Архив | 28.03.2021

ARVADININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul boyu)

Nə söylərsən!

Göz açıb gördüyüm, könül verdiyim!
Nədir, qoç igidim, mənə dediyin?

Dadlı damaq verib soruşduğum bəy,
Bir yatağa girib əmişdiyim bəy!

Qarşı yatan qara dağları demə —

Səndən sonra dağlar nəyimə gərək?

Getsəm, qəbir olsun mənə o yaylaq!

Soyuq sularını mən əgər içsəm,

Qan kimi burnumdan gəlib tökülsün.

Qızılın, gümüşün gəlsə eynimə,

Xərclənə o pullar kəfən-dəfnimə.

Şahbaz bir atını minsəm əgər mən,

Nəşimi salalar onun belindən.

Səndən sonra sevsəm bir igid əgər,

Ala ilan çalıb məni öldürə.

Bil ki, yaramazdır  atan və anan,
Canı şirin bilib sənə qıymayan.

And olsun Tanrının uca adına,
Özü şahid olsun Tanrı andıma,

Mənim canım sənin canına qurban!

26. 03. 2021, Samara

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

2

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri br ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu, hadisədən çox üzücü  faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etdi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dastanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəs nə olsun “Beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara