yerdə zalda gülüş olmalıdır. Heyvərənin biri də yerindən qışqırır: “Əhməd kişi, ağ eləmə də…”

Bolşevik şairinin komediyasında istismarçılar dövründəki kəndlinin təknəsində çörək olmamalıdır. Uşaqlar anasını əmməli, böyüklər də… Vallah, demək də ayıbdır… Yəqin barmaqlarını sorublar…

Kəndlilər Vaqifin kəndi qoyub Qarabağ vəzirliyinə getməyindən məyusdurlar. Ancaq onların söhbətindən məlum olmur ki, Vaqifdən nə xeyir görürlərmiş – bir müəllim kimi, ictimai xadim kimi.

Qurban kişi.

“Şeirlər deyirdin qıza, gəlinə…”

Aha! Qıza, gəlinə şeir deyirmiş! Çuvalında bir dənə də arpa olmayan kəndli də yeməsin, içməsin, ancaq qıza, gəlinə deyilən şeirlərə qulaq assın! Bəh-bəh!

Sonra sazlar gəlir.

Doğrudan, qardaşım, inan ki, bir an,

Könlüm ayrılmamış telli sazlardan.

Burda, əlbəttə, “telli sazdan” olmalıdır, ancaq heca sayını doldurmaq üçün Səməd Vurğun “ları” yamayır sözün axırına.

“Durnalar” deyişməsini eşidən kimi Əhməd kişi sağollaşıb çıxır. Vaqif böyük dövlət xadimidir, nazirdir, administrasiya başçısıdır, yəni Ramiz Mehdiyev kimi bir adamdır, “xurcununda bir arpa” belə olmayan Əhməd kişiyə bir tikə çörək də təklif eləmir. Bu mümkündürmü?

Əhməd kişi çıxan kimi Vaqif (Səməd Vurğunun Vaqifi) buludlara şeir deyir.

“Parçalanmış ağ buludlar, göydə bardaş quraraq”…

Ağ buludlar bəlkə də parçalana bilər, ancaq eyni zamanda necə bardaş qururlar? Gərək ikisindən biri ola…

Ay isə

“Təbiətin saflığına qulaq asır uzaqdan…”

Saflığı duymaq olar. Ancaq ona necə qulaq asmaq olar? Yəqin bu da gülüş üçündür…

Sonra qəfildən Vaqif elan edir ki, Vidadini arvadı ilə birgə oğlunun toy məclisinə dəvət edir. Və Qarabağdakı gözəl həyatdan danışır:

Yenə yanaqlara sığal vurulur,
Hər daşın dibində bir toy qurulur…

Hər daşın dibində bir toy… Belə çıxır ki, Qarabağ camaatı kefdədir, yəqin çuvalları doludur, təknələri də. Bəs bayaq Əhməd kişinin dedikləri?

Vaqif:

“Gedək, bizim yerlər xoş keçər sizə…”

Səməd Vurğunu oxuyanda vaxtaşırı beə fikir yaranır ki, Azərbaycan dili onun ana dili olmayıb. Necə yəni “yerlər xoş keçər sizə”? Yerlər xoş keçməz, yerdə adamın vaxtı, günü xoş keçər ya da keçməz…

Erməni Sayat Novaazərbaycanca yazıb, ancaq belə baş-ayaq yox…

————————————————————————————-

TOY

İbrahim xan xanəndələrə əmr edir:

“Tez olun yaxşı bir segah oxuyun!”

İndi özünüz fikirləşin, hansı heyvərə xanəndəyə “tez olun” deyər? Bəlkə də çayçıya deyərlər, kababçıya deyərlər. Ancaq xanəndəyə yox.

“Yaxşı bir segah” – segahın nə yaxşısı? Şübhə yoxdur ki, xan musiqidən kənar adamların çoxu kimi muğama segah deyirmiş. “Bir çahargah oxu, segahıyla…”

İbrahim xan Vaqifə:

“Vəzir, xeyir işiniz xeyli mübarək”.

Hansı azərbaycanlı belə danışır: “xeyli mübarək”? “Çox mübarək” deyirlər. Müəllif heca sayını düzəltmək üçün yöndəmsiz sözü soxur misraya.

Sonra Təlxək gəlir. Əlbəttə, Səməd Vurğun şekspirlik iddiasındadır, ancaq onun təlxəyi filosof deyil, ayıb olmasın, oğraşın biridir.

Dir qumardan, bir atdan,
Bir də gözəl arvaddan,
Ehtiyatlı dolanmaq…

Yəqin Səməd Vurğun özü gözəl qadınlar barədə bu fikirdə olub…

Sonra Vaqif gəlininə müraciət edir. Qadının azadlığı barədə bolşevik ritorikası belə bitir:

Camalın dünyadır, qucağın cənnət…

Qayınata bunu gəlininə deyər? Qayınata köpəkoğlunun gəlinin qucağı ilə nə işi var…

Nəhayət, əsərin qəhrəmanı çoban Eldar gəlir. (Bu çoban sonra, 1970-ci illərdə beş qoyundan iyirmi bala alacaq, SSRİ Ali Sovetinin deputatı olacaq, doktorluq dissertasiyı müdafiə edəcək…)

Remarka deyir ki, Eldar çiynində bir quzu içəri girir. Bundan əvvəlki remarka deyirdi ki, toy Şuşa qalasında, xan sarayındadır. Təsəvvür edirsiniz, çoban gəlir girir saraya… Girsin, yaxşı, buna inandıq. Bəs çiynindəki quzu? Sarayda keçirilən toyda, vəzir oğlunun toyunda quzu çartmırdı? Qarabağ xanının sarayı nə gündəydi ki, ora çoban quzuyla girəydi? Bu, komediya deyilmi?

Xan çobanın gəlişindən hiddətlənəndə Vaqif ona xasiyyətnamə verir. Deyir ki, vicdanı təmizdir və “dilindən düşməyir gözəl nağıllar”…

1970-ci illərin çobanı, kənd təsərrüfatı elmləri doktoru Həsən Kərimov nağıl-zad bilmirdi, deyəsən yazıb-oxumağı da, ancaq hər qoyundan dörd-beş bala alırdı…

“Sizin güldüyünz çoban torpağı…”

Qacar belə çoban torpağına gülübsə, yaxşı eləyib, kişini nə qınayasan…

Mən yuxarıda Səməd Vurğunun Azərbaycan dilini yaxşı bildiyinə şübhə bildirmişdim. Burda da baxın:

Xeyir, yanıldınız, ona dil verən,

Göziylə dünyada alovlar görən,

Kəndistan yeridir…

Başa düşdük ki, Eldara dil verən kənd yeridir (kəndistan – Səməd Vurğunun heca xatirinə qondardığı nelogizmdir). Bəs gözü ilə alovlar görən kimdir ya nədir? Eldar? Kəndistan?

==================================================================

QARABAĞ XANLIĞI YA QARABAĞ ÇOBANLIĞI?

Doğrudan da Vaqifin oğlunun toyu “Vaqif” komediyasında ən gülməli səhnələrdəndir. Saraya çiynində quzu ilə girən çoban Eldar (əslində, Vaqifin dostuydusa, çoban gərək toya qoyunla yox, arvaıyla gələydi…) xana salam vermir. Sonra Qarabağ xanını it adlandırır:

Ancaq olmasaydı kasıb kəndlilər,
Buncaq qudurtmazdı sizi simü zər…

Fikir verirsiniz çobanın dilinə? “Qızıl-gümüş” demir, “simü zər” deyir… Məlum deyil ki, quzu bütün səhnə boyu onun çiynindədir, ya düşüb gəzir xan sarayını…

Məsələ burasındadır ki, o illərdə də, ondan sonra da, sovet dağılanacan, Azərbaycan məktəblərinin çoxunda dəhlizlərdə, xüsusi guşələrdə rusların tarixi şəxsiyyətlərinin, sərkərdələrinin şəkilləri asılardı. Məsələn, şücaətləri şübhəli olan Aleksandr Nevskinin, Dmitri Donskoyun. Səməd Vurğun çoban Eldarı önə çıxarıb İbrahim xanı p…xa döndərir. Bütün mümkün qüsurlarına və hətta törətdikləri qəddarlıqlara baxmayaraq, xanlar dövlətçiliyimizin əsaslarını yaradıblar, “xanlıq” xan sözündəndir, dövlətləri çobanlar yaratsıydılar, xanlıq yox, “çobanlıq” adlanardı…

Və qəribədir ki, bilinmir çoban Eldar xandan nə istəyir, onun konkret iddiası nədir. Səməd Vurğunun öz iddiası məlumdur: xalq qəhrəmanını qaniçən monarxa qarşı qoyub monumental səhnə yaratmaq. Ancaq dağ siçan doğur. Qarşıdurma sünidir və inandırıcı deyil – çobanla xanın nə qarşıdurması?

Bu xan bir ilanmış, saray – yuvası,

Zəhrimar qoxuyur onun havası.

Bunu Vaqif deyir və məlum deyil ki, xan ona nə pislik edib. Üstəlik and içir ki, “iş ki belə düşdü, meydanda varam!”

Kənd mirzəliyindən, müəllimlikdən vəzirliyə qaldırılmış adamın xandan nə gileyi olmalıdır? Və arxası, kökü olmayan bir şair Qarbağ xanıyla necə ayaq-ayağa verə bilər? Bütün bunlar, əlbəttə, Səməd Vurğunun primitiv və heç vir tarixi əsası olmayann fantaziyalarıdır, ancaq gülməli (bəlkə də ağlamalı) odur ki, səksən ildən bəri millət bu fantaziyaları ikimədəlilər kimi çeynəməkdə davam edir…

Və sonra Əli bəy xəbər gətirir ki, “ata, həbs etdilər yazıq Eldarı…”

Çoban Eldar Qarabağ xanının nəyinə lazımdır?

İndi təsəvvür edin ki, bir çoban, deyək ki, Şamaxı çobanı (təəssüf ki, daha Qarabağ çobanı yoxdur…) çiynində quzu gəlib girir preziden sarayına, özü də İlham Əliyevə salam vermir…

Mən özüm təsəvvür elədim, az qaldım gülməkdən öləm…

Sonra səhnəyə Xuraman gəlir. Gələn kimi 20-25 misralıq cəfəngiyatı deklamasiya edir. Əvvəl birinci ərini yadına salır. Sonra deyir ki, başını yeyib verdilər Vaqifə. Vaqifsə “qoltuqlarda gəzib dolanır, Çox vaxt da su kimi rəngi bulanır, elə dərd tökülür qaş-qabağından…”

Bir sözlə, at getsin. Hə? Yox, burda ayrı misra gəlir:

Ancaq çox razıyam qanacağından…

Qaş-qabağından daim dərd tökülən kişidə nə qanacaq?

Bu hadisələrin baş verdiyi vaxt Vaqifin yaşı səksənə yaxın olmalıydı. Səməd Vurğun onu gənc və gözəl dul Xuramana evləndirir ki, İbrahim xanın oğraşlığını göstərə bilsin. Çünki xan binamus olmalıdır və vəzirinin arvadına tamah salmalıdır.

Xandan yaxşı nə gözləyəsən?

