Архив | Июль 2018

  ŞARL BODLER.  ZAVALLI KİMYAGƏR 

бодлер

     Alchimie de la douleur

Yasa batıran var, səni, Təbiət!

İşıqlandlran da öz oduyla var.
Biri o birinə söyləyir: məzar!

O biri söyləyir: Həyat, əzəmət!

 

Ey naməlum Hermes, yardım edənim,
Salırdın həmişə qorxuya məni,
Ən zavallısına kimyagərlərin,

Midasa bərabər elədin indi.

Səninlə dəmirə çevirirəm mən

Qızılı; cənnəti həm cəhənnəmə;

Bulud kəfəninə bükülüb qalan,

 

Görərəm bir əziz meyiti birdən,

Səma sahilləri yanında ona,

Məqbərə tikərəm tayı olmayan.

 

Fransızcadan tərcümə

13.07. 2018

Samara

ŞARL BODLER. FANTASTİK QRAVÜR

бодлер
          Une gravure fantastique

Bu qəribə kabusun palpaltar əvəzinə,

Taxılıbdır alnına elə bil ki, məzəynən,
Müdhiş və karnavalı xatırladan diadem,
Mahmızsız və qamçısız, qovur atı o daim,
At da apokaliptik, elə özünə oxşar,
Epilektiklər kimi burnundan köpük daşar.
Fəzanı dayanmadan ikilikdə yarırlar,

Tapdayıb sonsuzluğu başsız ayaqlarıyla.

Süvari alov saçan qılıncını yellədir,
Adsız kütlələrə ki, miniyi basıb gedir.

Öz qəsrini yoxlayan prins tək gəzir, baxır,
Üfüqlərsiz və soyuq, nəhəng bir məzarlığa.

Burda yatır günəşin solğun ağ işığında

Tayfalar çox qədimdən, həm də ki bu yaxından.

Fransızcadan tərcümə

12.07. 2018

Samara

ŞARL BODLER.   MADONNAYA

бодлер

À une Madone

Ex-voto dans le goût espagnol[i]

Madonna, istəyirəm sənə, mənim məleykəm,
Mən bir mehrab dərdimin dərinliyində tikəm.

Ən zülmət bucağında  ürəyimin yonaraq,
Dünya ehtirasından, kinayələrdən uzaq
Taxça yaradaram ki, mavi-qızıl bəzəklə

Burda sən ucalarsan, heyrətə düşmüş Heykəl.

Büllur qafiyələrlə mahiranə bəzənən,

Saf metaldan cilalı toxumayan bənzəyən,

Şeirlərimdən sənə nəhəng Tac yaradaram,

Ey öləri  Madonna, qısqanclıq azarımdan,

Sənə  barbar sayağı özüm bir  Don biçərəm

Yabanı,  ağır qaba, şübhə yeyər içimi,
Mirvarilərlə deyil, Göz yaşımla bəzənən,
Gözəlliyin istərəm  özgə gözdən gizlənə!

Dönər Ehtirasıma sənin Donun, titrəyər,

Dalğalanar Ehtiras, gah ucalar, gah enər.
Uclarda ləngərləyər, açıqlıqda dincələr,
Ağ və gül bədənini qızğın öpüşlə bələr.

Sənə Ehtiramımdan başmaq tikərəm gözəl,
Sətindən; o, ilahi ayaqlarından öpər,

Mülayim ağuşunda dustaq edər onları,

Sədaqətli qəib tək saxlar formalarını.

Bütün məharətimə, səriştəmə baxmadan,
Sənə mən Ayaqaltı  yonmasam gümüş aydan,
İçərimi gəmirən ilanı ataram mən,
Ayağın altına ki, tapdalayıb güləsən.

Kini, tüpürcəyiylə şişən bu əcayibi,

Müzəffər kraliça, bilən haqq ödəməyi.

Görərsən Fikirlərim  sıralanıb şam kimi,
Mehrabı qabağında Qızlar Məleykəsinin.

