Göyə dəyir dirəkləri,
Məftilləri tikanlıdır.
Nə soyuqmuş ürəkləri,
Bu sərhədi tikənlərin.
Əsgərlidir qüllələri,
Quduz itlər pusqudadır.
Ayaq atan qüllələnər,
O tay-bu tay yas tutular.
Generallar sayıq durur,
Moskvadan Tehranacan.
Yaraqları ayaqdadır –
Hər təzə gün bir həyəcan.
Burda bölüb ayırıblar,
Bir millətin yarısını.
Məftillərlə sarıyıblar,
Sağalmayan yarasını.
Burda məkan parçalanıb,
Zaman qalıb hərəkətdən.
Burda vətən parçalanıb –
O tay vətən, bu tay vətən.
O tay-bu tay qoşalaşar,
Təndirlərin tüstüləri.
O tay-bu tay sərhəd aşar,
Çörək ətri.
Bu quş burda qanadlandı,
Bax, o tayda süzür indi.
Nola, məni qanadına,
A quş, alıb gəzdirəydin…
10-11 fevral 1990, Samara
Понравилось это:
Нравится Загрузка...