Архив | 20.12.2017

        BİTKOİN

Bir az ağlın ola, bir az cürətin,

Çapıb-talayasan bu İnterneti.

Zəngin hesabları girib siləsən,

Bir kisə bitkoina yiyələnəsən.

Burdakı keflərdən dadıb nə varsa,

Taksi sürdürəsən birbaşa Marsa.

Pasport yoxlayana bitkoin basıb,

Gəzəsən bir xeyli piyada Marsı.

Görəsən su da var Marsda, çörək də,

Hər cür ağac da var, gül də, çiçək də.

Görəsən kişi var burda, qadın da,

Hərənin bir neçə uşaq yanında…

Adi Mars adamı prezident də,
Söyür televizor, söyür qəzet də…

Marsın bu başından düz o başına,

Pay-piyada gedir hər gün işinə…

Yığıla başına Mars əhalisi,

Neçə sual verə sənə hərəsi.

Suyu soruşalar, deyəsən su var,

Yerin sularında üzür balıqlar.

Hava da pis deyil, boğulan azdır,

Yediyimiz neftdir, bir də ki, qazdır…

“Bəs Yerdə həyat var?” – soruşan olsa,

Cavab tapmayasan, donub qalasan.

Deyəsən: “özüm də bilmirəm hələ”,
Mars adamlarının gözü bərələ…

Gözəl planetin adamlarıyla,

Marsa-mars öpüşüb düşəsən yola…

Pasportyoxlayansa görəndə səni,

Bitkoinlərini çırpa təpənə.

Elə yağlı təpik vura dalına,

Yerdən qaldırasan bir də alnını…

 

19-20.2017

Samara