ALTMIŞ BEŞ

18.11.18.jpg

“Çörəyini sulara axıt, uzun zamandan sonra o yenə sənə qayıdar”

                    (Ekklesisast, 11:1)

 

Elə yorulmuşam, əlim, ayağım,

Elə ağrıyır ki, yaşım elə bil,
Altmış beş deyil, altı yüz ildir,

Nuh bu yaşda idi sel gələn çağı.

 

Cənuba, şimala əsər küləklər,

Sonra qayıdar öz dairəsinə.

Günəş də çıxdığı yerə tələsər,

Günəşin altdasa hər şey həminki.

 

Gördüm günəş altda baş verənləri,
Çalışdım anlayam – ruhum əridi,

Müdrikin, cahilin sonu eynidir,

Bilik çoxaldıqca çox da qəm verər.

 

Çəkdiyim zəhmətdən günəşin altda,
Mənə bu dünyada nə qalacaq, nə.

Gecə də dincəlməz ürək, döyünər,
Hər şey ruhu üzən, fənalıq hətta.

 

Vaxtı var tikməyin, dağıtmağın da,

Vaxtı var gülməyin, ağlamağın da,

Vaxtı var sevginin, ayrılığın da,

Qəlbi yaralayıb, sağaltmağın da.

 

Tək yaranıb yaşar bəşər övladı,
Yanında nə qardaş, nə də oğul var.

Çəkilən zəhmətlər itər, zay olar,
Bu da ruhu üzən, fənalıq bu da.

 

Gümüşdən doyarmı gümüşü sevən? —

Nə fayda, gözləri baxacaq ancaq.

Necə ki, bətndən çıxıb o, çılpaq,
Çılpaq da gedəcək dünyadan hökmən.

 

İnsan xəbərsizdir öz zamanından,
Quşlar tora düşüb dolaşır necə,

Başının üstünü qəfil eləcə,

Zaman gəlib alır, əsirdir insan.

 

Yenə günəş doğar, batar yenə də,

Öz dairəsinə dönər küləklər.

Dənizi doldurmaz, neçə çay gələ,
Günəşin altında dünya həmindir.

 

Doğulmaq vaxtı var, ölüm vaxtı var.

Vaxtı var ağuşda uyumağın da,
Vaxtı var ağuşdan soyumağın da,

Torpaqdan yaranan torpağa varar.

 

 

Altmış beş deyil, altı yüz ildir,
Elə bil ki, yaşım, qulağın səsə,
Gözün görməyə var ancaq həvəsi,
Necə ağrısa da ayaq da, əl də.

 

Yaranış vaxtı var, ölüm vaxtı da,

Xəbərsiz olsa da zamandan insan.

Nuh seli gələrsə əgər qabaqdan,
Çörəyi sulara gərək axıdam.

 

23-24.11. 2018

Samara

Реклама