Архив по авторам | Xeyrulla Xəyal

CON MİLTON. MƏRHUM ARVADINA YAZDIĞI SONET

John Milton

Düşünürəm ki, gördüm mərhum arvadımı mən,
Zəif, solğun qayıtmış, məzarından çıxaraq.

Yupiter oğlu necə ölümdən qurtararaq,

Alkestisi ərinə qaytarmışdı yenidən.

 +

Mənimki yuyulubdur doğuş ləkələrindən

Təmizlənmənin qədim Qanunu deyən sayaq.

Göylərdə, inanırdım, ona belə baxaraq,

Göz dolusu görərəm arxayın, tələsmədəm.

 +

Ağappaqdı paltarı, təmizdi əxlaqı tək,
Duvaq vardı üzündə, vurğum gözümlə ancaq,

Görüdüm nəcibliyi, eşqi dəyişməyərək

 +

Qalıb, bir üzdən belə olmaz bu həzzi almaq.

İstədi qucalasın, ah, məni əyilərək,
Oyandım – o yox oldu, zülmətə mən göz açcaq.

 1658

ingiliscədən tərcümə

03. 05. 2024, Samara

QEYDLƏR

  1. Soneti Milton uşaq üstündə ölmüş ikinci arvadı Kətrin Voodkoka həsr edib

2.Alkestis – yunan mifologiyasında ərinə sevgisiylə tanınmış qadın. Yupiterin (Zevs) oğlu onu ölümün əlindən güclə alıb ərinə qaytarır.

 +++++++++++++++

 JOHN MİLTON

SONNET 23

 

Me thought I saw my late espousèd Saint  

  Brought to me like Alcestis from the grave,  

  Whom Joves great Son to her glad Husband gave,  

  Rescu’d from death by force though pale and faint. Читать далее

ƏHMƏD CAVADIN GÜLMƏLİ ŞEİRLƏRİ. «ÇIRPINIRDI QARA DƏNİZ…»

çırpınırdı qara dəniz

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!

Bu beyti başa düşmək olur. Yəqin müəllif demək istəyir ki, Qara dəniz türkün bayrağına baxıb çırpınır.

«Ah!…» deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.

Bunu kim deyir? Müəllif? Dəniz? Deyək ki, müəllifin dilindədir. “ayağına düşə bilsəydim, ölməzdim”.

Bayrağın ayağı? Niyə şair bayrağın ayağına düşmək istəyir? Bayraq seyid qəbri deyil!  Bayrağın qabağında şax dayanıb ona salam verərlər – bayrağa hörmət və sevgi ifadəsi kimi.

Deyək ki, şair bayrağa yox, dənizə müraciət edir. Dənizin ayağına necə düşmək olar? Dənizin qırağı var, türkün məsəli, ortası var, ancaq ayağı yoxdur…

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..

Kim ayrı düşüb? Dost eli haradır? Söhbət dənizdən gedirsə, o, hansı bir eldənsə necə ayrı düşə bilər, dəniz guya gəzir, yerini dəyişir?

Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!

Bu iki misra arasında bir qram əlaqə var? Hər “gəldi-gedən” vəfalıdır? Bunun türk bayrağına nə dəxli?


İncilər tök, gəl yoluna,

Bayrağın yoluna incilər tökülsün? Niyə?

Sırmalar səp sağ, soluna!

Çoxlu lüğətə baxdım, “sırma” sözünü tapmadım. Nədirsə, gərək bayrağın “sağ-soluna” tökülə. Bayrağın “sağ-solu”?


«Həmidiyyə» o Türk qanı!
Heç birinin bitməz şanı!

Həmidiyyə?

Azərbaycanca (!) Vikipediyada: “Alman keşişi olan İohannes Lepsi əldə etmiş olduğu məlumatlar və özünün şəxsi hesablamaları əsasında 88.243 erməninin öldürüldüyünü, 546.000 nəfərin mühacirətə getməyə məcbur olduğunu, 2.493 kəndin dağıdıldığını, bu kəndlərdən 456-sının əhalisinə zorla İslamın qəbul etdirildiyi, 649 kilsənin bağlandığını və bu kilsələrdən 328 kilsənin məscidə çevrildiyini bildirmişdir. Bundan əlavə, Lepsi daha 100.000 erməninin aclıq və xəstəliklər nəticəsində öldüyünü hesablamış və beləliklə də ölənlərin sayının 200.000 nəfər təşkil etdiyini bildirmişdir”

Beləliklə: türk qanı ya erməni qanı?