Mavi tavanda əksi onların ulduzlanar,
Hər an sənə zillənən baxışlarında od var;

Heyranın və aşiqin məndə olan hər nə var,
Buxur, Benzoy, Oliban, Mirra tək ətir saçar.

Bəyaz və qarlı zirvə, sənə doğru durmadan,

Gəlir qasırğalarla dolu Ruhum Dumanda.

Sənin Məryəm rolunu, nəhayət, bitirməyə,

Barbarlığı, eşqi bir araya gətirməyə,

Qara nəşə! Ən əsas, yddi ağır Günahdan,
Vicdan ağrılı cəllad, mən,  tiyəsi od saçan,
Yeddi bıçaq yonaraq soyuq jonqlyor kimi,

Hədəfə götürərəm mən ən dərin eşqini.

Hamısını sancaram çırpınan ürəyinə
Ağlayan, qanı axıb dağılan ürəyinə!

 

Fransızcadan tərcümə

10-11.07. 2018

Samara

[i]  İspan ruhunda əhdə görə hədiyyə

İT GƏZDİRƏN YOX, İTİYLƏ GƏZƏN…

dama

Çexovun “Dama s sobaçkoy” hekayəsinin adını “İt gəzdirən xanım kimi” tərcümə ediblər. Bu, düz deyil. Sübut eləmək üçün əks tərcümə etmək lazımdır. Belə alınır: “Dama, vıqulivayuşaya sobaku”. “Vıqulivat sobaku” – it gəzdirmək şəhər evlərində it saxlayanlar üçün prosedurdur, iti gündə iki-üç dəfə çıxarıb gəzdirmək lazımdır – fizioloji ehtiyaclarını ödəsin və qırc olmasın deyə.

Çexovda dama iti gəzdirmir, özü sahildə gəzir, İtini özü ilə gətirddiyinə görə it də onunladır.

Qadın it gəzdirmir. Dama itiylə gəzir.

Tərcümə belə olmalıdır: “İyilə gəzən xanim”…

24.07. 2018

Samara

KƏND DƏFNLƏRİ

23..jpg

Kəndin bayramından, toyundan artıq,
Kəndin dəfnləri əzəmətlidir,

Uzaq-yaxın hamı yığılıb gəlir,

Hamı əlindəki işini atır.

 

Bir göz qırpmında qoça, cöngəyə,
Bir yekəpər  bıçaq elə çəkilir,
Yazıq nə tərpənir, nə dinə bilir,

Ancaq qızıl qanı fışqırır göyə.

 

Əlüstü odlanır dədə samovar,
Ocaq yandırılır neçə yan-yana,
Qayırıb asırlar teşti, qazanı,
Bunda ət pörtülür, onda plov var.

 

Gedir iş dalınca qəbirqazanlar,
Belləri çiynində, yerişləri şən,
Yuyucu tapılır yer deşiyindən,
Çox çəkmir, molla da gəlir hüzura.

 

Qalanlar əl-ələ çadır qururlar,
Sözlə, məsləhətlə görürlər işi,
Baxılır, yoxlanır işin gedişi,

Rəhbərlik edən var, ağsaqqal da var.

 

Elə yuyurlar ki, öləni, bəlkə,

Bəlkə sağlığında tamarzı qalıb.

Sonra səliqəylə büküb-bağlayır,

Götürüb gedirlər dəfn eləməyə.

 

Piyada, tabut da çiyinlərində,
Gedirlər, yox ancaq “yoruldum” deyən,
İndi hamı qıvraq,  hamı da yeyin,
Heç kim havadan da çəkinən deyil.

 

Allah deyə-deyə gəlib çatirlar,
Məzara qoyurlar burda öləni,
Bir az dinləyərək molla deyəni,

Təzə qəbrin üstə torpaq atırlar.

 

Düşür qabağına molla kütlənin,
Yenə kənd yoluna camaat çıxır.

