
That time of year thou mayst in me behold…
İlin o fəslinə bənzəyirəm ki,
Yarpaqlar saralıb düşür, soyuqda
Əsən budaqlarda qalır tək-tükü,
Quşların nəğməsi kəsilmiş daha.
Görünər toranın üzümdə əksi,
O vaxt ki, gün gedir batdığı yerə.
Ölümlə əkizdir düşən gecəsə,
Dünyada nə varsa, qapar, möhürlər.
Məndə işartısı görünən bu od,
Çılğın əvvəlinin yaşar külündə,
Bu qəm yatağında sönməlidir o —
Ona can verən də onu kül edər.
Sevgini artırır bunu görməyin,
Bilirsən tezliklə gedərəm yəqin.
İngiliscədən tərcümə
01.03.2018
Samara