Архив | Май 2018

UİLYAM ŞEKSPİR. 138-Cİ SONET

Sonnet_138_1609.jpg

      When my love swears that she is made of truth

Sevgilim and içir su kimi safdır,

Mən də inanıram, desə də yalan.

Bəlkə də o məni nadan gənc sayır,
Guya xəbərim yox hoqqalarından.

 

Düşünmək xoşdur ki, məni gənc sayır,

Fərəhli günlərim bitsə də dalda.

Sadəcə dilinə etibarım var,
Mən də gizlədirəm doğrunu, o da.

 

Niyə bəs demir ki, məni aldadır?

Niyə gizlədirəm yaşımı mən bəs? –

Zahiri etibar eşqə qaydadır,

Yaşlı eşqə düşsə, yaşını deməz.

 

             Nə qədər aldadaq  bir-birimizi,
             Hər ikimiz belə yalanla razı.

 

İngiliscədən tərcümə

03.05. 2018

Samara

UİLYAM ŞEKSPİR. 137-Cİ SONET

 

sonnet 137.jpg

                                    Thou blind fool love, what dost thou to mine eyes

Kor sevgi, neylədin gözlərimə ki,

Görmür görünəni, baxsa da onlar.

Bilərək hardadır, nədir gözəllik,
Yaxşının yerinə pisə vurular.

 

Bütün kişilərin yelkən açdığı

Körfəzə gözlərim lövbər atırsa,

Gəzəri gözlərdən yonub qarmağı,
Qəlbimi bağladın niyə axı sən?

 

Abırlı guşə tək mənə görünən,
Yer karvansaraymış, anlayır ürək.
Bunu görən gözüm yox deyir niyə,

Bu çirkin yalanı suya çəkərək?
                 

               Ürəyim, gözlərim doğru olanı,
              Tanımır, əsiri olub yalanın.

 

İngiliscədən tərcümə

02-03.05.2018

Samara

QEYD: Bu sonetdə şair yenə sevgilisinin sədaqətsizliyindən gileylənir, onu “bütün kişilərin yelkən açdığı körfəzə”, “karvansaraya” (orijinalda: the “wide world’s common place”) bənzədir.

ŞARL BODLER.  BAŞƏYMƏZ                              

бодлер

   (Le Rebelle)

Qəzəbli bir mələk səmadan enib qartal tək.
Şığıdı kafirin üstə, saçını çəngələdi.

“Biləsən, silkələyib söylədi, Qanunu gərək!

(Səni sevən mələyindir önündə!) İş belədir:

+

Qaşqabaq tökmədən, danışmadan gərək sevəsən,
Kasıbı, eybəcəri, canini, cüvəllağını.

Toxuyarsan elə bil xalça nəcib eşqlə sən,

Və sərərsən ayağı altına həzrət İsanın.

+

Bax, budur Eşq! Közərirkən hələ qəlbində alov,
Tanrı cəlalına yandır içində şövqdən od;
Bu bir həqiqi Səfadır ki, tükənmək bilmir.

+
Və Mələk, şübhəsiz ki, istədiyindən eləcə,

Yekə yumruqlarıyla çırpır onu var güclə.
İnadla “İstəmirəm!” söyləyir ancaq kafir.

Təxminən 1861-ci il

Fransızcadan tərcümə

06-07.2018

Samara

UİLYAM ŞEKSPİR. 136-CI SONET

sonnet 136.jpg

If thy soul check thee that I come so near,

Qəlbin əgər məni qaçaq qovarsa
De kor qəlbinə ki, İstəyinəm mən.

Və qəlbin İstəyə bilir, razısan;

Sevgi diləyimi  ödə indi sən.

 

Sevgi xəzinəni doldurar İstək,
Orda istəklər çox, mənim biri də
Bir şeydən elə ki çox olur, demək,
Onların içində biri heç nədir.

