UİLYAM ŞEKSPİR. 63-CÜ SONET

Sonnet_63_1609.jpg

 

                                Against my love shall be as I am now…

Sevgimi mənim tək zaman haçansa,

Üzər, zədələyər qəddar əliylə.

Qanını qurudar, qırışlar basar,
Alnına; gecəyə doğru köç eylər,
Gəncliyin səhəri; ixtiyarında,

Olan bərabərsiz gözəllikləri,

Ya məhv edər, gözdən itirər ya da,

Bahar sərvətinin qalmaz əsəri.

 

O günə qarşıdır tədbirim indi;
Gəlib haqlayanda iti bıçaqlı,

Sevgilim ölsə də onun əlində,
Surəti yaddaşda əbədi qalsın.

 

                      Qara misralarda gözəllik qalar,

                      Şerim yaşadıqca, o da canlanar.
                   

İngiliscədən tərcümə

20.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 62-Cİ SONET  

sonnet-62.jpg

                                      Sin of self-love possesseth all mine eye…

 

Özünüsevərlik əsiriyəm mən,

Təpədən dırnağa, ruhuma qədər.

Yox belə günaha bir əlac bilən,

İçimdə, qəlbimdə kök atıb gedər.

 

Üzüm tək füsunkar üz tanımıram,

Yox bədənim kimi mükəmməl bədən.

Bilməz dəyərimi mənim bir adam,
Hamıdan üstünəm çünki dəyərdə.

 

Ancaq olduğum tək  ayna göstərir —

Döyənək dəridə dərin qırışlar.

Dəyişir özümə münasibətim;

Özünəsevgidə günah və şər var.

 

                Yaşımı gəncliyin, gözəlliyinlə,

               Bəzəyib səni vəsf edirəm elə.

 

İngiliscədən tərcümə

19.02.2018

Samara

İMPERİALİST KİPLİNQİN ÖLÜSÜYLƏ BOLŞEVİK KÜRÇAYLININ DAVASI

ALİAĞA.jpg

Tanınmış sovet şairləri, xüsusən kommunist əqidəsi düz olanlar nümayədə heyəti tərkibində qərb ölkələrinə göndərilirdilər ki, həm dağıdıcı, həm dağılan qərb cəmiyyətini ifşa edən əsərlər yazıb kapitalizmi sovet adamlarının gözündən salsınlar. Əliağa Kürçaylı da xeyli ölkədə olub. Britaniyaya səfərindən “Britaniya dəftəri” adlı sislsilə yazıb.

Əliağa müəllim yəqin partkomu tapşırığını iki yüz faiz yerinə yetirərək Britaniyaya qədəm qoyan kimi, Britaniya imperializmini tənqid atəşinə tutur və Şotlandiya üçün azadlıq tələb edir. Yaxşı ki, Britaniya polisi Əliağa müəllimi separatçı təbliğat apardığına görə həbs eləməyib, ola bilsin, şeirlər Bakıya gələndən sonra yazılıb…

Əliağa Kürçaylı nədənsə Londonda Redyard Kiplinqin öllüsü ilə davanı tutur. Durur qəbrinin üstündə, ağzına gələni deyir:

 

Bilirdim ki, sən ingilis şairisən

Vəsf edirsən seri (! — x.x.), lordu, naziri sən…

 

Talançılıq şöhrətini vəsf edirsən,

Qəsbkarlar şöhrətini vəsf edirsən…

 

Çox güman ki, Əliağa müəllim “Mauqli”dən başqa Kiplinqin heç bir əsərini oxumayıb, ancaq onun imperialist olduğunu partkomdan eşidib və bilmir ki, Kiplinq ən qüdrətli ingilis şairlərindən biridir…

Əliağa müəllim Kiplinqdən bir şeirlə əl çəkmir, qəbrin üstündə ikinci şeiri də yazır. Özü də lap yekəsini:

Neçə yüz milqonluq qədim bir ölkə,

Yıxıldı bir palıd əzəmətiylə,

Oldu liliputa o, müstəmləkə,

Diliylə, diniylə, var-dövlətirlə…”

Kiplinq, özü də ölüsü, Əliağa müəllimə Hindistan üçün də cavab verməlidir…

Kiplinq, sən bunları tərənnüm etdin,

Sən uğur dilədin cahangirliyə…

Bir sözlə, salyanlı balası Kiplinqin ölüsünü yıxıb sürüyür.

“Burda sənin şöhrətinin son qalığı,

Solğun məzar…”…

Əlbəttə, Kiplinq sovet şairi olsaydı, dövlət mükafatı alardı, fəxri xiyabanda basdırılardı…

Əliağa müəllim Londonun “tən ortasında” qovurulmuş şabalıd satan və “həsrəttiyanında” yanan türk Kamala da rast gəlir. Kamalın başına kül olub ki, sovet Azərbaycanında yox, Türkiyədə doğulub, ona görə Londonun tən ortasındadır…

Bir sözlə, Əliağa müəllim Britaniyada KQB-nin və partkomun tapşırığını əla yerinə yetirib. Ona görə onu Portuqaliyaya göndəriblər.

