Taleyin əlində əsir-yesirdik,
Elə bəxtimizdən umub-küsürdük.
Ağır zəncirinə ağır günlərin,
Bağlanıb gedirdik. Yerimək çətin.
Aşıb axşamları yola vararkən,
Zülmətlər içində ümid ararkən,
Ququş qondu ömrün gecələrinə,
Eşq olsun qonağın gec gələninə!
Nəğmə atəşinə alışan Ququş!
Adı nəğməsinə yaraşan Ququş!
Səsi qönçələnən nazənin Ququş!
Nəğmə cilvəsiylə bəzənən Ququş!
Ağla, bu naləyə ürək dayanmaz,
Göz yaşı içməsə, duyğu oyanmaz.
Bir nəğmə sızladan, biri coşduran,
Biri yola qoyan, biri çaşdıran.
Heçliklərə meydan oxuyan Ququş!
Tale bədliyindən arxayın Ququş!
…Qonub ömrümüzün gecələrinə,
Ötür quş nəfəsli Ququşum yenə.
Iyun, 1985 Ərəbqardaşbəyli