Dost elindən əsən yellər,
Bana şer, salam söylər.

Bana – kimə? Dənizə? Müəllifə?


Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!

Bütün ellər türkün bayrağına qurban olsun? Niyə?

Bu zərərli cəfəngiyyat bu gün uşaqların beyninə yeridilməlidir?

Bu mətndə hətta kiçik qardaşın böyük qardaşa sevgisi, hörməti yox, lakeyin ağasına qarşı pərəstişi çox dolaşıq şəkildə ifadə edilib. Türkiyənn qüdrətini yaxından görən kimi gənc Əhməd Cavadın başı dumanlanıb, türk bayrağının, əslində isə osmanlının ayağına düşmək istəyib. Sonra, əslində tarixi təsadüf nəticəsində, Azərbaycan Respublikası yarananda cəfəng “Azərbaycan” şeirini yazıb. Sonra bolşeviklər gəlib, Əhməd Cavad olub sovet şairi və hətta Azərbaycan sovet yazıçıları təşkilatının məsul katibi və sovet professoru – kəmsavadlığına baxmayaraq…  Kəmsavadlığının sübutu – məsələn, şeirlərində mübtəda ilə  xəbərin uzlaşmamağı, ifadələrinin dolaşıqlığı və hatta absurdluğu…

Əhməd Cavadın həyatı faciəvidir, ancaq həyat faciəsi pis şairi yaxşı şair eləmir, Mikayıl Müşfiqi yaxşı şair eləyən onun güllələnməyi deyil, istedadıdır…

X.X.

03. 05. 2024, Samara

CON KİTS. NİL HAQQINDA SONET

john keats

Afrikanın qoca ay dağlarının oğlu Nil!

Piramidara və timsahlara ağasan!

Barlı deyirik sənə; təxəyyüldə yer alan

Boş səhralar da ancaq silinb gedən deyil.

 +

Qara tayafaları sən bəsləmisən qədimdən,

Barlısanmı doğrudan? Bəlkə də aldadırsan,

Ağır işdən üzülüb Qahirə ilə Dekan

Arasında uyuyan insanları belə sən?

 +

Ah, bu qara xülyalar yanlışmı? Əlbəttə ki,

Cəhalətdir, özündən xaric olan nə varsa,
Döndərən boş səhraya, sən bizim çaylar kimi,
+

Qamışı suvarırsan; sahilində doğursa,

Günəş gözəldir; yaşıl adalar da səninki.

 Və tələsib dənizə  sevinc ilə axırsan.

fevral 1818

ingiliscədən tərcümə

01-02. 05. 2024, Samara

 ++++++++++++++

JOHN KEATS

TO THE NİLE

 

SON of the old moon-mountains African!
Chief of the Pyramid and Crocodile!
We call thee fruitful, and, that very while,
A desert fills our seeing’s inward span;
Читать далее

ƏHMƏD CAVADIN GÜLMƏLİ ŞEİRLƏRİ. «AZƏRBAYCAN, AZƏRBAYCAN…»

ƏHMƏD CAVAD AZƏRBAYCAN

Əhməd Cavadın “Azərbaycan, Azərbaycan” şeiri Səməd Vurğunun “Azərbaycan” şeirinin qaralamasına bənzəyir. Elə bil ki, Səməd Vurğun Əhməd Cavadın şeirini götürüb onu sovet qiyafəsinə salıb. Ancaq Əhməd Cavadın şeiri Səməd Vurğunun şeirindən çox gülməlidir. Şeiri axıracan oxuyub çıxmaq çətindir, çünki o qədər gülürsən ki, nəfəsin qaralır.

Dağlarının başı qarlı”

Sonra Səməd Vurğun bu misrada iki hərfi dəyişib: “Dağlarının başı qardır”.

“Sinəsi yaşıl ormanlı”.

