POL VERLEN. MƏKTUB

verlain-19

Lettre

Təcili qayğılarla gözünüzdən uzağam,

Qoy mənə şahid olsun bütün tanrılar, madam.

+

Adətim üzrə yenə darıxıram, ölürəm,
Beləcə keçir günüm, ürəyimdə acı qəm.

+

Qayğım ola nə qədər, məni izlər kölgəniz,

Gecə yuxularımda, fikirlərimdə gündüz.

+

Hər gecə, əziz Madam və gündüz, gözəl Madam!

Qalan ruhdur, bədənim məni tərk edib tamam,

+

Nəticədə mən özüm çevrilirəm kabusa,

Həyəcanlar bürüyüb, baxın, batıram yasa.

+

Ah, qədərsiz ağuşlar, qədərsiz ehtiraslar

Kölgəmsə kölgənizə qovuşmağa can atar.

+

Hələliksə, əzizim, sənn nökərinəm mən

Söylə, tutuquşundan, itindən, pişiyindən,

+

Razısanmı tamam sən? Yenə də kompaniyan,
Xoşmu həmişəkitək? Silvani ilə aran,

+

Yaxşımı? Olmasaydı sənin  ala gözlərin,

Qara gözlərini mən onun sevərdim yəqin…

+

Mənə qaş-göz elərdi haçansa…lap onun mən…

Ah, Madam, divanə bir fikir girib beynimə,

+

Yer üzünü fəth edəm, atam xəzinələri,
Ayağınız altına – eşqinizin dəyəri.

+

Möhtəşəm ürəklərin qatı qaranlıqlara,
Nur saçan ən şərəfli alovuna bərabər.

+

İnan, Kleopatranı sizi mən sevən qədər,
Nə Mark-Antuan sevib, Sezarın özü nə də.

+

Şübhə etməyin, Madam, bircə gülüşünüzdən
Ötrü Yuli Sezar tək hazıram vuruşam mən.

+

Və Antuantək qaçam bir öpüşün vədinə,
Xydahafuz, bu qədər. Uzun alındı yenə.

+

Oxumağa sən bunu vaxt itirsən nə qədər,
Yazanda sərf etdiyim zəhmətə çətin dəyər.

Fransızcadan tərcümə

QEYD: Şeirin orijinalında bir necə dəfə müraciət forması dəyişir, həm “”siz”, həm “sən” işlədilir.

27-29.12. 2018
Samara