“Müəllim, indi ki sən deyirsən bahadır, mən lap havayı düzəldərəm, mən o arvadı yaxşı tanıyırdım, böyük hörmətim vardı ona…”
Spesifik məntiqdir – qiymətdən düşmür, ancaq işi guya havayı görməyə də hazırdır. Anacaq sifarişçi Məmmədağa müəllim təccüblənmir — ona görə yox ki, riyayaziyyatı tədris edir və məntiqi mühakimənin hər cür mümkün yayıntılarına adət edib. Spesisifik məntiq bəlkə də peşə spesifikliyindən doğur – müsahibi “sənətkardır”, qəbir daşı yonur… O ki qaldı “arvadı” yaxşı tanımağına… “Arvadı” Salyanda və ətraf rayonlarda kim tanımırdı ki. Gəl ki gəbrinin yerini dəqiq göstərməyə uzun müddət bir adam tapılmırdı. Azərbaycanın əməkdar həkimi Klavdiya Fleqontovna Şarovanın qəbrini…
1986-cı ilin payızında o vaxt Kuybışezv adlanan Samaradan məzuniyyətə gələndə doktor Şarovanın uşaqlıq və ilk gənclik illərinin keçdiyi şəhərin şəkillərini gətirmişdim. Klavdiya Fleqontovna onlara baxdıqca gözləri yaşarır, küçələrin, meydanlarin indiki yox, onun ailəsiylə aclıqdan xilas olmaqçın ekstremal şəraitdə Samaradan çıxıb nisbətən çörəkli sayılan Sibirə yollandığı vaxt daşıdığı adları tez və səhvsiz deyirdi. Səksən üç yaşlı doktorun nəinki yaddaşı qaydasındaydı – hər bazar ertəsi xəstəxanada onun əməliyyat günüydü. Klavdiya Fleqontovna 1991-ci ilin yanvarında baş verən ölümünün yaxın ərəfəsinə qədər işləmişdi.
Yetmişinci illərin əvvəllərində doktor Şarovanın ailəsiylə tanış olanda, əlbəttə, ağlıma da gəlməzdi ki, həmişəlik rəqəmlər, tarixlər və ərazilərin mistik cazibəsinə düşürəm. O vaxt mənim üçün vacib başqa şeylər idi. Mənə doktorla tanışlığın ilk günlərindən aydın olmuşdu ki, mənim təhsilim qiyabi oxuduğum universitetdən çox Salyanın bəlkə də ən odioz məhəlləsindəki ikimərtəbələrdən birinin ikinci mərtəbəsindəki mənzillə bağlı olacaq. Şəhərin girəcəyində, avtovağzaldan iki addım aralı olan düzbucaq şəkilli bu məhəllə bir-birinin eyni olan bir neçə ikimərtəbə “hökumət evindən ibarət idi. Asfaltı min yerdən çatlamış həyətin düz ortasında ümumi ayaqyolular vardı və xüsusən ikinci mərtəbədən düşüb aftabanı qıçlarına sıxa-sıxa üfunəti havalanıb avtovağzal həyətindən qalxan qoxulara qovuşan ayaqyoluna başıaşağı gedən arvad-uşağı görəndə adam istəyirdi qurd olub ulasın. Və elə qərb radiolarına qulaq asmaq, Folkneri və Dostoyevskini oxumaq, dil öyrənmək də ümidsizlikdən ulamaq kimi şeydi – yəni ki, neyləyirsən eləyəsən, bircə şura hökumətiylə və kommunist partiyasıyla unison oxumayasan…
Doktor Şarovanın mənzilinə girən kimi tarix, dövr dəyişirdi, düşürdün iyirminci əsri əvvəlinə, hələ ondan da o yana, on doqquzuncu əsrə. Puşkin, Tyütçev, Gertsen… Vəkil qızı, gimnaziya məzunu doktor Şarova fransızcanı da unutmamışdı… “O da haqlı deyildi, Xeyürulla müəllim, axı o, övladlarını ədəbi irsinə hüquqdan mərhum edib lüt qoymaq istəyirdi…” Uşaqlara münasibət məsələsində Klavdiya Fleqontovna hətta Tolstoyla da mübahisəyə hazırıydı, özü nəinki Salyandakı evi saxlayır, hələ bütün pensiyasısını mərhum oğlu İskəndərin Bakıdakı ailəsinə göndərirdi. İndi doğma nəvələri yetkin, ailəli adamlardır, nənərinin harda