Qocaldıqca adam xarab olur. Yadımdadır, gənclikdə sevgi şeirlərini oxuduqca gözümdən yaş, Rəsul Rza demişkən, “gildir-gildir” axardı. “Deyildim mən sənə mail, sən etdin əqlimi zail” misrasını oxuyan kimi hönkür-hönkür ağlayırdım, çünki öz əqlim də zail olmuşdu.
Əliağa Vahidin qəzəllərini eşidəndə həm ağlayır, həm vahimələnirdim, çünki bilirdim ki, əğyar zalım oğlu yarı hökmən yoldan çıxaracaq.
“Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”
Vay…
“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım…”
Bu köpəkoğlu əğyar çox kişilərin həyatını məhv edib, indi bilmirəm Azərbaycanda yenə əğyarlar var ya yox…
İndi sevgi şeirlərini oxuyanda nədənsə məni gülmək tutur. Çox adamdan məsləhət istədim, elə mən deyəni dedilər, dedilər qocalmısan, qanın soyuyub…
Ancaq bir nəfər məsləhət gördü ki, Nüsrət Kəsəmənlinin sevgi şeirlərini oxuyum. Dedi ki, bu şeirlər qocanı da cavan elər…
İndi oxuyuram, lənət şeytana, yenə gülmək tutur.
“Sən demə təzədən sevmək olarmış…”
Bunu yaxşı deyib, bu elə mənə aiddir, yəni yaşı keçmiş adamlara.
“Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş…”
Bunu yaxşı başa düşmədim. Yəni yenə qabaq sevdiyin adamı sevəcəksən? Elə isə daha tale hardan gülər? Təzəsi olsa, başqa…
(«Peşman-peşman yox, «peşiman-peşiman»! Heca sayını düzəltmək üçün Kəsəmənli Əliağa Vahid kimi yazır).
Burda şair haşiyə çıxıb hikmətli sözlər deyir Sədi Şirazi kimi.
“Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur”.
Əslində siqareti belə yandırırlar, bir-birinin oduna. Əlbəttə, şamı da yandırırlar, ancaq sevgi sevənlər yaman siqaret çəkən olurlar. Ayrı şeylər də çəkirlər…
“Köhnə yaraları vaxt, zaman silir”.
Vaxt elə zaman deyil? Yara silinir ya sağalır?
“Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?”
Mən qürublara baxmağı çox sevirəm, həm də salyanlılar demişkən eycahan adam olduğuma görə, işim elə günün batmağına baxmaqdır. Tam məsuliyyətlə deyə bilirəm ki, günəş batanda qıpqırmızı olur. Buna necə gülməyəsən?
“Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin”.
Gəlin bunu təhlil edək. Elə bil orta məktəb şagirdiyik. Oxuyub müzakirə edirik. Yaxşı, qəlbimdən ötən sevgini çıxardım. Sonra məni tənhalıq sıxdı. Səhəri gün mənim gözüm ayrı bir arvada düşəcəksə, bunun kiməsə etdiyim yaxşılığa nə var? Yəni əslində məsələ sadədir. Doğrudan da insanların qəlb yaraları sağalır, təzədən sevə də bilirlər. Müəllif gücü çatmadığı işə girişib, özünü filosofluğa qoyub bir-birindən cəfəng bənzətmələri ard-arda sadalayır. Ayının min oyunu bir armudun başındadır, müəllif zorla özünü sıxıb bu şeiri canından tər kimi çıxarmalıdır ki, sabah jurnala, radioya aparsın, çünki çörəyi bundan çıxır.
Gah deyir ki:
“Sevgi fürsət deyil quş kimi uça…”
Bir az sonra:
“İlk sevgi yuvadan uçan quşcuğaz…”
Bizi dolamısan?
“Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…”
Təəccüblüdür, gülməli və ağlamalıdır ki, belə cəfəng və üstəlik estetik baxımdan eybəcər beytlər əzbərlənir, sitatlanır, yayılır… Necə yəni “min hiylə əliylə”? Məcnunun ahından məhəbbət hara uçub?
Nüsrət Kəsəmənli də Səməd Vurğun kimi qazaxlıdır, ona görə əvvəl-axır hökmən dağa çıxmalıdır.
“Məhəbbət zirvədə bəslənən qarmış”.
Qarmış? Niyə məhəbbət qardır? Qarı kim bəsləyir? Niyə duman deyil, yağış deyil, zəlzələ deyil?
Uzun sözün qısası, əvvəl bu şeir məni güldürsə də, axıra getdikcə çox qeyzləndim. Müəllifin başqa şeirlərinə baxdım, yenə güldüm və sakitləşdim.
Onlar barədə ayrıca…
10.12. 2018
P.S. Bir şirin xatirə. Mənə Ədəbiyyat institutunun tələbələri danışırdılar ki, Nüsrət Kəsəmənli bir dəfə Moskvaya gələndə institutun yataqxanasında qalırmış. Bir gün dəhlizdə, Bakıda ad çıxarmış, şeirləri subay qızların və gəlinlərin dəftərlərinə göz yaşları ilə həkk olan Nüsrət bəy özünü yaxın verir gözəl tələbə qıza. Zəif bildiyi rus dilində ona nə isə təklif edir. Rus qızı, lap Mirzə Cəlilin hekayəsində olduğu kimi qayıdır Nüsrət Kəsəmənlinin ətli yanağına elə şillə vurur ki, səsi Ostankino ət kombinatınacan gedir…
X.X.