Səməd Vurğun 1937-ci ildə hünər eləyib Bağırovun arvadbazlığından yazaydı. Bizim “vətənpərpərvər” və “qeyrətli” şairlərimiz dəridən-qabıqdan və hətta şalvarından çıxıb Mircəfərə təriflər yazırdılar…

ÖMRÜNDƏ XAN, KÜBAR GÖRMƏYƏN VURĞUNUN PYESİNDƏ XAN KOLXOZ SƏDRİNƏ OXŞAYIR…

“Vaqif” komediyasının komediyalılığı ən əvvəl ondadır ki, uşaqlığında olsa-olsa kəndxudanı və uzaqdan-uzağa hansısa lüt bəylərdən birni görmüş adam xanlığı, xan sarayını, saray çəkişmələrini təsvir etməyə çalışır. 1937-ci ilə qədər Səməd Vurğun yalnız sovet rəhbərlərinin məişətini, davranışlarını görmüşdü və elə özü də ədəbiyyat sahəsinin yüksək rütbəli məmuru idi. Ancaq bu adamlar bütün firavan həyatlarına baxmayaraq əksəriyyətən gədə-güdə idilər. Və ona görə Səməd Vurğunun komediyasında Qarabağ xanı (!) raykom katibinə oxşayır. “Yaxşı, danışarıq!” – bunu komediyada İbrahim xan Vaqifə, yəni öz vəzirlərindən birinə deyir. Bu, xanla vəzirin danışığı deyil, raykom katibi ilə kolxoz sədrinin davasıdır. Azərbaycan ədəbiyyatşünasları fəxrlə yazırlar ki, Səməd Vurğun bu komediyanı iki həftəyə yazıb. Buna sevinmək yox, ağlamaq lazımdır. Yəni kübarlığın, kübar həyatının, xan sarayının, saray həyatının nə olduğunu bilməyən müəllif gərək ən azı bir il kitabxanalarda gecə-gündüz ədəbiyyat oxuyaydı. Ancaq Səməd Vurğun, Jül Renarın dediyi kimi, beş dəqiqə fikirləşib iki saat yazanlardan olub. Qalan vaxtı isə ceyran ovlayıb ya da ayrı keflər çəkib. Ona görə onun “əsər”lərində hətta mübtəda ilə xəbər də çox vaxt uzlaşmır, ikinci misra birinciyə zidd olur.

Qayıdaq Xuramana. Qətiyyətlə demək olar ki, Səməd Vurğunun beş dəqiqə fikirləşib uydurduğu ailə həyatında canlı, inandırıcı heç nə olmadığı kimi, Vaqifə də heç bir aidliyi ola bilməz. Xuraman da Vaqiflə eyni ilə raykom katiblərinin arvadı kimi danışır:

“Deyirlər,

Səni vəzifədən qovlayacaq xan…”

İfadənin özü, yəni “vəzifədən qovlanmaq” sovet-partiya bürokratliyasının yaratdığı dildir və bunun on səkkizinci əsrin xanlığı, ordakı intriqalar, subordinasiya probleemlərinə dəxli yoxdur. Komediya partiya təlimatları əsasında yazılıb: qaniçən (həm də oğraş) xan və ona qarşı duran demokratik xalq şairi. Ancaq xanın qaniçənliyinin, məsələn, kütləvi edamlar ya ayrı belə şeylərin sübutu yoxdur. Və  uzun müddət xanın yanında yüksək mövqe tutmuş Vaqifin də demokratikliyinə sübut olmadığı kimi. On səkkizinci əsrdə nə demokrat? Yaxşı adam? Yaxşı adamın dostu hökmən çoban olmalıydı? Səməd Vurğunun səcdə elədiyi sovet rəhbərləri, məsələn, Bağırov, bağında çobanlarla dincəlirdi, arvadbazlığı çobanlarla eləyirdi?

Komediyanın hər misrasından sovet-bolşevik təfəkkürü, ifadə tərzi, sovet qəzetlərinin şablonları pırtlayıb çıxır.

“Onu başqa ruhda böyüdüb zaman”.

Bunu Vaqif Xuraman haqqında deyir, əslində bu, partiya iclaslarının, yoldaşlıq məhkəmələrinin dilidir…

Ümumilikdə isə komediyanın dili gülüşdən çox dəhşət doğurur.

İbrahim xan yuxusunu danışır:

Elə bir dəniz ki, büsbütün qandır,
Onun dörd tərəfi qara dumandır.

Dəniz  düzbucaqlıdır ki, dörd tərəfi olsun? Yəni hər tərəfi? Dənizin hər tərəfini necə görmək olar? Təyyarədən? On səkkizinci əsrdə?

Bu dənizdə üzür qayıqlar,

Get-gedə sıxlaşır bu qayalıqlar…

Hansı qayalıqlar? Hər tərəf dumandısa, qayalıqlar hardan göründü?

Vaqif:

Çünki sözlərimdə doğruluq vardır,

Yalançı yaltaqlar və oğrulardır.

Başa düşdünüz? Birinci misra ilə ikinci misranın nə əlaqəsi? İkinci misranın mənası var?

Ümumiyyətlə, Vaqifin replikaları və monoloqları sayıqlamaya oxşayır, onlar primitiv olduqları qədər dolaşıqdırlar da.

Elimiz qoçaqdır, zülmdən əl çək…

Bunu İbrahim xana deyir. Məlum deyil ki, İbrahim xan bu “qoçaq elə” nə zülm edir və əgər bu el qoçaqdırsa, xan ona niyə zülm edə bilir.

Dalı:

Hələ tapılmayıb həyata əvəz (!!!).

“Həyata əvəz” – bu nə olmalıdır və bunu kim axtarırmış?

“Həyatın qədrini düşünün barı”.

“Həyatın qədrni” necə düşünmək olar? Bəlkə “qədrini bilmək”? Yəni İbrahim xan həyatın qədrini bilmir?

Bu yerdə şeyx Vaqifin sayıqlamasını kəsir, Vaqif onun da cavabını verir:

Yaxşısı budur ki, yaltaqlanma sən,
Ağıl ummayıram boş kötüklərdən…

“Boş kötük…” Bizdə “kötük” “küt adam mənasında təhqirli söz kimi işlənmir. Səməd Vurğun rus söyüşünü (“çurban”) tərcümə edir. Ancaq “kötüyün” (çurban) boşu-dolusu olmur, kötük elə kötükdür, “boş” sifəti misranı doldurmaq üçündür…

Xanın hüzurunda vəzirin şeyxi bazar ifadələriylə təhqir eləməyi mümkündürmü? Bu, Vaqifə (əsil Vaqifə, komediya qəhrəmanına yox) yaraşardımı?

İbrahim xan Vaqifdən məsləhət istəyir. Qacar bu gün-sabah Qarabağda olacaq.

Vaqif cavab verir:

Eldə can qoymadı ağır vergilər…

A kişi, nə vergi, nə marksizm-leninizm, Qacarın qoşunu gəlir!

Siz bu qanunlarla qalsanız əgər,

Doğma balanız da yad olacaqdır,
Külünüz göylərə sovrulacaqdır!

Bu misraların təhlilə ehtiyacı varmı? Müasirlərinin təsdiq etdiyinə görə, doğrudan da müdrik dövlət xadimi olmuş Vaqif dövlətin başçısı ilə belə qarğış və lənətlərlə danışardımı?

İbrahim xan (əlbəttə, əsl İbrahim xan yox, komediya qəhrəmanı İbrahim xan) Vaqifi mövzuya qaytarmağa çalışır, deyir ki, yaxşı, vergini azaldıram (mənim şübhəm yoxdur ki, on səkkizinci əsrdə Qarabağ xanlığında vergilərdən Səməd Vurğunun anlayışı olmayıb və özünə əziyyət verib bir səhifə də olsun tarixi sənəd oxumayıb), sonra nə olsun. Vaqif deyir ki, gərək “elin” (qoçaq elin!) vicdan azadlığı da ola (1937-ci ildə ki kimi… Səməd Vurğun özü vicdandan azad olub…)

“Açılsın hər yanda məktəb, mədrəsə…”

Bu, vicdan azadlığı deyil, bolşeviklər də hər yanda məktəb açmışdılar, ancaq insan vicdan azadlığından mərhum idi…

Dağların döşündə yollar çəkilsin,
Yollar qırağında güllər əkilsin…

Bu, vicdan azadlığıdır?

Yox, bu komediyanın hər səhnəsi, hər monoloqu, hər replikası təəccübləndirir. Təəccüb edirsən ki, oxumuş, maariflənmiş Azərbaycan milləti niyə səksən ildir bu cəfəngiyatı alqışlayır?

VAQİF MARKSDAN YÜZ İL QABAQ MARKSİST OLUB

(Burda həm də Səməd Vurğun Qarabağ “dağlarının döşü” ilə Kürdəmir çöllərini dəyişik salır, dağların döşü elə gül-çiçək bitən yerdir, yəni gül-çiçəyi hardansa gətirib ora əkmək lazım deyil…)

Vaqif “vicdan azadlığı” barədə yöndəmsiz mühazirəsini bitirən kimi şeyxdən tələb edir ki, əmmaməsini çıxarsın.

“Çıxar əmmaməni, sən keçəl qazsan!”

Burda, əlbəttə, Qoqolun təsiri görünür. İvan Nikiforoviç İvan İvanoviçi “qusak” (erkək qaz) adlandırmışdı. Erkək qaz, bəli, erkək qazdır. Ancaq qazın nə keçəli? Düzdür, qazın yolunan vaxtı olur, ancaq başını yolmurlar…

Sonra Vaqif marksizmə keçir:

“Tiryək satanısan bəşəriyyətin!”

“Din xalqın tiryəkidir”, bunu Marks deyib, belə çıxır ki, Molla Pənah Vaqif Marks dünyaya gəlməmişdən yüz il qabaq marksist olub…

İbrahim xan isə guya xalqın savadsız, yəni kor olmağını istəyir:

«…Kor olsun onlar,

Xalq ayılan zaman haqqını anlar”.

Xalqın kor olmağını istəyən xan şairi saraya vəzir gətirərdimi? Elə İbrahim xanın vaxtında Vaqif Şuşada məktəb açmamışdımı?

(Və yenə də pyesin adi qrammatik qaydalara əməl edilmədən savadsız dillə yazıldığını demək lazımdır: mübtəla xəbərlə uzlaşmır, üçüncü şəxs əvəzliyinin cəmi “onlar” “xalq”ın yerində işlənə bilməz…)

Və xan, Səməd Vurğuna görə, o qədər küt və ölüvaydır ki, vəzirin rus imperatriçəsi il danışıqlarından xəbəri yoxdur…

Burda rus monarxiyasına nə qədər rəiyyət pərəstişi var! Ancaq müəllif, yəni Səməd Vurğun, öz xalqının tarixinin hər az-çox samballı səhifəsinə işəyir…

Vaqif:

«Din ayrı, dil ayrı olsa da onlar, (yəni ruslar)

Yenə beşiyidir mədəniyyətin».

Yenə savadsızlıq: “onlar”, yəni xalq mədəniyyətin beşiyi ola bilməz, mədəniyyətin beşiyi ölkədir. Bir də ruslar hansı mədəniyyətin beşiyidir? Qərb mədəniyyətinin? Qərb mədəniyyətinin beşiyi Yunanıstan, Roma deyilmi?

Burda şeyx “vətən xaini” sözünü işlədir və, əlbəttə, bu, anaxronizmdir. ”Vətən xaini” Stalin dövrünün damğasıdır və bu damğanı, yüksək ehtimalla demək olar ki, Səməd Vurğun millətimizin qeyrətli adamlarına vurub və onları güdaza verib…

Və sonra İbrahim xanla Vaqin arasındakı deyişmə iki “debil” (başqa söz tapmaq mümkün deyil) arasındakı söyüşməni xatırladır. Vaqif sayıqlamağına davam edir:

Günəş qaranlıqda yaşaya bilməz!

Əslinə baxanda günəş elə qaranlıqda yaşayır, əgər onun işi qaranlığı işıqlandırmaqdırsa.

Belə misralara çəpik çalan soydaşım, kül sənin başına!

Sonra İlyas (nə İlyas, hansı İlyas?) gəlib Eldardan xəbər gətirir:

«O qədər artıb ki, yenə qaçaqlar,

Tutmayır meşələr, dərələr, dağlar…»

Səməd Vurğunda harda dağ varsa, dərə də var hökmən (“işıqlanır hər dağ-dərə”).

Meşələr, dağlar, dərələr tutmur! Görün bunlar neçə mindirlər! Əkmirlər, biçmirlər, bunları kim yedirir-içirir? Və əgər Qarabağda bu qədər qaçaq-qoçaq vardısa, niyə Qacaq qoşununun qabağında durmadılar?

Və qaçaqlığın nəyi yaxşıdır? Hələ Həsən bəy Zərdabi qaçaqların kənd camaatına nə qədər əziyyət verdiyindən yazırdı, çünki işləməyən, dağda-daşda gizlənən qaçaqlar sadə kəndliləri çox vaxt qarət edirdilər. Demək lazımdır ki, Səməd Vurğunun vaxtında sovet hökuməti bir az işsiz qalan adamı tüfeylilik maddəsi ilə dama salırdı…

VAQİF MARKSDAN YÜZ İL QABAQ MARKSİST OLUB…

“Min ildir baş əydik yalnız Qurana,

Baxdı gözlərimiz kor kimi ona…”
Bunu da guya Vaqif deyir. Bunun heç yarısını da deməyən yazıq Rafiq Tağını əvvəl hökumət dama saldı, sonra hökumətin havadarlıq elədiyi quldurlar bıçaqlayıb öldürdülər. Səməd Vurğunun Vaqifin adına yazdığı küfrü isə xalq artistləri səksən ildir səhnədən yayıb alqış qazanırlar, ad-san qazanırlar…

Bizim millətin ağlı yerindədir?

“Bizə yasaq oldu başqa kitablar…”
Bunu da Vaqif deyir.

Vikipediyada Vaqifə həsr olunmuş məqalədə deyilir ki, guya Vaqif astronomiya və tətbiqi riyaziyyat eləmlərini dərindən(!) bilirmiş. Əgər başqa kjitablar yasaq idisə, Vaqif özü tətbiqi riyaziyyatı hardan öyrənmişdi?

İbrahim xan da əvvəlki kimi çoban Eldarın əlində qalıb girinc. İlyas adlı bir lotu deyir ki, gedib girəcək Eldarın dəstəsinə (Eldar indi dəstəbaşıdır), onu yuxuya verib başına bir güllə çaxacaq…

Bir dəli yığıncağı var, bir də debil yığıncağı. Qarabağ xanlığının rəhbərliyi, Vaqifdən başqa, debildir…

Səməd Vurğun yaxşı bilməliydi ki, İbrahim xəlil xan ailəsi ilə birgə rus generalı tərəfindən qətlə yetirilib. Yəni şəhid olub. Ən azı bu fakt gərək onu xanın surətinə azacıq hörmətlə yanaşmağa məcbur edəydi. Ancaq Səməd Vurğun kimi əqidəsiz insandan xalq tarixini yaradanlara, bu tarix üçün can qoyanlara hörmət gözləməyə dəyərmi? Səməd Vurğun üçün rusların, Stalinin qiyməti və Stalin mükafatı hər şeydən vacib idi…

Qayıdaq İlyasa. Killer İlyasa. Xan ona “on para kənd” vəd edir.

On para kənd nədir? Qarabağ nə boyda yer idi ki, xan hər lotiya, hər killerə on para kənd paylayaydı?

Bu yandan yenə şeyx özünü soxur səhnəyə, xana məsləhət görür ki, Vaqifə arxadan zərbə vurmaq üçün xan onun arvadını…

Yəni o söz…

Qacarın hücumu ərəfəsində İbrahim xanın yaşı 60-dan çox olub. Vaqifsə təxminən 80 yaşında…

Vallah, Səməd Vurğun çox utanmaz insan olub, sağlığına deyirəm…

Təlxək:

Yekaqarın, yekəbaş,
Ara düzəldən oğraş…

Məsələ burasındadır ki, bu hoqqaların heç biri tarixdə olmayıb, bu pozğunluğu Səməd Vurğun uydurub. İndi kim oğraş olur?

Gülnarın monoloqu aşağı sinif şagirdi səviyyəsində qafiyəbazlıq nümunnəsidir, oxuduqca tüpürmək istəyirsən.

Ah, bizim dik qayalar,

Havaları sərindir,
Dərələri dərindir…

Qayanın nə diki, nə yastısı? Qaya elə qayadır…

Qayanın havası olar? Özü də “havaları…”

“Qayaların dərələri” – bu nədir?

“Əsmə, dayan, ey külək,
Ova çıxmış Əli bəy…”

Qacaqın qoşunu qapını kəsib, kəndlilərin çuvalında “bir arpa belə yox”, meşələr, dağlar qaçaqlarla dolu, Vaqin də təzə bəy oğlu ovda kef çəkir.

Bəh-bəh!

“Tüfəngini yel əysə,
Ayağına daş dəysə,
Ürəyimə ox batar…”

Hansı köpəkolu təsdiq edər ki, tüfəngi yel əyə bilər? Bu necə tüfəngdir ya bu necə yeldir?

Sonra Əminə gəlir:

— Ana!

— Qurbanam sana!

Əlbəttə, “sana”! Oyunun olsun, ay qafiyəbazlar şahı!

Sonrası lap fışdırıqdır.

Əminə.

«Əli bəy necədir, damağı çağdır?»

Gülnar:

«Nə var, lap yaxşıdır, şir kimi sağdır…»

Necə yəni “şir kimi sağdır”? Başqa heyvanlar ölüdürlər? Şir kimi güclüdür desəydi, yənə dərd yarıydı…

Dalı:

«İndi ova gedib, bu saat gələr…»

Gülnarın qolunda saat vardı? O vaxt saatla danışırdılar?

Sonra:

«Əli bəy quş kimi yemləyir məni…

Gözündə parlayır qaynaq bulaqlar,

Ürək duyduğunu xatirə saxlar…»

Sonuncu misradan bir şey başa düşdünüz? Təzə gəlin anasıyla ərindən belə danışır?

Ancaq sürpriz daldadır. Oxucu gözləyir ki, Gülnar deyəcək, ayıb olmasın, uşağa qalıb. Yox, məsələ ayrıdır.

«Ana! Şair olmaq istəyirəm mən…»

Ana da deyir. ehtiyatlı ol, “göz dəyər sana…!”

Bu komediyaya baxan hər tamaşaçıya gərək bir qab kül verilə, hər pərdədən sonra bir ovuc sovura başına…

QACAR QAPINI ALIB, VAQİFİN OĞLU QIRQOVUL OVLAYIR…

Məlum olur ki, Vidadi də burdadır. Toya gələndən köçünü salıb oturub. Bir sürü havayıyeyən, gəlin bənövşə yığır, oğul ovda, yazıq xanı istismarçı sayırlar…

Əil bəy oxuya-oxuya (!) ovdan qayıdır, bir neçə qırqovul vurub. Səməd Vurğunun “müsbət” qəhrəmanlarının içində bir ağıllı-başlı adam yoxdur…

Əli bəy Gülnara tapşırır ki, qayınanası üçün qırqovul-plov bişirsin…

Əminə də Əli bəyə corab toxuyub gətirib.

“Oğul, deyirlər ki, qış bərk gələcək…”

Kim deyir? Hava bürosu? Başqa qışlar Qarabağa yavaş gəlirmiş?

Əli bəy:

“Gəl, ana! O evdə rahatlan bir az”.

Hansı evdə?

Vaqif oğlundan soruşur:

“Çöldə nə var-nə yox?”
Əli bəy cavab verrir:
“Gördüm Eldarı,
Topıayıb başına qəhrəmanları.
Dağlarla yurd salıb Koroğlu kimi”.

Ata çölü soruşur, oğul deyir dağlarda. Səməd Vurğun oxucuya vedrə bağlayıb… Bu çoban Eldar axı harda yurd salıb və nə yeyib-içir,  əgər kəndlilərin çuvalında “bir arpa belə” yoxsa?

Vaqif:
“Yazığı saldılar çölün düzünə…”

Allahu əkbər! Yenə çöl?

Sonra Vaqifin dilində iyirmi misralıq cəfəngiyat: dağ, dərə, gül, bülbül, elat, çoban tütəyi… Vaqif doğrudan da belə yazsaydı, Azərbaycan ədəbiyyatında o adda şair olmazdı… Qondarma şairi ancaq sovet vaxtı partiya-NKVD kabinetlərində qayırıb-düzəldirdilər. Səməd Vurğun kimi…

Vaqif “dərin” düşüncələrini belə qurtarır:

“Oğlum, düşündükcə, duyduqca dərin –

Qollarda səslənən bu zəncirlərin,
Günəşli, gündüzlü bir sabahı var…”

Zəncirin gələcəyi olar? Kimin qollarında zəncirlər səslənir? Vidadi, Vaqif sarayda, Vaqifin oğlu ovda, Vaqifin gəlini, qızları başına yığı bənövşə dərir, qaçaqlar da çölləri, meşələri, dağları, dərələri doldurublar…

Vidadi də kefindən qalmır:

“Gəlin seyrə çıxaq dağları bir az…”

Sonra səhnəyə Xuraman çıxır:

“Gecə fikir, gündüz fikir,
Nə yurd salır, nə ev tikir…”

Bu, əlbəttə, Sabirin şeirindəki ziyalı arvadının şikayətinə oxşayır: “Sübh olunca gecələr darğa kimi…” Ancaq Sabir ziyalısı kasıb bir müəllim ola bilərdi.  Vaqif isə xanın vəziridir, sarayda yaşayır,  onun arvadının bu sözləri gülməli deyilmi? Və bunu Səməd Vurğun öz oxucularını və tamaşaçılarını heyvan sayıb yazmayıbmı?

“Hey düşünür ağır-ağır…”.

Xuraman hardan bilir ki, Vaqif ağır-ağır düşünür, ya iti-iti? Bəs düşünməsin?

Ümumiyyətlə, Xuramanla bağlı səhnələr nəinki bədii cəhətdən hər bir tənqiddən aşağıdır, onlar həmçinin Səməd Vurğunun bir insan kimi primitivliyindən və bayağılığından, yəni məmişiliyindən xəbər verir.

Aradüzəldən qarı deyir:

“Kimin vardır belə yarı,

Çənəndəcə xalın da var…»

“Çənəndəcə…” Bunu yazan insan necə zövqsüz olmalı idi!

“Bal kimidir didaqların…”

Qarı hardan bilir Xuramanın dodaqları bal kimidir? Onunla öpüşüb? Rəngini desəyədi, yenə dərd yarı idi…

“Gözü düşüb xanın sana…”

Yəqin Səməd Vurğunun vaxtında arvadları Mircəfər və onun nökərləri üçün belə düzəldirlərmiş… Beriya haqqında belə xatirələr var… Ancaq Qarabağ xanı? Vəzirinin arvadını?

“Gecə xanın gir boynuna,
Qollarını sal boynuna…”

Azərbaycan oxucusu və tamaşaçısı səksən ildir ki, bu rüsvayçı cəfəngiyata əl çalır…

 ARVAD «PİS GƏZİR», KİŞİ DEYİR «CANAN ÜZ DÖNDƏRDİ»…

Yadınızdadırsa, Gülnar qırqovul-plov bişirməyə getməliydi. Ancaq nədənsə qazanı qoyub gəlib durub qapının dalında, Qarı ilə şeyxin Xuramanı xan üçün necə “düzəltməklərinə” qulaq asır.

“Ay ləçər,

Bu iş yaraşarmı heç nəslimizə?”

Yeri gəlmişkən, Gülnarın hansı nəsildən olmağı məlum deyil, atasının da olub-olmadığı bilinmir, tamaşaçı ancaq anasını, Əminəni görür. Əminə də corab toxuyub gətirib kürəkəninə…

Təbii ki, Vaqif dərhal səhnəyə qayıdır. Gülnar “utana-utana” eşitdiklərini deyir. Əli bəy Gülnarı “o biri otağa aparır”, ki, Vaqif tək qalıb monoloq desin. Vaqiflə gəzintiyə getmiş Vidadi yoxdur, yəqin su başına çıxıb…

Vaqifin monoloqu.

