Архив | Декабрь 2017

EMİLİ DİKİNSON. ÖLÜM CÜCÜYƏ OXŞAR

emily-dickinson

                               EMİLİ DİKİNSON

                            (1830 – 1886)

ÖLÜM CÜCÜYƏ OXŞAR

                                    Death is like the insect

Ağacı hədələyən,

Cücüyə ölüm oxşar.

O həm öldürə bilər,

Ya da öz canı çıxar.

 

Yağ çək, başını yağla,

Ya da mişarla axtar.
Çalış, al qabağını,

Xərclə, itir nəyin var.

 

Soxulsa iynə kimi,

Əlçatmayan bir qata.

Əl çək ağacdan, hökmü
Beləymiş həşəratın.

 

İngiliscədən tərcümə

23.12.2017

Samara

         UİLYAM ŞEKSPİR. 12-Cİ SONET

shakespear

 

                            When I do count the clock that tells the time…

 

Saatdan eşidib necə gedir vaxt,

Görürəm gündüzü məhv edir gecə.

Qıvrim xurmayı saç olur ağappaq,

Solur bənövşələr göz önündəcə.

 

Altında sürülər kölgəlik tapan,

Ağacları indi lüt görürəm mən.

Dərzlər, tayalardır bahardan qalan,

Qış gəlib, onları örtüb ağ kəfən.

 

Məni fikrə salan gözəlliyindir,

Zaman yaradanı zaman dağıdır.

Bil ki, gözəllik də dünyadan gedir,

Görüb yeniərin yarandığını.

 

        Qanlı dəryazıyla gələndə əcəl,

       Dalında tək övlad dayana bilər.

 

İngiliscədən tərcümə

21-22.12.2017

Samara

UİLYAM ŞEKSPİR. 11-Cİ SONET       

shakespear

As fast as thou shalt wane, so fast thou growest...

Necə tez artırsa qanından olan,

Sən də eləcə tez solub gedirsən.

Övlad damarında qaynayırsa qan,

Qanın soyuyanda özünkü say sən.

+

Budur həyat, hikmət, budur gözəllik,

Yoxsa ağıl gedər, qocalıq gələr.

Hamı sənin kimi seçərsə təklik,

İnsan nəsli bitər altımış ilə.

+

Övladsız qoy ölsün vəhşi, eybəcər.
Kimin ləyaqəti yoxsa artıma,

Kimə səxavətlə Təbiət verər,

Qoruya payı o gərək, artıra.

+

Möhür tək yaratmış səni təbiət,

Nümunən yaşaya, yarana surət.

 

İngiliscədən tərcümə

21.12.2017
Samara

        BİTKOİN

Bir az ağlın ola, bir az cürətin,

Çapıb-talayasan bu İnterneti.

Zəngin hesabları girib siləsən,

Bir kisə bitkoina yiyələnəsən.

Burdakı keflərdən dadıb nə varsa,

Taksi sürdürəsən birbaşa Marsa.

Pasport yoxlayana bitkoin basıb,

Gəzəsən bir xeyli piyada Marsı.

Görəsən su da var Marsda, çörək də,

Hər cür ağac da var, gül də, çiçək də.

Görəsən kişi var burda, qadın da,

Hərənin bir neçə uşaq yanında…

Adi Mars adamı prezident də,
Söyür televizor, söyür qəzet də…

Marsın bu başından düz o başına,

Pay-piyada gedir hər gün işinə…

Yığıla başına Mars əhalisi,

Neçə sual verə sənə hərəsi.

Suyu soruşalar, deyəsən su var,

Yerin sularında üzür balıqlar.

Hava da pis deyil, boğulan azdır,

Yediyimiz neftdir, bir də ki, qazdır…

“Bəs Yerdə həyat var?” – soruşan olsa,

Cavab tapmayasan, donub qalasan.

Deyəsən: “özüm də bilmirəm hələ”,
Mars adamlarının gözü bərələ…

Gözəl planetin adamlarıyla,

Marsa-mars öpüşüb düşəsən yola…

Pasportyoxlayansa görəndə səni,

Bitkoinlərini çırpa təpənə.

