Şirvan bəyin, sizdən nə gizlədim, hərdən-hərdən mənimlə məsləhətləşməyi var. Düzdür, məsləhətləşəndən sonra öz bildiyi kimi edir, ancaq yenə sağ olsun ki, sayır. Günlərin bir günü deyir ki, Mirzə, bazar günü məktəbi açmaq istəyirik, nə deyirsən. Dedim bəy, yəqin mənimlə zarafat edirsən. Bazar günü məktəb olar? Bazar günü məktəbə gedərlər? Dedi ki, bazar günü bəs hara gedərlər? Dedim bazar günü getməyə o qədər yaxşı yerlər var ki. Ağzında bazar günü deyirsən. Bazar günü hamama gedərlər, xaş yeməyə gedərlər, kiçik toya gedərlər, kazinoya gedərlər. Vallah, kef çəkməli yerlər o qədərdir ki, deməklə qurtaran deyil, dedikcə də adamın öz ağzı sulanır. Şirvan bəy əlini yelləyib dedi ki, nə kef, a kişi, mən məktəbdən danışıram. Bazar günü məktəbi açırıq ki, burdakı uşaqlar gəlib ana dilimizi öyrənsinlər. Dedim Şirvan bəy, bazar günü ağlım kəsmir bizim uşaqlar məktəbə gedə, özü də dilimizi öyrənməyə. Yenə ingilis dili ya da balet olsaydı, bəlkə gedərdilər. Şirvan bəy bu dəfə hər iki əlini yelləyib dedi ki, Mirzə, bəs sən görməmisən yəhudilər, ermənilər necə bazar günləri yığışıb öz dillərini öyrənirlər?
Söhbətin bu yerində elə incidim ki, mən də hər iki əlimi yellədim. Dedim a kişi, sənin necə ürəyuin gəldi ki, bizim gözəl-göyçək, ağıllı-kamallı millətimizi yəhudiylə, erməniylə müqayisə etdin? Çox da onlar yaxşı oxuyurlar, çox da onların alimləri bizimkindən artıqdır. Biz qeyrətdə onlardan üstünük. Bizim dinimiz onlarınkından yaxşıdır. Əsas qeyrətdir, əsas dindir, a Şirvan bəy. Məndən soruşursansa, bizə bazar günü məktəbi lazım deyil. Bizə belə məktəb lazım olsaydı, günün adını “bazar” qoymazdıq…
O vaxt az qaldıq Şirvan bəylə dalaşaq, bir az küsülü qaldıq, sonra bazar günlərinin birində Mobil bəy adlı soydaşımız hər ikimizi xaş qonaqlığına çağırıb bizi barışdırdı…
O ki qaldı bazar günü məktəbinə, onu açdılar – Mirzənin məsləhətinə baxan kimdir ki. Ancaq bu məktəbin açıqlığı ya bağlılığı bilinmir. Bir hay-hayı gedib vay-vayı qalmış müəllim tutublar, məktəb qapısına gələn də onu görüb qayıdır. Çox vaxt bu “məllimin” əli quru yerə dəyir. Bir dəfə bu kişini gördüm, yazığım gəldi. Ürəyimdə dedim ki, a kişi, sənin özünə Azərbaycan dili yox, ərəb dili lazımdır ki, burda yasindən-zaddan oxuyub qəpik-quruş qazanasan.
Ancaq yenə ürəyim yanır millətin işlərindən ötrü. Bir tanışım var, ona bu yaxınlarda deyirəm ki, qırışmal, niyə uşağını göndərmirsən dilimizi öyrənsin. Deyir ki, Mirzə, sən öləsən, əlacım olsa, mən özüm dilimizi birkərəlik başımdan çıxararam. Dedim bəs dilsiz neyləyəcəksən, a yazıq, heç ruscanı da əməlli bilmirsən. Deyir ki, Mirzə, məni ruscanı öyrənmyə qoymayan şoğərib dilimizdir. Necə ki kompütürdə bir təzə proqramı qoymaqçın gərək köhnəsini çıxarasan, bu rusu da yaxşı öyrənmək üçün gərək əvvəl öz dilimizi beynindən çıxarasan. Mirzə, başın haqqı, bilmirəm heç neyləyim…
Düzü, bu qurumsağım dilimizə “şoğərib” deməyindən çox başıma and içməyi məni yandırdı…
A kişilər, millətin əgər oxumaq fikri olsaydı, günün adını “bazar” qoymazdı ki. Digər tərəfdən, hansı günümüz bazar deyil ki? Haramız bazar deyil ki? Universitetimiz bazar, məhkəməmiz bazar, məscidimiz bazar, parlamentimiz bazar, hökumətimiz bazar.
İndi belə çıxır ki, həftənin hər gününü biz elə məktəbdəyik.
Bazar məkdəbində…
Mirzə Əlil, 27 noyabr 2008, Samara
Понравилось это:
Нравится Загрузка...