basdırıldığından xəbərləri yoxdur. Deyilənə görə, doktor Şarova öləndən sonra gəlini son məqamda da olsa özünü yetirib mərhumun evinin qonşular tərəfindən yağmalanmasında iştirak etmişdi. Zəngin kitabxana tamam dağıdılmış bütün qab-qacaq, son qaşıq-çəngələ qədər, aparılmış, paltarların bəyənilənləri götürülmüş, bəyənilməyənlərdən də xəz yaxalıqlar kəsilmişdi. Qızıl-gqmüş, əlbəttə, birinci növbədə… Kitabxananı doktor əsasən Azərbaycanda yaşadığı altımış ilə yaxın vaxtda yığmışdı, ancaq kitabların içində Omsk tibb institutunu bitirib bura işləməyə gələndə gətirdikləri də vardı. Xüsusi fəxrlə Klavdiya Fleqontovna qırxıncı illəıin axırında kosmopolitizmlə mübarizə zamanı tutulmuş tibb professorlarının kitablarını göstərirdi. Bu kitablar o vaxtlar “orqanlar”a təhvil verilməliydi. Ancaq doktor verməmişdi. Xırdaca, ağüz bu qadını az tanıyan adamlar da onun tünd göy gözlərində əks olunan ləyaqət və cəsurluğu görməyə bilməzdilər…
O, vəkil qızıydı. Evləri indi də Xlebnaya ploşad adlanan meydanın yaxınlığında olub – bura Samaranın tarixi mərkəzidir. Knyaginya Xovanskayanın gimnaziyasında oxuyub, gimnaziyanın binasinda indi də məktəb yerləşir. Volgaboyundakı ağır vətəndaş hərbindən və aclıqdan ailəsiylə Omska gələn Klavdiya burda tibb institutunu bitirib göz həkimi diplomu alır və bir müddət sonra Azərbaycanda işləyən rəfiqəsi İza Bretsenin dəvətiylə ora gedir. Traxomayla gərgin mübarizə illərində əvvəl Şəkidə işləyir, sonra Salyana göndərilir. Elə bu vaxtlarda fasilələrlə Bakıda da yaşayır — əri görkəmli veneroloq Rüstəm Talışinskiydi, altmışıncı illərin əvvəllərində o, Bakıda avtomobil qəzasında ölüb… Doktor Rüstəmin birinci arvadından olan oğlu, adıyla bağlı travmatoloji əməliyyatlar dərsliklərə düşmüş professor Rəşid Talışinski Klavdiya Fleqontovnaya sevgisi və hörməti böyükdü. Professor Talışinski çox cavan öldü. Doktor Rüstəm Talışinskinin dörd oğlundan heç biri — proferssorluğa Xarkovda qalxmış Rəşid, futbol məşqçisi İskəndər, müəllim Sabir, psixiatr Əli — sağ deyil, heç bir azardan şikayətlənməyən uca boylu, enli kürəkli bu kişilər elə bil yoxmuşlar…
2006-cı ilin yazında Bakıda Samara vilayətinin mədəniyyət günləri keçirilərkən vilayətin mədəniyyət naziri Olqa Rıbakova və “Samara vilayəti azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Azərbaycanın mədəniyyət nazirindən xahiş etmişdilər ki, doktor Şarovanın qəbrinin tapılmasına kömək etsin, qəbrin üstünün götürülməsi xərclərini Samara vilayəti çəkməyə hazırdır. Cənab Qarayev samaralı həmkarını televiziya kameraları qarşısında deyir ki, hər şey ediləcək və Salyanın başçısına rəsmi məktub göndərir. Bir neçə ay keçir, Şirvan Kərimov özü Salyana gəlir, başçıyla görüşüb deyir ki, bizə ancaq qəbrin tapılması lazımdır, üstünü özümüz götürəcəyik. Mən də görüşdə iştirak etdiyimə görə deyə bilıərəm ki, Salyan başçısı bizim yaddaşımıza silinməz təəssür saldı. “Ayıb deyil? Nə xərc? Hamısını özümüz edəcəyik, mən də o qadından çox eşitmişəm, layiqdir. Yaşadığı evə də xatirə lövhəsi vuracağıq. Nə iki ay? Nə danışırsınız? Bir həftənin içində!”