 

Məni bu sırada hesaba alma,
Sənin siyahında qalaram hərçənd.

Sən məni heç nə say, istərəm amma,

Əziz bir şey olsun sənə bu heçnə.

 

                  Təkcə adımı sev, adımsa  — İstək,
                  Məni sevəcəksən, adımı sevcək.

 

İngiliscədən tərcümə

01-02.05. 2018
Samara
QEYD: 135-ci sonetin davamıdır; şair yenə “Will” (Burda – istək, kişi adı və s.) sözü ətrafında sö oyunu yaradır.

   ŞARL BODLER. «VERİRƏM MƏN SƏNƏ ŞEİRLƏRİMİ…»

бодлер

             Je te donne ces vers afin que si mon nom

 

Verirəm mən sənə şeirlərimi, yetsə adım,

Akvilon yelkənini coşduran çevik gəmi tək,                    
Keçərək fırtınalardan uzaq əsrlərədək,

Və bir axşam o, beyinlərdə xəyallar oyadar —

 

Xatirən bənzəyər qədim, dolaşıq bir nağıla,
Üzülər dinləyən, insanı yoran tək simbal.

Və təkəbbür havalı qafiyələrdən asılar,

Sallanar sirli və qardaşlığa oxşar bağla.

 
Tanrı lənətləmiş bu ruha ən dərin dibdən,

Göyəcən bir cavab verən tapılarsa, o da mən.

Elə bil kölgəsən, izsiz gedərək tapdalayan,

 

Çevik ayaqlarınla, ayıq gözlərinlə kütləni və,
Öləri kütləri ki, gözlərində kin parlar.

Kəhraba gözlü sən heykəlsən, mis alınlı mələk!

İlk dəfə 28 aprel 1857-ci ildə “Sonet” başlığı ilə çap olunub

Fransızcadan tərcümə

05-06. 2018

Samara

   UİLYAM ŞEKSPİR. 135-Cİ SONET

sonnet 135.jpg

                      Whoever hath her wish, thou hast thy Will

Hər kəsdə arzu var, səndəsə İstək,
İkinci, üçüncü İstək üstəlik.

Yox həris istəyən səni mənim tək,
Bununla artıran səndə istəyi.

+

Böyük, tutumludur istəyin sənin,
Bəlkə məndəkini alıb gizlədə?

Özgə istəyini sən bəyənirsən,
Bəs niyə mənimki səni bezdirir?

+
Nə qədər su ola dənizdə, yenə,
Artırır yağışla ehtiyatını.
Sən də qat İstəyi öz İstəyinə,
Mənim istəyimlə İstəyin artar.

+

       İncidib soyutma istəyənləri,

    Olsun bu İstəkdə mənim də yerim.

İngiliscədən tərcümə

30.04-01.05.2018, Samara

QEYD: Başqa dillərə tamdəyərli tərcüməsi mümkün olmayan sonetlərdəndir. Söz oyunu üstündə qurulub. “Will” sözü 13 dəfə işlədilib, həm xüsusi ad kimi (şairin öz adı, həm də, gümana görə, dostunun-rəqibinin adı), həm də istək mənasında. İngilis şərhçiləri Şekspir dövründə bu sözün konkret anatomik məna daşıdığını da bildirirlər.

UİLYAM ŞEKSPİR. 134-CÜ SONET

Sonnet_134_1609.jpg

                            So now I have confessed that he is thine…

Etiraf etdim ki, daha o sənin,

Mənsə istəyinə girovam indi.

Mən heç, ancaq onu, ikinci məni,
Qaytar ki, könlümə o, təsəllidir.

 

Ancaq buraxmazsan sən, o da gəlməz,

Çünki sən acgözsən, osa xeyirxah.

Zəmanət imzası o mənə əvəz,

Ataraq, öhdəlik bağlamış daha.

 

Hüsnünə verilən bu veksellə sən,
Sələmçilər kimi alarsan gəlir.

