«Qardaş, indi yas yerinə getmək əngəl olub, çadırda oturduğun yerdə birdən molla komanda verir ki, qalxın, Hacı Filankəs gəldi. Hacı Filankəsin hansı yuvanın quşu olduğunu Salyanda bilməyən yoxdur, ancaq hamı qalxır ayağa. Qalxmayacaqsan, yas yiyəsi inciyəcək… Qardaş, abrımız gedib…”
Bunları mənə Salyanda bir neçə il əvvəl əziz bir adamım deyirdi. Mərhum cəsur, atıb-vuran adamdı, sıraya düzülməklə, komandayla oturub-durmaqla arası yoxuydu. Əməlləri cinayət məcəllləsinin azından on-on beş maddəsi altına düşən adamların qabağında ayağa durmağın onun üçün necə məşəqqət olduğunu yaxşı başa düşürəm. Ziyarət yolları təzə açılanda mən özüm Salyanda yas məclisinə düşmüşəm, o vaxt hələ hacıların çadıra gəlişi molla tərəfindən ucadan elan edilsə də, camaatı qaldırmırdılar, molla özü durub təzətər hacının qabağına gedir və qucaqlaşıb marçamarç öpüşürdülər…
“Adın nədir?” “Sarıdır…”
Yadınızdadırsa (əlbəttə, yadınızdadır, dilimizi, ədəbiyyatımızı, lap elə tariximizi də yaddan çıxaran bizik, yəni yurddan qıraqda yaşayanlar), hekayəçi hamamda üzqoylu uzanıb kisələnəndə kisəçidən adını soruşur. Kisəçi də deyir “Sarıdır”. Hekayəçi yenə soruşur və həmin cavabı alır. Heçayəçi elə təəccüblənir ki, hamamın bütün ləzzəti canından çıxır. Kisəçiyə and verib yalvarır ki, əsl adını desin. Kisəçi də elə bilirmiş ondan sabunun nə sabun olduğunu soruşurlar. “Adım Məşədi…”
Hekayəçinin ürəyi yerinə gəlir – azərbaycanlı müsəlman (ya müsəlman azərbaycanlı?) ola, adının məşədisi, kərbalayısı olmaya…
Sizə deyim kisəçidən. Daha doğrusu, kisəçi oğlundan. Kənddə yaxın qonşulardan birinin ölümü məzuniyyətimin vaxtına düşmüşdü. Amerika siqaretini tüstülədə-tüstülədə çadırda oturanlarla məzələşən molla söhbəti hansı möcüzəyləsə Mirzə Fətəlinin üstünə gətirdi və ürəkdən, ağız dolusu cənab Axundova, yəni bizim milli dühamıza, milli iftixarımıza lənət oxudu.
İndi yəqin siz, mənim milli düha va milli iftixarın nə olduğunu çox-çox yaxşı başa düşən dəyərli soydaşlarım, güman edirsiniz ki, danışığında şübhəsiz cinayət tərkibi olan molla hökmən cəzalanıb(milli təhqiri biz haçan yerdə qoymuşuq?). Türmə də olmasa, heç olmasa şərti cəza, pul cəriməsi, bir neçə il müddətinə mollalıqdan mərhumluq, ya da ən azı xarici pasportunun alınması ki, bir müddət xarici ölkələrə ziyarətə gedə bilməsin. Son variantı xüsusən peşəkar molla üçün həddindən artıq amansız sayan oxucuların həyəcan keçirməyinə dəyməz: o vaxt “məşədi” adı daşıyan molla indi “kərbalayı”dır. Deyək ki, hökümətin başı qarışıb jurnalistlərlə davaya və Salyan, Cəlilabad, Nardaran ya Masalllı mollalarına əli çatmır. Bəs o çadırda oturanlar?
Boynuma alım ki, sizin həqir nökəriniz də mollanın cavabını vermədi. Mollanın xətrinə dəymək məclis yiyəsini incitmək kimidir. Bizsə məclis, kənd, vilayət, ölkə yiyələriylə Axundovlar arasında seçim olanda, əlbəttə, Axundovları tutmuruq. Axundovlarsız hardaydıq və kim idik – bunu düşünmürük ya az düşünürük. Və nə qədər az düşünüruksə, axundovlarsız hardalığı və kimliyi yaxın perspektiv kimi lap önümüzdə işıqlanır.(Bəlkə daha dəqiq – qaralır?)
