
Thy glass will show thee how thy beauties wear…
Solan gözəlliyi güzgüdə görər,
Saatdan bilərsən əriyir zaman.
Düşər duyğuların ağ vərəqlərə,
Bunu öyrənərsən sən bu kitabdan:
Aynada gördüyün qırışlı qatlar,
Məzarı yadına salar bəlkə də.
Əqrəb oğrunluğu deyər: saatlar,
Gedir oğurluqca əbədiyyətə.
Nə varsa yadında qala bilməyən,
Bu ağ vərəqlərə köçür; haçansa,
Böyüyər beynindən dünyaya gələn,
Onunla təzədən tanış olarsan.
Çox baxsan aynaya, saata əgər,
Olar kitabın da zəngin o qədər.
İngiliscədən tərcümə
05.03.2018
Samara
QEYD: Güman olunur ki, sonet şairin segilisinə (dostuna) etdiyi və ağ səhifələri olan kitab hədiyyəsiylə bağlı yazılıb. Şair ona bu ağ səhifələrə duyğu və düşüncələrini yazmağı tövsiyə edir.