Dostu məhkəməyə hələ çəkərsən,

Onu itirməkdə günah məndədir.

 

                                Dost, nə borcluyuqsa, ödəyib sənə,
                                Sənin əsirinəm mən ancaq yenə.

İngiliscədən tərcümə

30.04.2018

Samara

QEYD: 133-cü sonetin davamıdır; hüquqi tetrminlərlə doludur: “mortgage”, “bail”, “forfeit”, “bond”. “Will” (birinci dördlüyün ikinci misrası) sözü həm istək, həm şəhvət mənasında işlənilir, şərhçilər bu sözün Şekspir dövründə qadın ya kişi cinsiyyət orqanı mənası verdiyini də bildirirlər.

UİLYAM ŞEKSPİR. 133-CÜ SONET

sonnet 133.jpg

                                Beshrew that heart that makes my heart to groan

Yansın o ürək ki, vurduğu dərin,

Yara dostumu, həm məni ağrıdır.

Tək mənim əzabım bəs deyil yəqin,
Dost başı da girib boyunduruğa.

 

 

Məni məndən alıb amansız gözün,

Saldın köləliyə dostumu indi.

Məni sən də atdıın, o da, həm özüm,

Üçqat işgəncədir mənim çəkdiyim.

 
Qapa ürəyimi polad sinəndə,
Ver mənə əvəz tək dost ürəyini.

Zindanın çox ağır olmaz sənin də,

Çəksəm dost qəlbinin mən keşiyini.

 

                       Sənə dustağamsa, səninəm hərçənd,
                       Mənimlə inciyər nə varsa məndə.

İngiliscədən tərcümə

28-29.04.2018

Samara

 

QEYD: Sonet şairin “əsmər” xanımla mürəkkəbləşmiş münasibətlərini əks etdirir; xanımın cazibəsi şairin gənc dostunu da əsir edib və beləliklə, şair həm sevgilisini, həm dostunu itirdiyindən şikayətlənir.

UİLYAM ŞEKSPİR. 132-Cİ SONET

sonnet 132.jpg

Thine eyes I love, and they, as pitying me…

Sevimli gözlərin acıyır mənə,
Görüb soyuqluğun necə incidir.

Qaralıqlarıyla yaslıya bənzər,

Baxaraq halıma yanır elə bil.

 

Səhər günəşi də, doğrudan, belə,
Bəzəyə bilməzdi səmanı şərqdə.

Ulduzlar da çətin yarada bilə,
Alatoran qərbdə yarısı qədər,

 

Sənin gözlərindən doğan cəlalın.

Matəm yaraşırsa, qoy geyib qara,
Onda ürəyin də yansın halıma,
Bütün rəhmini də qaraya bağla.

 

          Gözəllik qaradır, and içərəm, bil,
          Eybəcər o kəs ki, bu rəngdə deyil.
       

İngiliscədən tərcümə

27-28.2018

Samara

  UİLYAM ŞEKSPİR. 131-Cİ SONET

sonnet 131.jpg

Thou art as tyrannous, so as thou art…

Necə ki, qəddardır gözəliyindən,

Qürurlanan gözəl,  sən də tiransan.

Çünki ürəyimdə, bilirsən ki, sən,
Gözəl bir incisən, tayı olmayan.

 

Çöhrəni hər görən arxayın deyir,

Hökmün yox aşiqi inlədə bilən.

Qorxuram deməyə “yox, elə deyil”,

Ancaq and içirəm içimdə hərçənd.

 

Andıma sübut tək min dəfə nalə,

Çəkərəm çöhrəni yada salaraq.

Səs-səsə verərək təsdiq edərlər,

Əsmər bənizindir könlümə çıraq.

 

                    Əməllərindədir qaralıq sənin,

                   Bundan da söz-söhbət yaranır yəqin.

 

İngiliscədən tərcümə

26-27.04.2018

Samara