“Yenə gözlərimdə hava qaralır…”

Qaralmaq havanın təbii xassəsidir…

“Yenə dağ başını duman, çən alır…”

Dərin fəlsəfi fikirlərdir, eləmi? Şekspir dincəlir…

“Qəlbim sığışmayır dar saraylara…”

Pyesin əvvələindən eşidirik ki, Vaqifin qəlbi dar saraylara sığmır, ancaq ağzına qırqovul-plov sığır…

“Burda gözlərimə min qan görünür…”

Qan ədədlə ölçülür? Elə indi göründü?

“Könül viran qalan bir xanimandır…”

Yəqin bu yerdə tamaşaçılar ağlaşırlar… Azərbaycanlının ağlamağına nə var ki… Dostoyevski bir qəhrəmanı haqqında yazr: “O, sentimental idi”. Sonra əlavə edir: “O, kinli və sentimental idi…”

Xuraman səhnəyə qayıdır:
“Vaqif, ey sərvərim, ey tacidarım…”

Vaqif:

“İtil gözlərimdən bivəfa yarım…”

Bu, on səkkizinci əsr ucuz, kasıblar üçün qondarılmış fransız romanına oxşayır. Qafqazlı kişi gərək burda qılınca əl ata, qan tökə, heç olmasa öz qanını… “İtil gözlərimdən…” Belə şey olar?

Yəqin komediyada olar…

Vaqif Xuramanı təkrar xanın qucağına göndərir:

“Get, atıl murdarın qan qucağına…”

Necə yəni “qan qucağı”?

Əgər xan murdar idisə, bu neçə ili Vaqif ona necə xidmət edirdi?

Xuraman gedir “qan qucağına”. Vaqif deyir: “Ey  bivəfa arvad!” Yox, bu ayrı komediyadadır. Vaqif ayrı cür deyir:
“Canan üz döndərdi…”
Canan.. Azərbaycanlı öz arvadı haqqında “canan” deyər?

Əli bəy gəlib icazə istəyir ki, “şərəfsizi” öldürsün. (Vuran oğul atasına baxmaz…) Vaqif bir sovet gürcü komediyasındakı kimi deyir ki, bala, zaman dəyişib, öldürərsən, xalq bizi düz başa düşməz…

Nə isə, gülməkdən adamın qarnı cırılır…

Vaqif:

“Düşüb-düşməyəli bu saraylara,
Hələ rast gəlmədim vəfalı yara…”

Belə çıxır ki, Vaqif sarayda arvadbazlıq edirmiş, sevdiyi arvadların da hamısı “bivəfa” çıxırmış…

Məşədi İbad, yadınızdadırsa, qoçuları başına yığırdı. Vaqif isə qələm-kağız götürüb şeir yazmağa başlayır…

Qacaqla bağlı səhnələr isə adi gülüş yox, hırıltı doğurur.

Elə ilk səhnədəcə Qacar uzun bir monoloq deyir. Doğrudur, bu monoloq dəli sayıqlamasına oxşayır, çətinliklə başa düşmək olur ki, bu insan çölü, dənizi, müşəni, dərəni qanla doldurmaq istəyir. Başqa məqsədi yoxdur. Qüdrətli bir dövlətin mütləq hakiminin, Tehranı İranın paytaxtına çevirmiş şahın nitqində mənalı bircə cümlə də yoxdur. Və hardan olsun, əgər onun nitqini xalq şairi və akademik adı daşıyan kəmsavad bir insan yazıbsa?

PYESDƏ ABIRLI İKİ MİSRA VAR, ONLAR DA OĞURLUQ…

Qacar qılıncını vəzirə göstərir (Qacarın da vəziri var).

“Bir bax, qılıncımda qanlara bir bax!”

Bundan əvvəl remarkada deyilirdi ki, Qacar yuxudan oyanıb çadırdan çıxır. Qılıncla? Qılıncda da qanlar? Silib-təmizləmirlər? Qacar özü qılınc çalır?

Vəzirinə əmr edir:

“Dayan bir qul kimi əmrə müntəzir!”

Şah vəziri ilə belə danışmalıdır? Niyə?

Ədalət naminə demək lazımdır ki, bütün bu komediyada bir ləyaqətli beyt var:

“Bir boynu olsaydı bəşəriyyətin,

Onu bir qılıncla vurardım yəqin!”

Ancaq yenə ədalət naminə demək lazımdır ki, bu beyt oğurluqdur. Svetoniyə və başqa tarixi mənbələrə görə, bu sözləri Kaliqula deyib: “Əgər Roma xalqının bir boynu olsaydı, onu bir zərbə ilə üzərdim…”

Yəni Səməd Vurğun utanıb-çəkinmədən və hətta dırnaq arasına almadan özgə fikirlərini öz adına çıxır. Yaxşı ki, savadı az olub, çox oxumayıb, yoxsa oğurluğu da çox olardı…

Yuxarıda dedik ki, Səməd Vurğunda Qacar İran şahı deyil, dəlixanadan qaçmış psixopatdır.

Gərək qan altında qalsın bu dağlar,

Bağlansın qapılar, sönsün ocaqlar.

Dalı qərəbədir:

“Könüllər ayrılsın sirdaşlarından…”

Bu boyda qoşun, bu boyda ekspedisiya – məqsəd? Könülləri sirdaşlarından ayırmaq!

Bir şey başa düşdünüz?

“Vaqif” komediyasındakı Qacarla tarixi Qacar arasında ümumi heç nə yoxdur. Tarixi Qacar İranın ən qüdrətli monarxlarından biri olmuşdur, hərbi qələbələri və dağınıq əraziləri mərkəzləşdirmək yolunda səyləri böyükdür. Səməd Vurğunun həm mənfi, həm müsbət qəhrəmanları özünə bənzəyirlər zəifdirlər, sürüşkəndirlər, həlləm-qəlləmdirlər.

Sonrasında elə yerlər var ki, oxucu gülməkdən ölməsə də, gərək qəşş edə.

“Yox, bir potavalı, çoban bir ölkə,
Böyük Firdovsilər yaratdı bəlkə…”

Potava? İranlılar bəs ayaqlarına o vaxt nə geyirdilər? İran corabı? Mokasinlə?

Sonra Vaqifin məktubu oxunur. Yəni Səməd Vurğunun Vaqifin dilindən yazdı məktubu. “Tərlan oylağı” və s. cəfəngiyat.

“Mayan turş ayrandır, zatın qırıqdır…”

Vaqif əgər belə diplomat idisə, ondan Qarabağ xanlığı ancaq ziyan çəkib. Bir tərəfdən də yaddan çıxarmayaq ki, Səməd Vurğun Qarabağ xanlığını yox, Qarabağ çobanlığını təsvir edir…

QACAR SIRAVİ ƏSGƏRİYLƏ QILINCLAŞIR, ELƏ BİL SALYAN UŞAQLARI BIÇAQLAŞIRLAR…

Demək lazımdır ki, Səməd Vurğun bu komediyasında Vaqifi həm şar kimi (onun dilində öz cəfəng şeirlərini dedirtməklə), həm diplomat kimi gödən salır və hətta onu oğraşa çevirir. Vaqifin arvadı guya xanla… o söz… Burda əgər Vaqif qan töksəydi – öz qanını, xanın qanını, Xuramanın qanını – bu pyes olardı faciə. Sarayı tərk edib getsəydi, olardı dram. Ancaq arvadı xanla guya sevişən Vaqif yenə saraydadır. Bu olur komediya. Kim deyə bilər ki, olmur?

İki həftəyə yazılmış bu məzhəkədə guya tarixi olan hadisələrin heç bir məntiqi izahı, bünövrəsi yoxdur. Qacar iki gürcünü qapışdırmaq istəyəndə “birdən arxada (?), orduda üsyan qalxır”. “Bir nəfər əsgər yüyürərək Qacarın qarşısında durur”.

Qeyd etmək lazımdır ki, Qacarın yanında sərkərdələr, zabitlər, keşikçilər, cangüdənlər yoxdur. Bir başdan xarab vəzir var ki, tez-tez deyir “buyruq sizinkidir adil hökmdar”.

Sıravi əsgər gəlib İran şahının qabağında durur? Lap belə yalançının…

“Bəsdir, vuruşmaqdn yorulduq daha,
Barı kor vicdanın baxsın Allaha!”

Bunu azərbaycanlı yazıb? Necə yəni “vicdanın Allaha baxsın”? Özü də kor…

Qacar qılıncnı çıxarır və başlayır əsgərlə qılınclaşmağa…

Belə döyüş mənə Salyan bıçaqlaşmalarını xatırladır. Salyanda elə indiyəcən belə bıçaqlaşırlar. Ancaq şah əsgərlə bıçaqlaşa? Allahu əkbər! Lənət şeytana! Qulaqlara qurğuşun!

Gürcülər fürsətdən istifadə edib qaçırlar. Gürcülər hamısı müsbətdirlər. Belə komediyaya Stalin necə mükafat verməsin?

Sən demə Qacarın qapıçısı da vampir imiş (bilinmir ki, qapıçı nə vəzifədir. Qarovul rəisi?). Deyir ki, Qacarın qanından doyunca içmək istəyir…

Sonra qalın meşəli dağ təsvir olunur. Eldarın dəstəsi kefdədir. Toğlu şişə çəkirlər. Maraqlıdır, bunlar kimin hesabına yeyib-içirlər? Çuvallarında “bir arpa belə” olmayan kəndlilərin?

Kürd Musa (əlbəttə, kürd. Kürdsüz necə ola bilər?) bayatı deyir…

Kürd bayatı deyir…

“Qərənfiləm qələmsiz…”

Qərənfilin qələmi olur?

Sonra Kürd Musa erotik şeir deyir:

“İsti otaq, bir qız…” və s.

İlyas yadınızdadır? İbrahim xanın Ştirlitsi? Hə, o da burda qaçaqlar arasında təxribat işi aparır. Deyir ki. xana batmaq olmaz. Xanın topu, tüfəngi var. Kürd Musa onun cavabını verir:

“Qorxutmasın sən xan,

Yapışıb boğazından,
Boğarıq sərçə kimi…”

Hörmətli soydaşlar! Yaxşı diqqət verin bu söhbətlərə, bütün komediya bu səvyyədədir, bu, Azərbaycan sovet ədəbiyyatının səviyyəsidir, bu, indiki Azərbaycanın rəsmi ədəbiyyatının səviyyəsidir, bu, Azərbaycan teatrının səviyyəsidir…

Və bu dəstənin başçısı çoban Eldardır. Çoban da elə Afrikada da çobandır.

Təbii ki, çoban gərək marksist-leninçi nitq söyləyə.

Eldar:

“Bir ağ gün görmədi bizim sonalar…”

Necə görmədi? Vaqifin gəlini bir dəstə qızla bənövşə yığır…

Öldü diri gözlü yazıq analar…”

Bir şey başa düşdünüz? Analar hər yerdə ölürlər… Elə atalar da… Necə yəni “diri gözlü”?

“Böyük sarayları qurub tikən biz,
Qışın şaxtasında taxıl becərən,

Biz, biz!”

Hansı ölkədə, hansı köpəkoğlu qışın şaxtasında taxıl becərər? Bunu yazanda Səməd Vurğun kefli olub ya nəşəli?

“Asıldıq hər zaman dar ağacından…”

Qarabağ xanlığında başqa iş yox imiş, elə “şaxtada taxıl becərənləri” dar ağacından asırlarmış? Niyə?

Kürd Musa:

“Ay Eldar, doğrudan, bu bəylər ki, var,

Bur azca arpası çox düşən zaman,

Yabı cinsi kimi şıllaq atırlar….”
Bəh-bəh! Şiller dincəlir!

Bu komediyaya yəqin Üzeyir bəy də əl çalırmış…

Bizim mədəniyyətimizi yaradanların çoxu elə bəy nəslindən olub. Çobanın opera ya roman yazdığını indiyəcən eşitməmişəm…

Yenə gürcülər peyda olurlar. Yenə “dağ-dərə”.

“Qana döndü dağ dərə”….

Bəlkə qana bulaşdı?

Məlum olur ki, çoban Eldar Gürcüstanı çox yaxşı tanıyır. Yəqin ildə bir neçə dəfə ailəsiylə orda dincəlirmiş.

“Çox keçmişəm hər gölündən,
Gürcüstanın dost elindən…”

Göldən necə keçirlər?

Eldar:

“İndi uşaqlar
Aparıb ötürsün sizi Tiflisə…”

Yəni lap Tiflisə? Qatarla? Ağstafa stansiyasından?

Yox, mən hələ indiyəcən belə gülməli komediya oxumamışdım!

Yox, burda da Kürd Musasız iş keçmir. Çoban Eldar ona tapşırır ki, beş-altı atlı götürüb qonaqları yola salsın…

Sonra “qoca bir qarı” gəlir. (Qarının cavanı olur?)

Məlum olur ki, xanın Ştirlitsi, yəni İlyas “qoca qarının” inəyini oğurlayıb!

Lənət şeytana!

Ştirlits – mal oğrusu?

Çoban Eldar cibindən bir dəst pul çıxarıb verir qarıya. Pul çoban Eldarda zibil kimidir . Hardandır – məlum deyil…

ÇOBAN ELDAR QACARIN QOŞUNUNU “SƏRÇƏ KİMİ” QIRIR…DƏYƏNƏYİ NƏ BİLMİSƏN…

Əli bəy gəlir və çoban Eldara (çoban Eldara!) məruzə edir ki, “Qacar basqına keçmişdi”.

Belə dramaturqu olan millət, batasan!

Necə yəni “basqına keçmişdi”? Bəlkə “hücuma”? Bəs Qacar hücuma keçmişdisə bu “qaçaqlar”, niyə toğlu kababı çəkirlər?

Oxuduqca adamın başıdan tüstü çıxır…

Sonra Əli bəy Vaqifin tapşırığını çoban Eldara çatdırır, deyir ki, siz gedin “arxadan vuruşun”.

Qacar ordusu qoyun sürüsüydü ki, çoban Eldar onun dalınca gedəydi?

Əli bəy:

“Vətənin gözləri indi bizdədir”.

Bu qondarma bəy hələ dünən qırqovul ovlamırdımı?

Bu yurda qoymayaq zalım Qacarı,

Talana getməsin ellərin varı” – bunu da Əli bəy deyir.

“Ellərin varı”? Ellərin nə varı? Kəndlilər demirdilərmi çuvallarında “bir arpa belə yoxdur”?

Sonra çoban Eldar nitq söyləyir:

“Vətən torpağının bir böyük oğlu,
Vicdanı bir böyük eşq ilə dolu”.

Bunu, əlbəttə, çoban Eldar yazmayıb, Səməd Vurğun yazıb – xalq şairi, akademik. Baxın, “böyük sözü iki dəfə, dalbadal işlənir. Vicdan necə eşqlə dolu ola bilər? Vicdan özü subyektiv, mücərrəd anlamdır, eşq də duyğu. Bu sayıqlamanı Azərbaycanın xalq artistləri səksən ildir səhnədən ifa edirlər…

Dalına baxın, görün çoban nə deyir:

“Bizi dəvət edir qışdan bahara,
Azadlıq uğrunda vuruşmalara…”

Bir şey başa düşdünüz? Vaqif bu lotuları vuruşmağa dəvər edir. Acizanə. Pliz, toğlunu yeyəndən sonra, mümkünsə, keçin Qacarın dalına…

Ay-vay, gülməkdən öldüm…

Remarka: “Ura çəkib hücuma keçirlər”.

Yalançının lap… Rəhim Qazıyev də belə hücuma keçirdi…

Sonrakı şəkildə Qacar dağ başından yanan kəndləri seyr edir.

Çıxsın asimana odlar alovlar,
Göylərdən od töksün yerə ruzigar”.

Yerdən od qalxır, bunu başa düşdük,. Göydən də yerə? Ağ olmur?

“Üzsün qan içində gəlinlər, qızlar,
Yerdə göyərçinlər, göydə ulduzlar”.

Göyərçin toyuq deyil, uçan quşdur, yerdə niyə üzməlidir? Göydə ulduzların qanda üzməyi – bu necə olur?

Sonra Kəndli gəlir. Xahiş edir ki, Qacar əmr edib yanğınları dayandırsın.

Bayaqdan müəllif deyirdi ki, kənd od içindədir. Əmr verməklə yanğını necə dayandırmaq olar? Bəlkə söndürmək?

Həqiranə xahişlə gələn kəndli sözünü çox yuxarı notda bitirir:

“Burda Koroğlular at oynatmışdır”.

Çox maraqlıdır ki, qan-qan deyən Qacar başından böyük danışan kəndliyə baş qoşmur. “Qalxıb gedir”…

Ancaq yenə qayıdır. Və bu səhnədə birinci dəfə “sərkərdə” görürük.

“Şahım. Arxa cəbhə çox qorxuludur,

Eldarın dəstəsi gəlir irəli,
Qırır sərçə kimi bizimkiləri…”

Aha! Bəs çoban dəyənəyini nə bilmişdin? İran ordusu çoban dəyənəynin qabağında dayana bilər?

Gülməkdən öldüm…

Görün sərkərdə sonra nə deyir:

“Gizlənin barı,
Tutaq qabaqdakı qayalıqları,
Oralar çox bərkdir…”

Yox, dünya ədəbiyyatında belə gülməli şey yazılmayıb. Analoqu yoxdur!

“Qabaqdakı qayalıqlar” – qabaq haradır, dal haradır? Qaya, düzdür, bərk olur. Ancaq Qacar qayada necə gizlənəcək…

Vallah, Səməd Vurğun bizim millətə əməlli-başlı işəyib… Vallah, bunu oxuyan gülməsə, yumor hissini ana südüylə əmməyib…

Qacar:

“Çəkin atları,
Bir bölük göndərin arxaya sarı,

Qabağı saxlasın gizlənincə biz…”

Kül başına, Qacar! Bisavad bir cızmaqaraçının əlində girinc qalmısan…

Başa dümək mümkün deyil ki dal hardadır, qabaq harda. Qacarın at üstündə qayada gizlənməyini necə təsəvvür edirsiniz?

Vallah, Səməd Vurğun Azərbaycan oxucusunu, Azərbaycan tamaşaçısını heyvan sayıb…

Sonra Şeyx gəlir. Şeyx oğraş olduğu kimi gərək hökmən vətən xaini ola. Düşür Qacarın qabağına ki, bələdçilik edib qayalıqda gizləndirsin…

Ölmüşük, vallah, yerdən götürən yoxdur…

Sonra Qacarın qoşununda müharibə əleyhinə bolşevik təbliğatı gedir və dava düşür. İran əsgərlərinin çoxu keçir çoban Eldarın tərəfinə.

Çoban Eldar:

“And için qılınca!”

Əslində andı gərək dəyənəyə içələr…

Xanın Ştirlitsi yadınızdadır? İlyas. İnək oğurlayan. İndi Eldarı vurmaq istəyir. Gülləsi boşa gedir. Kürd Musa vurub onu öldürür.

Vallah, bu kürdlər olmasaydı Qarabağ əldən gedərdi…

Nə, gedib?

Hə, gedib, düzdür…

QACARIN QABAĞINA ÇIXANLAR: KÜRD MUSA, ERMƏNİ ARŞAK, ÇOBAN ELDAR… NƏ QOŞUN VAR, NƏ XANLIQ…

Hə, vətən xaini şeyx düşür Qacarın qabağına.

Qacar.

“Ha, ha, ha… Qaçmışdır kələbaş dana….”

Qacar bunu İbrahim xan haqqında deyəndə  akademik teatrımızın zalında oturan tamaşaçıların bir hissəsi yəqin ki gülməkdən şalvarını isladır. “Kələbaş dana…”

Kürd Musa isə xanın diversantını öldürür. Çoban Eldar, əlbəttə, intellekt dəryasıdır. Ancaq Kürd Musa bəşər dahisidir. Eldar deyir:
“Yaxşı, di durmayın, dayanmaq olmaz!”

Kürd Masa etiraz edir:
“Tələsmə, gözləyək burdaca bir az,
Arxada qalanlar gəlib çatsınlar”.

Yox, bu Kürd Musada Napoleon qüdrəti var!

Yenə Əli bəy səhnəyə çıxır. Deyir ki, dayanın, getməyin, çünki “İbrahim xan tülkü kimi qaçıb”.

“Bizə qəh-qəh çəkib güləcək Qacar”.

Səməd Vurğunun yadından çıxıb ki, “xanın qaçdığını” bundan əvvəl Qacara deyiblər, Qacar da qəh-qəhini çəkib…

Aha, burda hələ Arşak var imiş! Erməni-azərbaycanlı qardaşlığı. Arşak da çoban Eldarın dəyənəyinə sarılıb Qarabağ uğrunda döyüşür.

Arşak:

(son dərəcə hiddətli)

“Ax, namərd! Deməli boş qaldı torpaq!”

Erməni də hiddətləndi, üzünü görmə… Ax, Arşak, Arşak… Boş niyə qalır, ay zalım oğlu, siz ermənilər ölməmisiniz ki…

Axtarsan, Səməd Vurğun bu Arşakla qohum çıxar, şair özü deyirdi ki, Şaumyan və bütün qalan Bakı komissarları onun babasıdır…

Eldar ciddi strateji qərar qəbul edir:

“Durmayın, çəkilin tez meşələrə,
Bizim yuvamızdır, bu dağ, bu dərə…”

Əlbəttə, meşələrə çəkilmək lazımdır. Toğlu kababı soyuyur…

Ancaq meşəyə çəkilirlərsə, bu “dağ-dərə” nədir? İndiyəcən hardaydılar?

Sonrakı şəkildə xan sarayıdır. Şah Qacar yenə sarsaq-sarsaq danışır. Yenə “qaya, dağ”. Vətən xaini şeyx də deyir ki, hər dağ Qacara baş əyir…

Belə primitiv, yoxsul dillə ancaq mənim xalqımın içində yüksəlmək olar! Ah, xalqım, nə pis zadsan, İsgəndər demişkən…

Qacar:

“Belə deyirlər ki, ağladır yeri,
Sizin Qarabağın xanəndələri”

“Yeri ağlatmaq” – nonsensdir, “yeri-göyü ağlamtmaq” var. Xalq şairi göyü misraya soxuşdura bilməyib…

Xanəndə Vaqifin adından yazılmış cəfəng bir qəzəl oxuyur:

“Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından…”

Kim bir şey başa düşdü? Bir köpəkoğlu ədəbyatşünas professor bu misrada məna tapa bilər?

Guya bu cəfəngiyat Qacarı valeh edir:

“Vəzir, bu, doğrudan böyük qüdrətdir…”

Vətən xaini Şeyx Vaqifə pis xasiyyətnamə verir:

“Bir də bərk dostudur o qaçaq Eldar…”

Misrada gözəlliyə baxın: “bərk dostudur…”

Qacarı çoban Eldarın adı qorxutmalıdır? Hansı şücaətinə görə?  Biz onu ancaq toğlu kababı çəkən görmüşük…

Qacar:

“Dayan, sovuraram külə tozunu…”

Bəh-bəh!

Bəyi gətirirlər.

Yox, Vaqifi gətirirlər.

Qacar şokdadır.

“Aha, baş əyməyir hüzurumda bu…”

Heca sayı düzəlməyən kimi, Səməd Vurğun “aha”nı basır. Aha!

Qacar Vaqifin nəzərinə çatdırır ki, o, şahın hüzurundadır və baş əyməlidir.

Vaqif burda Azərbaycan ədəbiyyatının və teatrının şah misrasını deyir:

“Əyilməz vicdanın böyük heykəli”.

