AYAQQABI MƏSƏLƏSİ

 

Yadımdadır ki, uşaq vaxtı bizə istəkli qonaq gələndə getməsini istəməzdik və qalmağına yalvar-yaxarımız boşa çıxanda qonağın ayaqqabılarını gizlədərdik…

Samaraya qayıtmaq vaxtı çatanda Bakıya gəldim və vağzala gedib bilet almaq istədim. Bütün kassirlər and-aman elədilər ki, heç bir günə və heç bir reysə biletləri yoxdur. Başınız haqqı, mənə elə gəldi ki, mənə qəsdən bilet vermirlər, yəni çox istəyirlər məni, buna görə razı deyillər mən Azərbaycandan çıxıb gedim.  Hələ ürəyimə gəldi lki, yəqin bunlara prezident Əliyev özü tapşırıb ki, Mirzə Əlili qoymayın gedə, qoca kişidir, otursun öz vətənində, cızma-qarasını eləsin. Vallah, elə təsirləndim ki, gözlərimdən yaş sel kimi axdı…

Ancaq məsələnin nə yerdən olduğunu öyrənəndə lap hönkür-hönkür ağladım. Məlum oldu ki, biletlər hamısı alverçilərdədir və iki qat bahasından ucuz vermirlər…

Vallah, mən bu fikrə düşürəm ki, Bakı vağzalı çoxdan işğal altındadır, alverçilərin, valyuta möhtəkirlərinin işğalı altında. Polislər də çoxdan keçiblər onların tərəfinə, qabaqlarında tula kimi quyruq bulayırlar. Əlbəttə, prezident bu vağzala gəlmir, ancaq uca kabinetinin pəncərələrindən baxsa, buranı yaxşı görər və bilər ki,paytaxt vağzalını millətin qaniçən düşmənləri tutublar. Yəqin ki, hərdən-hərdən baxır da və görür də. İndi burda sual ortaya çıxır ki, bunu prezident görürsə, niyə qüvvə göndərib strateji obyekt olan vağzalı azad etdirmir. İstəmir yaxud belə qüvvəsi yoxdur? Və əgər prezidentin qüvvəsi, şəkililiər demişkən, ağzının içində olan vağzalı alverçi əsarətindən qurtarmağa çatmırsa, torpaqlarımızı erməni işğalından azad etməyə qüvvəsi çatarmı?

Bəlkə də siz deyərsiniz ki, çatar. Bəs onda niyə eləmir? Vallah, vağzalımız azad olan kimi Mirzə Əlil hamınızı qonaq çağırar, sonra hələ sabahı günə saxlamaqçın ayağınıza düşər, ayaqqabılarınızı gizlədər…

 

Mirzə Əlil

 

Ocaq qəzeti, sentyabr-2006

 

 

Оставьте комментарий