Orman – yəni meşə. Hərçənd “orman”  “dağ”a qafiyə deyil. Həm də Azərbaycana “sinəsi meşəli” demək şişirtmədir və hətta uydurmadır. Hardadır Azərbaycanın meşələri? Bizim tikinti materialları həmişə Rusiyadan gəlməyib?

“Dərələri şirin barlı”.

Dərədə nə bar? Özü də dərədə yabanı nə isə bitirsə, çox güman ki, şirin olmaz…

“Səhraların sünbüllüdür”.

Səməd Vurğun da “Aygün” komik poemasında Azərbaycan çöllərinə səhra deyir. Azərbaycan Afrika deyil, Azərbaycanda səhra yoxdur. Və əgər torpaq “sünbüllüdürsə”, hardan səhra oldu?

“İl müdam üstü güllüdür”.

Belə səhra olar? “İl uzunu üstü güllü”!

“Bağçaların  bülbüllüdür”…

Əlinə qələm alan azərbaycanlı “bülbül” deyir, ancaq vaxtında o quşa bir ad qoya bilməmişik, fars sözü işlədirik…

“Durna gözlü bulaqların”

Bunu da Səməd Vurğun çırpışdırıb. Hərçənd bulaq niyə “durna gözlüdür”, başa düşmürəm, çünki ömrümdə bulaq görməmişəm…

“Ormanında maral gəzər”.

Yəni meşədə maral gəzir.

“Göllərində qazlar üzər…”

İndi Cəfər Cabbarlının şeirinə baxaq:

Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,h
Ceyran gözlü qızları var ölkəmin.

Cəfər Cabbarlıya görə, marallar meşədə yox, “çöllərdə gəzərlər”. Göllərdə də qazlar yox, ördəklər üzərlər…

Kefli İskəndər demuşkən, bu şairlər məni dəli edəcəklər… Bu sadalamalarda məhz Azərbaycana məxsus nə var? Hansı ölkədə qaz, ördək yoxdur? “Göllərində qazlar üzər” misrasının müəllifinə şair demək olarmı?

“Darvazamızı fələk vurubdu…”


“İlxında ayğır kişnəşir!”

“Başqa ölkələrin ilxısında atlar kişnəmir? Verdinin “Riqoletta” operasından hersoqun ariyasını oxuyur?

“Naxrında buğan güləşir…”

Burda gülməkdən dayanmaq olmur… “Naxrında”… “Naxırında” misraya yerləşmir, ona görə Əhməd Cavad ixtisar edir. “buğan güləşir”. Azərbaycanın buğası kimlə və ya nə ilə güləşir? Öz-özüylə? Naxırçı ilə?

“Qayaların əlvan mərmər!”

A kişi, ağ eləmə, nə mərmər. Qaya Afrikada da qayadır, Azərbaycanda da. Nə mərmər…

“Belində var qızıl kəmər…”

Azərbaycanın beli harasıdır? Qızıl kəmər müəllif nəyə deyir?

“Sinən odu şölə salır!
Dünya səndən işıq alır!

“Şeir” 1919-cu ildə yazılıb. 1919-cu ildə dünya Azərbaycandan işıq alırdı?

“Verməyəndə, zülmət qalır!”

Bu misra elə bil indi yazılıb, İlham Əliyevin neft-qaz  şantajını xatırladır…

Onu deyim ki, yanacağımız olsa da, özümüz zülmət, his-pas içində olmuşuq. Bizim kəndə işıq 1961-ci ildə çəkilib. Qaz isə beş-altı il əvvəl. Qaz lampaları Avropa şəhərlərində  15-ci (!) əsrdən qoyulmağa başlanıb. Zülmətdə qalan kim olub?

“Arpa, buğda, düyün çoxdur!”

Arpanı, buğdanı deyə bilmərəm, ancaq düyümüz çox olmayıb, düyümüz İrandan gəlib…

“Yer üzündə yoxdur tayın!”

Nədə? Elmdə? Texnikada? Əhalinin rifahında? Təzə dövlət qurulur,müharibə, aclıq, epidemiya — tərifçi şairlərin gecəsi-gündüzü yoxdur…

“Gur-gur axar neçə çayın!”

Hə, neçə çay?

Sonra yenə quşlar sadalanır:

“Laçının var, tərlanın var!”

Sonra
Çoxlu şirin dastanın var!

Bu iki mirsa arasında hansısa  məna, məzmun əlaqəsi var?

Sonrasına, yəni axırına baxın:

Qorxun yoxdur, düşmanın var!

Əslində müəllif demək istəyib ki, düşmənin var, ancaq qorxmursan. Ancaq fikrin düzgün ifadəsində qafiyə itir. Müəllif yeganı düzgün fikrini də qafiyəyə qurban verir…

Rusların sözü var: “Dva sapoqa para”. Bir-birinə çox oxşayan, hətta fərqlənməyən şeylər ya adamlar haqqında deyirlər: “Bir çəkmənin iki tayı”. Bunu Səməd Vurğunun  Və Əhməd Cavadın “Azərbaycan” şeirləri haqqında demək olar. Hansı müəllifin necə insan, necə vətəndaş olduğuna baxmayaraq.

Yazıq Azərbaycan… Yazıq Azərbaycan uşaqları…

02. 05. 2024, Samara

CON KİTS. QARDAŞIM CORCA

john keats

Çoxlu möcüzə gördüm bu günün ərzində mən,

Öpüb qurutdu günəş səhərin gözlərində

Yığılan gilələri; göy üzü bəzənirdi,

Qürub buludlarının qızılı rənglərindən; —

+
Ənginliyi sarsıdan mavi-yaşıl okean,

Qayalar, mağaralar, qorxular və ümid də,

Gələcək olanları, keçmişi, indini də,
Onun sirli  səsini eşidən düşünməlidir hökmən.

+

Bunu sənə yazanda, əziz Corc,  elə indi,

İpək pərdə dalından Sintiya elə ürkək,

Baxırdı ki, deyərdin onun toy gecəsidir.

+

Bayram təntənəsinə  qatılır çəkinərək.

Fəqət itirərəmsə ünsiyyəti səninlə,
Möcüzə tək dəniz, göy görünərdimi belə?

1816

ingiliscədən tərcümə

29-30. 2024, Samara

++++++++++++++++++

JOHN KEATS

TO MY BROTHER GEORGE

MANY the wonders I this day have seen:
The sun, when first he kist away the tears
That fill’d the eyes of morn; — the laurel’d peers  
Who from the feathery gold of evening lean;- Читать далее

         QURBAN MƏMMƏDLİ VƏ DÜNYA ƏDƏBİYYATI

           I

“Azerfreedom”, 28. 04. 2024, Samara

Qurban Məmədli:

Əziz həmvətənlər, xahiş edirəm bütünn izləyicilər ayağa dursunlar, Ərəstuun Oruclu zəng edir.

Ərəstun Oruclu:

— Qurban bəy, mən hamınızı salamlayıram, sizdən də, Validə anadan da, Məhərrəmdən, Böyükkişidən də üzr istəyirəm. Mən bilirəm ki, bizm verilişi İlham Əliyev də izləyir, mən ondan da üzr istəyirəm, hərçənd mən onunla barışmaz opponentdəm. Qurban bəy, bir yazıçı var, Aleksandr Düma. Onun bir romanı var “Qraf de Monsoro”, mən istəyirəm bu “Qraf de Monsoro” haqqında biz izləyən milyonların da məlumatı olsun…

Məəttəl qaldım, indiyəcən bilmirdim ki, Düma “Qraf de Monsoro” adlı roman yazıb. “Qrafinya de Monsoro” romanından xəbərim var, ancaq “Qraf de Monsoro” romanının olduğunu Oruclu cənablarından eşidirəm. Yəqin təzə tapılıb. Bəlkə elə Ərəstun Oruclu özü tapıb. Tapar, köhnə KQB əməkdaşıdır…

“Qraf de Monsoro”….

Pardon?

               II

Qurban Məmmədlinin daimi qonağı, Nadiri Taxtda görmüş, Nikolayı Culfa dəmir yolunacan qovmuş, Vladivostoku yaponlardan təmizləyib ruslara qaytarmış Rüstəm adlı biri deyir ki, İlham Əliyev haqqında “İsgəndərnamə”…tfu, «İsgəndərnamə «yox, “İlhamnamə” yazmaq istəyir, bircə Tərtər işinə görə yaza bilmir…

Rüstəm aprelin 29-da İosif Brodskidən də danışdı. Deyəsən, dost-aşna olublar. Dedi ki, İosif Brodskini sovet hökuməti incidib, həbs edib. Bir şair olub, qadın şair, Bella Axmadulina, deyib ki, sovet hökuməti bu kürənə bioqrafioya yaradır…

Elə arxayın danışır ki, elə bil Bella Axmadulina bunu deyəndə Rüstəm onun çənəsinin altında olub. Bəlkə də çənə altında olub. Ancaq Bella Axmadulina belə söz deməyib! Çünki bunu Anna Axmatova deiyb…

Vallah, Azərbaycan dilində söz tapmırsan ki, bu Rüstəməin cavabını verəsən. Ruslar belə hallarda deyirlər: “Starıy mudak…”

Hamınızdan üzr istəyirəm. İlham Əliyevdən də üzr istəyərdim, ancaq o, Mirzə Əlili  izləmir…

Mİrzə ƏLİL

01. 05. 2024, Samara

 

OSKAR UAYLD. KİTSİN SEVGİ MƏKTUBLARININ HƏRRACDA SATILMAĞINA

Oskar_Uayld

 Bu məktubları yazıb Endimion bir zaman,

O kəsə ki, sevirdi xəlvət, kütlədən uzaq.

Satırlar indi hərrac zalında qışqıraraq

Saralmış, ləkələnmiş vərəqləri – var alan.

 +

Hər sətri ehtiraslı anın tarixi olan,

Hər vərəqə sövdə var. Sənəti sevmir ancaq,

Kim şair ürəyinin büllurunu qıraraq,
Satır  — gözünə təpsin ürəkdən kasıb insan.

 +

Deyilməmişmişdirmi çox uzun əsrlər əvvəl,

Uzaq Şəqr şəhərində əldə məşəl tutaraq,

Əsgərlər yığışdılar, qaranlığı yararaq,

 +

Sovxa təmənasıyla, və beləcə böldülər

Bədbəxtin paltarını onlar aşıq ataraq?

Tanrı möcüzəsindən və dərdindən bixəbər?

1885

ingiliscədən tərcümə

29-30.04. 2024, Samara

 Qeydlər:

Sonet 1885-ci ilin martında Kitsin Fanni Brauna yazdığı məktubların auksionda satılması ilə əlaqədar yazılmışdır.

Endimionyunan əfasənəsinin qəhrəmanı və ona Kitsin həsr etdiyi poemanın adıdır.

Son üçlüklərdə hərrrac İsanın çarmıxa çəkilməsindən sonra onun paltarının legionerlər arasında bölüşdürülməsi ilə müqayisə edilir

 +++++++++++++

OSCAR WILDE

On the sale by auction of Keat`s love letters

These are the letters which Endymion wrote
To one he loved in secret, and apart.
And now the brawlers of the auction mart
Bargain and bid for each poor blotted note,
Читать далее

GÜLMƏLİ ŞEİRLƏR: ƏLİAĞA KÜRÇAYLI. «BAKI»

Без названия

“Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söyl
ə, necə şəhərdir?”

Bu şeir uzağı keçən əsrin 70-ci illərində yazılıb.  Sovet Azərbaycanında yaşayan insan üçün “uzaq el” SSRİ xaricində olan ölkədir. Maraqlıdır, Əliağa Kürçaylının “əziz dostu” hansı ölkədən olub? O adam Bakını görməyibsə, Əliağa Kürçaylı ilə harda dostlaşıblar, harda görüşüblər və bir-birlərinə əziz olublar? Biz bilirik ki, Əliağa Kürçaylı sovet yazıçılarının nümayəndə heyətinin tərkibində İngiltərədə olub, ancaq orda keç kimlə dostlaşmayıb, elə Londondaca Britaniya imperialuzmini ifşa edən şeirlər yazıb, Kiplinqin qəbrinin üstünə gedib deyib ki, “çıx, danışaq, müstəmləkəçi oğlu müstəmləkəçi…”

Yəni bu “uzaq eldən olan əziz dost” uydurmadır, şeirnə bünövrə qoymaq üçün fənddir. Bu, heç…

Əliağa Kürçaylı cavab verir:

“Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış
əsərdir…”

Gördünüz? “Əziz dost” oldu qardaş. İndi görün “doğma şəhəri” Salyanın Kürqaraqaşlı kəndi olan şair Bakını necə təsvir edir.