Bu barədə ayrıca…

2

Londonun tən ortasında” qovrulmuş şabalıd satan türk Kamal kürçaylıya bir ovuc şabalıd uzadır, Kürçaylı almır, deyir “Thank you”. (Şeirdə belədir). Yəni demək istəyir ki. bu şabalıd mənim boğazımda qalar, sən zülmlə Londonun tən ortasında “həsrət tiyanında yana-yana” pul qazanırsan…
Bu səfər 1976-cı ildə olub.
1976-cı idə Kürçaylı Salyana da gəlmişdi, mən özüm görmüşəm. Özü də salyanlı idi və gələndə boylanmasaydı da bilərdi ki, Salyanda xırda uşaqlar su satırlar, tum satırlar, “xoruz” satırlar, bir az böyükləri anaşa satırlar, tiryək satIrlar, çəkənlər, atanlar, iynələnənlər var… Niyə Kürçaylının ütəyi öz vətəninin balalarına yanmırdı, Londonda şabalıd satan türkə yanırdı.
1976-cı ildə, ondan əvvəl və ondan sonra Azərbaycanda xırda-xırda uşaqlar dərs ilinin yarısını çöllərdə olurdular, pambıqda, tütündə, üzümdə…
Çox güman ki, Londonda şabalıd satan türk Kamal bir neçə ilə maya yığıb, öz biznesini yaradıb. Bəs Salyand su, tum, nəşə satanlar?
Öz ölkələrdə öz xalqının müdafiəsinə bir kəlmə söz deməyə cəsarət etməyən insanlar elə həmin xaLqın puluna qərb ölkələrinə səfər edir, qayıdanda dolu çamadanlarla kapitalist malları gətirir və həmin kapitalizmi də “ifşa” edən cızma-qara yaradıb yenə ətək-ətək xalq pulları alırdılar. Hanı burda mənəviyyat?
Biz başa düşürük ki, bütün bu “poeziya”, bütün bu adlı-sanlı şairlər sovetin ideologiya sisteminin əsas və yan məhsuluydu. Niyə indi də, sovet rejimi dağılandan otuz il sonra, bu KQB təbliğatı böyük və ciddi poeziya kimi qələmə verilir və əslində əsil poeziya beləliklə kənara sıxışdırılır, estetik standartlar süpürülüb gedir?*

 

20.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 61-Cİ SONET

Sonnet_61_1609.jpg

 

                                      Is it thy will thy image should keep open…

 Səninmi hökmünlə gecə uzunu,
Xəyalın yuxumu qovar gözümdən?

Səninmi əmrinlə sənə bənzəyən,
Kölgələr qoymur ki, mürgüləyəm də?

 

Səninmi ruhundur dalımca  düşən,

Harda nə eləsəm, izləyən məni?

Baxır kimlə, necə günah işlərəm — 

Bu qısqanclığında axı nə məna?

 

Yox, eşqin çoxsa da, böyük deyildir,
Məni öz sevgimdir yuxudan edən.

Öz eşqimdir pozan dincliyimi də,
Məni keşikçiyə odur döndərən.

 

                    Səni izləyirəm, elə ki məndən,

                    Uzaqsan, yaxınsan özgələrlə sən.

İngiliscədən tərcümə

 18.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 60-CI SONET

 

Sonnet_60_1609.jpg

Like as the waves make towards the pebbled shore…

 

Sahilə yönələn dalğalar kimi,
Bizim dəqiqələr can atır sona.

Təzə əvəz edir əvvəlinkini,

İrəli yürüyür inadla onlar.

 

Doğulan ilk gündən gedir, tələsir,

Yetkinliyə doğru, çatan kimisə,

Güntutulmaları yolunu kəsir,

Zaman məhv eləyir, nə vermişdisə.

 

Gənclik cəlalını sarsıdr zaman,

Gözəl alınları qırışlandırır.

Yeyir təbiətdə lətif nə varsa,

Orağı önündə heç nə dayanmır.

 

                Şerimlə bacarmaz ancaq, ümid var,

                Uzaq nəsiıllərə surətin çatar.

          

İngiliscədən tərcümə

17.02.2018

Samara

   UİLYAM ŞEKSPİR. 59-CU SONET

Sonnet_59_1609.jpg

                                 If there be nothing new, but that which is…

Təzə heç nə yoxsa, indi olanlar,

Haçansa olubsa, beynimiz əbəs,

Çoxdan doğulmuşu təzədən doğar,

Çalışanda təzə yaratsın nəsə.

 

Ah, baxa bilsəydim ən azı məndən,

Beş yüz il əvvəllər yazılanlara,

Tarixi naməlum kitabda birdən,

Surətin çıxsaydı sənin aşkara,

 
Onda görərdim ki, nə deyə bilib,

O dünya möcüzə gözəlliyinə.

Sənatkar onlarmış, ya biz irəli,

Getmişik, dəyişmir ya da ki, heç nə.

