Архив | 27.03.2021

DƏLİ DOMRULUN ARVADINA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Bilirsənmi nələr gəlib başıma?

Alqanad Əzrayıl gəldi uçaraq,

Qonub mənim ağca sinəm üstünə,
Alırdı canımı, xırıldadaraq.

Vermədi, atamdan can istəyəndə.

Anama yalvardım, anam vermədi,
“Oğul, can şirindir, qıymaram” dedi.

İndi uca-uca qara dağlarım,
Yayın istisində yaylağın olsun,
İndi ayna üzlü soyuq sularım,

Sənindir, sərini sinənə dolsun.

Bir ilxı şahbaz at qoyuram sənə,

Hansını istəsən, indi minərsən.

Altın ban evimdə kölgələnəsən,
Bir qatar dəvəmi indi yüklə sən.
Yaylaqda bəslənən ağca qoyunum,
Bişib mətbəxində səni doyursun.

Könlün kimi sevsə, ərə get ona,
Qoy yetim qalmasın iki oğlanım.

26. 03. 2021, Samara

ANASININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul)

Oğul, ay oğul!
Doqquz ay qarnımda səni daşıdım,
Bələdim, yatmadım beşik başında.

Dünyaya gətirdim onuncu ayda,
Verib ağ südümü səni doyurdum.

Ağqüllə qalada kaş tutulaydın,
Murdar kafirlərə dustaq olaydın!

Səni qurtarardım qızıl pul verib,
Ancaq indi, oğul, yamandır yerin,

Ora mənlik deyil, can da şirindir,
Yox, qıya bilmərəm sənə canı, bil!

26.03. 2021, Samara