Necə yəni “vicdanın heykəli”?

Səməd Vurğunun çörəyini yeyən Bəxtiyar Vahabzadə özü tələbələrinə deyirdi ki, bu ifadənin heç bir mənası yoxdur. Mən isə belə başa düşürəm ki, Səməd Vurğun burda rus dilinin köməyi ilə samballı bir şey demək istəyib. Rus dilində “воплощенная совесть», yəni “vicdanın canlı təcəssümü” mümkündür, ancaq “vicdanın heykəli” nonsensdir. Səməd Vurğunun heykəlinə and olsun!

Sonra Vaqif, yəni Səməd Vurğun, Şopenhauer cildinə girib vicdan haqqında fəlsəfi fikirlər yürüdür. Ancaq Salyan mollalarının səviyyəsində çıxır:

“Vicdan dedikləri bir həqiqətdir…”

A kişi, Qacar səndən söz soruşur, cavab ver, elə hər şeyin adını beləcə həqiqət qoymaq olar…

Qondarma Qacar qondarma Vaqifi bəyənir.

“Xoşbət xəlq eləmiş sizi yaradan!”

Bunu Firdövsi, Xəyyam, Hafiz, Sədi kimi şairləri olan İranın şahı deyir?

Qacar Vaqifə elə vurulur ki (yaxşı ki, axtalanıb, yoxsa ayrı şey fikirləşmək olardı…), sarayı ona vermək istəyir. Ancaq Səməd Vurğunun ilhamı elə fəvvarə vurur ki, Qacar “ulduzu, ayı” da Vaqifə tapşırmaq istəyir. Bir şərtlə:

“Gərək fars dilində yazsın sənətkar”.

A kişi, Vaqifin səksən yaşı var. Bu yaşda o gərək fars dilini öyrənə. Səksənində öyrənən… Ay Səməd Vurğun, niyə sivil dünyanı bizim millətə güldürürsən…

Vaqif Qacarın təklifini rədd edir:

“Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam…”

Satılmayıb, ancaq  “oğraş” xanın vəziri işləyir və qırqovul-plov yeyir…

FÜZULİ “ÇOBAN TORPAĞI”NDA YETiŞMƏYİB, KƏRBƏLADA YETİŞİB…

Burda Qacarın Vəziri də, nəhayət, repertuarının bir qədər yeniləyir, deyir ki, “ayağı çarıqlı kiçik bir ölkə Firdövsülər yetirə bilməz”.

Vaqif:

“Sizin güıdüyünüz çoban torpağı,
Nizamilər, Füzulilər yetirmiş”.

Gec də olsa, Səməd Vurğunun və onun fanatlarının nəzərinə çatdırmaq lazımdır ki, Nizami “çarıqlı ölkədə” yetişməyib, Gəncə kimi böyük siyasi-mədəni mərkəzdə yetişib. Özü də fars dillidir… O ki qaldı Füzuliyə, Füzuli yetişib Kərbəlada… Kərbəla hardadır? Orda nə çarıq geyilib (istidir!), nə də oranın Azərbaycana aidliyi var…

Yəni Vaqifin dilindən verilən bu bəyənat, yumşaq desək, ağ yalandır…

Ümumiyyətlə, Vaqifin bütün replikaları, monoloqları onu ən azı demaqoq və nə danışdığını bilməyən bir adam kimi xarakterizə edir. Məsələn, o, şeyxə cavab verir:

“Niyə, qulağınız çoxdan şəşədir(? – X.X.)
Böhtan eşidəndə qızarıb yanar…

Əgər böhtan eşidən insanın qulaqları qızarırsa, bu onun abırlı oıduğunu göstərmirmi?

Vəzir:

“Sizin sözünüzün kəsəri azdır” (vəzir tamamilə doğru deyir).

Vaqif:

“Oxuyan bülbüldür, dinləyən qazdır”.

Bunu deyən bizim ədəbiyyatımızın fəxri Vaqifdir ya sovetski uşağıdır? “Dinləyən qazdır…”

Və burda guya Qacar da Vaqifin əlində girinc qalıb. Bilmir neyləsin.

Vidadi gəlir. Yəqin qırqovul-plovun boyadının üstündən durub. Vaqifin xahişini edir:

“Böyük bir ölkənin onda gözü var…”

Böyük ölkə? Hansı böyük ölkə? Çin?

Vidadi:

Xeyr, o, Vaqifdir, eşqə gələrək,
Hərdən qamçılayır zəmanəsini…”

Eşqə necə gəlmək olar. Eşqə — düşərlər, Bəlkə “ilhama gələrək”? Heca düz gəlmir? Aha!

Qacar deyir ki, Vaqifin əlini və dilini kəsəcək. Ancaq nədənsə onu zindana göndərir və qapıçıya (! – X.X.) tapşırır ki, muğayat olsun. Bu yerdə məlum olur ki, qapıçının (“qapıçı” nədir? futbol qapıçısı?) adı Zülfüqardır. Burda qafiyə xatirinə Səməd Vurğun qapıçıya ad uydurur.

“Bəri bax, dayanma, burda Zülfüqar,
Vaqifi zindana sən özün apar”.

Qüdrətli şah Qacar Kürdəmirin polis rəisi kimi danışır… Biabır olduq…

Vaqif gedən kimi yenə Qacarın qurdu qalxır, “doza” istəyir.

Dəlicəsinə:

“Gözlərim doymayır insan qanından…”

Bu yəni qana baxır, içmir? Bəlkə iyləyir? Toksikomandır?

Vaqif zindanda. Zindan “qayalıqdadır”. Yəni Qacarın beş-altı atlı ilə gizlənmək istədiyi yerdə. Oğlu da yanında.

“Ah, mənim qəhrəman oğlum…”

Oğul hardan qəhrəman oldu? Qırqovul vurmaqla? Çoban Eldara məruzə etməklə?

“Bir gəl öpüm səni, pəhləvan oğlum…”

“Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş…”

“Oh, Qacar, vicdanın döndümü daşa?”

Qacarda, deməli, vicdan varmış. Ancaq daşa dönən Vaqifin (qondarma Vaqifin) öz vicdanıdır, demirdi ki, “vicdanın böyük heykəliyəm”?

Əli bəy:

“Hələ də çöllərdə qaçaqdır Eldar…”

Çöllərdə? Həm də meşələrdə, dağlarda, dərələrdə?

Yadınızdadır, Qacar Vaqifin mühüm orqanlarını kəsməliydi. Nədənsə kəsmir. Hələ gəlini Gülnar ona “peredaça” gətirir. Bu necə olur? On səkkizinci əsrdə heç Avropada belə türmə olmayıb…

Pəncərə də açıq… Belə şey olar?

Vaqif Eldara məktub yazır verir gəlininə, deyir “qoynuna” qoy, apar…

Bəs Eldar qurumsaq bilmir ki, Vaqif tutulub? Toğlu kababından başı ayılmayıb?

Vidadi də qıçları bir-birinə dolaşa-dolaşa gəlir. Zülfüqar (Zülfüqar!) onu da buraxır içəri.

(İndi fikirləşirəm ki, bu Zülfüqarın rolunu oynayan neçə aktyor xalq artisti olub, aməkdar olub, hökumətdən ev alıb…)

Məlum olur ki, Vaqif tutulandan sonra Vidadi imanını itirib, həppilim vaxtında başa düşüb ki, Allah-zad yoxdur. Yəni olub materialist, narksist-leninçi və stalinçi.

Vidadi deyir ki, Allahın vicdanı yoxdur.

“Onda da görmədim vicdandan əsər…”

İlahi, keç bunu yazanın, bunu tamaşaya qoyanın, buna çəpik çalanların günahından…

Yadınızdadırsa, Vidadi toya gələndən köçünü salıb qalıb burda. Havayı yeyib-içir, Qacarla ağız-ağıza verir…

Xuraman da xanın “qanlı qucağından” çıxıb gəlir türməyə. Ya kefdən doyub, ya səhvini başa düşüb.

“Hər qızıl xəzinə bir şahmarımış…”

Xəzinə — ilan deyil, müxtəlif xalqlardakı mifik təsəvvürlərə görə xəzinə üstündə ilan yatır… Yəni burda da Səməd Vurğun basməmmədi eləyir…

“İndi öz əlinlə gəl öldür məni…”

Vaqifin (qondarma Vaqifin) qeyrəti olsaydı, səni “qanlı qucağa” girəndə öldürərdi. İndi hardan öldürər. Özü də türmədə…

Vaqif:

“Get, get, vəfasızsan bu dünya kimi…”

Sonra Xuramanın dilindən cəfəng bir kuplet gəlir, Vaqif bunu eşidib təsirlənir.

“Nəydi o yazığın, nəydi günahı…”

A kişi, necə nəydi? “Bəs “qanlı qucaq”?

Səməd Vurğun Kant plaşına bürünür:

“İnsan! O, müqəddəs bir kainatdır,
O saf qəlbi pozan yalnız həyatdır…”

Necə yəni “həyat qəlbi pozur”? İnsan elə yaşamağı ilə, həyatı ilə insan deyilmi? Yəni həyat həyatı pozur?

Sonrası məlumdur: Xuraman özünü qayadan atır…

“Bizim eşqimizi məhv etdi zaman…”
Əlbəttə, səksən yaşlı Vaqifə bu bayağı, qondarma lotuluq, pozğunluq süjetini sırımaqla Səməd Vurğun böyük şairimizə, ruslar demişkən, “ayı xidməti” göstərib…

Heyf ki, komediya bitmək üzrədir. Adam güldükcə gülmək istəyir…

Beşinci pərdə. Yenə meşəlik, yenə qayalıq, nenə dərə, yenə Eldarın dəstəsi, ancaq “əvvəlkindən çox görünür”. Yəqin toğlu kababının iyinə yığılıblar.

Çoban Eldar monoloq deyir. Hamlet dincəlir.

İlk səkkiz misra qayaya həsr olunub.

“O hələ almamış bu dünyadan pay,
Dərdini duymamış nə ulduz, nə ay,

Ona həmdən olmuş saralan şamlar…”

Hamletin buna fərasəti çatardımı? Hamlet nə bilirdi “saralan şamlar” nədir? Danimarka krallığında yəqin heç kim “saralan şaamlar”ın nə olduğunu bilmirdi…

“Of, igid Vətən,

Nələr çəkməmisən bu dünyada sən!”

Nələr çəkib? İgidliyi nədən bilinir? İgidləri Çoban Eldar, Kürd Musa, erməni Arşakdırsa…

“Qılınclar, nizələr, dəmir qalxanlar,

…Səni parçaladı, diddi ətini…”

Deyək ki. qılınc, nizə didir. “Dəmir qalxan” əti necə didir?  Vətənin əti necə olur? Yəni çoban Eldar Vətənə də toğlu kimi baxır?

Bu möhtəşəm monoloqu erməni Arşak kəsir:

“Ara, Eldar yenə fikrə cumubsan…”
Erməni ki erməni. “Fikrə cumubsan…”

Eldar Arşaka dərənin dibini göstərir. Meşə qalın, qaya hündür, dərə dərin olsa da, dərənin dibində sümüklər, əllər, ayaqlar görünür. Arşak deyir ki, o sümükləri yaxşı gördüyünə görə Eldarın dəyənəyinə sarılıb vuruşur.

Çoban Eldar erməni Arşakın başına dönüb yalvarır ki, Sayat Novadan desin. Çoban Eldar hər gün Sayat Novanın şeirlərini eşitməsəydi, toğlu kababı boğazına getməzdi.

Erməni Arçak oxuyur. Bilinmir nə oxuyur. Səməd Vurğun bunu bizdən gizlədir. Yəqin deyir ki, Qarabağ bizimdir”. Çoban Eldar tərifləyir: “Gözəl sözlərdir”.

Arşak birdən soruşur ki, “bu Məhəmməd Qacar noldu? Onu nə qayıraq?”

