İyirmi il yatağa,
Bağlı qalarsa insan,
Qapıdan da qırağa,
Ayağını qoymasa;
Qapıda, pəncərədə,
Bütün gün gözü qalsa,
Təklikdən içəridə,
Sinirləri daralsa;
Musiqidən, oxudan,
Bezib gələrsə təngə,
Kəm ya artıq yuxudan,
Solub gedərsə rəngi;
Dadsız olsa ya acı,
Yemək də dərman kimi,
Biləndə ki, əlacı,
Daha deyil həkimlik;
Əllərini qoynuna,
Qoyub uzananda da,
Həyatı və dünyanı,
Tərk eləmir bir an da.
Fikridədir durmadan,
Yatağının əsiri.
Seçir ağı qaradan,
Ayırır xeyri, şəri.
Gecəni, gündüzü də,
Tanıyır hənirindən,
Görür yer üzünü də,
Günün həndəvərində.
Saat əqrəblərinin,
Hərəkətini görür,
Ötən dəqiqələrin,
Hər birini ötürür.
Bezmir safçürüyündən,
İndinin, olanların,
Tikan tək ürəyindən,
Çıxarır insanların,
Yalan söz deyənini,
Eşqi qəlp olanını,
Gedib gəlməyənini,
Vədlə dolananını.
Gözləri qapalıdır,
Otaqda sönmüş çıraq,
Ağı da, qaranı da,
Yaxşı ayırır ancaq.
11. 07. 2019
Samara