Axundovu lənətləyən mollanın ingilislər demişkən “bəkqround”u, yəni əsl-nəcabəti, tərbiyəsi, təhsili barədə bircə şey məlumdur: o, kisəçi oğludur, özü də deyəsən kisəçi şagirdi olub. Bəlkə də Axundov vaxtını hamamda yatmaqla keçirən soydaşlarımızı məzəmmət etdiyinə görə ondan acıqlıdır.
Yox, deyəsən, hamamda yatanlara sataşan Mirzə Cəlildir. Mirzə Cəlildən də yanıqlılar çoxdur. Mollalardan tutmuş millətsevər universitet professorlarına qədər. “Böhtan yazıb! Biz heylə olmamışıq!”
Bəs siz necə olmusunuz? Niyə bəs azadlıq əlinizə düşən kimi üz qoydunuz Azərbaycanın qalan ərazisində neft quyularından da çox olan və hər gün yenisi açılan pirlərə, falçı, baxıcı, duaçı qapılarına? Niyə varlılarınız ətək-ətək pulları ziyarətə xərcləyir, özünüz, uşaqlarınız arxlarla gələn nəcisli suyu içirsiniz? Niyə ilin yarısını Məkkədə, yarısını Avropa kefxanalarında keçirən dövlətlilər qapıları neçə illərdən bəri bağlı qalmış xəstəxanaları işlətmirlər? “Heylə” olduğunuza görə deyilmi ki, əlsiz-ayaqsızlar “urusun”, yəni allahsız bolşeviklərin atasına rəhmət oxuyur? Bəs siz niyə vaxtilə Moskvada həkim işləyəndə onlarla azərbaycanlıya əl tutmuş, bəzilərini şəxsən müalicə eləmiş əlli səkkiz yaşlı(!)doktor Rafiq Tağını türmədə əzib sındırdınız? Bəs niyə onu öldürəcəklərinə and içən və hərəkətlərində danışıqsız cinayət tərkibi olan fanatik Nardaran seperatçılarına gözün üstə qaşın var deyən yoxdur? Əlbəttə, onlardan jurnalistlərə və bütün demokrartik zümrəyə qarşı dəyənək kimi istifadə edənlər var. Ancaq sonra bu dəyənəyin qabağında bəlkə dayana bilməyəsiniz…
Hacılığa, gəlin fakta adekvat yanaşaq, kvot qoyulandan sonra ona islamın sütunu kimi baxıla bilməz, dünya müsəlmanlarının sayı çoxdan milyardı keçib, Səudi krallığının təyin etdiyi kvot isə bir neçə miskin milyondan artıq deyildir. Götürün kalkulyatoru və hesablayın: müsəlmanların çox kiçik qisminin Məkkəyə getmək şansı var, ona görə də bu ziyarət borc sayıla bilməz. Əlbəttə, bütün gedənlərə yaxşı yol arzulayırıq və onların dini hisslərinə də hörmətimiz var. Ancaq niyə camaat onların qabağında farağat durmalıdır? Hərçənd qabağında farağat durulmalı ən azı bir hacı tariximizdə olub: Hacı Zeynalabdin Tağıyev…
“Getdik Quma, imamın qəbrini, imamın qızının qəbrini ziyarət etdik…”
Bunu ötən il Azərbaycanda bir soydaşımz danışırdı.
“Sonra Xomeyninin qəbrini ziyarət etdik…”
Mən qıpıq adamam, ancaq bu yerdə dözmədim: ”Xomeyninin qəbrini niyə? On minlərlə sütül azərbaycanlı balasını müharibədə qırdırdığına görə? Təbrizi bombalatdırdığına görə? Soydaşlarımızın dilini qıfıllatdığına görə? Şallaqlara, dar ağaclarına, daşaqalaqlara görə?”
Məşədi az qalmışdı vura məni öldürə…
Bəlkə bizim başımız elə hamamda yatmağa, xoruz döyüşdürməyə qarışsa yaxşıdır?
20.02.08 Samara
Понравилось это:
Нравится Загрузка...