“Çiçək desən – könül açan çiçəyi”.

Bakı parklarında, əlbəttə, çiçəklər var, keçən əsrdə də az-maz olub, ancaq çiçək söhbəti daha çox Kəlbəcərə yaraşar, nəinki Bakıya…

“Külək desən – ev uçuran küləyi…”

Burda sovet şairi özü də bilmədən xarici dostuna sirr açıb, yəni deyib ki, Bakıda on minlərlə elə ev var ki, güclü xəzri əsəndə uçmasalar da, dərin sarsıntı keçirirlər. Yəni on minlərlə bakılı komalarda yaşayır…Yaxşı ki, KQB o vaxt buna fikir verməyib, yoxsa Kürçaylını tutardılar…

“Qasırğada ağ dalğalar ləçəyi…”

Ləçək yəqin qadın baş örtüyü mənasındadır. Qasırğada göyə millənən dalğaların baş örtüyünə bənzəri var? Məncə bu dalğaları biz-biz duran saça oxşatmaq daha yaxşı olardı…Ağzında qasırğa deyirsən…Qasırğada başda ləçək qalar?
Bu da heç… Sovet şairi Əliağa Kürçaylı sovet gerçəkliyini, onun mənfur kapitalizmdən üstünlüyünü tərənnüm etməlidir. Yoxsa xarici səfərlərə göndərməzlər.

“N
əğməsidir zavodların fit səsi…”

İndi bilmirəm, sover vaxtı zavodlar fit çalırdı, səhər fiti işin başlandığını, axşam fiti işin bitdiyini bildirirdi. Sovet vaxtı zavodda işləmiş adam kimi deyə bilərm ki, zavod fitinə nəğmə deyənin Allahı yoxdur. A kişi, adamları səkkiz saat yağın-hisin içində dəzgah başında durmağa çağııran fitdə nə nəğmə? Əsl yazıçı Maksim Qorki yazırdı ki, səhər zavod minlərlə insanı alır ağzna, çeynəyir-çeynəyir, axşam tüpürüb atır…

“Suya düşüb buruqların kölgəsi,

Ətirlidir bağlarının meyvəsi…”

Allahı olan desin: bu iki misra arasında nə əlaqə var? Buruq harda, bağ harda, meyvə harda… Allahı olan deyərdi ki, bulvarda neft iyindən gəzmək olmur, bəzi yerlərdə adamın qusmağı gəlirdi…

“Ağ şanısı elə bil ki, şəkərdir…”

Şanını qəndə bənzədən adamın qəlbi var? Təbiət möcüzəsi olan şanı harda, qənd harda…

“Dost görəndə tükənməyir hörməti…”

Bakının dostunu təsəvvür edin… O vaxtlar Bakının ən əziz dostu və qonağı Brejnev idi…

“Düşmən görsə, dərya olur nifrəti…”

Sovet Bakısının düşməni kim idi? Mənim kimi kənddən gələnlər, rusca danışa bilməyənlər?

“Əziz dostum, Bakı belə şəhərdir…”

Necə şəhərdir? Biz axı bu yazıda Bakını görmədik! Siz burda Bakının nəyini və harasını görürsünüz? Bu, toyda oxumaq üçün qondarılan aşıq qoşmasıdır, Əliağa Kürçaylı belə qoşmalardan Aşıq Pənah üçün az yazmayıb… Bu cəfəngiyyata şeir deyən, onu dərsliyə salan insan, məsələn, “müstəmləkəçi” Kiplinqin bir şeirini oxuyub? Ədəbiyyat müəllimi bu şeri haqqında şagirdlərə nə deyir? Deyir ki, zavod fiti Tofiq Quliyevin mahnıları kimi nəğmədir?