Eldarın cavabını oxuyan hər azərbaycanlının gərək gülməkdən ən azı bir orqanı çatlaya. Çoban Eldar deyir ki, Kürd Musa Qacarı axtarır, gec-tez tapacaq…

Kül bizim başımıza…

Arşakın da Qacarda öz acığı varmış.

“Saz tutub söz deyən Sayat Novanı,
O qurd parçaladı, Tiflisdfə o qur,
İlana bənzəyən o qara bulud…”

Erməni də olsa, Arşaq azərbaycanca qəşəng danışır. “İlana bəzəyən bulud”. Hansı azərbaycanlının küt ağlına gələr bu bənzətmə?

Xəbər verirlər ki, “gələn var”.

Üstlərinə qoşun gəlir, bunlar indi xəbər tuturlar? Bunlar ən hündür qayanın başında deyildilər?

Eldar:

“Arşak, sən dərənin boğazında dur”.

Bunlar dərədəymişlər? Haçan girdilər? Dərənin boğazı necə olur? Bir erməni necə saxlayacaq boğazı?

Məlum olur ki, gələnlər gürcülərdir. Gürcüstanı Qacara təslim edib gəliblər Qarabağa ki, qeyrətlərini göstərsinlər. Çoban Eldar və erməni Arşak kimi igidlər olan yerdə qeyrət göstərməyə nə var?

Eldar dərhal dağları gürcülərə peşkəş edir:

“Bu dağlar sizindir əziz qardaşlar”.

Remarka: “Kabab-çörək çıxarırlar. Yemək başlanır”.

Bu komediya başlanandan görəsən neçə toğlu şişə çəkilib. Çoban Eldarı və onun dəstəsini bircə döyüşdə də görməmişik. Yəqin vaxtaşırı kəndləri talayıb sütül toğluları kabablıq gətirirlər meşəyə (dağ? Dərəyə? Qayalığa? Çöllərə?)

Aha!
Aha! Tamara da burdadır!

Tamara Eldara deyir ki, “gəl qəlbimə qulaq as, gör nə döyüntülər var”.

Yəni başını qoysun sinəsinin üstünə? Lənət şeytana!

Tamara həyatını danışır.

“Gözümün işığı bir balam vardı,
Yenicə-yenicə top oynadardı”.

Gürcülər hələ on səkkizinci əsrdən futbol oynayırmışlar, ingilislər də utanmaz-utanmaz deyirlər ki, futbolu onlar yaradıblar. Yalançının lap…Əgər gürcülərdən qabaq futbol olubsa, ermənilərdə olub. Bunun heç o yan- bu yanı yoxdur…

Məhəmməd Qacarın gülləsi uşağı öldürüb. Tamara Eldardan xahiş edir ki, Qacarı tapıb ona versin ki, “hıçqırıqlarıyla onu boğsun”.

Hıçqırıqla adam boğmaq olar?
Səməd Vurğunun yadından çıxıb ki, komediyanın əvvəlində Tamara Qacarın yanındaydı…

Vallah, bu komediyanı yazanda Səməd Vurğun tut arağını çox içib. Qazaxlılar pis adam deyillər, ancaq tut arağını çox içirlər…

Görün Salika nə deyir:

“O dişi canavar,

Bizi quduz kimi daladı keçdi…”

Yaxşı dediniz Qacar axtalanıb, bunua inandıq. Ancaq bu hardan dişi canavar oldu?
Çoban Eldar əsil psixoanalitikdir:

“Kefini heç pozma, vətən qardaşı,
Əzilər dediyin ilanın başı”.

Ay kişi, Saliko ilan demirdi, dişi canavar deyirdi…

Erməni Arşak deyir:
“Dünyanın cilovu əlimizdədir…”

Təəssüf ki, Səməd Vurğunun erməni qohumunun dilindən dediyi bu həqiqətə indiyəcən şübhə edənlər var…

ÇOBAN ELDAR FARCANI MÜKƏMMƏL BİLİR, NİZAMİ İLƏ RUSTAVELİNİN MÜQAYİSƏLİ ANALİZİNİ VERİR…

Eldarla Kürd Musanın qılınclaşmağı o qədər gülməlidir ki, yəqin ki, akademik teatrımızın tamaşaçılarını qarınağrısına salırmış. Çoban Eldar hara, qılınc hara? Kürd Musa hara, qılınc hara? Əslində gərək bunlar dəyənəklə vuruşaydılar. Onda olardı dram ya faciə. Komediyada çoban gərək qılınc çala…

Tamara:

“Doğrudan, Eldar,

Qılınc döyüşündə məharətin var!”

Gürcü qızı da bir yandan özünü sürtür, türkün məsəli, Eldarın dəyənəyinə…

Kiçik gürcü:

“Bu dağlar mülkünün pələngi sənsən!”

“Dağlar mülkü!” Bu necə olur?

Məlum olur ki, gürcünün birində çonquri var. Tiflisi verib Qacara, sonra onun dalınca gəlib Qarabağa, əlində də çonquri…

Çoban Eldar da çonqurinin zəlilidir…

Bir gürcü havası sifariş verir…

Məlum olur ki, Tamara filoloqdur. Rustaveini əzbərdən deyir… Çoban Eldarın sevimli şairini…

Eldar:

“Bizim Nizami tək kəlamı vardır…”

Şübhə yoxdur ki, Çoban Eldar fars dilini mükəmməl bilirmiş. Yoxsa o vaxt Nizamini hardan tanıyardı? Özü də mütəxəssis kimi tanıyır: atüstü Rustaveli ilə müqayisəli təhlil aparır…

Vaqifdən məktub gəlib. Kim oxusa yaxşıdır? Əlbəttə, çoban Eldar! Bütün şərq dillərini bilir, Azərbaycan dilimizi də, bəzi binamuslardan fərqli olaraq, yaddan çıxarmır.

Vaqif çobana yazır:

“Sən də qurtarmasan Vaqifi dardan,

Yoxdur umacağım pərvərdigardan”.

Komediyanın əvvəlində Vaqif marksist və ateist idi, dini tiryək sayırdı, indi belə çıxır ki, çoban onu dardan qurtarsa, “pərvərdigardan umacağı” olacaq? Çox dolaşıq beytdir. Əslində komedyanın çoxu dolaşıqdır. Bunun eybi yoxdur, komediya aydın olmamalıdır, belə qanun yoxdur, komediya gülməli olmalıdır…

Çoban:

“Of! Yenə beynimə sıçradı al qan!”

Başqa rəngdə qan olur?

Remarka:

“Bu arada bir qoca kəndli bir dəstə kədli ilə gəlir”.

Necə yəni qoca kəndli kədli ilə gəlir?

“Yenə öz sürünü nizama düzüb,
Baş alıb gedirsən hayana ceyran?”

Ceyran ceyran sürüsünü düzüb ya mal-qara sürüsünü? Əgər ceyran sürüsüdürsə, başda gedən təkə olmurmu?

Burda da eləcə.

Azərbaycan məktəbliləri, tələbələri on illərlə bu savadsız mətndən imtahan veriblər! Kül bizim başımıza!

Aha!

Aha! Qoca kəndli çoban Eldara Koroğlunun misri qılıncını gətirib!

Yox, mən buna davam gətirə bilmərəm, gülməkdən lap zad oldum… o şeyin adı nədir… Gülməkdən yaddaşım da xarab oldu…

Qılıncın dəstəsində Koroğlunun barmağının yeri var…

Hansı barmağının? Elə bir barmağının? Bir barmağıyla qılınc vururmuş Koroğlu?

Görəsən Səməd Vurğun bunu nə çəkib yazıb? Yox, bu qazaxlı qafiyəbaz Salyana təkcə ceyran ovuna gəlmirmiş, yəqin qaradan, ağdan da dadırmış…

Eldar:

“Qıratın belində qıvrılıb yatan…”

Qılınc atın belində yatırmış? Özü də ilan kimi qıvrılaraq? Qılınc necə qıvrılar? Yalançının…

Səhnəyə iki çoban da çıxır. Murad və Qasım. Biri ney çalır. Yəni kefdədirlər. Hərçənd guya Qacar Qarabağı qana boyayıb…

Vaqifdən danışırılar. Biri deyir ki, Qacar Vaqifi öldürəcək. O biri çoban deyir ki, o boyda zad olmaz… o boyda şey olmaz…

Vallav, biz çobanların əleyhinə deyilik, biz özümüz də elə çoban kimi bir zadıq, ancaq bu Qarabağda Səməd Vurğun bir başqa peşə sahibi tapmayıb…

Məlum olur ki, çobanlardan biri Vaqifin istintaq materiallarını təfərrüatı ilə bilir. Qacar nə soruşub, Vaqif nə cavab verib… Elə bil başı indicə İnternetdən ayılıb…

Vaqifi edama gətirirlər. Düz bu iki çobanın ədəbi-bədii məşğələ keçdikləri yerə. Çobanların qoyunları hardadır, məlum deyil…

Vaqif şairliyindən qalmır:
“Günəş qürub edir….sönür kainat…

Əzəldən belədir vəfasız həyat…”

Kainat hara sönür, a zalım oğlu Səməd Vurğun? Əsil keflər elə gecələr başlamırmı?

“Mən də yaradıldım, mən də parladım,
Gözəllər ağzından düşmədi adım…”
Yaxşı ki, adı…

“İndisə yelkənim toxundu daşa”.

Qarabağda nə gəmi, nə yelkən?

Əli bəy:

“Sənin günəş boyda bir vicdanın var,
Çiynində el dərdi daşıyacaqdır…”

Birinci misra cəfəngdir, əlbəttə, vicdanın keyfiyyəti onun böyüklüyü ya kiçikliyi ilə ölçülmür… İkinci misranı isə nə qədər əlləşdımsə, başa düşə bilmədim. Yəqin başa düşənlər hamısı Naxçıvanda akademik, Bakıda professordurlar…

Vidadi  toya gələndən burdadır. İndi də Vaqifin ehsanını yeməyə hazırlaşır.

Ancaq ateistliyindən qalmır və “çərxi-fələyin” “taxtına” yekə bir tüpürcək atır…

Şeyx də öz işindədir, yenə Vaqifə ilişir:

“Şair, rənginizdə bir sarılıq var”.

Fikir verirsiniz, Şeyx Vaqifə “siz” deyə müraciət edir…

Görün Vaqif nə deyir:

Qafil, gün batanda rəngi saralar”.

İndi Vaqifin fanatlarına müraciət: Gün batanda rəngi saralar ya qızarar? Yəni yenə inanmırsınız ki, Səməd Vurğun “basməmmədi” ustasıdır?

QACARIN QABAĞINA ÇIXAN “QARABAĞ QOŞUNU”: ÇOBAN ELDAR, KÜRD MUSA, ŞALİKO…

Aha! Cəlladlar gəlirlər.

Şeyx.

“Kəlmeyi-şəhadət alın dilinizə”.

Yenə şeyx sizlə-bizlə danışır, hecanın biri misrada artıq çıxsa da.

“Cəllad Əli bəyi çəkir”.

Belə edam olar?

“Vaqif onu buraxmır”.

“Şeypur şalınır. Qacar gəlir, uca bir yerdə dayanaraq”.

Bəs edam nə oldu?

Qacar öz adamlarına:

“İndi bərk durun,
Burda kəllələrdən bir qala qurun”.

Kəllələrdən qala qurmalı olan adamlar necə bərk dayanmalıdırlar?

Hansı kəllələrdən? Vaqiflə oğlunun kəlləsindən? İki kəllədən qala?

Yox, Vaqifin kəlləsi qalanın başına qoyulacaq. “Yalnız və yalnız!”

Aha!

Vidadi yenə özünü atır ortalığa:

“Yalvarıram sənə, onu ver mana!

Mana!

Vaqif:

“Yalvarma, yalvarma o cəllada sən,
Hələ baş əyməyib bu böyük Vətən!”

Hansı “böyük Vətən”, ay rəhmətli Səməd Vurğun? Sən bu Vətəni zımrıqlı çobanlığa çevirmisən, burda bir nəfər kübar adam yoxdur. Erməni Arşak və ürd Musa ilə Vətən vöyük olur?

Qacar (Vidadiyə)

“Görürsən, o imiş qatı düşmənim…”
Vallah, bu, İran şahına yaraşan söhbət deyil. Bu söhbət heç Salyan qoçularına da yaraşmır… “Görürsən…”

“Tez olun, cəlladlar!”

Bəs cəlladlar bayaqdan neyləyirdilər?

“Bu arada səs-küy qopur”.

Aha!

Eldarın dəstəsi gəlir! Vay Qacarın halına! Çoban Eldar toğlu kababını, kəklik kababını elə-belə yemirdi ki.

Vəzir:

“Şahım, vuruşmağa gəlir ki, Eldar,

Gəl qaçaq, gəl qaçaq,xata toxunar!”

Birinci misradakı “ki” – yə baxın, şagird belə yazsa, “iki” alar, bunu akademik xalq şairi yazıb. Ancaq qrammatika cəhənnəm olsun. Bu səhnəni ancaq heyvan tamaşaçı ciddi qəbul edər və gülməz. Şahın üstünə çoban gəlir, vəzir deyir “dur qaçaq”. Bu eybəcər yalan nəyə xidmət edir? Ağlı başında olan adamları bizə güldürməyə?

Və bir saatdır ki, cəllad qondarma Əli bəylə əlləşir, nədənsə onun boynunu çobanlar gəlib çıxanda vurmaq istəyir. Və cəllad qılıncını çəkəndə çoban Murad çomağını cəlladın başına endirir.

Aha! Çomağı! Qacar bilsəydi ki, Qarabağda belə çobaqlar var, heç ayağını sarayından qırağa qoyardımı?

Qacar (öz adamlarına)
Tutun, diri tutun, bu saat onu!”

Aha! Qacarın adamları varmış! Qacar saatla danışır, “bu saat” yəqin qolunda İsveçrə saatı var, ya da cibində ayfon…

“Vidadi Vaqifi qucaqlayıb bir tərəfə çəkir…”
Hara çəkir? Yoxsa bunların arasında… O söz… Lənət şeytana…

Qacarın qabağına çıxan qarabağlılar:

“Çoban Eldar, Kürd Musa, Şaliko, Gülnar…”

Kül bizim başımıza?

Gülnar da qabaqda?

Təsəvvür edirəm Gülnarı oynayan aktrisaları… Yaxa-baş açıq…Zalda oturan şorgöz millət yerində qurcalanır…

“Şiddətli vuruşma düşür. Eldar qılıncla saray adamlarını yara-yara gedir”.

Səksən il bu cəfəngiyatın əsiri olan millətdən nə gözləyəsən? Vallah, bizim millətin başını xarab eləyən müsəlmaçılıq olmayıb, Səmədvurğunçuluq olub…

Qacarla Eldarı vuruş səhnəsini oxuyanda, düzü, adamn gülməyi gəlmir. Adam istəyir xəcalətindən yerə girsin.

Eldar yapıncının altından misri qılıncı çıxarır…

Bayaqdan bu saray adamlarını yara-yara gedəndə əynində yapıncı vardı? Bəs qılınc hardaydı?

Yəqin hər dəfə bu tamaşa oynananda Koroğlu qəbirdə mayallaq aşırmış…

Qacarı həm qabaqdan vururlar, həm də, türkün məsəli, daldan. Daldan qapıçı vurur. Yəqin futbol qapıçısı…

“Vidadi və Vaqif daxil olurlar”.

Bu, ikimənalıdır. Bayaqdan bunlar hardaydılar, nə ilə məşğuldular?

Komediya Vaqin dilindən cəfəng bir bəndlə bitir. Şeirin cəfəngliyi bir yana qalsın, əruz da axsayır.

“Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə…”

Bunu Ələkbər Ələsgərov (ya Ələsgər Ələkbərov?) necə ifa edirmiş?

Pərdə…

Burda pərdə yox, gərək daş düşə…

Necə ki düşüb də…

Elə hamımızın başına…

Beləliklə, Şah Qacarı dalından-qabağından vurub öldürürlər. Daldan “sıyırma xəncərlə”, qabaqdan misri qılıncla. Üstündə Koroğlunun barmaq izləri olan misri qılıncla.

Bu səksən ildə bir nəfər tamaşa zalından durub deməyib ki, ay qurumsaqlar, əgər bu misri qılınc kəndlilərdə idisə, niyə onunla Qacarın qabağına çıxmırdılar…

Nə isə, misri qılınc Qarabağın yeganə və ən hörmətli qəhrəmanına, çoban Eldara verilir. Çoban Eldar şah Qacarı qabaqdan vurur…

(Axtalanmış adamda nə qabaq… Gülməkdən öldüm…)

İndi zalda oturan millət fikriləşməlidir ki, Qacar vurulub, İbharim xan qaçıb, indi xanlığın taleyi necə olacaq, onu kim idarə edəcək. Zalda oturan millət bunu fikirləşməlidir, əgər onda öz tarixinə, dövlətçiliyinin tarixinə hörmət varsa, Qarabağ xanlığını milli dövlətçiliyin bünövrələrindən biri sayırsa.

Səməd Vuğunun fikrinə görə, hakimiyyət keçir çoban Eldara və onun dostları Kürd Musaya, erməni Arşaka, Şalikoya…

Yeni rəhbərin ilk fərmanı:

“Dağıdın sarayı, bütün daş-qaşı,
Paylayın aclara və yoxsullara…”

Saray dağılandan sonra xanlıq nə günə qalacaq? Bu sual Səməd Vurğun üçün aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ xanlığı aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ xanlığı yoxdur.

Siz bu “Vaqif” komediyasında Qarabağ xanlığını görürsünüz? Hanı onun əyanları, hanı onun qoşunu, hanı onun zabitləri, hanı kübar cavanlar? “Vaqif” komediyasının beş pərdəsindən dördünün yeri Qarabağdır, ancaq biz burda qazaxlı Vaqifi, qazaxlı Vidadini, Vaqifin oğlunu görürük. Kürd Musa qarabağlıdır? Çoban Eldar  özü də yəqin qarabağlı deyil, çoban köçəri babadır, bu gün yaylaqda, sabah qışlaqda…

Hanı qarabağlılar? Qarabağlılar olublar ya olmayıblar? Qarabağ xanlığı olub ya olmayıb?

Komediyada bir qarabağlı var, o da İbrahim xan. Qacardan fərqli olaraq, o, axtalanmayıb, bəs hanı onun arvad-uşağı? Hanı onun sonradan general olmuş oğlanları?

Səksən il ərzində bu komediya Qarabağ xanlığının tarixini məzhəkəyə çevirib, onu dağ çobanlarının oyununa döndərib.

Bu komediya Azərbaycan ədəbiyyatı tarixində ən rüsvayçı paskvillərdən biridir. 1937-1938-ci illərdə SSRİ-də kütlləvi “donos”çuluq olub, sovet adamları NKVD-yə müraciət yazıb bir-birlərini tutdurublar, tarixçilərin iddiasına görə, 4 milyon donos yazılıb. Konkret olaraq Səməd Vurğunun hansı donosları və kimdən yazdığını mən bilmirəm, ancaq onun rəsmi yığıncaqlardakı xeyli çıxışları əsil donosdur və belə çıxışlardan sonra neçə insanın əlli-ayaqlı getdiyinə şübhə ola bilməz.

“Vaqif” komediyası da donosdur. Qarabağ xanlığından, Qarabağ xanından, Azərbaycan dölətçilik tarixindən birbaşa Stalinin üstünə yazılmış donos. Bu donosa Stalin öz adını daşıyan mükafatın ikinci dərəcəsini verib. Yəqin həmin il öz xalqının tarixini Səməd Vurğundan daha parlaq ləkələyə bilən yazıçı olub…

Bu, optimistlə pessimistin fərqinə aid lətifə kimidir.

Pessmist deyir ki, bundan pis ola bilməz. Optimist deyir ki, ola bilər, ola bilər…

Donos – xüsusi janr olub. Bu janr həqiqətə uyğunluq tələb etməyib. Ən başlıcası vaxtında yazmaq, səndən yaza biləni qabaqlamaq olub.

“Vaqif” komediyasında nəinki həqiqətə, tarixə uyğunuq yoxdur. Bu komediyada mübtədalar xəbərlərlə uzlaşmır, birinci şəkildə deyiləni üçüncü şəkildə deyilən yalana çıxarır.

Komediyanın əvvəlində Vaqif kəndlilərə, “çuvallarında bir arpa belə olmayan” kəndlilərə Qarabağdan danışır:

Qarabağ doğrudan bir laləzardır,
Yenə yanaqlara sığal vurulur,

Hər daşın dibində bir toy qurulur,

Bir yanda tar səsi, bir yanda qaval,

Bükür dağ döşündə boynunu maral,

Axır şırıltıyla köpüklü çaylar,
Gəlir səcdəsinə ulduzlar, aylar…”

Bu monoloqda, əlbəttə, çoxlu cəfəngiyat var. Necə yəni daşın dibində toy qurulur? Necə yəni bir yanda tar, bir yanda qaval? Tar ayrı yerdə çalınır, qaval ayrı yerdə? Qaval çalınanda maral boynunu bükər, ya hürküb qaçar? “Ulduzlar, aylar” nəyin səcdəsinə gəlir?

Ancaq bunlara baş qoşmağa dəyməz, bu Səməd Vurğun həmişə belə basməmmədi yazıb. Ayrı şeyə diqqət yetirmək lazmdır. Əgər hər daşın dibində bir toy qurulursa, bu o demək deyilmi ki, qarabağlılar kefdədirlər? Əgər Qarabağ “bir laləzardır”sa, deməli, xanlıq abaddır. Çobanlar da toğlu kababı çəkirlər, qırqovul, kəklik ovlayırlar. Bəs onda Səməd Vurğun İbrahim xanı niyə poxa bulaşdırır və hətta ailə pozğununa, oğraşa çevirir? (“Oğraş” sözünü Səməd Vurğun özü təlxəyin dilindən işlədir…)

İbrahim xan kimin qanının içib, kəndlilərə nə divan tutub?

“Karfagen məhv olmalıdır!”
Səməd Vurğunun öz qarşısında qoyduğu vəzifə bu suallara cavab vermək deyil, onun məqsədi Azərbaycan dövlətçilyinin rüşeymlərini tapdalamaq, tariximizn az-çox ləyaqətli səhifələrinə tüpürməkdir.

Səməd Vurğun deyirdi: “Mənim babam olmuş iyirmialtılar”.

Şaumyan, Caparidze, Əzizbəyov…

Erməni Arşak, Şaliko, çoban Eldar…

İyirmialtıların 1918-ci ildə Bakıda nə qırğın törətdiklərini Səməd Vurğun gözəl bilməliydi…

“Mənim babam olmuş iyirmialtılar…”

Və kollektivləşmə zamanı Azərbaycan kəndlilərinə divan tutmuş komsomolu da Səməd Vurğun yekə bir poemada tərənnüm edir.

Bu mahir qafiyəbazın ürəyində bir damla milli təəssübkeşlik, əzilənə, incidilənə mərhəmət olmayıb. İnsan adını şərəfli edən nə varsa, Səməd Vurğun mükafatlara, ordenlərə, təriflərə satıb…

Əgər əqidəsizliyin beynəlxalq vahidi yaradılsaydı, ona Səməd Vurğunun adını vermək olardı.

Layiqdir…

Noyabr 2018

Samara

HƏMÇİNİN BU MÖVZUDA:

SƏMƏD VURĞUNUN “AYGÜN” KOMİK POEMASININ TƏHLİLİ. TOY PALTARINI SOYUNMAYAN GƏLİN VƏ «MUĞAN SƏHRASI»…