Düz bir il keçdi… Salyanlı müəllim dostum Məmmədağa Əhədov xəbər verirdi ki, heç kim əlini ağdan-qaraya vurmayıb, hərçənd qəbrin yeri tapılmışdı…
2007-ci ilin yayında Şirvan Kərimov Məmmədağa müəllimə pul göndərib xahiş edir ki, qəbrin üstünü sifariş versin. Məmmədağa müəllim spesifik məntiqli daşyonanla qiymət üstündə çək-çeviri artıq görünməsin: pul Şirvan Mürvət oğlunun şəxsi vəsaitindən idi və samaralı sədr “daşın lap yaxşısından” qoydurmağı tapşırmışdısa da, riyaziyyat müəllimi üçün bu məqamda özgə pulunu saymağın yeri vardı… Sifarişi bir az aşağı qiymətlə götürən ikinci sənətkar da Xıllınin və Salyanın göz xəstəxanalarında on illərlə baş həkim işləmiş doktor Şarovanı yaxşı tanıyırmış…(Daşyonanlara ümumiyətlə heç bir iradımız yoxdur, mən onların elə qəbiristanlıqda yerləşən emalatxanalarında oldum – çox ağır və sağlamlıq üçün ziyanlı işdir. Həm də, əlbəttə, keyfiyyələ görülərsə, nəcib işdir…)
29 avqust 2007-ci ildə kiçik bir qrup salyanlının iştirakıyla qəbirüstünün açılışı oldu. Salyan başçısı nə özü gəldi, nə bir adam göndərdi. Yeri gəlmişkən, Rasim müəllim də doktordur, ancaq göz doktoru yox, elmlər doktoru…
O ki qaldl göz doktorlarına… Salyanlılar başqa bir göz həkiminə heykəl qoyublar, adına bağ da salıblar. Ancaq onun qəbri Salyanda deyil, heç vaxt Salyanda yaşamayşıb və, səhv etmirəmsə, heç vaxt orda olmayıb da… Yox, bu mistika-zad deyil, bu, sonralar nəsil-nəsil xəcalət çəkdirib başıaşağı edən kobud və bayağı praqmatizmdir, öz dilimizdə desək, yaltaqlıq və ayağadüçməkdir. Mistika ayrı şeydir.
Klavdiya Fleqontovna ilə doğum tariximiz eynidir – düz əlli il fərqlə. Və mən təxminən onun Azərbaycana gəldiyi yaşda Samaraya gəldim…
Mən Samaradakı şaxtalardan ona xəbər verəndə o mənə yazardı:” Mən indi orda yaşaya bilməzdim… Qocalmışam və soyuqdan elə qorxuram ki…”
Doktorun ölümündən keçən uzun illər ərzində tez-tez fikrən onunla danışıram. “Klavdiya Fleqontovna, mən də qorxuram ki, daha vətənə qayıda bilməyəm… Havası düşmür…”
Onun bir qardaşı da vardı. Batumda yaşayan Viktor Fleqontoviç kimi çox oxumuş, geniş məlumatlı və kübar adam az görmüşəm. Hərdən Salyana gələrdi. Öz ailəsi cəhənnəmdi. Qırğıya oxşayan Muza(!) adlı arvadı hər dəqiqə şığıyıb ərinin gözlərini çıxarmağa hazırdı. Müharibə vaxtı kapitan Viktor Şarovun batareyası Batumda yerləşirmiş. Günlərin bir günü batareya radioqram alır ki, yaxınlaşmaqda olan obyekt düşmən təyyarəsidir, vurun. Viktor Şarov əmri yerinə yetirir. Az sonra məlum olur ki, vurulan sovet təyyarəsiymiş… Kapitan Şarovu tutmurlar, ancaq hərbi karyerasının da üstündən xətt çəkilir…
Ruhunuz şad olsun, Klavdiya Fleqontovna! Günahlarınız, əgər vardısa, bağışlansın, Viktor Fleqontoviç! Bəlkə bir vaxt yenə görüşüb danışdıq. Bu dünyadaki qanqaralıqları, bütün ağrı və göynəmələri doğruldan yalnız buna ümiddir…
26.02.2008 14:48:27, Samara
“Azadlıq” qəzetində çıxıb