Elə yağlı təpik vura dalına,

Yerdən qaldırasan bir də alnını…

 

19-20.2017

Samara

  UİLYAM ŞEKSPİR. 10-CU SONET

shakespear

For shame deny that thou bear’st love to any…

Demə ki, kiməsə vurulmusan sən,

Axı qayğısızsan öz həyatına.

Səni, ola bilsin, az deyil sevən,

Sən özün sevmirsən heç kimi amma.

Dağıdıcı kinlə elə əsirsən,

Özün toxuyursan özünə fitnə.

Ocağı qorumaq əvəzinəsə,

Özün çalışırsan onun məhvinə.

Fikrim dəyişərdi, dəyişsə fikrin,
Kin tutan yeri sən ver məhəbbətə.

İçin də xoş olsun görkəmin kimi,

Azından özünlə kəs ədavəti.

               Özündən başqanı yarat, amandır,

               Sənin gözəlliyin yaşasın onda.

   İngiliscədən tərcümə

19.12.2017

Samara                        

ANNA AXMATOVA. SÖYÜD

 

Anna_Axmatova                      

    Bir də ağacların əfəl topası.

                                                             Puşkin.

               А я росла в узорной тишине…

Xalı tək sakitdi boy atdığım yer,

Əsrin gəncliyində keçdi uşaqlıq.

Deyildim heç kəslə  o vaxt qılıqlı,

Bilirdim nə deyir amma küləklər.

Pıtrağı sevirdim, gicitkəni də,

Daha çox gümüşü söyudü hərçənd.

O da minnətdardı mənə elə bil

Yuxu səpələrdi budaqlarından,
Yuxumu itirib oyaq qalanda,

Ondan çox yaşadım – bu, qəribədir.

Orda kötük durur, başqa söyüdlər,

Özgə səsləriylə nəsə danışır.

Təkcə səma doğma, həminki göylər,

Susuram…Elə bil ölüb qardaşım.

18 yanvar 1940

Leninqrad

Ruscadan tərcümə

04.12.2017

Samara

    UİLYAM ŞEKSPİR. 8-Cİ SONET

shakespear

                                                    Music to hear, why hear’st thou music sadly? 

Özün musiqisən, musiqi niyə,

Səndə qəm oyadır? Özün sevincsən,

Sevirsən qəm-qüssə gətirən şeyi,

Sevirsən sən özün öz işgəncəni.

 

Sən gözəl köklənmiş səslərin nədən,

Nikah vəhdətiylə sinirlənirsən?

Boşdur bu həmahəng birlik içində,

Yəqin anlayırsan, səsinin yeri.

 

Simlər ailəyə, eşit, bənzəyir,

Bir himlə titrəyib verər səs-səsə.

Ata, xoşbəxt ana, övlad elə bil,

Üçü bir nəğməylə gələr həvəsə.

 

                Sözsüz də mənası nəğmənin aydın:

                 Səsin eşidilməz, yoxsa övladın.

İngiliscədən tərcümə

17.12.2017

Samara

SƏMƏD VURĞUNUN «AZƏRBAYCAN»I: CƏFƏNGİYYATLA YALANIN QARIŞIĞI

Müəllimliyimin çoxu aşağı siniflərdə keçib. Bu siniflərdə isə “Azərbaycan” şeiri ixtisarla salınırdı. Bu şeiri mən sevmirdim. Ancaq o, geri, zəif şagirdlərin də dadına çatırdı – şeir onlar da pis-yaxşı əzbərləyirdilər. Və deyəndə sevindiklərindən elə həyəcanlanıb coşurdular ki, ən azı bir yerdə çaşırdılar:

“Sən bir uşaq, mən bir ana…”

Ədəbiyyatda qulağa xoş gələn çox az cəfəngiyyat “Azərbaycan” şeiri ilə rəqabətə girə bilər. Ondan başlayaq ki, bu şeirdə Azərbaycan sözü, Azərbaycana aud toponimlər dönə-dönə xatırlansa da, Azərbaycanı tanımaq mümkün deyil, müqayisə üçün deyim ki, Cəfər Cabbarlının “Ölkəm” şeirində Azərbaycanın adı çəkilməsə də, şeirin ruhundan, dilindən Azərbaycan tanınır.

