Gəzəndə parkı, bağı,
Gətirsə bəxtim əgər,
İçində ot-alağın,
Gözümə birdən dəyər.
Nə adını bilən var
Burda, nə də dadını.
Sütül yarpağında bal,
Saplağından süd damır.
Çörək kimi yeyilib,
Kəndimdə yemək olub.
Hərb düşüb, aclıq gəlib –
Neçə qarın doyurub.
Yaşılındakı çalar,
Heç bir otda tapılmaz.
Duruşunda vüqar var,
Yad görünsə də bir az.
Gördüm – ürəyim əsir,
Kəndimdəyəm elə bil.
Yurdun ərazisidir,
Harda ki, yemlik bitir.
Bayraq kimi boy atıb,
Ölkəmdir həndəvəri.
Üçrənglidən də artıq,
Məni təsirləndirir.
14-15. 06. 2019
Samara