Yox daha küsülü, qanlı-bıçaqlı,
Dostu-qardaşıdır hamı hərənin.

 

İndi toyuq-cücə, çəpər davası,
Hamının elə bil çıxıb yadından,

Yolu kəsilənlə yol kəsən indi,

Qol-boyun gedirlər evlər arası.

 

Qonşu savaşları soyumayan kənd,
Bir saat içində təşkilatlanır.
Üç günlük, beş günlük icma yaranır,
Ölüm bahasına olsa da hərçənd.

 

Bəlkə parçalanıb beş-altı ürək,

Qalan ürəklərdə yaxşı havadır.

Kəndiçi davası ağır davadır,

Yəqin yatmağının qurbanı gərək…

 

23.07. 2018

Samara

ŞARL BODLER. MOESTRA ET ERRABUNDA[i]

бодлер

Moesta et errabunda

 

Söylə, bəzən ürəyin, uçub gedirmi, Aqat,

Natəmiz bu şəhərin qara okeanlndan

Başqa bir okeana, onu bəzər əzəmət,

O, mavi, təmiz, dərin, bəkarət də var onda,

Söylə, bəzən ürəyin uçub gedirmi, Aqat?

 

Yorğunuq, canımızı rahatla nəhəng dəniz,

Hansı şeytandan dəniz səs istedadını aldı? —
Yellərin orqanısa müşayiət edəni,
Sənin əsil işinsə beşik yırğalamaqdır,
Yorğunuq, canımızı rahatla nəhəng dəniz.

Gəl apar məni, vaqon, apar məni, freqat!

Çirk gölü yaranıbdır burda göz yaşımızdan!

 — Doğrudurmu ki, deyir qəlbi kədərli Aqat:
Uzaqlara qeybətdən, cinayətdən və yasdan,
Gəl apar məni, vaqon, apar məni, freqat?

 

Necə də uzaqsınız, nəfis ətirli cənnət,
Orda mavilik altda yalnız eşq və sevinc var,

Orda sevən hər kəsi qarşılayar məhəbbət,
Orda ürəklər təmiz nəşələrə qərq olar,
Necə də uzaqsınız, nəfis ətirli cənnət!

 

Bakirə cənnət, dolu xəlvəti nəşələrlə,

O, Hinddən, Çindən indi daha uzaqmı görən?

Qaytararmı geriyə onu sızıltı, nalə,

Gümüşü bir səslə o, canlanarm yenidən,
Bakirə cənnət, dolu xəlvəti nəşələrlə?

 

 Fransızcadan tərcümə

09-10.07. 2018

Samara

[i] Şeirin adı latıncadır, təxminən “qəmli və sərsəri fikirlər” kimi tərcümə olunur

  ŞARL BODLER.  BİR KREOL XANIMA

бодлер

    À une Dame créole

Günəşdən sığal görən xoş ətirli diyarda
Qırmızı ağacların orda zirvəsi qübbə,
Palmalardan xumarlıq gözlərinə yağardı,
Rast gəldim  kreola, gözəlliyi qəribə.

+

Solğun, hərarətli həm, qəlb sehirləyən əsmər,
Kübar ədalarını incə boynu göstərir.

İri və qaməti dik, ovçu kimi yeriyər,

Gözlərində əminlik, həlimdir təbəssümü.

+

Əgər getsəniz, Madam, cəlallı bir diyara,
Sahilinə Senanın, yaşıl Luarın ya da,

Bir bəzək olardınız siz qədim saraylara.

+

Şairlər sizi xəlvət guşələrdə görəndə,
Qəlblərində min sonet mövzusu göyərərdi,

Gözləirinzdən qara dönərdilər qullara.