 Səməd Vurğunun şeiri böyük mistifikasiya, gözübağlıcafır ki, çox adam indiyəcən onun əsarətindən çıxa bilmir. Şeir isə əvvəldən axıra qədər cəfəngiyyat və xeyli yalanın qarışığıdır.

“Çox keçmişəm bu dağlardan…”.

Buna elə iradım yoxdur. Ancaq əslində dağlardan keçmirlər, dağları aşırlar, dağlara qalxırlar…

“Durna gözlü bulaqlardan…”

Bulaqlardan keçmək – bu nədir?

“Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…»

Son iki misraya baxaq – çayların sakit axmağıyla dost sınamağın nə əlaqəsi var? Və sakit axan çayları müəllif hansı uzaqlıqdan eşidib və bununla nə demək istəyir? Əslində Azərbaycandan axan çaylar sakit axarlı deyil, məsələn, Volqadan fərqli olaraq. Mənim doğuduğum evi Kür aparıb – güclü axarına görə məcrasını dəyişir…

“Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır…”

Hansı dağın başı qar deyil? Və Azərbaycanın üstündəki buludlar həmişə ağ olur? Və niyə ağ örpək? Ermənilərə təslim olmağa?

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin…”

Burda Azərbaycan tarixçiləri üçün əsil meydan açılır: Azərbaycana elə keçmiş düzəldərlər ki, elə yaş qayırarlar ki… Səməd Vurğun özü “Vaqif”də tarixi mələdib…

“Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…»

1933-cü ildə! Azərbaycanın oğulları, qızları bəxtiyardır! Şəhərlərdə casus, təxribatçı axtarışları, tuthatut, kənddə ziyanverici, qolçomaq axtarışları, tuthatut, güllələnənlər, Sibirə, Qazaxıstana sürgün olunanlar…
“Sıra dağlar, gen dərələr…”

Gen dərələr… Bu, ancaq Azərbaycanda olur…Başqa ölkələrdə dar dərələr olur…

“Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan..”

Bəs başqa yerlərdə limon nə rəngdə olur? Qırmızı? Qara?

Dağların qarı qarlı qışdan yaranıb – burda tavtalogiya var, qar qardan yaranıb… Bəs nədən yaranmalıydı?

Qafiyə xatirinə Səməd Vurğun hər cür basməmmədiyə hazırdır.

“Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan…”

“İsti-isti deməyin” nə olduğunu bilirik, “sərin-sərin demək” necə olur?
“Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə!”

Buruqlar hayqırmır. Və nərə sala bilməz. Deyək ki, hayqırır və nərə salır çöllərə. Əgər nərəni çöllərə salırsa, dağ, dərə hardan işıqlandı?

«Azərbaycan” şeirinin son bəndləri Ostap Benderin kombinasiyalarını xarırladır.

“Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın… yarandım mən.
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!”

Maraqlıdır, bu bəndi şeirin çap edildiyi vaxtdan keçən səksən dörd il ərzində müəllimlər şagirdlərinə necə izah ediblər? Azərbaycan “al bayraqlı bir səhərdən” nə vaxt “ilham alıb”? Bolşeviklər gələndə? Deyək ki, doğrudan da Azərbaycan bolşevik səhərindən ilham alıb. Ancaq bunun Səməd Vurğunun yaranmasına nə dəxli var? Səməd Vurğun 1906-cı ildə yaranıb. Onun yaranmasına 1905-ci ilin çar Manifesti təsir edə bilərdi. Yəni valideynləri Manifestlə tanış olub yeni bir övlad təşkil eləmək qərarına gələ bilərdilər. 1905-ci ildə Manifest, 1906-cı ildə Səməd Vurğun. Düz gəlir… Bolşevik ilhamıyla düz gəlmir…