 

                Əminəm, keçmişin başbilənləri,

                Bəyəniblər sənə dəyməyənləri.

 

 İngiliscədən tərcümə

16.02.2018

Samara

Qeyd: bu sonetdə poetik sintaksis o vaxtlar üçün xaratkterik olmayan ünsürlə yenilənir: ikinci bəndin sonuncu misrasıında fikir bitmir, ümüncü bənddə davam edir.

BACIMIN XATİRƏSİNƏ

ağənnə.jpg

                                              Ağənnənin xatirəsinə

 

Qıt alverdən yorğun gələn,

Həyətində var-gəl edən,

Çay üstündə mürgüləyən,

Yarı içib durub gedən.

 

Çörəyi də yarı yeyən,

Səksəkəli, yarı yatan.

Sadə gəzən, kasıb geyən,
Nisgilini içə atan.

 

İtirdilər əməyini,

Nə yığdınsa, dağıtdılar,

Gəlmədilər köməyinə,

İncitdilər, ağlatdılar,

 

Yoxsan, gedən yerim də yox,

Sənin evin vətən imiş,

Sən kimisi yerində yox,

Yurd da ölən-itən imiş.

 

Nə çox yatdın, dur ay bacım,

Gələrəm, yır-yığış elə.

Düşmənim var, bacarmıram,

Dur bir ağız qarğış elə…

 

15-16.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 58-Cİ SONET

 

Sonnet_58_1609.jpg

That god forbid, that made me first your slave…

Məni kölən edən Tanrı saxlasın,

Səni izləməkdən, xəyalən belə.

Soruşa bilmərəm kimlə, hardasan,

Sultanı lal-dinməz gözləyər kölə.

 
Himini gözləyib çəkim iztirab,

Haçan sən azadsan, həbsdəyəm mən.

Əzabım arttıqca səbrim artacaq,

Səni qınamaram, hər nə törətsən.

 

Get hara istəsən, sənindir qərar,

Özün sahibisən sən öz vaxtının,

Necə keçirməyə ixtiyarın var,

Özün bağışlarsan cinayətini,
 

                       Çəksəm də cəhənnəm zülmü, gözlərəm,

                       Necə əylənəsən, susub dözərəm.

 

İngiliscədən tərcümə

15.02.2018

Samara

 

QEYDLƏR

  1. 57-ci sonetin davamıdır.

Şekspir tədqiqatçıları 1-126-cı sonetlərin kişiyə, kübar gəncə həsr olunduğunu təsdiq etsələr də, bu sonetin rus tərcümələrində şair qadına müraciət edir. Marşakda: “Сама ты гоcпожа своей судьбе”. (Orijinalda: “That you yourself may privilege your time”.)

  1. Üçüncü şəxs əvəzliyinin təki işlənəndə, “dost”un (sevgilinin) kişi olduğuna şübhə qalmır. 58-ci sonetdə bu əvəzlik yoxdur. Güman etmək olar ki, rus tərcüməçiləri ikimənalılıqda çəkinib kişini qadına çeviriblər.

UİLYAM ŞEKSPİR. 57-Cİ SONET     

Sonnet_57_1609.jpg

Being your slave, what should I do but tend…

 

Kölənəm, yaşaram sənin qapında,

Keçən  saatların həsrətiylə mən.

Dəyəri qalmayıb vaxtımın indi,

İşim, qulluğum da təkcə sən deyən.

 

Saata baxmaqdan gözüm üzülər,

Şikayət etmərəm, sultanım, ancaq.

Dərdimi içimə salıb dözürəm,

Köləni özündən salanda uzaq.

 

Demirəm, qısqanclıq məni yesə də,

Hayanda olmusan, kiminlə, haçan.

Bu fikir mən yazıq köləyə bəsdir:

Xoşbəxtdir səninlə qonuşan insan.

        

            Eşq elə aparıb ağlımı başdan,

            Pis heç nə görmürəm davranışında.

 

 İngiliscədən tərcümə

14.02.2018

Samara

UİLYAM ŞEKSPİR. 56-CI SONET

Sonnet_56_1609.jpg

Sweet love, renew thy force; be it not said…

Canlan, şirin sevgi, qoy deməsinlər,

İştah daha iti sənin tiyəndən.

Bu gün iştah ölür, əgər yeyirsən,

Sabah yenə həmin itiliyində.

 

Sən də beləcə ol; bu gün tox və məst,

Gözlərin yumulur şirin mürgüdən.

Geniş aç onları sabah, ətalət,

Sevginin ruhunu qoyma öldürə.

 

Bu ayrıqlıq dövrü sevgililəri,

Ayıran dəryadır, iki sevənsə,

Hər gün sahillərdə üz-üzə gəlir,

Görür yenə eşqin təntənəsini.

 

            Ya da ki, bu, qışdır, bezib qayğıdan,

            Yayın həvəsiylə üzülür insan.

İngiliscədən tərcümə

13.02.2018

Samara