Fransızcadan tərcümə

08-09.07. 2018

Samara

ŞARL BODLER. “MİRVARİYLƏ BƏZƏNMİŞ DALĞALANAN DONUNDA…”

бодлер

Avec ses vêtements ondoyants et nacrés

Mirvariylə bəzənmiş dalğalanan donunda,
Rəqs edir elə bil ki, yeriyərkən sadəcə,
Beləcə ovsunçunun əsasnıın sonunda,
Qıvrılırlar ilanlar, ritm, musiqi dincək.

 

Necə ki, yaslı qumlar, necə mavi səhralar
Həmişə biganədir insan iztirabına.

Dənizlərdə dalğalar necə ki, şahə qalxar,

Çiçəkləyir, heç nəyin fərqinə  o, varmadan.

 

Cilalanmış gözləri nəfis daşdan yarandı,

Bakir mələklə sfinks bir-birinə qarışan,
Bu qəribə və rəmzi təbiətdəsə olan

Hər şey qızıl, poladdır, işıq, brilliantdır,

Faydasız ulduz kimi həmişə vuracaq bərq,

Bu steril qadının soyuq əzəməti tək.

 

Fransızcadan tərcümə

06-07. 07. 2018

Samara

    ŞARL BODLER. DÖNƏBİLƏRİLİK

бодлер

          Réversibilité

Sevinclə dolu mələk, sənə tanışmı kədər,

Ayıb, vicdan əzabı, iztirab, hönkürtülər,

Səbəbsiz qorxular ki, qara gecələr gələr,
Bir tikə kağız kimi ürəyi sıxar, əzər?

Sevinclə dolu mələk, sənə tanışmı kədər?

 

Həlim ürəkli mələk, sənə tanışmı nifrət? —
Yumruqlar düyünlənib, acı göz yaşı axır

İblis məramlı Qisas əməllərə çağırır

Və onun əmriylədir bizdən hər bir hərəkət,

Həlim ürəkli mələk, sənə tanışmı nifrət?
Canı saf mələk, sənə tanışmı Qızdırmalar,

Sürgünlər tək hospisin divarları boyunca,
Gəzirlər, ayaqları güclə gəlir dalınca,

Dodaqları tərpəşir, günəş arzulayrlar,

Canı saf mələk, sənə tanışmı Qızdırmalar?

 

Gözəl mələk, qırışlar bilirsənmi nədir sən?

Qocalığın qorxusu və rəzil iztirab ki,

Nə vaxtdan eşq cövhəri içdiyin gözlərdəki,

Pərdəli dəhşətini sədaqətin görərsən,

Gözəl mələk, qırışlar bilirsənmi nədir səm?

 

Səadətlə, işıqla, sevinclə dolu mələk,
Ölüm yatağındakən Davud şəfa dilərdi,

Ovsunlu bədənindən yayılan xoş ətirdən.

Sənin dualarındır  mənəsə ancaq gərək,

Səadətlə, işıqla, sevinclə dolu mələk!

Fransızcadan tərcümə

07-08.07. 2018

Samara

ŞARL BODLER. DİVANƏ

бодлер

           Le Possédé

Kreplə örtülübdür günəş, onun tək elə,
Ey həyatımın Ayı! Kölgələndir özünü

Yat, istəsən tüstülət, lal ol, turşut üzünü,
Ya da özünü Qüssə girdabına qərq elə;

 

Səni elə sevirəm! İstəsən ancaq bu gün,
Toranlardan sıyrılan tutulmuş ulduz sayaq,
Dəliliklə yoluxmuş yurda basasan ayaq,
Çox gözəl! Nəfis qılınc, sıyrıl qınındfan görüm!

Çıraqların oduyla işıqlansın gözlərin,
Baxışlarında istək yandır həyasızların,

Həmişə sevimlisən, həlim ol, qəzəbli ya;

 

İstəsən al şəfəq ol, istəsən qara gecə,
Bircə əza da yox ki, titrəyib qışqırmaya:
“Ah, əziz Belzebutum! Sənə heyranam necə!”

Fransızcadan tərcümə

07.07. 2018

Samara