Архив | 21.01.2022

İOSİF BRODSKİ. AXMATOVANIN YÜZİLLİYİNƏ

Vərəq olsun, od olsun, dəyirman daşı ya dən,
baltanın tiyəsini və  kəsilmiş teli də —

Tanrı öz səsi kimi qoruyacaq; xüsusən,

üzrxahlıq və sevgi sözlərini əbədi.

Nəbzi onların qırıq, sümük şıqqıltısı var

onlarda, bel səsi var; onlar hamar, kar həm də,

həyat təkdir – öləri dodaqlardan ucalar,

onunçun daha aydın bütün fəlsəfələrdən.

Möhtəşəm ruh, həm sənə, doğma torpaqda yatan

fani hissənə həm də okeanı aşaraq

mənim təzimim yetər; bu lal-kar kainatda,
o torpaq dilə gəldi sayəndə sənin ancaq. 

İyul 1989

ruscadan tərcümə

19-20.01. 2022, Samara

==============

Иосиф Бродский

На столетие Анны Ахматовой

Страницу и огонь, зерно и жернова,

секиры острие и усеченный волос —

Бог сохраняет все; особенно — слова

прощенья и любви, как собственный свой голос. Читать далее

AZƏRBAYCANDA BİR QAZİ VAR, O DA PREZİDENT

Azərbaycan mətbuatında “qazi” sözünə rast gələn kimi nə qədər çalışıram  gözümün qabağına müharibə iştirakçısı, əlili gətirim, gətirə bilmirəm. Özümü yumruqlayıram, Tofiq Yaqublu kimi hətta  öz-özümə kəllə atıram – alınmır. Gözümün qabağına “Məşədi İbad”ın son səhnələri gəlir: “Gedin, gedin, qaziyə deyin, qoy kəbini kəssin…” Bir də Mola Nəsrəddin lətifələrindəki qazilər yadıma düşürlər. “Kişi ağzında qızıl kimi söz danışır, sən qaz kimi boğazını uzadırsan…”

Əslində indi bizim veteranlara aid “edilən “qazi” sözü və şəriət məhkəməsinin hakimi mənasında qolan “qazi” sözü ərəbcə iki müxtəlif sözdür, onların yazılışı da fərqlidir. Bizdə qismən dilin fonetik kasıblığından iki sözü eyni cür yazıb omonimə çeviriblər. Ancaq “hakim” mənasında olan “qazi” sözü bizə nəinki tanış, hətta doğmadırsa, “döyüşçü” mənasında “qazi” sözünü”  patriotlar-puristlər dilimizə soxuşdurublar. Bu başabəla dil patriotları guya dilimizi əcnəbi sözlərdən təmizləyirlər. Bu necə təmizlikdir: ikinci ərəb sözünü, həm də təhrif olunmuş halda, dilə salmaqla?

Efron Və Brokqauzun ensiklopedik lüğətində oxuyuruq: “Гази (араб. غازي‎) — название вольных воинов, почётный титул мусульман, воевавших против неверных. Понятие встречается в мусульманских источниках c X—XI веков”.

(Şəriət hakimi mənasında olan «qazi» sözü isə belə yazılır: قَاضِي)

Yəni “qazi” – kafirlərə qarşı vuruşan sərbəst, azad döyüşçü. “Ğazv” – “həmlə” sözündəndir.

Latın mənşəli gözəl “veteran” sözü kimin gözünü ya qulağını deşirdi?

Veteran ya müharibə əlili mənasında işlədilən “qazi” sözünü xalqın yadddaşınin, şüurunun iliyinə yeritmək üçün gərək “Məşədi İbad” və Molla Nəsrəddin  lətifələri qadağan oluna.

“Gedin, gedin, qaziyə deyin…”

Lətifələrdə qazi, indiki dillə desək, korrupsionerdir. “Kişi ağzında qızıl kimi söz danışır…”

Ancaq bu lətifələrin birində müsbət qazi surəti var. O da Molla Nəsrəddinin özüdür.

Bir dəfə Molla müvəqqəti qazi təyin edilir. Yanına iki nəfər gəlir, biri o birindən şikayətçidir, deyir bu cənab mənə kəllə vurub. O cənab isə deyir ki, yox, bu cənab kəlləni özü özünə vurub…

Qazi molla məəttəl qalır. Deyir gedin bir az gəzin, mən fikirləşim. Onlar gedəndən sonra Molla məhkəmə eksperimenti keçirir ki, görsün öz-özünə insan kəllə vura bilər ya yox. Çox tullanır, az tullanır, axırda başı divara dəyib partlayır…

Ərizəçilər qayıdanda başı sarıqlı Molla cavabdehə deyir ki, kəlləni sən vurnmusan, o öz-özünə kəllə atsaydı, onun da başıı mənimki kimi yarılardı…

Hakim mənasında “qazi” sözü Azəribaycanda ancaq bir nəfərə aid edə bilər, o adam da prezidentdir. Çünki bütün hökmləri, xüsusən ən absurd hökmləri o çıxarır. Yəni Tofiq Yaqublunun başını dönə-dönə divara vurduğunu, buna görə də başını yox, gözlərinin xəsarət aldığını iddia edən qazi İlham Əliyevdir. Ancaq bu hökmü çıxarmamışdan qabaq əlahəzrət preziden gərək məhkəmə eksperimenti keçirəydi, yəni başını divara vuraydı. Onda görərdi ki, baş yarılır ya gözlər şişib örtülür…

Ona görə də bizim qəhrəman döyüşçülərimizə qazi deməyin, onlara gözəl “veteran” sözü yaraşır. Ölkədə bir kişi olduğu kimi, qazi də bir nəfərdir. Ancaq gərək bu qazi  də Mola Nəsrəddin kimi ədalətli ola, hökm çıxarmamışdan qabaq istintaq eksperimenti keçirə…

Öz üzərində…

Mirzə ƏLİL

21.01. 2022, Samara