Yazıq uşaqlar….Yazıq azərbaycalı uşaqlar…

30.04. 2024, Samara

 

CON KİTS. ÇOSERİN “ÇİÇƏK VƏ YARPAQ” POEMASININ AĞ SƏHİFƏSİNDƏ YAZILMIŞ SONET

john keats

Balaca meşəyə bu, bənzər xoş hekayədir,
Sarmaşıb sərinlədir onun bal sətirləri.

Buraxmır oxucunu şirin bu yerdən gedə,

Durur ürəyi dolu, o da getmir irəli.

 + 

Sübh ya gecə şehindən, vaxtaşırı hiss edir,

Soyuq dancılar necə qəfil üzünü dəlir,

Zaman-zaman yayılan nəğməni ki, eşidir,

Harda kətanquşunun dolaşdığını bilir.

 +

Ah! Ağ bu sadəliyin qüdrəti var nə qədər!

Bu incə hekayənin qüdrəti fövqəladə,
Təşnə olmuşamsa da mən həmişə şöhrətə,

Uzanmağa hazıram mən bu dəqiqələrdə,

 +

Həqiranə ot üstdə, hönkürtüləri ancaq

Qəmli birəbitdənə çatan o kəslər sayaq.

27 fevral 1817

ingiliscədən tərcümə

27-28. 2024, Samara

QEYD:

Təxminən 1470-ci ildə yazılmış “The Floure and the Leafe“ adlı anonim alleqorik poemanın müəllifi  Kitsin zamannında səhvən Çoser sayılırdı.

 ++++++++++++++++

JOHN KEATS

SONNET WRITTEN  ON THE BLANK SPACE OF A LEAF AT THE END OF CHAUCER`S TALE OF  “THE FLOWRE AND LEAFE”

This pleasant tale is like a little copse:
The honied lines do freshly interlace,
To keep the reader in so sweet a place,
So that he here and there full hearted stops;
Читать далее

GÜLMƏLİ ŞEİRLƏR: ƏHMƏD CAVAD. «SƏSLİ QIZ» II

əhməd cavad səsli qız

ƏVVƏLİ BURDA: https://xeyrulla.com/2024/04/27/gulmeli-seirler-ehmed-cavad-sesli-qiz-i/

Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə!

Şagird bunu necə başa düşməlidir? Başa düşməyəndə müəllim necə izah etməlidir? Belə çıxır ki, mühasirə “acı basqına” tutulub?  Və “altı aydan çox sürən”“birdən-birə” necə uyuşur?

Yüz minlərlə atılan
Can yağısı oxları,
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.

Təsəvvür edirsiniz? Gülləni ağzı ilə tutan qoçaqlar haqqında lətifələr eşitmişdim, ancaq “oxları dişləri ilə çeynəyib sərilənlərin” olduğunu bilmirdim.

Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc!

“Xınchaxınc” sözünü eşidən var? “Xıncım-xıncım” bilirik, ancaq “xınchaxınc” ı yox. Bu yöndəmsiz sözü Əhməd Cavad ona görə uydurur ki, sonrakı beytdə “qılınc” sözünə qafiyə olsun. “Tökülmüşdü yerlərə” – bu, azərbaycancadır? Biz “yerə tökülmüşdü” deyirik. Döyüş meydanını təsəvvür edin – qılınc, qalxan səpələnər, ancaq qalaqlanıb dağ olmaz, əlbəttə, əgər onları böyük bir ərazidən yığmasan…

İncilərin sayı-hesabı yoxdur.

Hər şeydən xəbərsizkən
Yandırıldı çox canlar.

Canlar nədən xəbərsiz idilər? Yandırıldılar ya “xınchaxınc” oldular?

Qalmadı ağızlarda
Yaşamağın heç dadı.
Bir çox yazıq quşların
Qoparıldı qanadı.

Burda xeyli güldüm.Quşların qanadlarının qoparılmağı, əlbəttə, heç yaxşı iş deyil, ancaq gözünün qabağına gətirirsən ki, düşmənin bir alayı ancaq quşların qanadlarını qoparmaqla, yəni ütməklə məşğul olur, özünü saxlaya bilmirsən.

