AQŞİNİN ÖLÜMÜNƏ

В ПАПАХЕ aqşin.jpg

       AQŞİNİN ÖLÜMÜNƏ

 

Bu gün ağlayarıq, bəlkə sabah da,

Sonra gözümüzün yaşı tükənər.

Bu gün ölüb-getmək arzulasaq da,

Sabah həyat eşqi güc gələr yenə.

 

Yenə sinə dolu nəfəs alarıq,
Havasız yaşamaq həyat deyil ki.

Qarnımız acıyar- süfrə salarıq,

Allah verdiyindən ortaya töküb.

 

Yağışdan, küləkdən yenə qorxarıq,

Yenə üşüyərik qarda-şaxtada.

Bürkülərdə sərin yer axtararıq,

Yatıb dincələrik rahat otaqda.

 

Hıqqana-hıqqana klinikaya,

Gedib analiz də verərik hərdən.

Yaxşı cavab üçün elərik dua,

Alanda paylarıq bəlkə nəzir də.

 

Gedib beşdə-üçdə iynələnərik,
Ya da həkim gələr ayağımıza.

Ayaqdan düşəndə iməkləyərik,

Qara günümüzə ağlayarıq biz…

 

Ancaq unudulmaz bircə an belə,

Birdən açılmamış qönçə tək solan,

Özü öz əliylə gülləyə gələn,

Bir dünya bəzəyi, ümidi oğlan…

 

Ürək ağrısından, baş ağrısından,

Daha ağır olar xəcalətimiz.

İndi yaşadıqca hər saat, hər an,

Elə bil ən ayıb iş tuturuq biz…

 

05.12.2017

Samara