Ancaq Səməd Vurğuna kim deyə bilərdi ki, düz gəlmir. Dalına qulaq as:

“Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan…”

Desəm ki. 1933-cü ildə insanların üzü elə də gülmürdü, deyəcəklər ki, Səməd Vurğun gələcəyi nəzərdə tutub. Bəlkə də elədir. Ancaq axı insan Azərbaycanda indi də elə gülmür…Yəni çox insanın gülməli halı yoxdur…

“Stalinin eşqiylə sən…”

“Rəhbərimin eşqiylə sən…”

“Partiyanın eşqiylə sən…”

Müxtəlif zamanlarda Azərbaycan müxtəlif eşqlərlə gülüb. İndi İnternetdə bu variantı tapdım:

“Azadlığın eşqiylə sən…”

Azərbaycan və azadlıq!

Bu, doğrudan da gülməlidir…

Bu şeiri nəsil-nəsil azərbaycanlı uşaqların iliyinə yeridirlər. Və uşaqlar şeirin içini, daha doğrusu, içsizliyini görə bilmirlərsə, bu o deməkdir ki, şeiri yazan da, onu psixoloji təmrinə çevirənlər də məqsədlərinə nail olublar – yəni ictimai-siyasi apatiya, əqidəsizlik, prinsipsizlik oynaq ritmlər altında qana hopdurulur.

Köləliyi damla-damla sıxıb özündən kənar elədiyi barədə Çexovun dediyini təkrar eləmək istəməzdim, ancaq lazımdır. Estetik zövqü və əqidəni  belə şeirlərin əsarətindən qurtarmaq vacibdir…

Dekabr 2017

Samara

YUXUMA UŞAQ VAXTI…

Yuxuma uşaq vaxtı,

Tez-tez ilan girirdi.

Tək girsəydi, yaxşıdı,
Çox idi, sürü idi.

 

Zəhərli fısıltılar,

Qulağımı deşirdi.

Mənim dilim tutulur,
İlanlar danışırdı!

 

Aşırdım dağı, daşı,

Kəsilirdi nəfəsim.

Günü qara uşağın,

Cəhənnəmdi gecəsi.

 

Ağzımda dilim yanır,

Yıxılırdım, dururdum,

Dilləri ilanların,

Dabanımı yalardı.

 

Yer də necə yerdisə,

Nə gələn, nə də gedən.

Sürünənlər ordusu,

Qabağında tək idim.

 

Diksinir, ayılırdım,

Yazıq, üzülmüş halda.

Elə bil yaralıydım,

Ödüm əzilmüş halda.

 

Gecənin bir aləmi,

Evdə hamı yuxuda.

Kəmhövsələ lələmim,

Ağır zəhmi yuxuda…

 

Səhəri kəndin  yenə,

Bir azdan açılacaq.

Mən havayı yeyəni,
Hamı acılayacaq…

 

Durub ancaq hər dəfə,

İlanlı yuxulardan,

Bu yad, soyuq evdə də,

Dincəlir, toxdayırdım…

 

15-16.12.2017

Samara

        UİLYAM ŞEKSPİR. 7-Cİ SONET

shakespear

                                       Lo! in the orient when the gracious light…

Şərqdə qaldıranda yanan başını,

Günəş şəfqətiylə, dünyada nə var,
Salamlayar onun görünüşünü,

Ali qüdrətinə deyər dualar.

 

Səma zirvəsinə dırmanar günəş,

Oğlan çağındakı igid sayağı.

Baxar ölərilər, heyrətə düşər,

Gördükcə yürüyür qızılı yanğı.

 

Ən uca zirvədən enərək amma

Əfəl qoca kimi gedəndə gündən,

Gündüz pərəstişlə ona baxanlar,

Üzünü kənara döndərir indi.

 

            Sən də gedərisən, yoxsa övladın,

             Yadından hamının silinər adın.

 

15.12.17

İngiliscədən tərcümə

Samara