Yazıq quşlar… Yazıq Azərbaycan uşaqları. Belə təhsil almaq elə qanadı qoparılmaq kimi bir şeydir.

Əsgərsiz komandanlar
Qırıb atdı yayını,
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.

Başa düşdünüz? Əsgərlər düşmən oxlarını çeynəyib səriliblər, komandanlar əsgərsiz qalıb öz yaylarını qırıblar.  Fələk də bu ölkənin payını “zəhrə” döndərib…

Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq…

Yəni deyir ki, onsuz da gülən yox idi, ağlamağı da qadağan edlədilər… İlham Əliyev bunu oxusa, millətə ağlamağı qadağan edər. Yaxşı ki, azərbaycanca oxuya bilmir…


Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü,
Hıçqırıqla bir diyar.

Necə istəyirsiniz, elə də başa düşün. Mən üfqi də oxuyuram, şaquli də oxuyuram, bir şey başa düşmürəm…
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.

Qanı hıçqırıq qusur?

Qaranlığın qalmadı
Dodaqlarında qanı.

Qaranlığın dodaqları var imiş. Dodaqlarda da qan.


— Dünən buludların da

Çox dönük rəngi vardı! —
Bir az sonra onlar da
Əkildilər, getdilər.

Rəngin dönüklüyü necə olur? Ancaq buludların “əkilib getməyi” gülməlidir, bunu gərək etiraf edəsən…

Sonrakı misradan məlum olur ki, buludların hamısı əkilib getməyib. “Yerdə qalanı” da var.

Yerdə qalan buludlar
Matəmi tərk etdilər.

Sonra şair deyir ki, günəş çıxanda çiçəklər mahnı oxuyur.

Bu qıldıqsız günəşin
Sehr var baxışında.

“Qıldıqsız”ı başa düşmədim, ayıb sözə oxşayır… Lənət şeytana…

Çoxlu canların yandığı, əsgərlərin oxları çeynəyib sərildiyindən cəmi bir gün keçsə də:

 Doğrudan çıxdı yasdan.
Düşmən şalım gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər,
Qanlı sevinclə doldu.

“Qanlı sevinc”…

Şair keçir fəlsəfəyə, azərbaycanlı yeməsin, içməsin, ancaq qoyasan filosofluq eləyə.

Qəribə şeydir insan:
Al əlindən canını,
İstəyirsən ovucla
Hortlat axan qanını.

“Hortlat”! Qulaqlara qurğuşun…

Qoparıb əz qəlbini
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə…

Beyninin bağasi”  bilmirəm nədir, bəlkə osmanlıcadır. Şair insanın başına gətirilə bilənləri sadalayıb deyir:

Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.

Bunu elə bil Tərtər generallarına deyib, yəni generallar işgəncə verəndən sonra “məğrur baxışla” baxıb görəcəklər ki, bağırsaqları baldırlarına dolanmış qurbanlar generalları bağışlayıb “dadlı-dadsız gülmyə” hazırdırlar…

Etiraf etmək lazımdır ki, burda həqiqət var…

Ancaq “Səsli qız” — ədəbiyyat deyil, müsibətdir, fəlakətdir. Mən Əhməd Cavadın böyük insan, cəsur, fədakar vətənpərvər şəxs olduğuna bir saniyəliyə də olsa şübhə eləmirəm. Ancaq şair vətənpərvərliyin ya cəsurluğun bir xassəsi deyil, tanrı vergisidir. Əhməd Cavadın bu mətni öz müəllifini ancaq hörmətdən sala bilər. Azərbaycan ədəbi dilinin belə mətnlərlə tədrisi və təbliği dolaşıq nitqli, dolaşıq düşüncəli, dolaşıq yazılı on minlərlə, yüz minlərlə gənc deməkdir, perspektivdə isə kəmsavad millət deməkdir. Sosial şəbəkəlrdə yazılan minlərlə, on minlərlə postu, şərhi nəzərdən keçirin — ən azı Avropanın, Asiyanın mədəni millətləri arasında yazı savadı baxımından ən geridə olduğumuzu görərsiniz…

28. 04. 2024, Samara